Ağ – qara
Etimad Başkeçid - "Min yol mənə
söylər"dən sonra...
Rənglər silsiləsi
Mən sənin
əlindən alınmış bətnindən gəldim, ey
Kişi, buna görə bu qədər sənəm...
***
Dünyanın
yaranma əfsanələrinin hamısı Qadının
(Qaranın) Kişidən (Ağdan) yarandığını
deyirlər...
Desinlər...
***
Hər şeyin bir mərkəz - Ox ətrafında dövr etdiyi sehrli aləmlər, kiçikdən böyüyə kimi... Hər şeyin bütünləşib bir tük qalınlığında oxdan keçdiyi yerdə az qala bütünlüklə enerjidən - hisslərdən, sevgidən, nifrətdən, poeziyadan, fəlsəfədən, sonra get-gedə özümüzü aldada-aldada apardığımız haqq-hesabda adını "dəqiq" qoyduğumuz yalandan ibarət bir Bətn. Ordan ya Kişi doğulacaq, ya Qadın. Kişilik-Qadınlıq bilinənə kimisə orda ancaq Bütövlük var... Ondan daha əvvəl... boşluq vardı... ordan daha əvvəl... Lap Asparux Qriqoryeviç kimi- asta-asta addımlayaraq, bəlkə də, hər şeyin başlandığı nöqtəyə yetişə bilərik..
"O nöqtədə ki, Tanrı hələ də düşünməkdədir - yaratmaq, ya yaratmamaq?"...
***
Mən "Min yol mənə söylər"-i min dəfə oxumağa fürsət tapmamışam. Neçə dəfə oxumuşam? Neçə dəfə oxumuşamsa oxumuşam... Bilmirəm, Etimad Başkeçid (Yan) onu neçə dəfə yazıb. Yazıb qurtarıbmı... Yazıb bitiribmi - bitirib. Buna bir yəqinlik var məndə, bitirib, mütləq bitirib. Bəs görəsən rahatlıq tapıbmı...
***
İnsan niyə həmişə nəyin necə yarandığını öyrənməyə can atır, kimə məlum? Qısa ömür içində bir-birini var edib öz oxu ətrafında dövr edən Ağla Qaranın həmişə eyni yerlərdən keçdiyi Həyat adlı illüziyanın içində baş verənlərə baxanda... gözümü qaranlıq alır... Hər Qaranlığın içində bir Ağ nöqtə... Hər Ağın içində bir Qara xal...
Qəlbimə xal düşmür... düşmür... düşmür...
***
Nədir həyatın mənası? O harda gizlənir? O harda tam özəyilə öz oxu ətrafında hərlənə-hərlənə, hər şeyi nizamını saxlaya-saxlaya yoluna davam edir və heç yerə getmir... O, bəlkə də, bir gün əriyib otuz oxundan yavaş-yavaş axıb mərkəzinə irəliləyəcək, öz Qara boşluğunda yox olub gedəcək? Bəs niyə Qara? Bəs niyə Qadın?
Çünki sən, ey Kişi, zaman-zaman dəli kimi bağırıb özünü içinin ağlığından çölə buraxmaq istəyəndə - boşluq yaratmaq istəyəndə ona üz tutursan...
Həyat mərkəzdəki Qara boşluğa
yönəldikcə onun Ağıyla Qarası əriyib-əriyib
bir-birinə qarışacaq, hər şey bircə
boşluqdan keçib gedəcək. Bəs hara? Hara? Hara?... Kimin bətninə - Qadınınmı,
Kişininmi?..
Ey
Tanrı!
Ey nizamın Sahibi, ey yerin-göyün
boşluğu-doluluğu, ey Səbr, gülümsəyirsənmi?
Bütün
sualların qarşısında kainatda toz dənəciyi boyda
da var olmayan Yer kürəsinin bir rus payız
bağçasında oturub üstünə səpələnən
xəzəllərdən xəbərsiz yuxuya getmisən...
"…Onda
mənim dörd, ya beş yaşım
olardı. Onda elə dünyanın özü də
təxminən həmin yaşlardaydı. Dünyada
nə oğru vardı, nə quldur, nə əzən
vardı, nə əzilən, nə acından ölən
vardı, nə də artıq çəkidən əziyyət
çəkən. İnsanlar da ağac, ot, daş,
rüzgar və ya bax, bu payız yağmuru kimi təbiət
hadisəsiydilər...".
Bəs niyə boynumuza kündə, ayağımıza zəncir
keçirləndi bir gün, niyə çölün
düzündə bitməyən yolçuluğa yollandıq? Haçan
qoşulduq bu zavallı məna axtaranlar karvanına. Hara yollandıq?
...Həyat
otuz mildən süzülüb boşluğa axmaqdadır...
***
Qadının
qəlbinin dərinliyində bir Kişi, Kişinin qəlbinin
dərinliyində bir Qadın...
İlahi,
bu gedişatı kim poza bilər? Özünmü pozacaqsan? Görəsən, on
beş qəpikliyin bir kənarında
açılmış Boşluğa düyünlənib əbədiişləklik
qazandırdığı ip kimin əlindən
sürüşüb Dünyanın xaosu,
qarma-qarışıqlığı içində
itib-batıb?
***
...Günlərin
bir günü Yer yarandı. Sonra
üstümüzə Göyü qapadılar. Sonra onu
azacıq aralayıb qabağımıza yem atdılar... Səmanın
aydınlığı - Boşluq o üzdə qaldı...
İki çillə arasında aclıq çəkən
qurdlar kimi üzümüzü göyə tutub ulamaq istəyəndə
üstümüzdəki Göyü cırmaqladıq...
İlahi, bizim qəzəbimiz sənin nəyinə
lazımdı?
İlahi, niyə bizi bir dəfə Oğru, gələn
dəfə Keşikçi yaratdın? İlahi,
bir damcı suyla həyat verdiyin ruhumuzun bədənləşməsi
oyunu nə vaxtdan bəridir başını qatır?
Sonra bir gün əlinə üstündə "Siz
hamınız uçuruma yuvarlanırsınız" yazılmış
bir lövhə tutub yolumuzda dayanırsan, əsas Qapını
bağlayıb Gizli bir gözlük açırsan, eyni yerə
gedib-gəlirik, amma əziyyət çəkirik axı,
görmürsənmi?
İnsan oğlu yaranandan bir-birinə daş atır. O daşları sən
yaratmadınmı? Əlimə daş verib sonra
niyə peyda olursan, ey Xıdır İlyas?
***
...Sonra da
hər şeyin bir nizam içində dəyişilməz
halda dövr etdiyini (su kimi axıb getdiyini) bilə-bilə
gülümsəyirsən...
Bəlkə,
əlimizdəki daşları başımızın
üstünü qapayıb bizi işıqdan məhrum edən
qübbəyə tolazlamalıydıq - orda boşluq
yaransın deyə...
Sonra? Bəs sonra nə olacaqdı? Sonra,
yəqin, bütün Kitablarımızı yığıb
hüzuruna gətirəcəkdik. "Budur, mən ac
qalmışam, götür, dəyər-dəyməzinə,
bizə verdiyinin yarı qiymətinə - biz yaşamaq istəyirik"
- deyəcəyik... Sağınamı
boylanacaqsan, solunamı boylanacaqsan, Kölgənəmi?
Öz Ağlığından qürrələnə-qürrələnə
onları geri götürəcəksən - axı sən bizi
darda qoymazsan... və əyilib qulağımıza
pıçıldayacaqsan: "Qaradan uzaq dur"... "Uzaq
dur"- dediyin şeyin Bütünün ikinci tərəfi (bəlkə,
elə birinci?) olduğunu bilə-bilə...
Bizi - bizəmi qısqanırsan?
***
"... -
Usta, ac-susuz və evsiz-eşiksiz olmaq, bəlkə də,
göylərin hansı qatındasa mərifətli iş
sayılır, amma burada, Yer üzündə bundan əskik
iş yoxdur. İki gündür dilimə
çörək dəyməyib, məgər bu,
insafdandır?
İsa
qan sağılmış gözlərini başımın
üstündən uzaqlara zilləmişdi, üzündə kənar
bir ifadə vardı, yəni - mən nə haydayam, sən nə
hayda...".
Lakin sən
demə, İsa (Tanrı) elə həmişə son
manatımızı özümüzə qaytarıb: "Nə
zaman qışqırmaq istəyirsən, gəl
qışqır"- deməyə hazırdır... Fərqi
nədir, üzümüzü suyamı tutub
qışqıracağıq, göyəmi tutub
qışqıracağıq, ya hansısa Tabuyabu xalqına...
Kürəyimiz uzun yolçuluğun ardından hardan gəlib
bitdiyi bilinməyən fıstıq ağacının gövdəsinə
söykəyib susacaq və Həyat barədə Əbədi
Dinclik - Duman içində susacaq, sonra onun qol-qanadının,
bur-budağının qırılmasına baxacaq... sonra
unutmağa başlayacağıq...
Bəlkə, balıqlar yaşamları boyunca hər
üç saniyədən bir ölürlər elə, biz
anlamırıq. Insan yaddaşından qurtula bilmir deyə,
ölür bəlkə. Biz
anlamırıq, amma hər dəfə qayıdırıq.
Ya Ağ kimi, ya Qara kimi... Amma Əbədi Bütövlük
içində bir boşluq tapıb özümüzü,
sevgimizi, taleyimizi, evimizi, yolumuzu, ağacımızı yerbəyer
edirik...
Əbədi?
Axı hər
şey otuz mil boyunca süzülüb Qara (Qadın)
boşluğunda əriyəcək...
Kim qalacaq?
Nə qalacaq?
Ancaq
"O" - Əbədi Nizam...
***
Görəsən İn (Qadın) yarı yolda (həmişə
hər şeyin yarı yolda bitdiyini deyirik) öləndə,
Tanrının qonşuluğunda olduğunu
düşünürdümü? Hardansa ağlına gəlirdimi?
Nə
ağlına gələcək...
Millərdən
biri boyuyca axıb gedən zərrəcik...
Bəlkə,
Yol deyilən şey başqa birinin -Yanın (Ağın)
yuxularında ucuna bir tikə çörək
bağlanmış yuxusunun ardınca düşüb getməkdi
İn (Qaranlıq) üçün...
"Dünyanın
o üzündən baxanda bura iki min beş
yüz metr aşağıdadır, Usta".
***
Mən sənə
suallar vermək istəyirdim, ey Müəllif... Sual
vermək, cavab almaq. Deyəsən, sonra fikrimi dəyişdim,
ya da özün mənə cavab vermək istəmirdin...
Haqlıydın...
Fikrimi dəyişdim,
onu özüm axtarmağa başladım... "İnsan
nə axtarırsa onu tapır" demiş müdriklərdən
biri. Daş axtarırsa daş, su
axtarırsa su, bir şüşə qırığı
axtarırsa bir şüşə qırığı.
İnsan həmişə axtardığına yetişincə
əlinə keçən hər şeyi
qazıdığı çuxurdan çıxarıb kənara
atır... Bəlkə, başqalarının
axtardığı şeyləri də... Hərə öz
axtardığı üçün bir çala qazır... Nə edirik, çalamızla Dünyanın bu
üzündən vurub o biri üzündənmi çıxmaq
istəyirik? Qara boşluqdan keçib
bilinməzlikdə ayaq saxlayanda bizi nə qarşılayacaq?
...Evimizin
qızılı-qırmızı kirəmitli taxtapuşu
görünəcəkmi?
Evimiz birdən-birə
yerindən qopub bizə sarı götürüləcəkmi?..
***
"...-
Elədir! - Yura yorğun səslə dedi. - Oturursan
özünçün küləfirəngidə,
aşağıda isə insanlar bir-birini didib-tökür, qan
su yerinə axır. Çox əyləncəlidir… Xeyirlə Şərin çarpışması sadəcə
tamaşadır, qladiator döyüşüdür. Ququ
quşusan da, səndən nə gözləyəsən…".
İndi gəl
tap görüm bunu Tanrı bəndəsinəmi dedi, bəndə
Tanrısınamı...
***
Haqlıydın,
Usta, qoy hərə öz suallarının cavabını
özündən soruşsun...
Dünyanın
bütün işləri birini yıxıb, o birini qurmaq
üstündə qurulub...
Qoy hərə
öz axtardığı üçün öz
çalasını açsın, Öz Boşluğuna
dalsın... Hərə öz milindən süzülüb
axsın...
Bizi
heç kim Şırnoyun sularına itələmir,
bu bir əfsanədir...
"...Ola
bilsin, doğrudan da, böyük işlər məntiqlə
görülmür, ancaq axı biz böyük işlər
görməyə hazırlaşmırıq. Biz, sadəcə,
A məntəqəsindən B məntəqəsinə getməliyik
və bunun üçün ən rahat yol hansıdırsa, onu
seçməliyik, vəssalam!..".
Gəl
ki, uçmaq başqadır axı, Usta? Yol adamın
gözünə durmur, elə bilirsən evinə (Qara
Boşluğuna) əlini uzatsan çatar...
Cavab
olmayacaq...
Ədalətli
sükutdur...
Ağla
Qara sakitcə Öz dövrəsini tamamlamaqdadır...
Hədiyyə Şəfaqət
Ədəbiyyat qəzeti.- 2019.- 2 mart.- S.13.