Ekranlaşdırılmış ədəbi əsərlər

 

Nobel mükafatçısı, avstriyalı yazıçı Elfrida Yelinekin "Pianoçu qadın" romanı əsasında çəkilən eyniadlı filmi təqdim edirik.

 

Romanın süjeti: 36 yaşlı Erika Vyana Konservatoriyasında fortepiano müəllimidir. O, qoca, deyingən, köhnə düşüncəli anası ilə yaşayır, hətta atasının ölümündən sonra onun yatağını paylaşır. Gənc qadın tamamən anasının sərt nəzarətindədir. Ana uşaqlıqdan onun ətrafla ünsiyyətinə qadağalar qoyaraq böyüdüb. Böyüyəndən sonra da onunla mülkiyyəti kimi davranır, zərif, yeni paltarlar almasına izn vermir, hətta onun qarderobundakı əlbisələri yırtır da. Beləcə, despot ana qızının hisslərini, emosiyalarını məhv edir, Erika soyuqqanlı, amansız bir adama çevrilir.

Erika uşaqlıqdan piano təhsili alsa da, solo karyerası uğursuz olduğundan konservatoriyada dərs deyir. O, tələbələri ilə sərt davranır, onlar yaxşı ifa etməyəndə acılayır.

Ciddi insan kimi tanınan qadın dərsdən sonra porno maqazinlərə baş çəkir, pornofilmlərə baxır. Gənc Valter ona vurulanda isə bakirə müəllimənin vəhşi-mazoxist seksual istəkləri üzə çıxır.

Erikanı tanıdıqca Valter ondan uzaqlaşır. Sonda Erika kollecdə Valteri gənc qızla görür. O, soyuqqanlı şəkildə bıçağı çiyninə soxur və bədənindən axan qanla evə tələsir...

Bu roman, eyni zamanda yazıçının şəxsi təcrübəsidir. O, eynilə qəhrəmanı kimi anasının sərt idarəçiliyi altında təhsil alıb, katolik bağçaya, daha sonra monastır nəzdindəki məktəbə gedib. Hətta esselərindən birində məktəbə getməyi ölümlə müqayisə edir. Anası qızının musiqi karyerasını qurmağı planlaşdırır. Bunun üçün Elfrida, eyni zamanda fortepiano, fleyta, gitara, skripka dərsləri alır, Vyana Konservatoriyasına daxil olur. Daha sonra Vyana Universitetində teatr və incəsənət tarixini öyrənmək istəyir. Ancaq ağır dərs yükü onda əsəb partlayışına səbəb olur. Və 1967-ci ildə o, bir müddət evdən çölə çıxmır, izolyasiya şəraitində yaşayır. Məhz bu dönəmdə Elfrida yazmağa başlayır, müxtəlif jurnallarda çap olunur. 1975-ci ildə çapdan çıxan "Sevgililər" romanı onun yaradıcılığında dönüş nöqtəsi olur. Əsər vətənpərvərlik mövzusunda romanlara marksist-feminist parodiya idi. "Bağlı qapı qarşısında" əsəri isə uşaq qəddarlığını tədqiq edir.

Yazıçının şok effekti yaradan əsərlərinin yazılmasında yalnız onun avtoritar ana hakimiyyətinin nəticəsi olan şəxsi travmaları dayanmır. Bunun kökləri Avstriya tarixinə, kulturoloji, sosial-psixoloji mühitinə bağlıdır. Yeni Avstriya kinosunun parlaq simalarından biri, ölkəsi haqda radikal, kompromissiz filmlər çəkən, rejissor Ulrix Zaydl alman mətbuatına verdiyi müsahibədə bu məsələyə aydınlıq gətirir:

- Filmləriniz Avstriya sənəti və ədəbiyyatındakı alman stereotiplərinə uyğundur: Mixael Haneke, Elfrida Yelinek, Tomas Bernhard, Georq Kraysler... Niyə onların əsərlərində insanlar aqressivdir, daim bir-birinə cəhənnəm, zorakılıq hazırlayır? Niyə müəlliflərin hamısı Avstriyadandır, məsələn, Almaniyadan deyil?

- Uçurumlar dünyanın hər yerində var. Amma mazoxist xüsusiyyət, yəqin ki, xüsusi olaraq avstriyalılara məxsusdur: ölümlə məşğul olmaq, iztirablı münasibət, əndişə. Artıq 50-ci illərdə təsviri sənətdə Vyanada aksionizm (sənət və reallıq arasında sərhədi silən incəsənət forması. Vyana aksionistləri ölkədəki sosial riyakarlığa və siyasi basqıya etiraz edirdilər) meydana gəlmişdi və sənətkarların çoxunun katolik tərbiyəsi vardı, məsələn, Josef Hader və ya Andre Heller. Mən özüm də sərt katolik tərbiyəsi almışam. Və ondan təsirlənmişəm. Hətta katolik internat məktəbinə getmişəm. Həyatımın yarısı katolizmin, həmçinin ailənin və məktəbin riyakarlığına qarşı davranışlarda keçib. Hərçənd, çox əziyyət çəkdim, amma son nəticədə konfliktlər məni möhkəmləndirdi. Biz praktiki olaraq, yüzilliklər boyu Habsburqlar epoxasında yaşamışıq və bu avtoritar dövlət olub. Kimsə uzun müddət basqıya məruz qalırsa, onda sənət müqavimət göstərir. Bundan başqa, bizə məktəbdə ölkəmizə nasistlər tərəfindən hücum edildiyini, Avstriyanın nasionalizmin, Hitlerin ilk qurbanı olduğunu öyrədirdilər. Biz qorxudan cinayətkar olduq, məgər elə deyil? Avstriyada belə adlandırmaq mümkünsə, günahlardan təmizlənmə, etdiklərimizin əvəzini ödəmə yox idi, bu, qorxunc cinayət idi: kiminsə ağlına belə ideya gəlmədi ki, ölkədən sürgün olunanları geri qaytarsın. Avstriya yüzillər boyu məmurların cəmiyyəti olub. Bilmirəm, nədən alman rejissorları belə filmlər çəkmirlər. Aydındır ki, bizim filmlər ölkəyə sərt baxış, amansız tənqiddir. Həmin filmləri istənilən Qərb ölkəsində çəkə bilərəm. Çünki qoyulan məsələlər bütün dünyaya aiddir. Ona görə də Qərb insanının tənhalığından danışıram. Özümün də. Mən də heç bir qrupa aid deyiləm, Haneke kimi tənhayam.

...Zorakılıq mövzusunu araşdıran Mixael Haneke "Pianoçu qadın" filmini (2001) radikal manerada çəkib. İstər romanda, istər filmdə toxunulan əsas məsələ, klassik musiqinin insanları total əsarətində saxlaması, Avstriya cəmiyyətində ona aşırı, xəstəhal sevgidir. Hətta XIX əsrdə yalnız klassik musiqini və dahi bəstəkarları dəyərləndirən Avstriya dövləti texniki ixtiraları, sənayeni, elmi diqqətdən kənar qoydu və nəticədə 1866-cı ildə müharibədə Prussiyaya məğlub oldu.

Haneke göstərir ki, Avstriya bu tutqusundan hələ də xilas ola bilmir. Klassik musiqi onlar üçün bir sənət növü anlamından çıxaraq, daha geniş miqyas alır: insanın dəyər ölçüsünə çevrilir, onun cəmiyyətdəki yerinə, nüfuzuna həlledici təsir edir. Filmdə musiqi qəhrəmandan ötrü çirkli vasitəyə, qisas predmetinə çevrilir, o, mənəvi dəyərdən çox, maddi dəyərdir, sosial status daşıyıcısıdır. Erikanın (İzabel Yupper) anası (Anni Jirardo) qızını daha çox dərs deməyə məcbur edir ki, onlar daha yaxşı mənzil alsınlar. Və anasını dəvət olunduqları ziyafətdə klassik musiqi, sənət söhbətləri deyil, ev sahibəsinin təklif etdiyi yeməklər maraqlandırır. Erikanın anası onu da arzulayır ki, heç bir tələbəsi professor qızından yaxşı ifa edə bilməsin.

Rejissor konservatoriyaya imtahan verən tələbələrin həyəcanını, yaşantısını daha geniş epizodda təsvir edib. Burda tələbələr, sanki sərt rejimli koloniyada işgəncə alan kimi təsvir olunublar.

Ömrünü musiqiyə həsr edən və bu sənətdə bütün mümkün olan uğurları qazanan Erikanın son nəticədə başqaları ilə özü arasında dərin uçurum yaranır və o, real, gündəlik həyatın yaşantılarından, qayğılarından, hisslərindən uzaq düşür: hər şeydən əvvəl isə normal insanın ehtiyacı olduğu kişi-qadın münasibətlərindən. Bu mənada rejissor Erikanın musiqi mübtəlalığına, XX əsrdən başlayaraq ədəbiyyata, kinoya gətirilən və bu gün də aktuallığını itirməyən, əksinə, sürət əsrində daha da güclənən - insanın tənhalaşması və yadlaşması problemi kontekstində də nəzər salır.

Erika normal insan münasibətlərindən hətta o qədər uzaq düşür ki, Valterlə (Benua Majimel) intim münasibətdə necə davranacağını, sadəcə, bilmir və bilgisizliyi, mazoxist arzuları ilə kişinin heyrətinə səbəb olur.

Haneke filmində Freydin psixoanaliz nəzəriyyəsinə də, belə demək mümkünsə, yungülcə əl atıb: anasının uşaqkən qızında arzuları, emosiyaları boğması, təzyiq altında böyütməsi onu qəddarlaşdırır. O, qadın həsədindən doğan hissin təsiri ilə gənc tələbəsinin cibini şüşə qırıntıları ilə dolduraraq onun əlini şikəst edir. Erikanın mazoxizminin, özünə əzabvermənin kökündə də onun uşaqlıq travmaları dayanır.

Yeri gəlmişkən, Haneke 2009-cu ildə çəkdiyi "Ağ lent" filmində zorakılığın doğuluşunu uşaqların böyüklər tərəfindən sərt tərbiyəsində, cəzalandırılmasında görür və məhz bu cür tərbiyə alan uşaqların böyüyərək faşist diktaturası qurmasına eyham edir. Anası ilə Erika arasında münasibət modelini də "cəllad-qurban" kimi yozumlamaq olar. Yetkin Erika sonralar anası ilə mübahisə edəndə onu söyür, hətta vurur da.

Erika ömrü boyu sevgisizlikdən əziyyət çəkib və sevgini anasından ancaq qəddar formada alan qadın Valterin ona nəvazişli, hissiyyatlı münasibətini ağrılı qəbul edir. Çünki o, bu nəvazişə, sevgiyə hazır deyil.

Filmin ən təsirli səhnələrindən biri Erikanın yataqda anasına vəhşicəsinə sarılaraq, hıçqırtılar içində onu sevdiyini söyləməsidir. Amma Erikanın həmin andakı bədən dili, bunun anasına sevgi etirafı olduğunu demir, əksinə, içindəki boşluqdan, sevgisizlikdən xəbər verir.

Erika ikili həyat yaşayır. Üzdə özünü ciddi, mədəni aparan, kübar maneralarla davranan, tələbələrindən nizam-intizam, əxlaq, tərbiyə tələb edən professor, işdən sonra porno filmlər izləyir, açıq-saçıq qiyafələrə səxavətlə pul xərcləyir, kişidən intim münasibət zamanı mazoxist üsullardan istifadəni tələb edir. Bununla Haneke həm də çox vacib məsələyə vurğu edir: intellekt, incəsənət, yüksək sivilizasiya insan təbiətinə, instinktlərinə qalib gələ bilmək gücündə deyil, o, bir şəkildə üzə çıxacaq.

Əksər filmlərində olduğu kimi, Haneke finalı "Pianoçu qadın"da da açıq saxlayır. Erika konsertdə pianoda ifa etməlidir, hamı onu dinləməyə gəlib. O isə foyedə dayanaraq sevdiyi kişinin gəlişini gözləyir. Həmişə soyuqqanlı, ifadəsiz üzü olan qəhrəmanın sifətində bu dəfə əndişə, həyəcan var. Sevdiyi kişi onun yanından saymazyana təbəssümlə ötəndə Erika əlindəki bıçaqla sinəsini yaralayır və konsertin keçiriləcəyi binanı tərk edir. Ola bilsin ki, qadın həyatının mənasına çevirdiyi, onunla reallıq arasında uçurum əmələ gətirən, şəxsi münasibətlərdə uğursuzluğuna səbəb olan musiqidən-tutqudan xilas olmaq qərarına gəlir və etdiyi səhvlərinə görə özünü cəzalandıraraq yeni həyata başlayr.

Filmdə ən çox Frans Şubertin musiqisi səslənir. Onun "Qış yolu" əsərindəki "Mən öz xəyallarımın sərhədinə çatdım, niyə uyuyanlar dünyasında mövcudluğumu uzadım ki" misraları baş qəhrəmanın ruhi vəziyyəti ilə səsləşir.

"Pianoçu qadın" Kann kinofestivalının üç mükafatını alıb. Haneke Qran priyə layiq görülüb. İzabel Yupper "ən yaxşı aktrisa", Benua Majimel isə ən "yaxşı aktyor" nominasiyasında mükafat alıblar.

11.03.2019

 

Sevda Sultanova

 

Ədəbiyyat qəzeti.- 2019.- 2 mart.- S.30.