Döyüşən mənəviyyatın
əsəri
- "Xocalı şikəstəsi"
Çağdaş ədəbiyyatın
axtarışlarının mərkəzində müharibə
mövzusunun dayanması, erməni-müsəlman kontekstinin
müasir baxış parametrləri ilə dəyərləndirilməsi
bu mövzuda ədəbiyyatın yeni bir söz deməyə cəhdi
kimi mənalanmalıdır. Əvvəla, kifayət
qədər zaman fasiləsi ötmüş, müharibənin
odlu-alovlu illəri çoxdan geridə qalmışdır.
İndi hadisələrə yönələn analitik
baxışın dramatizmi artmalı, onun daha çox fəlsəfəsinə
yenmək məramı güclənməlidir. Bizdə
Qarabağ hadisələri törədilən zamandan müəyyən vaxt sonra
poeziyadan fərqli olaraq, nəsrdə müharibə ilə
bağlı mövzulara müraciət işlək olmadı.
Yazılan əsərlər də mənəvi səfərbərliyin vüsətini və
miqyasını əks etdirmədi, Qarabağ müharibəsi
bədii sözün işığında öz dolğun təcəssümünü
tapmadı. Bunu nə ilə əlaqələndirmək
olar? İlk növbədə, sovet dövründə
mövcud olan süni vətənpərvərlik ruhunun təbliği ilə.
Həm bu səbəb, həm də baş verən fəci
proseslərin ard-arda, gözlənilməz şəkildə təzahürünün nəticəsi
idi ki, müharibə ədəbiyyatı müharibə gedən
bir dövrdə deyil, sonrakı illərdə yaranmağa
başladı.
Aydın məsələdir ki, taleyüklü məsələlərin
dərkində yaddaş və tarix həmişə iştirak
edir, mənəvi səfərbərlik ruhunun dirçəldilməsində
analoji funksiyasını davam etdirirlər. Sənətkarın zaman və
xalq qarşısında vətəndaşlıq borcu,
ziyalılıq özəlliyi məhz, həlledici məqamlarda,
həlledici dövrlərdə üzə çıxır,
onun bu ali missiyanı hansı səviyyədə
reallaşdıra bilməsi ilə şərtləşmiş
olur. Bu, həm də
yazıçılarımızın vicdan hesabatı
olmalıdır. Bu baxımdan, müharibə aparmağa
məcbur olan bir
xalqın yazıçısından dövrün epoxal
gerçəkliklərinə nüfuz, cərəyan edən
hadisələrin bütün kəskin və anlaşılmaz,
fəci və dramatik tərəfləri ilə birgə təcəssümü
hər zaman umulur.
Müharibədən keçib gələn, o dəhşətli
illərin acı xatirələrini bu günə
daşıyan insanların müharibədən sonrakı
yaşamı, ruhi gərginlikləri mövzunu hər zaman diri
saxlamağa imkan verir. Axı savaşımız hələ bitməyib.
Qarabağ savaşının içində olan
insanların bir qismi şəhid oldu, bir qismi əsir
düşdü, bir qismi də sağ olsalar belə, daxilən
sevinməyə, həyatdan zövq almağa qadir deyillər
artıq. Çünki onların yaddaş
hücrələrində, ruhi dərinliklərində
müharibənin mərmi qəlpələri kimi qorxulu
qalığı dolaşmaqdadır. Bu
qorxu onların sabaha aparan yolla aralarına əbədi sədd
çəkib. İndi o illərdən bizi
uzun zaman ayırır. Belə mürəkkəb,
ziddiyyətli, xaotik bir dövrün fəci sonucları
haqqında illər sonra bəhs etmək, onu poetikasından
tutmuş problematikasına qədər dərin işləmək
yazardan böyük həssaslıq tələb edir. Qarabağda, müharibədə olmayan, taleyindən
bu ağrını keçirməyən
yazıçının müharibə mövzusunda əsər
yazması çətinləşir.
Yazıçının beynindəki yaddaş lövhələri
dil açıb danışmadıqca, yazdıqları
süni təsvirdən, deklamasiyadan, sxematik yanaşmadan o yana getmir. İstisnalar isə həmişə
olur.
Müasir nəsrimizdə müharibə gerçəklərinə
enmək, erməni məsələsi ilə bağlı yeni
söz demək təmayülü güclənib.
Yazıçılarımızın əsərlərində
mövzuyla bağlı müxtəlif yanaşmalar
mövcuddur: Ki, hansınısa oxuyub müharibə səhnələrinin
yaşatdığı
gərgin məqamları, savaş lövhələrinı
görə bilirik, yaxud eləcə, kənarda dayanıb
müharibə insanının içində boy vermiş
ağrıları, acıları bir də zaman
qarşısına çıxarıb məzmun, mündəricəsini
arayırıq. Belə ki, 90-cı illərə
məxsus elə bir məqam - cəmiyyət, mənəviyyat,
məişət, psixoloji durum mənasında - yoxdur ki, bu mətnlərdə
təsvirini tapmasın. Həm bütöv cəmiyyət-xalq
səviyyəsində, həm də müharibə gerçəkliyinin,
erməni probleminin lokal təzahürlərinə enərək...
Ulduz Qasımın "Xocalı şikəstəsi"
romanı bu baxımdan, vacib bir mövzunu, ədəbiyyatımıza,
milli insanımıza gərəkli bir mövzunu təsvir
predmetinə çevirir. Xocalı faciəsinin üstündən iyirmi yeddi il ötür. Bu iyirmi yeddi ildə
Xocalı soyqırımının dəhşətlərini
daha çox televiziya ekranlarından izləmişik, bir də
poeziyanın hakim olduğu kürsülərdən. Bu
ağrını təsvirə çəkən həcmli əsərimiz az
yazılıb. Zəlimxan Yaqubun, Nurəngiz Günün,
Ədalət Əsgəroğlunun, Əli Rza Xələflinin,
Ələmdar Quluzadənin poemalarında o gecədə
baş verənlərin yanğılı dillə ifadəsi əksini
tapıb. Artıq 27 il ötür
Xocalı soyqırımının üstündən. Zaman bizi o günlərdən
uzaqlaşdırdıqca, hadisələrin bədii şəkildə
təsvirinə tələbin böyüklüyünü daha
dərin dərk edirik. Bəs bu faciələri gələcək
nəslə kim yazıb ötürəcək?
Ümumiyyətlə, gələcək nəsil
baş verən bu proseslər haqqında bilgini hardan alacaq?
Bu baxımdan, Ulduz Qasımın "Xocalı
şikəstəsi" romanı öz emosional ahəngi və
təcəssüm çaları ilə müharibədə
baş verən hadisələrə, insan acısına, faciəsinə
söykənir.
Əsər elə ilk sətirlərdən oxucunu hadisələrin,
qaynar və gərgin proseslərin mərkəzinə atır. Qarlı bir
gecənin vahiməsi, qaranlıq və soyuq meşədə
evindən qaçmağa məcbur olan ailələrin təşvişi,
eşidilən güllə səsləri, insanların göyə
ucalan ah-naləsi həyəcanlı təsvir və təhkiyə
ilə nəql olunur. Romanda Azərbaycanlı
xisləti son dərəcə həssaslıqla işlənib.
Bütün hallarda müvazinətini,
insanlıq sifətini itirməyən bir "mən" var əsərdə.
Roman bir daha göstərir ki, biz döyüşməyi, şəhid
olmağı bacarırıq! Özümüzü
qorumağı, namusumuza sahib çıxmağı
bacarırıq! "Xocalı şikəstəsi"
bir ailənin başına gələn həyat faciəsini,
dramasını təsvir predmetinə çevirir. Müəllif
əsərin qəhrəmanı Məryəm ananı tipik
obraz kimi səciyyələndirməyə nail olub. Diqqət edək:
ailə bir gecədə hər şeyini - evini, malını
itirir. Ailənin balaca oğlu Fuad güllə ilə
paramparça edilir. Qarlı gündə
gecə vaxtı meşə ilə qaçmağa məcbur
olurlar. İrəlidə sonu görünməyən
məchulluq, qışın sərt üzü, min bir çətinliyin
yaratdığı gərginlik, arxada addımbaaddım
onları təqib edən erməni əsgərləri.
Qeyd edim ki, müəllif meşədə baş verən hadisələri
təbii boyalarla qələmə almış, insanları
bütün hissləri - qorxusu, əzmi, mətanəti ilə
birgə görükdürməyə nail olmuşdur. Hücum
edən ermənilərlə Samirin vuruşu, Məryəmin
mücadiləsi, bir tikə çörəyi öz aralarında
bölmək fədakarlığı, həkim Fərhadın
öz peşəsinə sadiq qalaraq hamilə olan, doğuş
sancısı çəkən qonşu qadına kömək
üçün öz ailəsini belə tək buraxıb
meşədə onlarla qalması, ilk növbədə,
içimizdəki insanlığın təntənəsi
olmaqla bərabər, müharibə dəhşətinin
amansızlığını ifadə etmək
baxımından böyük anlam daşıyır.
Müharibə dəhşətləri yalnız hadisələrin
baş verdiyi məkanla məhdudlaşmır. Şəhərdə
yataqxanaya yerləşən ailənin ağrıları
getdikcə çoxalır. Soyuqdan ciyərləri
vərəm olan qızları Pəri xəstəxanada vəfat
edir. Hamilə qonşusuna kömək etmək
üçün qarla örtülmüş meşədə
fədakarlıq edən həkim ərinin - Fərhadın
ayaqlarını kəsirlər. Ailənin
bütün yükü Məryəmin üzərinə
düşür. Üstəlik, işə
düzəldiyi məktəbdə də paxıl həmkarı
tərəfindən gözümçıxdıya
salınır, üstünə atılan iftiralara dözüm
gətirməyə çalışır. Ərinin qrup yoldaşı Nəriman tərəfindən
namus, ləyaqət sınağına çəkilir. Doğrusu, gənc bir qadının bu qədər
yükü qaldırmaq əzmi heyrət doğurmaya bilmir.
Öz uşaqları tələf olan ailə
analarını itirən üç uşağa və bir erməni
körpəsinə sahib çıxır.
Mən burdaca erməni uşağına sahib
çıxmaq məsələsi üzərində dayanmaq istəyirəm. Adətən,
romanlarımızda belə bir tendensiya işləkdir: milli
obrazın əyaniliyi - türk kişisi sadəlövhlüyü
aldanış və eyforiyası ilə birlikdə təsvir
olunur, erməni qadına aludəlik həssas bir qələmlə
işlənir. Bu əsərdə isə milli
xarakterin "boşluğu", buna boşluq demək
mümkünsə, erməni uşağı ilə
bağlı müəllif yanaşmasında üzə
çıxır.
Qeyd etdiyim kimi, əsərdə azərbaycanlı xisləti
son dərəcə həssas işlənib. Bütün
mental dəyərləri ilə. Təbii
ki, bu məsələyə münasibətdə də ailənin
davranışı təəccüb doğurmur. Üstəlik, milli nəsrimizdə
"Kamança" adlı nümunəmiz varsa. Cəlil
Məmmədquluzadənin "Kamança" əsərində Qəhrəman
Yüzbaşı erməni Baxşını yaxşı
kamança çaldığına görə
bağışlayır. Bu əsərdə də
bir ailə anasını itirən erməni körpəyə
sahib çıxır. Onu qarlı meşədə
atıb getməyə qıymır, özü ilə şəhərə
gətirir, böyüdür, oxudur və son anda həqiqətləri
söyləyib taleyin sonrakı axarına qərar verməyi
onun öz öhdəsinə buraxır: "Bax, oğlum,
bunları sənə deməliydim. Sən kim
olduğunu bilməlisən. Dedim, bəlkə, məktəbi
bitirdikdən sonra çıxıb gedərsən. Ermənistana getməsən də Rusiyada təhsilini
davam etdirərsən, orda yaşayarsan. Balaca
olanda sənə deyə bilməzdim. Mərdan,
oğlum, biləsən, keçmişin dəhşətli həqiqəti
mənim sənə bəslədiyim ana məhəbbətini qətiyyən
dəyişə bilməz. Sən mənim
balalarımdan birisən. Səni böyüdənəcən
kirpiklərimlə od
götürmüşəm. İndi maşallah
böyümüsən, ağıllı oğlansan. Bu
sirri indi səndən və məndən başqa heç kim bilmir. Fərhad bilirdi, o da
artıq həyatda deyil. Həqiqət
acıdır, kədərlidir, amma budur. İndən
sonra qərar səninkidir, bala!..".
Azər
Turanın "İrfan çobanı" kitabında
90-cı illərin ortalarında qələmə
aldığı belə bir məqalə var: "Kamança
kompleksi". Müəllif kamança kompleksindən
yazaraq sual edirdi: "Şuşadan bizə quru bir ad qalıb və
20-ci ildə bir kamança havasına bağışlanan,
öldürülməyən erməni Baxşının
övladları indi Şuşada at oynadır. Bu gün
"Kamança"nın səksən
üç yaşı var, hətta səksən üç
ildən sonra da xaçpərəst senatorlar erməni
soyqırımı barədə qərar layihəsini
müzakirəyə çıxarır. Qəhrəman
yüzbaşının haqq-sayını isə ortaya qoyan
yoxdur. Heç kəs erməni Baxşını
çağırıb demir ki, sən Allah, götür bir
kamança çal, görək nə böyük silah
imiş ki, azərbaycanlı Qəhrəman yüzbaşı
bu bir tikə ağac qırığının içindəki
səsə külli-Qarabağı qurban verdi,
ağlaya-ağlaya, kövrələ-kövrələ, xatirələrə
dala-dala qurban verdi. Daha nə qədər insan olmaq olar?!". Kitaba
ön söz yazan xalq yazıçısı Anar cavab
vermişdi: "Axıracan, həmişə. Bu
səhvimiz yox, fəxrimizdir ki, düşmənlərimizin bizə
etdiyi zülmün müqabilində biz insan sifətimizi itirməmişik,
insan olaraq qalmışıq. Vəhşiylə,
qaniçənlə mübarizə aparmaq üçün
dönüb eynən onun kimi vəhşi, qaniçən olmaq
vacib deyil. Bizim mübarizənin məğzi
elə ondadır ki, biz insani, humanist dəyərlərə
sadiq qalaraq düşmənimizi üstələməliyik və
üstələyəcəyik".
O da
yazıçı fəndidir ki, Anarın qeyd etdiyi bu
insanlıq dərsi və buna müvafiq erməni naqisliyi haqda
təəssüf nidası əsərin sonunda elə erməni
uşağının öz dilindən səsləndirilir:
"Allah eləməsin, mən o cəlladlardan olam! Allah eləməsin!
O qan içənlərdən olmaqdansa, ölmək
yaxşıdı!".
"Xocalı faciəsi" romanı ümumən,
müharibənin gerçək yaşamını,
dünyanın hansı tərəfində
savaşır-savaşsın, insan şüurunun
altyapısını, içinin təlatümünü -
qorxusunu, narahatlığını, arzusunu bədii mətnə
gətirir. Əsərdə milli-sosial qüsurların,
yarıtmazlıqların ifşasını təsvirə
çəkmək məqsədə çevrilir və müəllif
başlanğıcı bu məqamdan götürərək
müharibə gerçəklərinin dərin qatlarına
varmaq niyyətində bulunur.
Mətnin
strukturu milli düşüncəmiz
üçün xarakterik olan, baş vermiş müxtəlif
paradoksları mümkün qədər yanaşı verməyə
imkan yaradır: müharibə gərginliyi və bu gərginliyin
arxa cəbhədə hiss olunmayan
əhvalının fəci görüntüləri. Bu iki təzadlı situasiyada obrazın
dünyasına bələd olmağa hər çür imkan
yaranır. O məqamlar ki, orda ön cəbhənin
vuruşları ilə arxa cəbhənin qanunları, ön cəbhənin
ümidləri ilə arxa cəbhənin laqeydlikləri
dissonans təşkil edir... Alt qatda bu
disharmoniyaya qarşı bir aqressivlik var, orda, müharibədə
şəhid olan, evini, övladını itirən insanlara
şəhərdə heç də birmənalı olmayan
münasibət qəhrəmanları ön cəbhənin faciəsindən
daha dərin sarsıdır. Uldüz Qasım yalnız
arxa cəbhənin təsvirini, acılarını verməklə
kifayətlənmir, ailənin şəhər həyatını
ictimai-mənəvi kontekstlərdə işləməklə
müharibənin ağrılarını daha dərin boyalarla
ifadə etməyə çalışır. Müharibə
yalnız döyüş səhnələrinin, nakam
ömürlərin nədəni olmaqla məhdudlaşmır
ki... Bunun bir də arxada davam edən faciəsi,
göz yaşı, fəlakəti var.
Əsərdə prozaik naturallıq - müharibə
gerçəkliyinin sərt dramatizmi ilə
qarşılaşırıq. Bu məqamda, müəllif
müharibə mövzusu zəminində şəxsiyyət-cəmiyyət
antoqonizmini önə çıxardır, yəni müharibə
dövrünün acı reallıqlarından biri budur - insan
elə bir çıxılmazlığa düşür ki, nəinki
öz imkanlarını, torpağını, yurdunu itirmək
ona namus itkisindən az faciə kimi gəlmir.
Mətndə bu məqam real olaylar kontekstində
təsvirini tapır, əsərdəki insanlar diri-diri
torpağa gömülməyi namus itkisindən üstün
sayırlar. Bu mənada, əsərdə məğlubiyyətin
dramı, faciəsi varsa da mənəviyyatın xaosu yoxdur.
Və bu məqam, bütün hallarda mənəviyyatı
qorumaq əzmi əsəri dəyərli edən mühüm cəhətlərdən
biridir. Bu əzm
Fərhad kimi zəhmətkeş, ailəsinə
bağlı, həyat eşqi ilə dolu bir insanın bir
qadına yük olmaq, güzəran
xəcilliyi ilə yaşamaqdansa ölümü tərcih etməsində,
onun ruhi-psixoloji sarsıntılarında, Məryəmin öz
uşaqlarını itirməsinə rəğmən özgə
balalarına sahib çıxmaq məğrurluğunda təcəssüm
tapa bilir. Bu qadının iç dünyasının
çarpışmaları qızının ölüm səhnəsində,
qonşu oğlunun iki ayağının da kəsilməsinə
şahid olduğu məqamda, onun yaşatdığı
sarsıntılarda təcəssüm olunaraq xüsusi bədii
effekt yaradır.
Əsərdə müəyyən qüsurlar da nəzərə
çarpır. Əvvəla, romanda uzunçuluq var. Bəzi
məqamlarda, bəzi epizodlarda müəllif dialoqları, təsvirləri
çox uzadır. Xalası qızı
Şəfiqə ilə Məryəm arasında dialoqlar təkrarlanır.
Daha kəsə ifadə və
yığcamlıq əsərin xeyrinə olardı. Müəllifin təhkiyəsində dialekt sözləri
(anışdırmaq, qaydına qalmaq, vənövsə), hətta
bəzi məqamlarda türk sözləri işlənir
(ötə, özləmək kimi, məsələn). Dialekt sözləri obrazların nitqində keçərlidir,
amma müəllif təhkiyəsi ədəbi dilin
normalarına uyğun olmalıdır.
Zənnimcə, Həmid obrazının Məryəmin
atası kimi əsərə daxil olması
inandırıcı görünmür. Bir qədər
hind melodramalarında olduğu kimi qurama təsir
bağışlayır. Aydındır ki,
müəllif Məryəmin bununla vəziyyətinin düzəlməsi
baxımından oxucunu rahatlamaq istəyir. Amma
onsuz da ağrılardan keçib gələn bu obrazın -
övlad, ər, yurd itkiləri kimi ağır dərdlərini
hansı vasitə azalda bilər ki?!
Hadisələr sıçrayışlı verilir. Hadisələr
arasında keçidlər dərinə işləmədən
təsvir olunur. Zənnimcə, əsərdə yer alan uzunçuluğun əvəzinə, yazıçı
daha dərin iç təfsilatlarının təsvirinə
yönəlməklə balans yarada bilərdi. Bu,
əsəri daha da cilalayar, ona daxili məzmun
qazandırardı.
Bütün bunlarla bərabər, qeyd etdiyim kimi, əsər
mənəviyyatın qələbəsinin ifadəsi, azərbaycanlı
xislətinin həssas şəkildə təqdimi, Xocalı dəhşətlərini,
yurdunu itirmiş insan acısını ədəbiyyatlaşdırmaq
baxımından seçilir. Yalnız
döyüşən insanların deyil, döyüşən
mənəviyyatın əsəri kimi qərarlaşır.
Bu mənada, "Xocalı
şikəstəsi" romanının müharibə ilə
bağlı yazılan əsərlər sırasında
özünəməxsus yeri olacağı şübhəsizdir.
Elnarə AKİMOVA
Ədəbiyyat qəzeti.- 2019.- 2 mart.-
S.14-15.