İspanaq

 

O hadisədən sonra Avdı baba ilə bir qarşılaşmadıq. Amma hər gün yolum onun dükanının qarşısından keçirdi. O gün eşitdim ki, Avdı kişi rəhmətə gedib.

Atam Moskvada idi. İşləyirdi. Mən üçüncü sinifdə oxuyurdum. Hardasa, 1998-ci ilin söhbətidir. Neçə gün idi ki, evimizdə pul qurtarmışdı. Atamın göndərdiyi pul da gəlib çıxmaq bilmirdi. Yalan olmasın, bəlkə , bir həftə idi ki, evimizdə eyni cür yemək bişirdi; ispanaq sıxması. Artıq yeməkdən bezmişdik. Anam pencərdən bezdiyimizi görüb hər gün bu yeməyin bir başqa formasını bişirirdi ki, ağız dadımız dəyişsin.

O vaxt şənbə günləri dərs olurdu. İndiki kimi yadımdadır. İkicə dərsimiz vardı. Ana dili "Oxu". Birinci saat Ana dili dərsi idi. Ana dili dəftərim dolmuşdu. Allahdan axırıncı vərəqinə ev tapşırığımı yaza bilmişdim. Müəllimim təzə dərsə başlayanda dedi ki, sən niyə yazmırsan? Qayıtdım ki, dəftərim dolub:

- Qaç dükandan dəftər al gəl...

Yerimdən tərpənmədim. Üstümə tabaşir atdı. Əsəbiləşmişdi. Tez sinifdən çıxdım. Gözlərim dolmuşdu. Cibimdə pul yox idi. Evə getsəydim, əliboş qayıdacaqdım. Məcbur qalıb yaxınlıqdakı dükana getdim. Baxdım ki, dükan sahibinin başı qonşusu ilə söhbətə qarışıb. Bir 40 vərəqli dəftər götürüb qaçdım. Məktəbə sarı üz qoydum. Yenicə dabanıma tüpürüb yellənmişdim ki, dükançı Avdı kişi arxamca yüyürdü. Heyva ağacından yontaladığı koxanı arxamca salaveylədi.

Düz məktəbin qapısına kimi dalımca düşdü. İncəvara arındanmı, kişiliyinə sığışdırmadığındanmı məktəb qapısından içəri addım atmadı. Təngnəfəs sinfə girdim. Tövşüyə-tövşüyə yerimə keçdim. Üzüm od tutub yanırdı. Boynumdan üzü aşağı tər puçurları parıldamağa başlamışdı.

Dəftəri açanda gördüm ki, "kərpiclidir". Yəni hesab dəftəridir. Ana dili üçün nəzərdə tutulanlardan deyil. Qanım qaraldı. Müəllimə dedim ki, "Ana dili dəftəri" olmadı. Müvəqqəti buna yaza bilərəmmi? Qayıtdı ki, parta yoldaşından  bir qaralama dəftər varağı al, ona yaz. Bu dəftəri riyaziyyat dərsində istifadə edərsən. Lap dilxor oldum...

Uşaqlar sinifdən çıxdı. Mən məktəbin arxasındakı moruq kolluğuna sarı qaçdım. Pis tutduğum üçün hava qaralana qədər oradan çıxmadım. Axşam düşdü, Avdı kişi dükanı bağlayıb, işığını söndürdü. Ondan sonra başımı aşağı salıb, ürkək addımlarla evə getdim. Anam niyə gec gəldiyimi soruşdu. Məşğələdə olduğumu söylədim... İnandırmaq üçün, hətta çoxdandır üzünə həsrət qaldığım atamın canına and içdim.

Gecə yata bilmədim. Avdı kişinin topuğuma dəyən koxasının yeri ağrıdırdı. Elədiyim hərəkətin utancı yadıma düşəndə isə ağrı kəsirdi. Səhər açılan kimi gedib məhəllədən bir qucaq ispanaq yığdım. İspanağı görünməz sellofan torbaya büküb Avdı kişinin dükanının qapısının ağzına qoydum. Üzərinə isə bir kağıza dörd cümləlik məktub yazıb yapışdırmışdım: "Avdı baba, mənəm, Mətləbin oğlu. Dünən dükanınızdan dəftəri mən oğurlamışdım. Evimizdə pul yox idi, əvəzinə ispanaq gətirmişəm...  Atam gələndə pul gətirəcəyəm, "riyaziyyatı" "ana dili" ilə dəyişərsiniz...".

 

Fevral 2019

 

Tural Turan

 

Ədəbiyyat qəzeti.- 2019.- 2 mart.- S.27.