Ömür quş kölgəsitək
keçib-getdi üstümdən
Musa Urudun "Hər nə
varsa" şeirlər kitabı haqda bir neçə söz
Metamorfoz poeziya
Poeziyanı
hisslərin musiqisi, düşüncənin qanadı, qəlbin
pıçıltısı adlandıranlar haqlıdır.
Sirr deyil ki, şeir magiyası, könül dünyasının
heç bir qüvvənin aça bilmədiyi ən gizli
qapılarını açmağa qadirdir. İnsan
özünü və sözünü dərk edən vaxtdan
mənəvi aləmini həm də şeirlə zənginləşdirib.
Buna görə ən qədim şeirin, obrazlı poetik
düşüncənin yaşı insanlığın
yaşı ilə eyni ölçülür.
Düzdür,
bəzi futurist nəzəriyyələrə görə,
elmi-texnoloji inkişaf çağdaş dünyamızda ədəbiyyatın
qüdrətini sarsıtmağa doğru gedir, bəzilərinə
görə isə bu proses artıq başlayıb. Futuristlərin
nisbətən tünd, aqressiv qanadı poeziyanı daha
çox hədəfə götürür.
Lakin
gəlin, düşünək! Ədəbiyyatsız bir cəmiyyət
təsəvvür edə bilirsinizmi? Texnologiyanın sürətli
inkişafı ağıllı maşınların həyatımızdakı
rolunu çox qabardır və sivilizasiyamız getdikcə mənəviyyat,
mədəniyyət məsələlərini arxivə
gömür. Bu fonda yaranan mənzərəni təsəvvür
etmək belə, qorxuncdur. Fikrimizcə, ədəbiyyatsız
insan toplumu deyil, robot cəmiyyəti oluşa bilər.
Bu
günlərdə şair, millət vəkili Musa Urudun "Hər
nə varsa" adlı şeirlər kitabını
oxumağım bu yöndəki düşüncələrimi
daha da yəqinləşdirdi. Musa müəllim bir şeirində
etiraf edir ki, nə ilə məşğul olur-olsun, hansı vəzifəni
tutur-tutsun, onun əsl obrazı içindəki şairdir.
Şairlik ondan ötrü daha doğma, daha "öz" aləmdir.
Kitabda
şairin müxtəlif illərdə yazdığı
şeirləri yer alıb. Nəfis
dizaynla tərtib olunan kitabda diqqəti cəlb edən
maraqlı bir məqam, səhifələrin
başlığında kardioloji dalğa rəsmlərinin
verilməsidir. Bu rəsmləri şairin ürək
döyüntülərinin simvolu kimi xarakterizə etmək
olar. İkinci mənasını isə müəllifin
ixtisasca həkim olması ilə əlaqələndirmək
olar. Musa Urud fitrən şair olduğu üçün yiyələndiyi
ixtisas, tutduğu rəsmi və ictimai vəzifələr onun
sözə aşiqliyini heç zaman üstələyə
bilməyib.
Var-dövlət
ötəri şeydi,
Şan-şöhrət
sənə ögeydi.
Söz
haqdır, sözə baş əy ki,
Sözün
dünyada qalacaq.
Musa
Urud yaradıcılığının önəmli cəhəti
onun poeziyasında bədii kəşflərin rəngarəngliyi
və müşahidə elementlərinin bolluğudur.
"Əllərim
sinəmdə qıfıl", "kədərimə
söykənən dağ", "günahımı yuyan
bulaq",
"dayanma, sinəmdə qıvrılan
ağrı,
ilantək sıyrılıb düşər dalınca",
"ömür bir qarışqa yolu",
"düşdü sonuncu yarpaq
torpağın yanağına
görən,
ürəyi boşaldımı ağacların?",
"balıqların gözləri qum,
ovmağa
barmağı yoxdu", "heç olmasa dənizlərin
sahil adlı ümidi var" kimi obrazlı ifadələr
şairin poeziyasına xas (eyni zamanda, bədii situasiyalar
üçün çox vacib olan) əsas özəlliklərdəndir.
Musa müəllimin poetik qavramı ədəbi
estetikanın simvolist və realist qanadları arasında -
maqnitvarı iki əksqütblü sərhəddə var-gəl
edir. O, poetik duyğularını həm klassik, simvolist,
həm də realist, modern axınlarda eyni uğurla sənət
əsərinə çevirməyi bacarır:
Mənim
sevgim köz kimidi,
Saxlaya
bilməyəcəksən ovuclarında,
Gizləyə
bilməyəcəksən
əlindəki yanıq yerini!
Böyük bir romana sığmayan keşməkeşli
ömür hekayətini üç-dörd kəlmə ilə
belə sərrast, lakonik çatdıra bilmək bir şair
kimi Musa Urudun nailiyyəti və üstünlüyüdür.
Şairin
yüksək bədii estetika ilə yazılmış bu tip
şeirləri klassik yapon poeziyasının inciləri
sayılan hayku və tanka janrına çox yaxındır. Yapon şeirinə xas olan zərgər dəqiqliyi,
ruha işləyən epitet və metaforalara Musa Urud
poeziyasında bol-bol rast gəlinir. Biz şairin bu qəbildən
olan kiçikhəcmli şeirlərini "metamorfoz", yəni
reallığın duyğuya çevrilmə hadisəsi
adlandırırıq.
Hər
axşam-hər səhər
Qəlbimdə
bir kədər
Gözləyəcəm səni.
Sahildəki
bomboş oturacaq kimi...
Musa Urudun sənətkarlığı həm də
ondadır ki, o, real və orijinal cizgilərlə anın portretini
çəkməyi bacarır. Bu şeirlər təkcə məna
yükü və hissi təsiretmə qabiliyyətinə
görə deyil, vizual baxımdan da gözəl estetik
biçimə malikdir:
Ömür
quş kölgəsitək
Keçib-getdi
üstümdən
Səssiz-səmirsiz.
Saralmış
otlar qədər
İzim
qalmadı yurdda!
Onun
işlətdiyi ədəbi estetika axını kədərləndirməyi
də digərlərindən daha effektiv bacarır:
Otları
nə tez uzandı
Əsir
torpaqların...
Uşaqları
nə tez qocaldı
Qaçqın ataların?
Sərgərdan
ruhumuztək
Yurdumuz darmadağın.
Ahımız
-
Zülmət
gecədə
Bayquş
qışqırığı -
Tənha,
qorxunc, dərdli, ağır...
Faciənin
kino kadrları kimi canlı təsviri və idrakımızda
oyatdığı təəssürat o qədər real və
ağrılıdır ki, çətin, bundan daha kəskin bədii
üsul, ifadə tərzi tapasan!
Kitabda yer
alan bu lakonik şeirlər silsiləsi
ümumən, bədii-estetik keyfiyyətlərindən əlavə,
qeyri-adi bənzətmələri, fəlsəfi
naxışları ilə də digərlərindən
seçilir:
Yerə
basdırılmış mina kimiyəm,
Heç kəsi qoymaram, keçib-getsin üstümdən.
***
Ömürsə
sürüşüb gedir
Çay
daşlarının arasından
üzüb gedən balıqlar kimi...
***
Yoluna sədd
qoyub,
Boynuna
minnət qoyub
Ərlik
qız kimi
Qoruyurlar
Göygölü...
Kabab iştahalı kişilər üçün.
Didərginliyin, köçkünlüyün,
yurdsuzluğun ağrı-acısını Musa Urud qədər
ruhi zəlzələ ilə hiss etmək üçün
şairin və onun doğma kəndi Urudun taleyini yaşamaq gərək. Təkcə
yaşamaq yox, həm də bu nisgili ruhuna, şüuruna, qəlbinə
hopdurmaq, fiziki varlığınla bərabər, canında
yaşatmaq tələb olunur. Musa müəllimin
bütün yaradıcılığında biz o
acıların izlərini, o yükün altında əzilən
çiyinlərinin ağrısını duyuruq. Fiziki
ağrılara nə var, mənəvi dözümün
tükənməyi dəhşətlidir!
Erməni millətçiləri tərəfindən
xalqımızın başına gətirilən faciələrin
sayı və miqyası o qədər çoxdur ki, onların
hər biri ayrı-ayrılıqda qalın-qalın
kitabların, çoxseriyalı filmlərin, sanballı
televerilişlərin mövzusu olaraq işlənsə də
yenə azdır.
Musa Urud həmin faciələri bilavasitə
görmüş, eşitmiş və hər bir
detalını ürək ağrısı ilə
yaşamış adamdır. O, 1988-ci ilin dekabrın 2-də erməni
zülmündən baş götürüb qaçan 107 nəfər
azərbaycanlının lüt-üryan, əzilmiş,
döyülmüş, donmuş vəziyyətdə
qarlı-şaxtalı havada Zəngəzur dağlarını
aşaraq, Naxçıvana pənah gətirməsi hadisəsini
"Bu dəstə hara gedir" poemasında olduqca təsir bədii
dillə, həyəcanla təsvir edə bilib.
Təkləndim,
yal-quzey mənzilim oldu,
Arxalı bir itdən basılı oldum.
Məni
bağışlamaz o xaraba yurd,
Şairi olmadım, əsiri oldum.
Daha bu
taleyə inanmıram mən!
- deyən Musa Urudun, ümumiyyətlə, vətən
mövzusunda yazdığı bütün şeirlərinə
yurd, torpaq, doğma ocaq qarşısında, sanki bir
günahkarlıq, övladlıq borcunu qaytara bilməmək
duyğusu səpilib:
Kəhər
dırnağında,
Quş
caynağında
Eşilən
yollarım,
Əlvida!
Sizi qoyub
gəldim
bomboz
pişik gözləri kimi
soyuq və
bulanıq
havaların umuduna.
Toyumda
oynamayan tut ağacları!
Vaxt gələndə,
mənim ölmüş ürəyimi
Qoyarsınızmı tabutuma?!
Ağladığım
uzaqlarım,
Ağlayarsınızmı məni?!
Musa Uruda
görə vətən torpağı Tanrıya ən
yaxın olan yer, ən
müqəddəs ziyarətgahdır. Dostu professor Həsən
Mirzəyə yazdığı şeirində deyir:
Ruhun
dağı aşdı, aranı gəzdi,
Arpanı dolaşdı, Saranı gəzdi.
Həsənin
qibləsi Dərələyəzdi,
Neynirsən
bir özgə Kəbəni, Mirzə!
Musa Urudun
obrazlı "mən"i həyatın gərdişini, taleyin
hökmünü gənc yaşlarından anlayan və
insan iradəsindən asılı olmayan bu sonsuz kosmik axına
qarşı üzməyin mənasızlığını dərk
edən bir müdrikdir. Şairin həyat, təbiət, varlıq və
yoxluq barəsindəki fikirləri, sanki dünyaya bir neçə
dəfə gəlmiş, onun hər üzünə,
ölçü-biçisinə bələd olmuş bir məbəd
müdrikinin duyğu və düşüncələri kimi
sakit, hədəfyönlü, dəqiqdir:
Musa Urud,
qəm eləmə,
Səbr elə, başın sağ olsun.
Bir dost da
daş atdı sənə
Dost atan
daşın sağ olsun.
Bu misralar
oxucuya İsa Məsihin "bağışlaya biləcəyin
qədər bağışla!" təlimindən doğan ali mərhəmət, gözəl əxlaq
aşılayır.
Musa
müəllimin bir çox şeirlərində türkün
islamaqədərki mədəniyyətinin elementləri,
Zen-Buddizm təliminin öyrətdiyi yollarla daxili təlatümləri
sakitləşdirmək, mənəvi dinclik tapmaq,
özünün və ətraf aləmin dərki, iç
burulğanların durulması kimi təsvirlərlə
qarşılaşırıq:
Bir
yaxşı yoldaşın yoxsa,
Heç evindən çölə çıxma.
Öz
içində var-gəl elə,
İçində mürgülə, çıxma.
Yaxud:
Yandır
məni gilə-gilə,
Basdır məni gülə-gülə.
Keç
üstümdən belə-belə,
Yolun
yumşaq, hamar olsun!
Sözsüz
ki, bu misraları, mənəvi təkamülün ən ali səviyyəsinə
qalxmağı bacaran və özünüdərkin üst mərtəbəsinə
çatmış şəxs yaza bilərdi.
Musa Urud qədər insanı və təbiəti bir
bütöv, tam halında duyan həssasqəlbli, duyumlu
insanların, xüsusən, söz sənətkarlarının
sayı azdır. Təkcə, bu kiçik parçadakı insan və təbiətin
vəhdətindən doğan təbii enerji, sonsuz
yüngüllük havası hər şeyi izah edir:
Mən
bir tənha ağacam,
üstüm nədi, yanımda da
yoxdu bir
ağac kölgəsi,
bir
yarpaq xışıltısı.
Nə
daşlayanım yox,
nə
barımı yolan.
Mən bir tənha ağacam.
meyvəsini quzğunlar aparan.
Şairin məhəbbət və təbiət
lirikası mövzusunda qələmə aldığı
şeirləri də ictimai əhəmiyyəti və yüksək
sənətkarlığı baxımdan fərqlənir. Sərrast deyilmiş
qanadlı fikirlər, ustalıqla işlənən bədii
boyalar, oxucunu poetik dərinliklərə aparır:
Qayıdarsan,
ocağımın, ocaq daşımın
Hənirinə
sığınarsan çöl quşu kimi,
Bəlkə,
yuva qurarsan da çör-çöp daşıyıb
Sinəm üstdə, qarağacın koğuşu kimi.
Ağacdələn
kirpiklərin "taq-taq" döyəcək,
Odu sönmüş ocaq altda isti qəbrimi.
Daha dara
çəkməyəcək başsız inadın
Min illərin sınağından çıxmış
səbrimi.
Deyəcəksən:
- "qayıtmışam, salam, əzizim"
Aç gözünü, bəsdi yatdın, bir
ölü mənəm".
Deyəcəksən:
- "bax gör necə şaxım əzilib,
Üşüyürəm, qucağında yer elə mənə".
Musa Urudun köçü
Köçmək!
Doğma yurddan, sularında çimdiyin çaydan, kölgəsində
dincəldiyin ağaclardan, sıldırımları boyunca
yürüdüyün qayalardan, süfrəsi, duzu,
çörəyi bir, toyu, yası ortaq olan doğma elatdan,
isti yuvadan, sevgili yurddan köçmək! Tarixdən
bilirik, türkün başından köç dramı
heç vaxt əskik olmayıb.
Yurddan zorla köçürülmək Musa Urudun da tale
yazısıdır. Onun poeziyası bu köçkünlüyün
ağır travmaları, zədələri ilə doludur.
Qədim türk soyundan olan adlı-sanlı Avşar
tayfaları vaxtilə, Osmanlı dövlətində
yaşayan köçəri tayfaların oturaq həyata
keçməsi barədə sultanın verdiyi rəsmi qərarı
qəbul etməmiş və mübarizəyə
qalxmışlar. Həmin
tayfaya mənsub böyük türk ozanı
Dadaloğlu, yaratdığı bütün poeziya nümunələrində
yurd həsrətini, vətəndə yaşaya-yaşaya, vətən
ağrısı çəkməyini dilə gətirirdi. Ozan "Qalxdı, köç eylədi Avşar elləri"
misrası ilə başlayan məşhur qoşmasını
da həmin gərgin olayların təsiri ilə
yazmışdı.
Dadaloğlunun
da, Qaracaoğlanın da, Pirsultan Abdalın da, Aşıq
Ələsgərin də, Məmməd Arazın da, Söhrab
Tahirin də, Musa Urudun da yaradıcılığının
batinində bir qurd kimi yuvanı
qoruyan, bir ağac kimi ana torpaqda bitən, bir ocaq kimi yurdda
alışan psixoloji-dramatik bir qəhrəman obrazı, bir
Qazan xan xarakteri var. Bu obraz, bütün el-obanın simvolik qəhrəmanı
və həmin şairlərin lirik "mən"idir. Məhz,
o "mən" köç etsə də, yaralansa da, uduzsa da məğlub
olmayan və bir gün mütləq geri dönəcək tayfanın, millətin ümumiləşmiş
rəmzidir. Musa Urud bilərəkdən və ya
bilməyərəkdən, həmin qəhrəmanı ədəbiyyata
gətirərək, əbədiyyətə çevirib.
Musa Urudun köçkünlüyü yuxarıda
adları çəkilən xələflərinin
hamısından ağır, əzablıdı. Musa Urudun
köçü növbəti dönüşünün
vaxtı bilinməyən, torpaq itirsə də, ruhən yenilməyən,
nəhayət, qisası qiyamətə qalmayan
köçdür. Kim bilməsə də, haqq bilir:
Yurd
itirdim, el itirdim bu yaşda,
Körpü saldım, yol itirdim bu yaşda.
Çəmən
tapdım, gül itirdim bu yaşda,
Mən
bilirəm, kim bilməsə, haqq bilir!
Şəlalə Göytürk
Ədəbiyyat qəzeti.- 2019.- 8 mart.-S.18-19.