Ətəyində namaz qılınan
Savalan...
Zahir Məliklinin "O və yerdə
qalanlar" kitabı haqqında
"Salam,
Elçindi - Zahiroğlu. Atamın kitabın
oxuyarsız?". Elçini təbəssümün şəklinə
oxşatmışdım ilk gördüyümdə, sonralar
heç rastlaşmadıq, mənə elə gəlmişdi
(indi də elədir!) ki, adam nəyəsə gülümsəmək
istəyib, amma sonra vaz keçib. "Harda görüşək?".
Kitabdan çox, Elçini görməyə tələsdim, əlyazmaları
təqdim edəndə təbəssümü qovluğun
içində də axtardım, yoxuydu, əksinə, sərtlik
vardı yazılarda, həm də qələmlə yox, tatuyla
döyülmüş sərtlik...
***
Zahir Məlikli
"O və yerdə qalanlar" kitabını rəsm çəkən,
büst düzəldən, ağac əkən əlləriylə
yazıb. İxtisasca kimya müəllimi olduğundan hərdən
kimyagərliyi də tutub. Əsas odur ki, yazdıqlarına
özü inanır, kimisə inandırmağı ağlının
ucundan belə keçirməyib. Hamarkənddəki ata
ocağını qızdırmaq üçün sobaya
atdığı kağızın artığıyla
yazıb bu kitabı. Qələmi əlində bel kimi tutub
yazıb - qazıb. Uşaq vaxtı atası ona deyərmiş:
"Ağacı ürəklə ək, onda bar verəcək".
İndi əkdiyi bütün ağaclar bar verir. Dərs dediyi
uşaqlar instituta girir. Rəsmləri sərgiləri
dolaşır. Büstləri meydanları bəzəyir.
Görən, yazıları da əkdiyi qələmələr
kimi tutacaqmı?..
***
Zahir Məlikli
o taya canının ağrısın azdırmağa
gedibmiş ilk dəfə (1990-cı ildəki "sərhəd
pozuculuğunu" özünüz oxuyacaqsınız). Orda
özünə təzə dostlar tapıb və köhnə
dosta - siqaretə əlvida deyib. Məşhəd ziyarətinə
aparan avtobusun sürücüsü Şəhrzadla
tanışlığı "Min bir gecə"
nağılına bənzəyir. Səreynli Şəhrzad onu
üç gün, üç gecə sular səltənətinə
qonaq eləyib. Kimya müəllimi Səreynə tarix müəllimi
kimi yollanıb: qonaq olduğu hər bulağın,
dağın, abidənin yeddi arxa dönəninə baş
vurub. Suda üzməkdən qorxsa da, tarixin dalğalarında
özünü qəvvas kimi rahat hiss eləyib. Səreyn də
nə Səreyn! Bulaqların başı! Doğmaca
Sarıqayamız! Düz Savalanın ətəyində. Zahir
müəllim dindardır, Allah ona Savalanın ətəyində
namaz qılmağa rüsxət verir. Mən dindar deyiləm,
amma Savalanın ətəyində mən də namaz
qılardım. Ömrə yazılası üç
işgüzar gün! Müəllif Savalanın hər
daşını yazı masasına daşımağa səy
göstərib. "Gəzməyə... Vətən
yaxşı" səfər təəssüratları hasar
hörgüsüdü həm də, - Savalanın ətəyindən
tökülən daşlardan hörülüb.
Şəhrzad
adlı soydaşımız işini-gücünü
buraxıb, bakılı qonağını hər yerlə,
hamıyla görüşdürüb. Məsələn, məşhur
"Gecələr" mahnısının
ifaçısı Cəmşid Nəcəfi ilə, məsələn,
Gamış gölündən tutmuş Jenral gölünəcən,
sonra gəlir Zərdüşt peyğəmbərin
qızının adını daşıyan Anahita təpəsi,
sonra gəlir Şəhriyarın "Qartal" dediyi Rəhim
Əsədullahi, Şah İsmayılın sarayı, viranə
Şah Abbas karvansarası, yeraltı kənd... müxtəsər,
uzun bir siyahı! Amma toqqalarının altını da boş
qoymayıblar. Səfər yazısından yağ-bal damır
azca da. Arazın qarşı tərəfində çox
ucuzluqmuş, nə qədər istəsən, yeyə bilərsən,
amma sindirmək elə də asan deyil. Həm də təkcə
yediyini yox, gördüklərini!..
***
"Atam
necə yazır?". Elçin votsapda dil qəfəsə
qoymur. "Torpağa bulaşmış əllə". Hiss
edirəm ki, Zahir müəllimdən çəkinir. "Bir
çay içsəydiz özünüz". Axır ki,
müəllifin üzünü görürəm.
Yazıları kimi sərtdi siması. Əllərinə
baxıram, görüm torpaqdan əsər-əlamət var...
Bu adam nə
vaxtsa oğurluq edib! Alma oğurluğu! Evin tək oğlu, həyət-baca
alma, gedib girib qonşu bağına. Uşaqlar lağ eləməsinlər
deyə. Axı kişi nəsə
çırpışdırmalıdı! Cəzasını
töhmətlə alıb - ata töhmətiylə, o - bu, pis
cayıllara qoşulmayıb. Kitab oxuyub, rəsm çəkib,
Yardımlıdan Bakıya can atıb. Oxuyub, yenə
dönüb kəndə, atasıyla bir məktəbdə dərs
deyib. Elçin Zahir müəllimdən çəkindiyi kimi,
Zahir müəllim də öz atasından qorxub. Onun sözüylə
kənddə qalıb, aspiranturaya qayıtmayıb. Şaxta
kimi sərt atasını da, qar kimi kövrək
anasını da eyni ayda - avqustda itirib: "Atamın da,
anamın da qəbirləri yola yaxındır. Məni
heç kəsin görmədiyinə əmin olandan sonra
onların soyuq məzar daşlarını qucaqlayıb
hönkürəndə başımı o daşlara vurmaq istəmişəm
ki, niyə onları çox sevdiyimi vaxtında deməmişəm...".
Mən də
ata-anamı müxtəlif illərdə, amma eyni ayda
itirmişəm: avqustda. Atamı torpaqqarışıq
itirdim...
***
Bu
kitabı vərəqləsəniz, Alibaba Ağayevin taleyinin
(talesizliyinin!) önündə bir dəqiqə ayaq
saxlayın. Böyük Vətən müharibəsinin
böyük qəhrəmanı İkinci Dünya boyda
davanı udsa da, biradamlıq qismətinə
rüsvayçı hesabla uduzub. Faşist rejiminə
ağalıq eləyən sovet zabiti Ağayev ixtiyar
çağlarındakı bir xətasının qulu olur.
Bir də
xəbəriniz olacaq ki, Yardımlıda da aşıq
varmış...
***
Rusiyanın
estrada qrupunun bir mahnısı var, 60 yaşa ithaf olunub, deyir, hələ
axşam deyil, qocalığa var hələ.
O
mahnının içində bir şam yanır.
Yaşı
60-ı haqlamış Zahir Məliklinin yazılarının
içində isə bir ocaq közərir.
Əsas
budur - deyərdim, amma əsas bu deyil.
Əsas
O-dur.
Yerdə
qalanlar elə... yerdə qalanlardır...
16 dekabr
2018-ci il
Qulu AĞSƏS
Ədəbiyyat qəzeti.- 2019.- 2
mart.- S.17.