Mirzə Cəlil məqamı
Ədəbiyyat tarixi əslində nədir, başqa
sözlə, bizim ədəbiyyat anlayışımız
"əsliylə" uyğun gəlirmi? Məsələn,
elə götürək Mirzə Cəlili, onun ədəbiyyat
tarixində yeri (ədəbiyyat tarixi mətnlərarası
virtual əlaqələr kontekstində...), oynadığı
rol necə görünür, yaxud görünə bilər və
ya görünməlidir. Belə bir kitab təsəvvür
edin: açıq, vərəqləri fəzanın dərinliyi
və yerin təkindən əsən küləklə
çevrilir və bu hərəkət bir an olsun belə
dayanmır, ancaq kitabın
olduğu məkanın paralelində başqa bir kitab, əslində,
birinci kitabın əksi, virtual variantı var, külək
hansı şiddətlə əsirsə-əssin, vərəqlər
çevrilmir, çünki ora yazılanlar birdəfəlik
yazılıb, həkk edilib, mütləq həqiqət,
danılmaz fakt kimi. Burda hərflər sarmaşıqdır, mətnlər
lövhə, daha heç bir yazıya yer qalmayıb... Belə bir mənzərənin iki əksi heç
bir millətin ədəbiyyat tarixindən çəkilib
getmir. Bu və ya digər
yazıçını, onun mətnlərini anlamaq dərəcəsi
həmin iki kitabın millətin taleyi ilə əlaqəli
mövqeyinə ciddi şəkildə təsir edir.
Siz (əlahəzrət
oxucu-!) hər hansı şairi və ya
yazıçını oxuyanda təbii olaraq müəllifdən
ayrı düşürsünüz və bu proses kəsilmədən
davam edir, əsər bəlkə də, damcı-damcı
qavranılır, şüurumuza, ruhumuza sirayət edir.
Şairi şairlə, yazıçını
yazıçı ilə birbaşa, əlaqəsiz, yalnız
ideoloji-ictimai bağlar kontekstində (yaxud indi deyildiyi kimi, daha
absurd variant: Mirzə Cəlilin dövründəki insanlar onun
əsərlərində olduğu kimi deyildilər
) müqayisə bizə heç nə vermir. Ancaq deyəndə ki, "bu şairin məqamı
başqadır", bu ifadədə onun
yaradıcılığı və qəlb aləminin, daha
çox isə üslub və yazı manerasının incəlikləri
ifadə olunur. Bu hadisə baş vermədikcə
Yusif Səmədoğlunun romanı Bulqakovun kopyası olacaq,
Mirzə Cəlilin dram əsərləri dünya sənətindən
təxmislər (bəzən də plagiat) səviyyəsində
qavranılacaqdır. Demək, problem bədii
mətnlərdən çox, onu qavrayan insanlardadır. Bu "döyüş" bu şəkildə davam
edincə ədəbiyyat anlayışı surroqata
çevrilir və olmazın fəsad doğurur. Əgər bunun əksi olsaydı,
məsələn, elə Nəbati, Nəsimi, Füzuli,
Nizami... haqqında çox yüksək səviyyəli filoloji tədqiqatlar
yazılmış olardı, ancaq bildiyiniz kimi, belə əsərlər
yoxdur, yəni mətnlər yazıldıqları əsərlərdə
ilişib qalıb. Mirzə Cəlilin mətnlərindən
görünən nəsnələr doğrudan çox
acıdır, bu üst, birinci səthdə həyəcanlanan
oxucu (yazıçı, mütəfəkkir (-!), şair və
sair...) bədii düşüncənin keçdiyi yolu,
aşırımları, tərəddüd və şübhələri
fəhm etməli, müəyyən məqamda həmin
düşüncə qəliblərinin özlərinin əksinə
çevrilməsinin məntiqini anlamalıdır. Bədii
düşüncənin yolu ziqzaqlıdır, bəzən
özünün əksinə çevrilir, bəzən
çox müdrik, arifanə nəsnələri ruhun dərinliklərində
bir də yoxlayır, işlətdiyi ironiya həm bu
günün dəhşətlərini üzə
çıxarır, həm də orijinal "mənbənin"
görünməyən tərəflərini aşkarlayır (yadınıza
salın, "Dəli yığıncağı"nda
Pırpız Sonadan soruşanda ki, niyə belə edirsən (yəni
oynayırsan), deyir, sahibəzzamanın gəlişinə
müntəzirəm... Fazil Məhəmməd isə
bütün həyəcan və saxtakar üslubunu işə
salıb Molla Abbas və Pırpız Sonaya baxa-baxa sahibəzzamanı
səsləyir... yəni kimdi dəli?). İndiyə qədər
Mirzə Cəlilə bu mövqedən kimsə baxmayıb,
halbuki, təkcə elə "Dəli
yığıncağı"ndakı "xamuşluq" məsələsi
həmin o dərinliklərdə yeni, son dərəcə
orijinal üslubun göründüyü yer və məqamdır.
Dəhşətli hadisələr baş verir, hər
şey, bütün dəyərlər yerlə-yeksan olur.
Yer üzünə tükürpədici sakitlik
hakim kəsilir. Dünyanın sonudur.
Molla Abbas: "...Allah şahiddir ki, bir belə xamuşluq, bir
belə sakitlik bu dəqiqə mənim də qəlbimdədir".
Demək, Mirzə Cəlilin məqamı tam fərqli,
tam başqadır.
Molla Abbas
(Dəlilərə tərəf üzünü tutub
çığırır: Yoldaşlar! Dəlilər
gülə-gülə qayıdıb gəlirlər. Dəlilərə tərəf acıqlı. Nəyə gülürsünüz? Mən sizə min dəfə demişəm ki, əgər
siz məni vaiz hesab eləyirsiniz, gərək mən vəz edən
vaxt siz mənim moizəmə huş-guş ilə qulaq
asasınız. Dəlilər
başlarını aşağı salıb dinmirlər.
Molla Abbas bir qədər fikrə gedəndən sonra bəlağət
ilə deyir: Hindistan hükaməsindən bilmirəm
hansıdı - adı yadımdan çıxıb, -
kitabında yazır: vaxt olur ki, insanın qəlbi hər bir
arzudan və meyildən xali olur, o vaxt qəlbdə bir növ
xamuşluq əmələ gəlir. Bu
xamuşluqda insana elə bir iti zehin üz verir ki,
dünyanın yaxşı və yamanını həkimanə
bir surətdə görə bilər. Allah
şahiddir ki, belə bir xamuşluq, belə bir sakitlik bu dəqiqə
mənim də qəlbimdədir. Onun üçün də
indi mən həzrət-sahibül-əsr vəzzəmanın
xidmətinə müşərrəf olan bu camaatın (əlini
zəvvarə tərəf uzadır) hərəkətinə
diqqət ilə tamaşa edib deyirəm: Vallah və billah biz Dəli
yığıncağına düşmüşük.
Bir az əvvəl
(monoloqun başlanğıcında) Molla Abbas dəlixananı
yalqız görüb Sonanın əllərini öpməyə
başlamışdı və ürəyi parçalayan
sözlər demişdi. Yəni artıq hər şey cüzi
də olsa öz yerini tapır, divarlar dibində
çürüyüb can verməyi də ləyaqətsizlikdən
üstün tutur. Əlini kəcavəyə
uzadır. Dəlilər gülür.
Bu gülmək ağlamağın, dərddən
çərləməyin obrazıdır. Dünya
elə pozulub, öz yolunu elə azıb ki, onu
gülüşlə də düzəltmək,
yaralarını sağaltmaq mümkün deyil. Başlıca leytmotiv budur. "Dəli
yığıncağı"nda bədii obraz
dayanıqlı deyil, sabit xüsusiyyətlərə malik
deyil: onun zahiri bəlirtilərinə əsaslanıb poetik
struktur və müəllif qayəsi barədə mühakimə
yürütmək olmur. Elə bil ki, obraz bu əsərdə
özünün ikili funksiyasını - informasiya və
dezinformasiya vermək qabiliyyətini bir toxumada birləşdirib.
Molla Abbasın dediyi "xamuşluq" məsələsi
komediyanın ən yüksək, zirvə məqamıdır.
Bunu necə başa düşək? Daha bundan sonra hər şeyin mahiyyəti
açılıb, iki qütb arasında kəskin xətt
çəkilib, onlar yad məkan və zamanda
yaşadıqlarını anlayıb divar küncündə
ölməyi üstün tutublar. Və
mahiyyət etibarilə bu sıradan olan oppozisiyalar aradan qalxan
kimi, dünyanın düzümü də pozulur, o, xaotik bir hərəkətə
çevrilir. O dünyada - kəcavədə vaxt daha
sürətli ötüşdüyü üçün onlar
konkret olaraq heç bir məkanda qərar tuta bilmirlər -
ayaqlarının altından yer qaçır. Kəcavə
- bu dünyanın başına fırlandıqca ondan dərhal
aralanan karuselə dönür.
Bu detalda,
əslində, daha dəhşətli mətləb
mövcuddur: şüurun dağılıb
parçalanması mətləbi, Çin filosoflarından -
yeddi müdrikdən birinin fikridir ki, insan bir varlıq kimi
sonuna yaxınlaşanda onun daxilində, ruhi aləmində
bütün proseslərin ritmi intensivləşir: sonuncu dəfə
insan bütün gücü ilə bir nöqtəyə -
öz varlığına yığılır. Göz kor olana, nurunu itirənə yaxın iynənin
ulduzunu belə seçir və s. Xamuşluq məsələsi
də o sıradandır. Bu xamuşluqda
insana elə bir iti zehin üz verir ki, dünyanın
yaxşı və yamanını həkimanə bir surətdə
görə bilir.
Mətndə təsbit edilən bu mövqe mətndən
kənara çıxan gülüş konsepsiyasının
mahiyyəti ilə üst-üstə düşür. Və bu
nöqtədə hökmən gülüşün, Mirzə
Cəlil gülüşünün bədii məntiqindən
danışmaq lazımdır. Belə bir məsələni
izləmək, aydınlaşdırmaq üçün isə
bir-biri ilə səbəb-nəticə əlaqəsində
olan məqamları struktur təhlil süzgəcindən
keçirmək vacibdir. Əvvəla, onu
deyək ki, böyük filosoflar gülüşdən bəhs
edərkən onun həyat yaradıcı başlanğıca
malik olduğunu, belə bir funksiya
daşıdığını, həyatın bütün
ağırlıqlarını müvazinətə gətirdiyini
xüsusi qeyd etmədən ötüşməyiblər.
Bu barədə Kantın fikirləri, ümumiləşdirici
qayəyə malikdir. Bir sözlə,
gülüş insanlararası münasibətlərlə əlaqədardır.
Ona görə də Kantın dediyi şəkildə
onu təkcə təfəkkür və davranış
forması kimi yox, həm də xüsusi kommunikasiya tipi kimi
öyrənmək vacibdir. Birinci halda
gülüş inteqrasiya yaradır, daha doğrusu,
"uçulan körpüləri" bərpa edir.
***
Mirzə Cəlil gülüşündə karnaval
stixiyası üzdə deyil, rəsmi ideologiya, rəsmi mədəni
dəyərlərlə heç bir gülüş tipində
belə bir kontrast ifadə olunmamışdır. Mirzə Cəlil
gülüşü üçün, onun komik obrazlarının
yaranma mexanizmi üçün daha bir cəhət əsasdır.
Mirzə Cəlil real gerçəklikdə
çox böyük aqressiv potensiala, qorxuya, vəhşətə
malik obrazları iri planda formalaşdırır, o qədər
böyüdür ki, məsafə və həcm
anlayışının özünü məhv edir. Mənfilik ölçüsünün, belə deyək
ki, yerləşdiyi müstəvinin öz normal tutumu
mövcuddur. Mirzə Cəlil
gülüşündə "müstəvi keçidi"
hadisəsi baş verir. Komik obrazın
daxili strukturu qrotesk doğurur. M.M.Baxtinin dediyi kimi,
"Gülüş nəhəng plana malik formadır, o,
qeyri-adi dərəcədə predmeti
yaxınlaşdırır qorxu və ya başqa faktorların
gücünə yaradılan məsafəni dağıdır:
gülüş üçün zəmin yaradır. Buna
görə də gülüş realizmin ilkin şərtidir:
o, predmeti birbaşa müasirlik və familyarlıq zonasına
daxil edir, burada ona əllə toxunub yoxlamaq da olar".
***
Bir də
belə bir mənzərə: Mirzə Cəlilin ömrü, həyatı
olmazın gərginlik içində keçmişdi, ancaq
ömrünün son illərini məlum olan və olmayan səbəblərə
görə sükut, susqunluq içində
yaşamışdı. Bəsirət gözüylə
baxır, anlayır, dilinə gələn sözləri bilmərrə
geri qaytarırdı, həm də bu olayların qalın pərdəsindən
gələcəyi görürdü, onu susduran daha çox bu
görüntü, öncəgörmə ola bilərdi,
çünki hər bir şair, yazıçı, dramaturq məhz
ona aid olan gələcəkdə dirilir, yaşamağa davam
edir. Mirzə Cəlil bu gələcəyi, əslində,
yazmışdı...
***
Ədəbiyyat tarixi və digər əsər və dərsliklərdə
nə yazıldığı, hansı epitetlərdən
istifadə edildiyini yada salaq, ilk reaksiya, həm də
güclü əks reaksiya məhz bu təyinlərə
qarşıdır. Həmin söz-təyinlər Mirzə Cəlilin obrazını
nəinki yaratmır, əksinə, onu daha da görünməz
edirlər (Mirzə Cəlilsə susqunluq içindədir...),
çünki təyinlər o qədər ümumi səciyyəli
və spesifikadan məhrumdur ki, yazıçının
obrazı oxuduqca kiçilir və hansı məqamdasa onun
özünə qarşı çevrilir. Niyə?
Çünki bu obraz kiminsə
çıxardığı nəticədir, əslində isə
konkret yaradıcılığın bu obraza dəxli yoxdur.
Baxın: "C.Məmmədquluzadə nadir ədəbi
simalardan biridir. O, dünya ədəbiyyatına Xaqani, Nizami, Nəsimi,
Füzuli, Vaqif, M.F.Axundov, Sabir, H.Cavid, C.Cabbarlı kimi mütəfəkkir
sənətkarlar bəxş etmiş, qədim tarixə, zəngin
mədəniyyətə malik bir xalqın övladıdır.
Özündən əvvəlki mütərəqqi
ənənələrə sadiq olan C.Məmmədquluzadənin
yaradıcılığı ictimai mündəricəsinə,
orijinallığına, milli və bəşəri məzmununa
görə böyük əhəmiyyətə malikdir. XIX əsrin sonu XX əsrin əvvəllərində
yaşamış bu dahi sənətkar öz xalqına namus və
ləyaqətlə xidmət etmiş, əlli ilə yaxın
vətəninin səadəti, xoşbəxtliyi yolunda yorulmadan
qələm çalmışdır" (X.Əlimirzəyev).
Bu kimi mətnləri sonsuza qədər uzatmaq, yəni
mənzərəni daha görüntülü, aydın eləmək
mümkündür, ancaq məsələnin ən qəliz tərəfi
budur ki, bu kimi təyinlərlə dolu mətnlərə
baxıb hansısa fikir yürütmək, sadəcə,
mümkün deyildir. Məsələni
yuxarıda deyildiyi kimi, ədəbiyyat tarixi müstəvisində,
həm də bədii mətnlərin virtual əlaqələri
kontekstində araşdırmaq lazımdır.
"Hacı
Məhəmmədəli. Pəh, pəh, pəh! Maşallah
olsun doktor cənablarının elminə; necə də ki, ərəblər
deyiblər: zahir batinin ayinəsidir, eləcə də doktorun
zahirindən elm yağır, a kişi,
bizim müsəlmanların, yəni həkimləri də bir həkimdilər?
Vallah, billah, and olsun getdiyim imam Rzaya, heç
baytar da deyillər. Həkim bax buna deyərlər ey! Amma heyif ki, deyəsən, bizim dili bilmir".
Cavanşir YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2019.- 8 mart.- S.21.