Anam insanları məhz
kimsəsizlərin timsalında sevirdi...
"Kürsü" layihəsinin
qonağı gözəl və bənzərsiz şairəmiz
Nurəngiz Günün yeganə övladı, millət vəkili,
maraqlı insan, zərif xanım Jalə Əliyevadır.
- Jalə xanım, bizim tarixən
müxtəlif sahələrdə "ilk"lərə imza
atan və uğur qazanan qadınlarımız olub. Müstəqillik dövründən sonra isə bu
ilklər birinciliklə əvəz olunmağa başladı.
Siz də gənc yaşlarınızdan qadın
millət vəkili kimi uğur əldə etmisiniz. Necə
oldu ki, erkən yaşda birincilər sırasında ola bildiniz?
- Bu
cür dəyərləndirdiyiniz üçün təşəkkür
edirəm. Birincilik deməzdim, sadəcə olaraq,
seçilmiş, qısa müddət ərzində cəmiyyətin
tanınmışı ola bilmək, məşhurluq
qazanmaq statusu deyərdim. Bilirsiniz, mənə elə
gəlir ki, həyatda heç nə birdən-birə baş
vermir. Və mənə belə gəlir
ki, həyatın fəlsəfəsi çox mürəkkəbdir.
Mənim nəzərimdə həyat təsadüf və ya zərurət fəlsəfəsi
üzərində dayanır. Ancaq inanın ki,
bu günə qədər də hələ özüm
üçün tam müəyyən edə bilməmişəm
ki, həyat təsadüflərdən, yoxsa zərurətlərdən
ibarətdir. Əgər söhbət elə
sizin qoyduğunuz sualdan, bir şəxsin müəyyən pilləyə
gəlib çatmasına qədər gedən yoldan gedirsə,
təsadüflərdən söhbət gedə bilməz.
Burada insanın məqsədyönlü hədəfi,
arzusu, niyyəti var. Əlbəttə, mənim də həyatımın
uşaqlıq, yetkinlik mərhələlərində seçəcəyim
peşə ilə bağlı müəyyən arzularım
olub. Amma, hətta, gənc qız olarkən
belə, elə bir məqsədim olmayıb ki, cəmiyyətin
seçilmişi və ya millət vəkili olum. Sadəcə, illərlə
qazanılan təcrübə, ortam, cəmiyyət və
qarşıya çıxan hadisələr zaman keçdikcə
insanı müəyyən bir hədəfə doğru
yönləndirir. Belə olan halda isə insan
artıq özünü hardasa görür. Konkret sizin mənə ünvanlanan sualınıza
cavab versəm, mənim gənclik dövrüm Azərbaycanın,
vətənimizin çox təlatümlü zamanına rast gəlib.
Mən və mənim nəslimdən olan insanlar
müstəqillik uğrunda gedən mübarizənin canlı
şahidləriyik. Bu, gəlişigözəl
sözlər deyil. Yəni biz 20 Yanvar hadisələrinin,
Xocalı hadisələrinin, torpaqlarımızın
işğalının, azadlıq uğrunda mübarizənin,
Meydan hərəkatının hər birinin canlı şahidləriyik.
Bütün bunlar bizim gəncliyimizin ən
qaynar dövrlərinə düşüb. Cinsindən asılı olmayaraq, biz hər birimiz
özümüzü meydanda, o hərəkatın içərisində
görür, Azərbaycanın müstəqil hərəkatında
nəsə bir söz deməyə
çalışırdıq. Meydana
çıxıb azadlığımızı tələb
etməklə vətəndaşlıq mövqeyimizi ortaya
qoyurduq.
- Və bütün bunlar şəxsi
həyatın inkişafına təsirsiz
ötüşmürdü...
- Bəli,
haqlısınız. Hətta mən evimizdən
gəlin köçəndə o zamanlar Meydan hərəkatının
marşı hesab olunan Üzeyir Hacıbəyovun
"Koroğlu" uvertürası səslənmişdi.
Bu gün artıq dünyasını dəyişmiş bir
çox hörmətli ədəbiyyat xadimlərimizdən Xəlil
Rza Ulutürk, Mikayıl Mirzə, Rafiq Zəka, Məmməd
Aslan, Sabir Rüstəmxanlı, eləcə də digər
tanınmış sənətkarlar həmin məclisdə, mənim
toyumda iştirak etmişdilər. Məclisin
videoyazısına indi də baxanda yaxşı mənada
kövrəlirəm. Xəlil Rza Ulutürk
"Lefortovo" həbsxanasından yeni
çıxmışdı. O, bütün gecəni
dayanmadan kitaba nəsə yazırdı. Nəhayət,
Mikayıl Mirzə ona söz verəndə, onun
çıxışı məclis çıxışı
yox, gəncləri meydanlara, azadlığa səsləyən
meydan çıxışı oldu. O, yenicə çıxmış
kitabını bizə təqdim edərək hamını
meydanlara dəvət etmişdi. Onun sözlərinin
ardınca uvertüra səslənmiş, dörd yüz nəfərlik
məclis birnəfər kimi ayağa qalxmışdı.
Yəni bütün bunları danışmaqla
onu qeyd etmək istəyirəm ki, o zamanlar daxilən təlatümlü
anlar yaşayırdıq. Sonralar mən
Türkiyə səfirliyində fəaliyyətə
başladım. Səfirlik isə yerləşdiyi
ölkənin bütün hadisələrini pərdə
arxasından yaxşı görən, izləyən təşkilatdır.
Həmin 92-93-cü illərdəki ən
ağrılı günlərimizi, sui-qəsd
olaylarını, çevriliş cəhdlərini, ulu öndər
Heydər Əliyevin hakimiyyətə gəlişini və
bütün bu proseslərin necə getdiyinin canlı şahidi
idim. Bəlkə də, sıravi vətəndaşdan
daha çox həqiqətləri yaxşı
gördüyümdən daxilimdə bildiklərimi,
gördüklərimi vətənimin yararı
üçün, dövlətim uğrunda istifadə etmək
kimi arzu, mövqe yarandı. Zaman
keçdikcə mən içimdəki sözləri demək
üçün auditoriya, mikrofon ehtiyacının yarandığını
hiss etdim. Vətənim üçün az
da olsa, dəryada bir damla da mənim xidmətimin
olmasını arzuladım. Bir gün isə artıq millət
vəkili üçün namizədliyimi verəndə bayaq
sizə dediyim zərurətdən yaranan təsadüfün
yetişdiyini hiss etdim.
- Jalə xanım, sizin dövrdə
bir çox yazıçı və şairlərin övladları sonradan valideynlərinin
yolunu davam etdirdilər. Yəqin ki, valideynlərinizin, xüsusən
də ananız Nurəngiz xanımın sizi ədəbiyyatda
görmək arzusu vardı...
- Nurəngiz
xanım, böyük ədəbiyyata gəlməzdən əvvəl
Azərbaycan Televiziyasının ilk diktorlarından olmuş,
populyar verilişlərin aparıcısı kimi
tanınıb. 1979-cu ildən sonra o,
böyük ədəbiyyata şair kimi yox,
yazıçı kimi "Tanrı bəşər
övladıdır" povest ilə gəldi. Əvvəllər bir sıra şeirlər yazıb,
amma onlardan cırıb atdığı, üzə
çıxarmadıqları çox olub. Ümumiyyətlə,
Nurəngiz xanımın arxivinə bu gün də çətinliklə
daxil oluram. Müəyyən bir düzənsizliyi
olub. Ümumi
yaradıcılığında isə çap olunmayan
şeirləri də çox olub. Onun
yazdıqlarını üzə çıxarmaq,
özünü təbliğ etmək kimi arzusu yox idi.
Anamın diktorluq fəaliyyətinə görə
hamı elə bilirdi ki, mən də onun yolunu davam etdirəcəm. Özü də
bunu çox arzulayıb. Lakin diktorluq sənətinin
ağırlığını, çətinliklərini mən
öz gözlərimlə görmüşdüm. Televiziya "Sabahınız xeyir" kəlməsi
ilə başlayıb, "Gecəniz xeyrə qalsın"
deməklə bitən və gözə görünəcək
qədər asan məkan deyil. Bu səbəbdən
mən heç vaxt diktor olmağı arzulamadım.
Təbii ki, hər bir valideyn öz davamını
övladında görür. Anam da televiziyadan
ayrılıb qələmə sarıldıqdan,
yazıçı olandan sonrakı gizli arzusunu, mənim də
onun kimi yazıçı olmağım arzusunu hiss edirdim.
O, məni buna təşviq edir,
yazıçılığı, şairliyi təbliğ
edirdi. Bəzən bir inşa yazanda məni
çoxlu tərifləyər, yazan qələmimin olduğuna
inandırmağa çalışardı. Amma mən özümdə o qabiliyyətin,
potensialın olduğunu hiss etmirdim. Yazıçılıq,
şairlik ağlına gələnlərin hamısını
mətnə tökmək deyildir. Burada təxəyyülün,
fantaziyanın, başqa-başqa hisslərin rolu çox
böyükdür. Həm də şairlər,
yazıçılar bir az da göy adamları
olurlar. Heç kim məni qınamasın
mən onları peyğəmbər, vəhylə yazan müqəddəs
insanlar kimi görürəm. Buna görə də
gəliş gözəl şözlər yazıb ədəbiyyata
gəlməyi nə ailəmə, nə də ədəbiyyata
layiq bilməzdim.
- Bir sözlə, Nurəngiz
xanımı ədəbiyyatçı olacağınız
fikrindən tamamilə uzaqlaşdıra bildiniz...
-
Uzaqlaşdıra bildim. Mən anam
üçün həmişə əlaçı və
nümunəvi uşaq olmuşam. Məktəb
illərimdən bu günə qədər heç vaxt iki,
üç qiyməti almamışam.
- Özünüz oxuyurdunuz, ya bir
çox ailələrdə olduğu kimi, "get, dərslərini
oxu", deyirdilər?
- Qətiyyən.
Özüm oxuyurdum. Bir məqam
deyim. Mən indi də solaxayam. Hazırlığa gedəndə müəllimə
bizə ancaq şəkil çəkdirirdi. Həmişə sinif boyu gəzən müəlliməmi
diqqətlə izləyirdim. O mənə
yaxınlaşanda bilirdim ki, sol əldən istifadə etdiyim
üçün mənə irad tutacaq. Ona
görə də müəllimə yaxınlaşana qədər
qələmi sağ ələ keçirib yalandan nəsə
cızırdım. Uzaqlaşan kimi yenidən
sol əllə işləməyə davam edirdim. Beləcə öz-özümü tərbiyə edərək
heç kimin yanında pərt olmamaq, pis vəziyyətə
düşməmək üçün sağ əllə
yazmağı öyrəndim. Bu gün
sağ əllə yazıram, çəkirəm, digər
bütün işlərimi isə sol əlimlə edirəm.
Sözümü ona gətirirəm ki, həmişə əlaçı
oldum, evimizə çoxsaylı diplomlar, fəxri fərmanlar,
iki mandat gətirdim. Bunlar hamısı, hər halda, bir ana
üçün böyük bir iftixar yeri idi. Və təbii ki, sevinirdi. Amma
2014-cü ildə mən Azərbaycan Yazıçılar
Birliyinə üzv seçiləndə, üzvlük vəsiqəsini
evə gətirəndə onun sevincini indi də təsvir edə
bilmirəm (kövrəlir). O deyirdi ki, sən bilirsən
bu nə deməkdir? Sən Yazıçılar
Birliyinin üzvü olmusan. Bütün
qohumlara, tanışlara zəng vurub bu xəbəri verirdi.
Deyirdim, ay ana, bəs indiyənə qədər
bu qədər diplom gətirmişəm, heç bu qədər
sevinməmişdin. Cavab verirdi ki, yox, onlar
da hamısı yaxşıdır. Amma bu vəsiqə
fəxrdir. Yəni sizin sualınıza gətirirəm
ki, onun üstü örtülü arzusu, istəyi olub ki, mən
onun davamı olum. Lakin mənim tamamilə başqa sahəyə
aid olduğumu hiss etdiyindən üzərimdə heç bir
basqı yaratmaq istəməyib. Ümumiyyətlə,
anam başqası üzərində diktə etməyi, məcburiyyəti
sevmirdi.
- Xarakter etibarilə ananızla
bir-birinizdən çox fərqlənirsiniz. O, azadəliyi sevən,
əsl şair təbiətli, bir az da
kişilərə xas bəyliyi, ağayanalığı olan
bir qadın, siz isə onun tam əksi, zərif, uşaq xasiyyətli
insan olmusunuz. Ümumiyyətlə, şairə, ruh adamı ilə
bir evdə yaşaya bilmək necə idi?
- Sənətin
hansı sahəsi olur-olsun, istedad sahibi, ruh adamı olan insanlar
hər birimizdən seçilirlər. Bu cür
insanlarla təmasda olmaq, onlarla dialoq qurmaq o qədər də
asan deyil. Üstəlik də belə
insanlarla bir evdə yaşayırsansa, bunun məsuliyyəti və
çətinlikləri mütləq olur. Biz
də bu kimi çətinlikləri evdə
yaşamışıq. Sözü
birbaşa demək bacarığı, istəyi, olduğu kimi
görünmək, göründüyü kimi olmaq amalı əlbəttə
ki, bir o qədər də asan deyil. Ancaq
qeyd etdiyim azadlıq ilə yanaşı, anam həm də hədsiz
dərəcədə mühafizəkar qadın idi. Mənim bəzən saçdüzümümü dəyişməyimdə
belə mühafizəkarlıq edirdi. Yəni
hər şeydə ədəb-ərkana, mədəniyyətə
nəzarət olunmasını sevirdi. "Qızın
səsi bərk çıxmaz, hər şeyə gülməz,
bir kənarda sakit oturub dinləyər" kimi fikirləri daim
mənə təlqin edirdi. Onunla birgə olduğumuz
ortamda başqa adamlar olurdusa, heç kim mənim
danışmağımı xatırlamaz. İlk
dəfə 65 illik yubileyi keçiriləndə və mənə
söz veriləndə, gördüm ki, təəccüblə
mənə baxır. Elə orda da fikrimi
ifadə etmişdim ki, heç vaxt onun yanında, onun
sözünün, qələminin böyüklüyü
qarşısında danışmağa cəsarət etməmişəm.
Digər tərəfdən, o, elitar zövq sahibi bir insan
idi. Adi məişət məsələlərində,
bir libasın seçilməsində də onun
düşüncəsinin fərqliliyini,
başqalığını, sənətkarlıq
yanaşmasını hiss edirdik. Siz bu
gün Nurəngiz xanımın evinə getsəniz, orada bir
parlaq əşya, büllur qab-qacaq dəsti görə bilməzsiniz.
O, evini çay daşları, balıqqulaqları, hardansa tapıb
gətirdiyi maraqlı təbiət əşyaları ilə bəzəmişdi.
Yəni, hətta, bu kimi məsələlərdə
onunla fikir ayrılığımızın mövcudluğunu
hiss edirdim.
- Yeri gəlmişkən, Nurəngiz
xanımın poeziyasında günəşə, dənizə,
çiçəklərə qarşı qəribə
canlı bir münasibəti və hüdudsuz təbiət
sevgisi vardı. İnsanlara qarşı
münasibəti necə idi?
- Təbiəti
həddindən artıq sevirdi. Onun təbiətə
həsr olunmuş çoxsaylı şeirlərin içərisində
də insan qırmızı xətt kimi keçirdi. Amma
birbaşa insan mövzusuna həsr olunmuş şeirlərindən
bir şeiri vardı:
İnsandır
şeirimin
ilki və
qurtaracağı.
İnsandır
şeirimin
Odu, ocağı.
İnsandır
yer üzünün
Çiçəklərdən əzəl bəzəyi.
İnsandır,
insandır
Şeirimin rişəsi, özəyi.
İnsanların
hamısı-
cavanı
da, qocası da,
qarası
da, sarısı da,
İnsanların
azadı da,
dustağı da,
narahat
ömrümün döyüntüsüdür,
İnsandır düşüncəm də, nəfəsim
də.
İnsandır
nəğməm də,
titrəyən
səsim də...
İnsanlarsız nə dəniz, nə sahil, nə qaya?
İnsanlarsız nəyə lazımsan, dünya?
Bu
misralarda onun insanları çox sevdiyi hiss olunur, duyulurdu. Yəni insanları, xüsusilə də məzlum
insanları çox sevirdi. Nurəngiz
xanımın "kiçik insanlar" deyə bir ifadəsi
vardı, indi bu çox məşhurlaşıb. Bu fikir ədəbiyyata da, leksikonumuza da Nurəngiz xanım
tərəfindən gətirilib. Mən sizi
inandırıram ki, o çox tanınan, böyük hörmət
sahibi olan bir insanla əl tutub görüşməkdən daha
çox, eyvanının altında küçə
süpürən bir qadına salam verməyi,
onun kefini soruşmağı özü üçün daha mənəvi
rahatlıq, dəyər kimi görürdü. Bəzən
bağda işləyən adamlarla dayanıb söhbət
edirdi, onların ailə tərkibini, işlərinin çətinliyini,
məvaciblərini xəbər alırdı. Deyirdi ki,
kiçik insanları da sevindirmək, onları
düşünmək, onlara salam vermək
lazımdır. Böyükləri isə
hamı tanıyır, onlara hamı yaxın olmaq istəyir.
Bir məqamı təvazökarlıqdan kənar da olsa,
vurğulamaq istərdim. Dağlıq Qarabağ problemi təbii ki,
bütün ziyalılarımızı narahat edib,
düşündürüb. Amma Xocalı
haqqında ilk poema bizim evdə yazılıb. 1992-ci ildə sovet totalitar rejiminin hələ də
işlək olduğu dövrlərdə, böyük faciəyə
qurban gedənlərin bizdən gizlədildiyi dönəmlərdə
ordan-burdan, xarici mətbuatdan, "Azərbaycan" qəzetində
çıxan materiallardan sonra məlum olmuşdu ki,
böyük bir faciə baş verib. Uşaqların
qətl olunduğu ilk kadrları görən andan Nurəngiz
Gün qələmə sarıldı və
"Xocalı" poemasını yaratdı. Bizim torpaqlarımızın işğalı və
qurban gedən insanlarımız, şəhidlərimiz onu
çox incidirdi. O özü də deyirdi ki, mən
infarktı "Xocalı" poemasını yazandan sonra
qazandım. Nurəngiz xanım, tək bizim məmləkətin
yox, bütün dünyanın atılmış
uşaqlarını kimsəsizlərini
düşünürdü. Sağ olsun, möhtərəm
Prezidentimiz onu təqaüd ilə təltif etmişdi. Anam həmin
təqaüdü alan günü Qocalar
evinə gedirdi, onların başlarını
tumarlayırdı, imkan daxilində onlara nələrsə
alıb aparırdı. Yəni çoxlu rəfiqələri
olsun, hər gün onlarla görüşüb, onları
başına yığmaq kimi xasiyyəti, sevgisi yox idi.
O, insanları məhz kimsəsizlərin timsalında sevirdi.
- Jalə xanım, sizin qəribə,
ölçüyəgəlməz ana sevginiz olub. Amma
bütün hallarda, yəqin ki, onunla çox zaman keçirə
bilməkdə, ona tez-tez baş çəkməkdə vaxt
baxımından məhdudiyyətləriniz də olub. Bu gün ananızın olmadığı bir həyatda
həmin ehtiyacları doyura bilməməyin təəssüfünü
yaşayaraq kaş ki, ona daha çox zaman ayıra bilərdim
dediyiniz məqamlar olur?
-
Çox, çox olur (kövrəlir)... Bütün
Azərbaycan bilir ki, mənim üçün ana sevgisi
çox fərqlidir. Hətta
övladım və anam barəsində hansını daha
çox sevirəm, hansının hüquqlarını daha
çox qoruyaram dilemması qarşısında
qaldığımda mən anam üçün
çalışmışam. Baxmayaraq ki,
övladım kiçik olduğundan qorunmaq üçün mənə
daha çox ehtiyacı olub. Amma mən onun
ehtiyaclarını, maraqlarını anama qurban etmişəm.
Eyni zamanda anam da mənim üçün
fövqəladə ana olub, bütün həyatını mənə
fəda etməyi bacarıb.
Lakin bütün bunlarla bərabər gündəlik
iş qayğılarım, fəaliyyətim mənə imkan
verməyib ki, istədiyim qədər onu görüm, onun
yanında olum. Bunu çatdıra bilməmişəm.
Bəlkə də, ailənin tək
övladı olduğuma görə, anamdan başqa da
qayğılarım olduğundan düşünmüşəm
ki, anamdır, o, evimin içindədir, ona necə olsa da vaxt
taparam. Yəni bu necə olsalar, bu gündən
sabaha saxlamalar əlbəttə ki, məni bu gün çox
üzür. Amma burda da yanlış
anlaşılma olmasın. Mənim elə
bir günüm olmayıb ki, anama baş çəkməyim.
Sadəcə olaraq, bəzən gəlirdim, əlimdə olan nəyisə
qapıdan verib qaçanda məni saxlayırdı ki, gəl
otur, bir az söhbət edək. Mən isə qaçaraq - sonra gələrəm
deyib çıxırdım. İndi
düşünürəm ki, bəlkə, o mənə nəsə
demək istəyirdi, mənimlə söhbətə, vaxt
keçirməyə ehtiyac duyurdu... Bəzən
telefonla uzun-uzadı danışmağa belə işlərimin
çoxluğundan vaxt tapa bilmirdim. Bütün
bunlar indi məni təsirləndirir.
- Bəs öz problemlərinizdən,
çətinliklərinizdən necə, ananıza bəhs
edirdiniz?
- Məktəb
illərində təsadüfən eşidəndə ki,
anamın ürəyi xəstədir, müalicə olunur və
həyatını itirə bilər.
Ondan sonra mən daima heç kimə bəlli
etmədən bu qorxu ilə yaşadım. Bu qorxu, təşviş onu itirdiyim son günə qədər
mənim düşüncəmə hakim oldu. Onun qohumları 37-ci ildə sürgün
olunmuşdular. Anam həmişə
onların xiffətini yaşayırdı. Mən
onun bu daxili kədərini, nisgilini hiss edirdim. Və bəlkə
də, elə buna
görə həmişə nümunəvi şagird, tələbə
olmağa çalışdım ki, o mənə görə
heç zaman narahatlıq keçirməsin.
Amma bununla yanaşı da öz işimin çətinliklərilə
bağlı ona narahatlıq gətirəcək heç nə
danışmaq istəməmişəm. Ona görə
yox ki, ondan nəyisə gizlətmişəm. Sadəcə olaraq, anamı qorumaq istəmişəm.
Hətta bir çox qohumlarımızın belə
məsələlərə görə qınağına da
tuş gəlmişəm. Mən ən yaxın
adamımızın, dayımın vəfatını anamdan
gizlətmişəm. Anam, xalam və
qızımı qatarla xaricə yola salan günün səhəri
dayım rəhmətə getdi. Bütün qohum-əqrəba
mənə dedi ki, teleqram vuraq onlar qayıtsın. Mən bunu etmədim. Çünki
anamın da, xalamın da dayıma nə qədər
bağlı olduqlarını bilirdim. Bir
gündə bir evdən üç tabut çıxara bilməzdim.
Mən məclisin bütün
ağırlığını hər mənada öz üzərimə
götürdüm. Hiss edirdim ki, üzümə
heç nə demirlər, amma arxada anama xəbər etməməkdə
məni qınayırlar.
- Ananız xəbəri öyrənəndə
sizə qəzəblənmədi?
- Anama bu
xəbəri iyirmi gündən, qayıdandan sonra xəbər
verdim. Ona qədər hər dəfə anam zəng
vuranda min cür yalanlar danışırdım ki, duyuq
düşməsin. Yalnız gələndən sonra
gördüm hazırlaşır dayımgilə getsin, o zaman
dedim: İstəyrisən məni döy, söy,
övladlıqdan çıxar, amma mən bunu etməliydim. Dayım artıq həyatda yoxdur. Heç hara getməyin. Üstündən bir həftə
keçəndən sonra o gəlib məni öpüb dedi, mən
bilirəm sən bunu nə üçün etmisən, sənin
qeyrətinə, ana istəyən canına qurban olaram. Sən məni qorudun, ömrümü uzatdın.
Həqiqətən də, mən həmin xəbəri
dərhal eşitsəydim yaşaya bilməzdim.
- Müsahibələrinizdə
deyirsiniz ki, anama görə heç vaxt kənara
çıxa bilmirdim. Çünki onun həm oğlu, həm
də qızıydım. Bu gün necə
düşünürsünüz, ona həm qız, həm də
oğul ola bildiniz?
- Oldum. Mən həmişə demişəm ki, mənim lap
yeddi bacım, yeddi qardaşım olsaydı, yenə də onu
diqqətdən kənarda qoymayacaqdım və həm oğul,
həm də qız vəzifəmi birmənalı olaraq yerinə
yetirəcəkdim.
- Qadın kimi yaşınızın
ən gözəl çağında olsanız belə,
daxilinizdəki o, uşaq sağdır. Bu
yaşa qədər həmin qızcığazı
içinizdə necə qoruyub saxlamısınız?
- Mən
onu qoruyub saxlamadım. O, öz-özünə qorundu. O
qızcığaz böyümək, kirlənmək istəsəydi
heç nə onu tutub saxlaya bilməzdi. İndi
həmin uşaq məni rahatladır, mənə stimul verir, hər
şeyin yaxşı olacağını vəd edir. Çünki uşaq təxəyyülü
bitib-tükənməzdir. O, hər zaman ətrafı
müxtəlif rəngli eynəklər arxasından
görür. Böyüklərin prizmasından
yanaşmalı olduğum məsələlərə də həyatın
çətinliklərini nəzərə alaraq bir
qızcığaz kimi baş verənlərə həyat
yaşantısı kimi üç nöqtə qoyub keçirəm.
Bağışlayaraq, güzəştə gedərək,
uşaq unutqanlığı edərək həyata davam edirəm.
Çünki başqa cür mümkün deyil.
Bizim ailəmiz, övladlarımız, cəmiyyətimiz
var. Əgər tanınan biriyiksə, seçildiyimiz bölgədən
qırx, əlli min insanın qarşısına
çıxırıqsa ölkə üçün əhəmiyyətli
olan məsələlərdə, sənin də fikrinə
ehtiyac yaranırsa və sənə də söz verirlərsə,
bu əlbəttə ki, qürurvericidir. Daxilən
böyük bir ruhla, vətəndaşlıq əzmkarlığı
ilə mənim də dəryada bir damla payım olsun deyə,
çıxdığımız yolda büdrəməyə,
verilən etimadı yanıltmağa haqqımız yoxdur.
Söhbətləşdi: Samirə
Əşrəf
Ədəbiyyat qəzeti.- 2019.- 8 mart.- S.8-9.