“Xocalı şikəstəsi”
romanının təqdimatı keçirilib
Ötən həftə “Azərkitab”da ədəbi və elmi ictimaiyyətin nümayəndələrinin iştirakı ilə Ulduz Qasımın Azərbaycan və türk dillərində çap olunan “Xocalı şikəstəsi” romanının təqdimatı keçirilib.
Tədbirdə “Xocalı şikəstəsi” kitabının redaktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Bəhmənli bildirib ki, Prezident İlham Əliyevin “Xocalı soyqırımının iyirmi yeddinci ildönümü haqqında” 2019-cu il 5 fevral tarixli Sərəncamına əsasən ölkəmizdə müvafiq tədbirlərin keçirilməsi nəzərdə tutulub. Bu günkü tədbir də bunlardan biridir. O qeyd edib ki, Ulduz Qasım Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsini bitirib. Ötən əsrin 80-90-cı illərində mətbuatımızda "Ulduz İmanova" imzası ilə publisistik yazıları, kiçik həcmli hekayələri işıq üzü görüb. Sonra isə taleyin hökmü ilə Moskva şəhərinə köçüb. Aradan ötüb keçən 30 il müddətində Ulduz Qasım nə Azərbaycanı, nə gəncliyin və tələbəliyin doğma yuvası Bakını, nə də dünyaya göz açdığı Cəbrayıl rayonunu bir an belə unutmayıb. “Mən aşiqəm Qarabağda”, “Tələbə gündəliyi”, “Qürbət Zöhrəsi”, “Açılmayan sirlər” kimi kitabların müəllifidir. “Qürbət Zöhrəsi” İstanbulda türk dilində də çapdan çıxıb. V.Bəhmənli deyib ki, Ulduz xanım təbiətindəki yenilməz milli qürur hissini, yurda, dilə, valideynlərinə, adət-ənənələrə, İslam inancına bağlılığını qoruyub saxlayıb. Elə bu səbəbdən də “Xocalı şikəstəsi” kimi romanı yaza bilib.
Sonra romanla bağlı fikirlər dinlənilib. Filologiya elmləri doktoru,
tənqidçi Elnarə
Akimova “Xocalı şikəstəsi” romanı
barədə düşüncələrini
bölüşüb. E. Akimova bildirib ki, Qarabağ faciəsi haqqında müəyyən kitablar nəşr edilib, yerli və xarici
mətbuat səhifələrində
yazılar dərc olunub. Ulduz Qasımın “Xocalı
şikəstəsi” romanı
da Xocalı faciəsini və hadisələrin sonrakı
illərdə inkişafını
ümumiləşmiş şəkildə,
bədii obrazlar vasitəsilə bir ailənin timsalında əks etdirən bir əsərdir.
Milli Məclisin deputatı Tahir Rzayev, Milli
Məclisin deputatı,
dilologiya elmləri doktoru, professor Jalə Əliyeva vurğulayıblar
ki, Xocalı haqqında daha çox kitablar yazılmalı, xalqımızın
başına gətirilən
bu müsibətlər
ədəbiyyatımızda layiqincə təbliğ olunmalı, gənc nəsil bu faciənin
ağrı–acılarını tarixi faktlarla yanaşı, belə əsərlərdən də
oxuyub öyrənməlidirlər.
“Xocalı
şikəstəsi” romanını
türk dilinə çevirən Azərbaycan
ədəbiyyatının yaxın
dostu İmdad Avşar tarixi hadisələrin gələcək
nəslə, eləcə
də dünyaya çatdırılmasında ədəbiyyatın
və sənətin rolundan danışıb.
Qeyd edib ki, bu
baxımdan “Xocalı şikəstəsi” müxtəlif
dillərə tərcümə
olunmalıdır.
Əslən Xocalıdan olan
şair Ələmdar
Quluzadə deyib: “Xocalı şikəstəsi”
yurd həsrətli insanların romanıdır. Xocalıdan 3 min kilometr aralıda
yerləşən Moskvada
yuxusuz gecələr hesabına yazdığı
bu əsərə görə Ulduz xanıma bütün xocalılar adından təşəkkür edirəm”.
Tədbirdə çıxış edən Kamran Nəzirli, Zemfira Məhərrəmli, “Kredo”
qəzetinin baş redaktoru Əli Rza Xələfli, “Qarabağa gedən yol” qəzetinin baş redaktoru Əli Mahmud, xanəndə
Nizami Abdullayev, “Azərkitab” Kitab Təbliğatı Mərkəzinin
direktoru Sabir Həsənov, Əjdər
Ol, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan kitab haqqında
fikirlərini bölüşüb,
gənclərin vətənpərvərlik
ruhunda tərbiyəsi,
tariximizin təbliği
üçün “Qarabağ
şikəstəsi”nin əhəmiyyətli
olduğunu vurğulayıblar.
Sonda kitabın
müəllifi Ulduz Qasım əsərə verdikləri yüksək dəyərə görə
tədbirin iştirakçılarına
minnətdarlığını ifadə edib. Xocalı hadisələrinin
hər bir azərbaycanlının yaralı
yeri olduğunu söyləyən yazıçı
romanın real hadisələr
əsasında yazıldığını
bildirib.
Ədəbiyyat qəzeti.- 2019.- 2 mart.- S.32.