Qəlbinur idrakının ətri...
Dünya şöhrətli
oftalmoloq, şair-filosof Paşa Qəlbinura
Açıq məktub
Əziz
Paşa Qəlbinur!
Hələ
başımı nənəmin dizi üstünə qoyub onun
maraqlı həyat əhvalatlarını
(nağıllarını yox!) dinləyə-dinləyə
xumarlandığım çağlardan bilirdim ki,
dünyanın bütün yaxşı-pis işlərində
"ingilis barmağı" var; əlbəttə, o zamanlar
bu ibarənin mənasını
heç anlamırdım, sadəcə, düz doqquz il
ata-anasının arzu-həsrəti olan, nəhayət, Məşhəddə,
"qərib ağa İmam Rza"nın ziyarətgahında
doğulan Məsumə nənəmin dilindən eşidirdim:
İran inqilablarında (bütün inqilabların təbiətində
dağıdıcılıq var!), Leninin məşhur "bu
gün tezdir, sabah gec!" hökmündə, Qaqarinin kosmosa
çıxmasında və ölümündə, Xirosima və
Naqasakiyə atom bombasının atılmasında,
Müşfiqin Dilbərinin nakam qalmasında, futbolda, hərəkətin
əsas qanunlarında, qatarda, təkərdə, telefonda,
televiziyada, Ayın, Günəşin
tutulub-açılmasında, bir sözlə,
keçmişimiz, bugünümüz və gələcəyimizlə
bağlı yaxşı-pis nə varsa, hər şeydə
"ingilis barmağı" var. Təəccüblü də olsa, o
zamanlar mən bu "barmaq"dan atamın
nağıllarındakı "Div"dən qorxduğum kimi
qorxmurdum, əksinə, mənə elə gəlirdi ki, o
"barmaq" "Div"dən də, "Xortdan"dan da
yaxşıdır, çünki uşaqları yemir, onları
qaynar qazana salmaq üçün tədbirlər
görmür, qoçaq oğlanları quyunun dibinə
salmır və s... Lakin çox sonralar təhsil,
həyat və təcrübə, dünyada baş verən
hadisə və proseslərə ayıq baxışlar mənə
nənəmin necə müdrik insan olduğunu anlatdı.
Və 2019-cu ilin bir qış axşamında sizin mənə
bağışladığınız "İdrak ətri"ni
oxuyub bitirəndən sonra (xüsusilə Dəli Balaş
haqqında essenizin sonunda nənənizin deyimini oxuyanda!) bir
daha mənə aydın oldu ki, əslində, kitabın üz
qabığındakı mərhum fotojurnalist Kevin Karterin o
fotoşəklindən (Yer kürəsinin hansı
bucağındasa sür-sümükləri görünən
qara dərili sudanlı uşaq alnını yerə vurur,
arxasındakı qara qırğı isə bir azdan öləcək
(acından!) bu tifilin son nəfəsini gözləyir ki,
növbəti leşini yesin...),
Azərbaycanımızın başına gətirilən
faciələrdən, dəhşətli mənzərələrdən
- Xocalıda "ürəyinə, üz-gözünə
süngü sancılmış uşaq"dan, "gözləri
çıxarılmış oğlan"dan,
"ölmüş anasının döşünü əmən
körpə"dən, "...ağıla sığmayan erməni
vəhşiliklərindən, körpə, qadın, kişi,
qoca meyitləri..."ndən, "daşa
varlığınla inansan, daş göyərər" deyən
atalarımızın ruhundan, Bağdaddakı o
qızcığazın göz ağrısından
"başını xəstəxana divarlarına
çırpması"ndan... daha nələrdən
Allahın xəbəri yoxdu! Və doğrudan
da, "Allahın barmağı yoxdu ki, basıb
gözümüzü çıxarsın. O, gec eləyir,
güc eləyir...". Düz deyib nənələrimiz!
Və bəlkə də, Yeri başqa bir "barmaq" (ya da
barmaqlar!) idarə edir, bu gün hər şey - Yer də,
Göy də onların "barmaqları" altındakı
düymələrdən asılıdır...
Qəribədir,
sizə hər zaman yaxın olmaq istəmişdim, sizinlə
oturub doyunca söhbət eləmək, dərdləşmək,
sizin kimi sümüyü yüngül insanın
üz-gözünün, ağlının nurundan bəhrələnmək
istəmişdim... Biz bir-birimizi yaxından
tanımasaq da, arabir tədbirlərdə salamlaşıb
görüşürdük və düşünürdüm
ki, görəsən, gözü güllədən dönməz
bu elm-təbabət cəsuru və poetik təfəkkür
sahibiylə bir məclisdə oturub söhbət eləmək
mənə qismət olacaqmı? Oldu.
Dostlarımız Vaqif Bəhmənli, Rəşad Məcid,
Əjdər Ol və İmdat
Əfşarın sayəsində baş tutdu
görüşümüz və həmin "məcməüş-şüara"
da siz "İdrak ətri"nizdən hərəmizə
birini bağışladınız...
Bəri başdan deyim ki, kitabınızı çox
diqqətlə oxudum. Bəlkə də, kitab haqqında çox yazıblar,
bilmirəm; bu yazının ilk cümləsini tənqidçi-ədəbiyyatşünas
alimimiz Nizaməddin müəllimin yazdığı dolğun
"Ön söz"ündən, daha doğrusu, onun son
abzasından başlamaq istəyirdim: hər adamın öz ətri
olur! Mən sizin sərbəst kompozisiyalı və
kiçikhəcmli esselərinizi ikinci dəfə oxuyanda
artıq əlimə qələm almışdım,
düşünürdüm ki, altından xətt çəkdiyim
sətirlərdən iqtibaslar gətirəcəyəm, misallar
çəkəcəyəm, təhlil və arqumentlərimi
möhkəmləndirmək üçün subyektiv
mülahizələrimi söyləməyə
çalışacağam. Ancaq dostumuz, hörmətli professor Nizaməddin
Şəmsizadə daha dürüst və tutarlı misallar
çəkdiyindən bundan vaz keçdim, məktub
formasını seçdim. Səmimiyyətlə deyirəm -
burda sizin idrakınızın, zəkanızın ətrini
duydum, xeyirxah və zərif qəlbinizin
işığını gördüm, ürəyinizin
çırpıntılarını eşitdim... Gözüm
də sevindi!
Doğrusu, kitabı oxumazdan qabaq düşündüm
ki, görəsən, üz qabığındakı fotoşəkillə
Paşa Qəlbinurun esselərinin nə əlaqəsi var? İndi
anlayıram bunu. Esseləri oxuduqca
dünyamız kimi gah qarışıq, tüstülü,
bulanıq, gah mürəkkəb, paradoksal, gah da zərif,
kövrək, ilıq hisslər yaşadım.
Oxuduqlarımın qısaca məzmununun ürəyimin şirəsini
qoparmadan tezislərini verməli olsam, səmimiyyətlə deyərdim:
təbabətin, fəlsəfənin, poeziyanın, musiqinin,
insan psixologiyasının gözəl bilicisi, dünya
şöhrətli alim kimi siz konkret mövzulardan, "həyatdakı
yolları fərqli, zirvədəki yerləri sabit, ürəklərdəki
heykəlləri ucadan uca, tariximizdəki səhifələri
silinməz" insanlardan (həm də
özünüzdən!) bəhs etmisiniz. Dünya şöhrətli
alimlərimiz, ziyalılarımız Ümnisə xanım
Musabəylinin, Zərifə xanım Əliyevanın, Azad Mirzəcanzadənin,
Zəhra xanım Quliyevanın, Ağabəy Sultanovun,
İbrahim Topçubaşovun, görkəmli
yazarlarımız Altay Məmmədovun, Nüsrət Kəsəmənlinin
və başqalarının portretlərini
yaratmısınız; "İdrak ətri"nin kədəri,
ağrısı, iztirabı, sevinci, nəşəsi, ilıq
duyğuları, ağ, qara, sarı, qırmızı,
yaşıl... rəngləri, poetik, bədii-publisistik, elmi-fəlsəfi,
klassik, müasir, kütləvi, informativ... çalarları
var.
Mətnlərin
struktur forması barədə fikirlərimi çatdırmaq
istərdim: Sizin fərdi təəssürat və təsəvvürləriniz,
mülahizə və fikirləriniz sərbəst şəkildə,
konkret mövzuların başına dolanır, xarakterinə
görə müxtəlif olsa da, mənim fikrimcə,
tarixi-bioqrafik mahiyyət daşıyır. Struktur baxımdan
(giriş, tezis və arqumentlər, məsələnin
qoyuluşuna münasibət və nəticə) yanaşsaq, mətnlərin əvvəlindən
axırınadək janra xas meyarlar gözlənilir, abzaslar
arasındakı məntiqi əlaqələr də sizin
nasirlik məharətinizdən xəbər verir. Mətnlərin
məzmununda nasir və publisist üslubu apaydın
görünür, esseyə xas emosionallıq, təsirli
boyalar, bədiilik, lakoniklik var, intonasiya və mətnin
ovqatına görə çalarlı sətirlər var. Esselərdə
xatırlanan hər kəs barədə ən önəmli
faktların deyilməsi, özü də ibrətamiz
misalların yerli-yerində çəkilməsi, sizin bir
müəllif kimi heyranlıq duyğularınızın, istək
və arzularınızın qabarıq şəkildə sadə,
lakin orijinal ifadəsi daha çox diqqətimi çəkdi.
"İdrak
ətri"nin məzmunuyla
tanışlıq zamanı istər-istəməz onun müəllifinin
şəxsiyyət dəyəri gözümün önünə
gəlirdi: dünyagörüşü, düşüncə
tərzi, ətrafımızda baş verən hadisə və
proseslərə sağlam münasibət, yaradıcı təxəyyül,
elmi-fəlsəfi və analitik təfəkkür, yazı mədəniyyəti...
Bütün bunlar barədə
düşünürsən. Siz, demək
olar ki, hər bir essenizdə fikirlərinizi dəqiq və
savadlı şəkildə çatdırmısınız,
informasiyaları strukturlaşdıraraq əsas anlayış və
tibb terminlərindən bacarıqla istifadə etmisiniz,
onların bir-birinə bağlılığını
arqumentləşdirmisiniz. Həyati misallar
çəkib təcrübənizi maraqlı detallarla əsaslandırırsınız.
Sizin esselərinizdə həm fərdi, həm də ictimai həyat hadisələrinə,
həyati situasiyalara, təcrübəyə elmi münasibət
gördüm, arqumentləriniz lakonik və obrazlı şəkildə
ortaya qoyulur. Bunların bir qismi bədii-fəlsəfi
essedir ("Cahad",
"Çilçıraq", "İldırım",
"Uşaq qəbiristanlığında bitən alma",
"Alzqeymer",
"Tanrım" və s.) və bir qismi də təsviri-portret
essedir, sonunculara daxili məzmunu bütöv olan nəqli esselər
də demək olar ("Təkrarsız Ümnisə
xanım", "Vətən sevgisi", "Səbr
Allahın adıdır", "İdrak ətri",
"İşığın yası", "İbrahim
Topçubaşov olduğu kimi", "Sən", "Mənim
tanıdığım Nizaməddin", "Şair",
"Axırın əvvəli", "İydə ətrinin
ağrı-acısı" və s.).
Əziz
Paşa müəllim!
Sizin kitabınızdan oxuduğum hər söz, hər sətir,
hətta rəng və şəkil də ətir
saçır.
Dünya şöhrətli azərbaycanlıların və digər
millətlərdən olan tanınmış alimlərin,
ziyalıların, insanların obrazları da ətir
saçır; düzü, təsvir
elədiyiniz insanları və onlarla bağlı ən önəmli
detalları oxuduqca, habelə mətnlərdəki sərt və
kədərli anların mənzərələrini göz
önünə gətirdikcə gah kədərlənir,
gözlərim dolur, təəssüflənirdim, gah da sevinir,
qürrələnirdim, xəyallar, arzular aləmi məni
qanadlarına alıb aparırdı uzaqlara. Belədə
Tanrının qüdrətinə, mərhəmətinə,
sevgisinə, qismətinə daha çox inanırsan,
inanclarımızın, dinimizin, fəhmimizin əzəmətinə
və dürüstlüyünə heyran qalırsan, elmimizin,
mədəniyyətimizin, sənətimizin, musiqimizin misilsiz
olduğunu, muğamatımızın təkrarsızlığını,
əzabkeş müəllimlərimizin xidmətlərinin dəyərini,
ata-anamızın müqəddəs ruhlarının
başımızın üstündə səhər-axşam
dolaşdığını... daha yaxşı anlayır,
duyursan. Bu esselər səni içi Azərbaycan
qarışıq dünyanın hər tərəfinin
çoğrafi xəritəsinə, təsadüfi və zəruri
hallara, insanların, doğmaların, yadların, akademik şəxsiyyətlərin
təbiəti və xarakterindəki ən maraqlı cizgiləri
ilə bağlı əlamətlərə,
hadisələrə, paradoksal bağlantılara və
ayrıntılara aparıb çıxarır. Canlı
və cansızların, təbiət və cəmiyyətin
enerjilərinin zaman və məkanla qarşılıqlı
münasibətlərinə həkim və filosof gözüylə
baxmaq, hələ üstəlik elmi-fəlsəfi nəticələr
çıxarmaq Sizin yaradıcılığınızda yeni
hadisə olmasa da, təzədir, istidir. Mən
bu qənaətdəyəm ki, onlardan həm də nəcib zadəgan
ətri gəlir. Kantın
mübahisəli "təmiz idrak" təlimi bəlkə də,
öz mənasını itirir - esselərin demək olar ki, hər
birində hissiyyat, idrak və təsəvvür iştirak
edir, insanla təbiətin, göylə yerin, Tanrıyla Yer və
Göy hadisələrinin əlaqələrini dərk etmək
istəyirsən, onların mahiyyətinə varmaq istəyirsən.
Hippokrat, Demosfen, Fransua Rable, Lu Anri Bussenar, Vasili Aksyonov,
Arçibald Kronin, Bulqakov, Çexov, Robin Kuk, Artur
Şniçler, Somerset Moyem, Konan Doyl və onlarca dünya
şöhrətli şair və nasirlər həm də təbib,
loğman (ya da əksinə!) olublar, onların da təcrübəsi
sübut edir ki, təbabətlə ədəbiyyatın əlaqəsi,
həm də çox güclü bağlantısı var. Siz
bu bağlantını elmi-fəlsəfi
baxışlarınızla daha gözəl sübut etmisiniz.
Bu yolda sizi daha böyük uğur gözləyir, dostum!
Ruhunuza, gözünüzə, ürəyinizə
sağlıq arzusu və qardaş məhəbbətiylə,
Kamran NƏZİRLİ
1 mart, 2019-cu il
Ədəbiyyat qəzeti.- 2019.- 8 mart.- S.20.