"Sənsizm"
N.H-nı tanıdıqdan sonra
Səni
sevmək
zülm bir iş,
burda doğulmaq kimi.
Alın
yazısını
sondan əvvəlinə
oxumaq kimi...
Səni
sevmək
müsəlman orucunda iftara gələn
çoxillik şərab
kimidi...
bu qədər vazkeçilməz
bu qədər günah...
Bir az da
qabırğasını çimdikləyib
oynadığım əzrailin
kölgəsində sürünməkdi.
Tellərinin havasına
barmaqlarımın oynaması,
əllərimin hörüklərinlə
əl-ələ tutub yallı getməsidi
səni sevmək...
Saçlarımın qarasını
sığalında itirib,
nağıldakı qurbağanın
dodağından öpməkdi
-
bəlkə, sənə
çevrildi.
Öpüşlərimi qızılgül
ləçəkləri kimi
boynundan asmaq,
çiynimdə mələklər
yerinə
saçlarının rəqs
etməsidir
sənə tapınmaq.
əllərim darıxmasın
deyə
Tanrı yaratdı səni.
Qapımızın cəftəsinə çevrilib
əllərim
bəlkə, döyəcəksən
qapımı.
Heç
nə istəmirəm,
Hər sabah zəngli
saata çevrilsin
yatağımda "oyan"
deyən öpüşün.
Yetişməmiş göyəmlər
hədiyyəm olar boynuna
aldığım hər öpüşün əvəzində.
dillərimizin yerini dəyişərik
ağzımızda "fransızca".
İndi
Adəmlər
yoldan çıxır
bir yox, "cüt alma"ya.
Ya özün gəl,
ya da qaytar qabırğamı.
Orda
həbsxana divarları
ucalır,
bir ağac boylanır həyətindən.
hər mövsüm gözətçi budayır
divarlardan
azadlığa çıxan
budaqlarını.
Azadlığı
məftillərdən kənara
çıxan
kölgəsi dadır
bu ağacın.
Sənə uzanan əllərimdi
o budaqlar...
Getdiyin bütün
yollar kölgəmdi mənim.
Heç
bir quruluş ovutmur məni
nə kapitalizm, nə də kommunizm
indi hər yer "Sənsizm"di.
Tanrılar məbədi qadın
Öpüşümlə dərərəm
barmaqlarını bir-bir,
çobanyastığı ləçəkləri
kimi sayaram
sevir, sevir
və...
Sevir.
Unutmaq
yeri yaddan çıxan basdırdığın
mina kimidir.
bir gün üzər ayaqlarını
həyatdan
gözləmədiyin anda.
Küsər,
Baxışları -
Şimal
buzlu okeanın sahilə vurduğu
sərt, dondurucu ləpələr kimi.
Yeddi yox,
bütün notların
sayı cəmi birdi.
təbəssümündən qopmadı
hər bəstə.
Gözlərin
dənizlərin şahı,
görsə
Poseydon utanardı
məqamından.
Ürəyim yerindən çıxıb
düşər ovuclarına.
Sən Tanrı Kukulkan
mənsə yağış
duası.
Qəlbim
əllərində döyünər
rahib taxçasındakı
ürək kimi.
İndi
anlayırsan ki,
yollar qovuşmaq yox, ayırmaqçündü.
Bütün yolları dağıtmaq
lazım,
körpüləri uçurtmaq...
Xatırladınmı,
ata-anası savaşarkən
oyuncağının gözlərini
tutan
qızcığaz
bu gün "xilaskar" kimi
"Can qurtarırdı" abort masasında.
Burda anlayırsan ki,
Sevmək
- solunda qəlbin döyüntüsü yox,
hər sabah oyandığında
sağında
bir ürəyin yatdığını görməkdir.
Qurmaq istərsən
o uşaq kimi dünyanı.
Divardan endirib ata rəsmini
silib qoltuq ağaclarını onun şəklindən,
ayaq çəkirdi atasına
Mərmilərin acığına.
Bilirsənmi, necə dəhşətlidir
ilk kərədən qınanmaq.
Başının üstünü kəsdirən
qızın:
"Niyə ayağa qalxmır,
bu mədəniyyətsiz"
baxışı.
Deyə
bilməzsən
ayaqlarının iki il öncə
mina üstündə centlmenlik
etdiyini...
Protez ayağın utanar özündən
qayıda sənə:
"Xahiş edirəm, daha mənsiz get"
Məktəbdə kökə bölüşdürən
uşaqları
burda mərmilər bölüşdürür
öz aralarında, sevgili.
Bəlkə də, dönərəm,
hər duamı tellərinə deyərəm
bütün arzularımı
ovcuna pıçıldayaram
dodaqlarında alaram dəstəmazı,
Tanrılar məbədi qadın.
13-cü gecə etüdləri
Xınalı əllərin, xanım
əllərin,
Gündüzlər qızının qara
telini,
Gecələr yuxumu qarışdıracaq.
Sabir Yusifoğlu
Evimə
oğru girdi,
kimsə görmədi.
Qəlbimə sən girdin,
hamı gördü,
gördü, Leyla...
Mən qapımı döyən əzrailə
Otur çay iç, dincini al -
deyən adamam,
sənimi sevməyəcəm?!
Bilyard şarıtək düzüb
planetləri
nə qədər ki, Tanrı
vurmayıbdı kilini,
əlini ver əlimə,
çıxaq taleyin süfrəsindən
qalxaq Allahdan yuxarı.
Daha mövsümüdü gəlişinin,
Qapımdan əl izlərini dərirəm.
Hansımız tez çatacaq sənə
yollar ayaqlarımla qaçır, yarışır.
Qulaqların dodaqlarımdan oğurlayar
hələ deyilməmiş
sözləri
saçların əsir
düşər darağıma.
Dodaqların təzə açmış
yaz çiçəyi
mənsə bal arısı...
Ayaqlar getmək üçün
yox,
Qayıtmaqçündü, Leyla.
Düşünmə qəlbə gedən yolları,
O yol bəlkə, elə özünsən.
Səni
qısqanan göyərçinlər
həyətinizdən
ayaq izlərimi dənləyir.
Bezər
cüt çarpayılıq
təklikdən
Hayqırar:
"Daha göyə baxanda ulduzları yox,
səni görmək istəyirəm".
Sənin
Adəmin mənəm,
inanmırsan bax...
Qabırğamdakı yerinə...
Daha sənlə yaşamaq yox,
səni yaşamaq istəyirəm.
Düşmən ölkələr arasındakı
səngərə çevrilər
aramızdakı adamlar.
Atlantik və Aralıq kimi
qarışmağa qoymazlar.
Yalnız
bir var
iki birin kölgəsidi.
nifrət qəlbindəki
boşluq,
sillə sığalın
aqressiyasıdı.
Dünyanın ən qulaqbatırıcı
səsidir
sevdiyin adamın sükutu.
Barmağındakı üzük də soğan kimi
dil açar gözlərində
xatirələr boğaza
dirənmiş ülgücə
çevrilər.
Nə fərqi var, Bakı
Ya da ki, Ərdəbil
indi sinəm bütöv Azərbaycandı,
Rahat qoy başını.
Vətəninə...
Diqqətsiz
Bir az sərxoşluqdan,
bir az da söhbətin şirinliyindən
qırıldı şərab
badəsi
yıxılıb əlimdən.
Baxıb
Köks
ötürdü
xidmətçi xanım:
"cənab leytenant,
bu da qadın ürəyi deyil ki,
diqqətsizlikdən qırasız!"
Puşkinlə Yesenin arasında
Kəsilən günləri üst-üstə
gəlsək,
Ömrümün neçənci ili eləyir?!
Ağappaq qovaqlar hayandan çıxdı,
Adamı heç nədən dəli eləyir.
"Saxla" işarəsin verir polislər,
Yenə düz keçməyib küçəni külək?!
Cibindən saralmış yarpaqlar
çıxır,
Çəkir qorxusundan içini külək.
İçinə çəkilib, yığılıb
sular
Daha hava udmaq da havayı
deyil.
Deşilib gedibdi dənizin
dibi,
Üzün dimdikləyən qağayı
deyil!
Hələ də arzular dumana düşüb
Yenə də ümidlər bir yol axtarır.
Bu tənha adamlar, bu tək adamlar
Qoluna girməyə
bir qol axtarır.
Yolları palçığa batmış
o kəndin
Baca tüstüsünə isinir bulud.
Təndirdə küt gedib bir kündə sevgi,-
Bir azdan başlayar işini bulud.
Ağappaq qovaqlar hayandan çıxdı,
Adamı heç nədən dəli eləyir.
Kəsilən günləri üst-üstə
gəlsək,
Ömrümün neçənci ili eləyir?!
Üzü çopur səhralar
Burda nə dərd-sər bitir,
nə din-kitab davası.
Göydə quştək vurulur
müsəlmanın duası.
Göydən dualar düşür
ətəyi, üzü
qanlı.
Analar ağzı dualı,
analar diz çökübdü,
analar dizi qanlı.
Uşaqlar bələyə yox,
qana bələnir burda.
Timsahların göz yaşı,
başdakının iştahı
seyfə sığmır
banklarda.
Anaların ağzından
qanlı dualar qopur.
Üzün yırtır səhralar,
səhralar çopur-çopur.
Əllər göyə uzanıb
vurulan duaları
göydə saxlamaq üçün.
...Yer kürəsi əlində
qanlı duayla uçur.
Emin PİRİ
Ədəbiyyat qəzeti.- 2019.- 2
mart.- S.24.