Məni hər yerdə “Nəsimi” filmində

çəkilən aktrisa kimi tanıyırlar

 

"Dördüncü divar" layihəsinin qonağı "Nəsimi", "Tütək səsi" filmlərində - Fatimə, Milli kimi bənzərsiz qadın obrazlarına həyat verən aktrisa, əməkdar artist Xalidə Quliyevadır

 

- Xalidə xanım, 1973-cü ildə böyük rejissorumuz Həsən Seyidbəyli sizi "Nəsimi" filminə dəvət edir və filmin ssenarisini sizə təqdim edərək bir gecə ərzində rol seçimi etməyinizi tapşırır. Seçiminizin Şəms yox, Fatimə rolu üzərində olması maraqlıdır.

- Ssenarini oxuyandan sonra Fatimənin başına gələnlər, onun tək övlad olması, atası ilə dərviş həyatı keçirməsi, müridlərin içərisində tək qadın olaraq yaşaması, anasının, atasının edamı və gizli bir həyat yaşaması məni təsirləndirdi. Bu sadaladıqlarım, təbii ki, asan həyat tərzi deyildi. Fikir vermisinizsə, filmdə onun üzü heç vaxt gülmür. Bircə dəfə Yusif ona Nəsiminin gəlişini xəbər verəndə Fatimə təəccüblənir, gözlərində işıq əmələ gəlir. Bütün bu səbəblərə görə, Fatimə obrazını ifa etmək mənim üçün daha maraqlı idi. Çünki onu tanıyırdım. O mənim dəyərlərimə, ailəyə münasibətimə, taleyimə yaxın idi. Mən elə bilirdim ki, elə Fatimə özüməm və filmdə, sanki özümü canlandırdım. Burda, bəlkə də, anamı on, atamı isə on yeddi yaşımda itirməyimin də rolu vardı. Yəni tale oxşarlığı baxımından...

Mənim ona yazığım gəldi, ürəyim yandı. Güclü bir qız kimi o cür həyat şərtləri ilə yaşaya bildiyinə görə onu bəyəndim. Şəms obrazı isə daha qısa və balacaydı. Filmdə bir, iki epizodda görünürdü. Həm də Şəms daha çox sevgiyə kökləndiyindən filmdəki funksiyası da az idi. Sözün düzü, o vaxt mənim iyirmi yaşım vardı və Şəms rolunu düz-əməlli başa düşməmişdim.

- Adil İsgəndərovun tələbəsi olmusunuz. Adil müəllimin tələbələrinin bir çoxu isə teatr aktyoru kimi yetişiblər. Sizin də fakturanızda, səsinizdə teatrallıq var. Ümumiyyətlə, teatr azartınız olub?

- Haqlısınız, məndə teatra xas pafos da var. Mən, əslində, İncəsənət Universitetinə də, filmə də elə teatr dərnəklərindən gəlmişəm. Məmmədkamal müəllimin, Lütfi Məmmədbəyovun tələbəsi olmuşam. İlk dəfə 1970-ci ildə televiziya tamaşasında baş rol ifa etmişəm. Amaliya Pənahova ilə tərəf-müqabili olmuşam. Amma universitetə daxil olana qədər, yəni lap uşaqlıqdan kino dəlisiydim. Uşaq vaxtı televiziyada göstərilən bədii filmin sonunda "Filmin sonu" sözləri yazılanda, sanki həyat da mənim üçün bitirdi.  Bu günə qədər də filmə baxanda dərin yaradıcı atmosferə düşürəm.

İncəsənət Universitetinə daxil olanda isə tələbələri dram və kino aktyorluğu qrupuna böldülər. Məni də Adil müəllimin kursuna, kino aktyorluğuna qəbul etdilər. Sözün düzü, mən heç o vaxt bu barədə hansısa seçim edəcəyimi də düşünməmişdim. Yatsaydım yuxuma da girməzdi ki, bu cür böyük sənətkarlarla işləyəcəm, belə filmlərə çəkiləcəm. Sonralar Tofiq Kazımov, Məlik Dadaşov, Həsənağa Turabov məni teatra dəvət etdilər. Amma mən getmədim. Çünki artıq təyinatla kinostudiyada və dublyajda işləyirdim. Digər tərəfdən isə kino mənim həm seçdiyim peşə idi, həm də rahatlıq idi. Yəni ildə bir dəfə iki, üç ay filmə çəkilirdim, qalan yeddi, səkkiz ayı isə demək olar ki, boş olurdum, ailəmə, uşaqlarıma vaxt ayıra bilirdim. Sonralar Həsən Əblucun quruluş verdiyi bir tamaşada da iştirak etdim. Amma əsasən bir yerə, kinoya bənd oldum. Mən indinin özündə də öyrəşdiyim işi və insanları dəyişmirəm.

- Filmoqrafiyanız çox zəngindir. Amma daha çox "Nəsimi" və "Tütək səsi" filmlərindəki rollarınızla məşhurlaşdınız. Bu iki filmin digər filmlərinizi kölgədə qoyması barədə hansısa narahatlığınız olub?

- Doğrusu, bu barədə heç vaxt düşünməmişəm. Və bunu olduğu kimi də qəbul edirəm. İstər dünya aktyorlarının, istərsə də bizim aktyorların hər birinin taleyində ən əsas bir film olur ki, bu da onların şah əsəri olur. Sonrakı rollar bəyənilib sevilsə də, məşhurluq əsasən bir rolla baş tutur. Mən də əsasən "Nəsimi" filmi ilə tanınmışam. Bu gün də, hətta yarım saat bundan əvvəl getdiyim yerdə də dedilər ki, bu qadın "Nəsimi" filmində çəkilən aktrisadır. Ümumilikdə isə "Nəsimi" filmi çox sevildi axı. İstər "Tütək səsi", istərsə də "Nəsimi" filmləri ona görə özünü doğrultdu ki, iş prosesi peşəkarlardan ibarət idi.

- Siz sovet dövrünün yetişdirdiyi aktrisa olmusunuz və dolayısı ilə o dövrün rejissorlarını, film adamlarını görmüsünüz. Onlarla işləmisiniz. Sizcə, bu gün niyə Həsən Seyidbəyli, Rasim Ocaqov, Tofiq Tağızadə kimi rejissorlar yetişmir?

- Bu suala konkret cavab vermək bir az çətindir. Çünki bunun dərin kökləri var. Mənim üçün kino, ilk növbədə, sənətdir, incəsənətimizin bir hissəsidir. Deməli, həm də mənəviyyatımızın tərkib hissəsidir. Hər bir filmin təməlində insan faktoru, mənəviyyatı dayanır. Bizim dövrümüzdə kinoya fədakarcasına, təmənnasız gələnlər, peşəni sevənlər və sevdirənlər var idi. Bu gün kinoya yanaşma fərqlidir. Film çəkmək istəyənlərin əksəriyyəti ona biznes, pul qazanmaq vasitəsi kimi baxırlar. Bu gün müəllif filmləri demək olar ki, çəkilmir. Amma o dövrdə rejissorlar filmdə əsasən müəllif kimi iştirak edərək öz dünyagörüşlərini, baxışlarını təqdim edirdilər. Onlar öz mənəvi dəyərlərini kino vasitəsilə ifadə etmək istəyirdilər. Lakin bu gün film çəkən rejissorların əksəriyyəti kütlənin mənəviyyatını, əxlaqını göstərir, onların xoşuna gəlməyə cəhd edirlər. Sənət isə bu deyil. Sənətin öz bəşəri mövzuları, öz dəyərləri var. İnsanların təxəyyülünü, təfəkkürünü inkişaf etdirmək, onları maarifləndirmək sənət adamının borcudur. Ola bilər indi mənim dediklərim pafos, patetika kimi səslənsin. Eybi yoxdur. Ancaq bu gün ətrafımızda baş verən hər bir hadisəyə rəğmən insanların katarsisə ehtiyacı var. İnsanlar kinoya, rəsm qalereyasına, teatra və incəsənətin başqa sahələrinə yüngülləşmək, ürəklərində yığılıb qalan düyünləri açmaq üçün gəlirlər. 1987-ci ildə "Peşmanlıq" adlı gürcü filminə baxmışdım. Filmin təsirli final səhnəsi var, yaşlı bir qadın yol ilə gedir, bir nəfər də evinin pəncərəsindən baxır. Qadın ona yaxınlaşıb soruşur: bu yol məbədə aparır? Pəncərədən baxan adam deyir ki, xeyr, bu yol məbədə getmir. Qadın baxır və deyir ki, əgər bu yol məbədə getmirsə, onda bu yol nəyə lazımdır. Bu söz indi də mənə təsir edir. Mənə belə gəlir ki, bugünkü kino sənəti məbədə yönəlməlidir. İnsanlara çətin zamanlarda mənən kömək etməlidir. Amma indiki komediya filmləri düşüklüyü, şitliyi təbliğ edir. Bununla da insanlar problemlərdən azad olmurlar, əksinə, əxlaqları, zövqləri korlanır. Bu gün seriallar da, kino da konveyr halına dönüb. Burda hansısa keyfiyyətdən söhbət gedə bilməz. İndi həftənin beş günü serial çəkilir. Mən o proseslərdə iştirak etmişəm. Dünyanın heç bir yerində belə bir temp yoxdur. Bu çox böyük fədakarlıq tələb edir. Bizimkilər ya dahidirlər, ya da cümlənin ardına üç nöqtə qoyarsınız. Amma bunlara baxmayaraq, bu gün bizim "Nar bağı", "Üçüncü günün adamı", "Nabat", "Sonuncu dayanacaq", "Geyilməmiş çəkmələr" kimi yaxşı filmlərimizlə yanaşı, Qurban İsmayılov, Rasim Cəfər, Hikmət Rəhimov, Qorqud Cəfərli, Səmimi Fərhad kimi istedadlı aktyorlarımız var.

- Müxtəlif illərdə kino fəaliyyətinizdə fasilələr də yarandı. Filmə çəkilmədiyiniz illər üçün təəssüflənirsiniz?

- Açığı, o qədər də təəssüflənmirəm. Çünki bu, tək mənim başıma gəlmədi. Müəyyən bir dövrdə on, on beş il kino sahəsində boşluq hökm sürdü. Digər tərəfdən, aktyor hər istədiyi rola, filmə çəkilmək arzusu ilə yaşaya, nəyisə təklif edə bilməz. Aktyora təklif etməlidirlər. Əlbəttə, əgər aktyorun maliyyə vəziyyəti yaxşıdırsa və yaxud da sponsor dəstəyi varsa, o həmin maliyyə vasitəsilə rejissor tapıb film çəkə, özünü ifadə edə bilər.

Amma yenə də sizin sualınıza cavab olaraq deyim ki, nəyəsə təəssüflənmirəm. Çünki, ilk növbədə, ömrümü iki şeyə sərf etdim. Sənətimə və ailəmə. Mən sənətimdəki boşluqları ailəmdə doldurdum. Övladlarıma daha yaxın oldum, onları oxutdum, savadlı olmalarına nəzarət etdim. Bir ana kimi bu da mənim üçün vacib idi. Bu səbəbdən də kino üçün darıxmadım. Ümumiyyətlə, peşəmi çox sevmişəm, ona ülvi bir sevgiylə yanaşmışam. Və peşəmlə ətrafa nümunə olmağa çalışmışam. İstəmişəm ki, insanlar aktyorluq sənətini sevsinlər, bu sənətə gəlsinlər.

Axı mənim də Adil İsgəndərov, Elmira Şabanova kimi çox yaxşı pedaqoqlarım oldu. Öz peşəmə də çəkilişlərdə yiyələndim. Sizi inandırım ki, oxumağa mənim heç vaxtım da olmurdu. Sadəcə olaraq, bəxtim onda gətirdi ki, peşəkar rejissorlarla yanaşı,  Məmmədrza Şeyxzamanov, Məhluqə Sadıqova, İsmayıl Osmanlı, Həsənağa Turabov kimi aktyorlarla işlədim. Bir də o dövrdə çoxlu mütaliə edirdim.

- İndi vəziyyət necədir, kimləri mütaliə edirsiniz?

- Mən yalan danışmayacam. Bu gün təzədən Çexovu oxuyuram və valeh oluram. Bu yaxınlarda "6 nömrəli palata" əsərini yenidən oxudum.  Nə isə...

- Xalidə xanım, adını çəkdiyiniz əsər çox ağır, psixoloji əsərdir. Niyə bu məqamın üstündən keçmək istəyirsiniz?

- Çox maraqlı əsərdir. Bir aktyor kimi özünü ifadə baxımından, rol gərəyi orada çox maraqlı material var. O əsərdə dövlətin, xalqın tarixi, siması, dəyərləri görünür. Ümumiyyətlə, Çexovun həmin əsərində ümumbəşəri dəyərlər var. İnsanın ətraf mühiti necə dərk etməsi prosesi orada çox gözəl təsvir olunub. Əsəri oxuyarkən insanın ana bətnində yaranmasından tutmuş, sonradan cəmiyyətin içərisinə düşüb kimlərə, nələrə çevrilməsini də görürük.

- Xalidə xanım, ümumiyyətlə, oxuduğunuz əsərlər içərisində sizi nə zamansa xəstələndirən əsər olub?

- Əlbəttə. Çox gənc yaşlarımda Viktor Hüqonun "Səfillər", Cek Londonun "Martin İden" əsərlərini oxuyanda mənən silkələndiyimi hiss etmişəm. Bu cür əsərlər insanı başqa həyatla, başqa dəyərlərlə tanış edir. Elə "Məhşər" romanını oxuyanda səhərə qədər yatmayıb ağladım, üsyan etdim ki, niyə bu qədər adam Nəsimini xilas etmədi, cəlladın əlindən almadı. Məhəmməd Peyğəmbər də deyirdi ki, insan həqiqəti söylədiyi zaman şəhidlik zirvəsinə çatır.  Nəsimi də öz amalı, əqidəsi uğrunda həqiqəti söylədiyi üçün şəhid olur. Mən onu şəhid hesab edirəm. Nəsiminin poeziyası bu dünyada bir hadisəydi. Allah İsa Hüseynova rəhmət etsin ki, "Məhşər" əsəri ilə Nəsimini xalqa çatdırdı, tanıtdırdı. Nəsimi deyirdi ki, ənəlhəqq insan özüdür. Yəni insanı dünyaya Tanrı gətiribsə, insan da öz əxlaqı, savadı ilə onu yaradana qədər qalxmağa çalışmalıdı.

- Bildiyimə görə, "Nəsimi" filminə çəkilərkən sizin uzun saçlarınız olub. Və obraza görə saçlarınız qısa kəsilməliymiş. Amma Həsən Seyidbəyli sizin məyus olduğunuzu biləndə buna razı olmayıb...

- Bilirsiniz, bəzən qanunları belə icra edərkən elə situasiyalar baş verir ki, qanuna da sığmır. Yəni bu saç məsələsi də, sanki çəkilişin diktə etdiyi qaydalara sığmadı. Həmin məqamda mənim saçlarımın kəsilməsinə razı olmaması Həsən müəllimin özünün insana olan insani münasibəti idi. Bəlkə, o, həmin anda məni öz qızının yerində görmüşdü və yaxud da özü uzun saçın vurğunu olmuşdu. Hər nə səbəb olmuşdusa, o, saçlarımın kəsilməsinə razı olmadı. Rejissorluqdan çıxaraq insan kimi öz xarakterini ortaya qoydu. Sonradan da bu problem həll olundu. Saçlarımı xırda-xırda hörüb sancaqladılar və mənim üçün parik düzəltdilər.

Bir əhvalat da var, bunu heç yerdə deməmişəm. İlk dəfədir sizinlə bölüşəcəm. Yadınıza gəlirsə, filmdə bir səhnə vardı. Yusif gəlir və Fatimə orda paltarlarını dəyişməli olur. Pavilyonda biz həmin yeri məşq edirdik, kamera da çəkirdi. Paltarı geyinəndən sonra bir az aşağı çəkməliydim ki, boynum görsənsin. Mən isə utanırdım. Onda nə illah elədilər paltar aşağı düşmədi. İki-üç dubldan sonra Həsən müəllim dedi, - lazım deyil, bu səhnəni başqa cür çəkərik. Yəni mənə güzəştə getdi. Demədi ki, aktrisasan, necə deyilir, elə də çəkilməlisən. Əgər desəydi də, mən ağlayacaqdım (gülür).

- Filmin çəkilişləri zamanı xeyli çətinliklər də olub. Çəkiliş zamanı kövrəldiyiniz və ya ağladığınız məqam olub?

- Olub. Kəcavənin arxasınca atları çapıb kəcavəni axtarmalıydıq. Çəkilişlər isə Qobustanda aparılırdı. Çox isti idi. Həmin kütləvi səhnə də ümumi planda çəkilirdi. Çəkilişin o yerində qorxudan atı çapa bilmədim. Çünki orada sürət böyük olmalı idi. Başqa adamı mənə bənzədərək əvəz etdilər. Avtobusa gəlib əyləşəndə ağladım. Nəsə çəkilə bilməməyim mənə toxunmuşdu. Orda bir aktyor vardı, o məni sakitləşdirdi ki, kütləvi səhnələrdə belə hallar ola bilər. Bundan başqa kövrəldiyimi xatırlamıram. Həm də Həsən müəllim mənə xətrimə dəyəsi heç nə demirdi. Onun, ümumiyyətlə, mənə münasibəti qəribəydi. Bəlkə də, taleyimdən xəbəri vardı ona görəydi. Bilmirəm... Mən hər dəfə çəkiliş meydançasına gələndə Həsən müəllim alnımdan öpürdü (kövrəlir).

- Xalidə xanım, İsa Hüseynov çəkilişlərdə nə dərəcədə iştirak edirdi, müdaxilələri olurdumu?

- İsa müəllim filmdə bir neçə yerdə istəyirdi ki, Fatimə qadın paltarında Nəsimi ilə çəmənlikdə əyləşsin, onların sevgi səhnələri, söhbətləri, baxışmaları olsun. Həsən müəllim buna razı olmamışdı. Çünki filmdə dövrün məşəqqəti, bir qadının kişilər içərisində partizan kimi yaşaması Nəsiminin ağrıları fonunda təqdim olunurdu. Fatimənin o qədər ağrısı, filmdəki gərgin səhnələrlə İsa müəllimin çəmənlik təklifi uyğunlaşmırdı. Qaldı ki, İsa müəllimin çəkilişlərə müdaxiləsinə, bunu məndən də yaxşı bilənlər var. Hərdən danışırlar, mənə də maraqlı gəlir. Mən o vaxt hər şeyə diqqətli deyildim, özümə qapanan idim. Çəkiliş bitən kimi gedib öz otağımda otururdum.

Amma İsa müəllim bütün çəkilişlərdə iştirak edirdi, müdaxilələri də olurdu. Bir də görürdük ki, Həsən müəllimlə İsa müəllim dalaşdılar. Onda İsa Hüseynov uşaq kimi küsüb gedir, bir-iki gün görünmürdü. Amma gəlirdi və özünü Həsən müəllimlə razılaşmış kimi aparırdı. Deyirdi, elə sən deyən kimi də olmalıdır, belə yaxşıdı. Yəni mübahisələri də sənət müstəvisində olurdu. Heç vaxt şəxsi məsələyə çevrilmirdi.

- Əslən şuşalısınız. Bu yaxınlarda "Xüsusi təyinatlı İbad" filminə çəkildiniz. Bir az bu film barədə də danışardınız. 

- Filmin rejissoru Natiq Novruzovdur. Mən bu filmin ikinci hissəsində İbadın anası rolunu canlandırmışam. Doğrusu, İbad Hüseynovu filmdə tanıdım. O, Qarabağda çox böyük qəhrəmanlıqlar göstərib. Demək olar ki, sağlamlığının doxsan faizini Qarabağ uğrunda qoyub. Yəni tam sağlam insan deyil. Amma indinin özündə də müharibə başlasa, o, birinci gedəcək. Çünki toxumunda vətən sevgisi var. Filmdə onun anasını canlandırdım, ssenarini də çox bəyənmişdim. Qarabağ mövzusu mənim üçün ilk sıradadı. Balaca epizoda çağıranda belə gedirəm, gedəcəm də.

- Xalidə xanım, valideynlərinizi erkən itirmisiniz. Sizdən kiçik qardaş-bacılarınıza analıq etmisiniz. İndi də anasınız. Bir ömürdə iki dəfə ana statusunda olmaq necə hissdir?

- Çətindir, çox çətindir (susur)... İndi də bacı-qardaşlarıma anayam. Bu gün də o yükü daşıyıram. Öz övladlarıma da, nəvələrimə də anayam. Allah da məni belə yaradıb da, qızım. Bekar qala bimirəm. İndi də təəccüb edirəm ki, valideynlərimi itirəndən sonra necə o yükün altına girə bildim. Necə o qədər ağırlığı daşıya bildim? Necə? Mən nə idim ki? Musa Yaqubun bir şeiri var:

 

Ulduztək üstümə səpələn, ey qar,

Geydirdin əynimə ağappaq donu.

Sənin ki, bu qədər təmizliyin var,

Bağışlamaq olar soyuqluğunu.

Ulduztək üstümə səpələn, ey qar.

Belə təmizlikdən isinmək olar.

 

Nə bilim, güc, yəqin Allahdan gəlib. Uşaqlıqdan həmişə Allah demişəm, Allaha bağlı olmuşam. Hətta mənə elə gəlir ki, uşaqlıqda bir dəfə Allahı da görmüşəm.

 

Söhbətləşdi: Samirə Əşrəf

 

Ədəbiyyat qəzeti.- 2019.- 2 mart.- S.16-17.