Həsənoğlunun "Sirət-in Nəbi"
adlı məsnəvisində lirik haşiyələr,
yaxud Həsənoğlunun iki yeni qəzəli
XIII əsrin
sonlarında yaşayan və Həsənoğlu təxəllüsü
ilə şeir yazan İzzəddin Əsfərayini XIII əsrin
məşhur şairlərindən biridir. Türkcə
şeirlərində "Həsənoğlu", farsca
şeirlərində "Puri-Həsən" təxəllüsünü
işlədib.
İzzəddin
Həsənoğlunun "Sirətün-nəbi" adlı məsnəvisi
artıq elm aləminə daxil olub və tədqiqata cəlb
olunaraq elmi dövriyyəyə gətirilib. 367 vərəqlik
bu əsər Finlandiyada şəxsi bir kolleksiyadan üzə
çıxarıldı və bir qədim dostumun ödədiyi
külli miqdarda pul müqabilində satın alınaraq
Türkiyəyə gətirildi. Mən də bu əsəri
elmlər doktorluğu dissertasiyası kimi götürüb
işləməyə başladım və əsər ilə
bağlı bir sıra elmi məqalələri elmi nəşr
və konfranslara təqdim etməklə dil və ədəbiyyat
tarixi baxımından misilsiz bir yer sahibi olan bu əsərə
diqqəti cəlb etməyə çalışdım. Məsnəvi
tərzində yazılan və son illərədək
haqqında heç bir məlumat olmayan bu əsəri
transfonoliterasiya edərkən məsnəvinin içərisində
rastlaşdığım qəzəllərdən ikisini ədəbiyyat
aləminə təqdim etmək qərarına gəldim.
Həsənoğlunun
"Sirətün-nəbi" adlı bu çox dəyərli
əsəri adından da göründüyü kimi, peyğəmbərimiz
hz. Məhəmmədə ithaf edilib. Əsərin dili və
üslubu, ideya və məzmun xüsusiyyətləri
ayrıca tədqiqata möhtacdır.
Həsənoğlunun
bu əsəri XIII əsrin dili ilə yazılıb, orijinal
nüsxənin üzünü köçürən Həsən
Şükrüdür. Əsər İstanbulda 1802-ci ildə
istinsah edilib, lakin orijinal nüsxə hələ də
tapılmayıb. Əsər 366 vərəq və 12 minə qədər
beytdən ibarət bir məsnəvidir. Qissə
başları, ayətlər və ibarələr
qırmızı mürəkkəblə yazılıb.
Əsərin zaxriyədən (kağızın arxa
üzünə yazılan yazı) əvvəl daha sonra bir
mündəricat əlavə edilib. 366-cı vərəqdən
sonra gələn boş vərəqin sağ üst
küncünə "Hekayəti-Circis" deyilən bir
başlıq yazılsa da davam etdirilməyib. Əsər hərəkəli
nəsxlə yazılıb, istinsah tarixi ilə yazılma
tarixi arasında, təqribən, 500 illik bir zaman vardır ki,
bu da əsərin istinsahı zamanında dil və qrammatik
qaydalar yönündən müəyyən dəyişikliklərin
ola biləcəyindən xəbər verir. Əsərin hərəkəli
nəsxlə yazılması, köçürmə nüsxənin
də bu yazıyla yazılmasına səbəb olub.
Əlyazmadan məlum olduğuna görə, Həsənoğlu
bu məsnəvini yazarkən əsas mənbə kimi
Əbül Həsən əl-Bəkri əl-Kasasinin "Sirətün-nəbi"
adlı əsərindən istifadə edib. Şair bunu 8 a/1
nömrəli beytdə;
"Əbülhəsən
Bəkri rəvayət eylədi,
Məvlüdi
böylə hekayət eylədi",
260
a/13 beytində:
"Əbülhəsən
Bəkri rəvayət eylədi,
Ol ki
işbu sirəti ol söylədi",
294/b
beytində;
"Həsən
babası ol Bəkri rəvayət
İdər
ol vaizi Bəsri rəvayət";
333 b/1
beytində:
"Əbülhəsən
Bəkri rəvayət eylədi,
Məkkə
fəthin çün hekayət eylədi"
şəklində dilə gətirib.
Oxu-yazı
bilənlərin az olduğu toplumlarda mənqəbəvi
və yarımifik hekayələrin, dastanların maraq
doğurduğu nəzərə alınarsa, Həsənoğlunun
da bu əsəri yazarkən Bəkrinin əsərindən
istifadə etməsinin səbəbi daha aydın başa
düşülər.
Əsərdə mifik obrazlar da yer alır. Mifologiyanın insanın mənəvi
aləmini simvollarla dilə gətirən bir güzgü
olduğu məlumdur... Həsənoğlunun
"Sirət-in nəbi"sində göylə bağlı
olaraq dilə gətirilən anlayış ən qədim
vaxtlardakı dini anlayışımızın bir növ
Peyğəmbərimiz haqqında yaratdığı məsnəvisində
dilə gətirilib.
Əsərin
başlanış hissəsindəki ilk səhifədə bu
beytlər yer tutub:
Bismillahir-rəhmanir-rəhim
Əvvəla
bir İsmi-Haq yad idəlüm
Sözə andan sonra bünyad idəlüm.
İsmi-Haqdır
hər iş üzrə ibtida'
Andan oldı-ibtida' həm intaha'.
İsmi
zat-üllah ərrəhman ərrəhim
Cümlə ismin ca müfiddir ey həkim.
İsmi-Haqdan
sonra dinlə şöylə kim
Gerçi
söz söylədügimi şöylə kim.
Tiğminin
bazi havası özgədür
Bülbülü canın nəvası özgədür.
Bir
qoqı qıldı dimağımda güzər
Bağı-hüldən bir
nəsim irdi məgər.
Könlümün
tütisi pərvaz eylədi
Söz ilə pür-xoş sazun eylədi.
Xatırımda
bunca sevda vardurur
Kim başumda bunca qovqa vardurur.
Bu məkri-ilhami-rəbbanidür ha ha
Cana yanlıqın rəbbanidür ha ha.
Pərtəvi-eşqdür
bu əfsanə digil
Aşina olğıl ki, bu biganə digil.
Təb'ümi
eşqdür bənim rövşən qılan
Könlümün hər guşəsin gülşən
qılan.
Dərtdürür
can gövhərini pak idən
Dərtdürür irib hicabı çak idən.
Bu can yaqmarının dərtdür davası
Könül
zəhirinin dərtdür şifası...
(İzzəddin. Həsənoğlu, Sirət-in Nəbi, h. 1217, (Müstənsih:
Həsən Şükrü),
İstinsah
tarixi 1802: İstanbul, s. 4).
"Əhməd
Harami Dastanı" da bu beytlə başlayır:
"Bu
dastanı bugün bünyad idəlüm
Haqqın qüdrətlərin biz yad idəlüm".
(Halis.
Akaydın, Ahmet Harami Destanı, İstanbul: 1000 Temel Eser, 1972,
s. 34).
Hər iki əsərin bu sözlərlə başlaması
bir ənənə kimi qəbul edilib və Həsənoğlundan
tutmuş sonrakı yüzillərdə bu cür əsərləri
yazanlar həmin ənənəni davam etdirib.
Əsərdə
klassik məsnəvilərdə görülən "səbəbi-təlif",
"dövlət böyüklərinə mədhiyyə",
dörd xəlifə üçün söylənən
"mədhi-caharyar" kimi bölmələr yoxdur.
Yalnızca sonuncu vərəqdə 366/b beytində:
"Həsənoğlu
bu xidmət işigində
Yüzin oldı türab əlhəmdülillah".
deyərək öz təxəllüsünü yazıb.
Əsərdə katib səhvə yol verib. Əsər 366-cı vərəqdə
sona çatıb, ancaq 366/a beytinin altında yazılan "təmmət"
(son) sözünün sol tərəfində isə 17 səfər
1217 tarixi qeyd edilib. Əsərin onbeytlik xatimə hissəsi bu
cür başa çatdırılıb:
Tamam oldu
kitab əlhəmdülillah
Açıldı hər niqab əlhəmdülillah.
Çalab
lütfilə könül gözindən
Sərildi getdi cavab əlhəmdülillah.
Maqalatı
nəzmilə zikrül-mətin
Xuda qıldı nəsib əlhəmdülillah.
Gülə
sıyqal urub hər nəzərin
Qılındı çün xitab əlhəmdülillah.
And bəzmində
həm dillər içiyiz
Verildi bu hesab əlhəmdülillah.
Şu
şeri söylədim əslincə tamam
Çün qıldıq həşt-bab əlhəmdülillah.
Ki hər
babında zikr olundı mövzun
Büləndi şeyx-şabb əlhəmdülillah.
Həsənoğlu
bu xidmət işigində
Yüzin oldı türab əlhəmdülillah.
Ahıl bir gün ömrümü həba' qıla.
Tobraq əcri-a'zalarumı cüda qıla.
İlahi
saqla ol kişinin imanını
Kim bənüm
xəttümi görüb dua' qıla
(Həsənoğlu,
Göstərilən əsər, s. 738).
"Həsənoğlu
bu xidmət işigində
Yüzin oldu türab əlhəmdülillah".
ifadəsi isə Həsənoğlunun sufi, mütüsəvvif
kimliyinə işarədir.
Əsər təqribən 32 hissədən ibarət
olub, özünün deyişiylə səkkiz babdır. Əsər,
ümumiyyətlə, məsnəvilərdəki ənənəvi
plana və mövzuya uyğun yazılmayıb. Mövzu tamamilə İslamın
yayıldığı ilkin illərdə cərəyan edən
mübarizələrlə bağlıdır. Bu da səbəbsiz deyil. Türk ədəbiyyatında
cəngnamələrin yaranmağa başladığı
çağlar toplumumuzun müharibələrdən baş
açmadığı zamanlardır. "Sirət-in nəbi",
bir tərəfdən islam dinini qəbul
etmə prosesi gedərkən, digər tərəfdən də
xalqa fəthçi, döyüşçü ruhunu təlqin
üçün yazılan əsərlərdən biridir. Mənə
görə, Anadolu və Azərbaycan sahəsində maraqla
oxuna hz. Əli ilə
bağlı cəngnamələrin özülü Həsənoğlundan
başlayır, bu cəngnamələrin yazılmasında onun
məsnəvisinin rolu böyükdür.
Həsənoğlunun
ana dilində məlum olan üç şeiri
aşağıda təqdim olunur, lakin mənə görə,
bu şeirlər indiki Azərbaycan türkcəsinin tələffüz
qaydalarına az da olsa,
uyğunlaşdırılıb.
Həsənoğlunun
"Sirətün-nəbi" adlı əsərində yer
tutan və ədəbiyyat dünyasında ilk dəfə
oxunacaq həddən artıq gözəl bir şeiri
"Ədəbiyyat qəzeti"nin
oxucularına təqdim etmək istəyirik. Gəlin
öncə bu şeirin yazılma səbəbinə nəzər
salaq.
Bəni Kində tayfasının bəyi Cabər adlı
şəxsdir.
Dörd min atlı əsgəri, Miyasə
adlı pəhləvan və həddən artıq da gözəl
bir qızı vardır. Ona bir çoxları elçi
düşüb, ancaq o, başlıq üçün nə
versələr də qəbul etməyir və "məni
meydanda məğlub edəcək cavana yar olmaq əhdimdir"
- deyərək, onların təklifini geri qaytarır.
Qureyş tayfasının qabaqcıllarından və islam düşməni olan Əbu Cəhil iki
min atlı ilə Cabərin yurduna üz tutaraq Miyasəni ondan
istəyir. O da məsələni Miyasəyə açır,
qız da Əbu Cəhlin təklifinə qarşı həmin
şərtini irəli sürür. Miyasənin bu tələbi
başda dörd bəyin yurdu olmaqla hər yana
yayılır. Qureyş tayfasının gənclərindən
əlavə, özgə tayfalardan dörd min cəngavər
meydanda toplaşır. Bir-biri ilə
döyüşən və qalib gələn gənclərlə
Miyasə döyüşür və tamamını məğlub
edir. Bəni Kində tayfasında Əsvəd
adında adlı-sanlı bir bəy varmış ki, Əsvəd
Miyasənin əmisiymiş. O ölür və Miqdad
adlı oğlu kiçik yaşdan yetim qalır. Həyat Miqdadı dolanışıq
üçün çoban edir. Miyasənin
eşqi gizlidən-gizliyə ürəyində tonqal
qalayıb, ancaq kasıb olduqlarına görə bu eşqini
pünhan saxlayır. Miyasənin şərti
üçün hər yana yayılan bu xəbəri
alan kimi qoyunları sürüb evə gəlir, anasına
Miyasənin şərtini eşitdiyini və meydana gedib onunla
qarşılaşmaq arzusunda olduğunu, ona vurulduğunu deyir.
Anası "Ay oğul, o, bəy qızıdır, sən isə
bir dərviş çoban, sənə onu verməzlər",
- deyib mane olmaq istəsə də, Miqdad qərarından
dönmür və anasının
narazılığını görüb ağlamağa
başlayır. Üstəlik, nə geyinəcək
cəng libası, nə də silahı vardır. Qonşuluqdakı dul qadın onunla anası
arasındakı mübahisəni və Miqdadın
ağladığını görüb anasından məsələnin
əslini sorur, o da olanı danışır. Qadın o saat içəri yüyürür və
rəhmətə getmiş ərindən qalan zireh və
silahları gətirib Miqdada verir. Miqdad
sevincək onları geyinib qurşanır və atını
minib meydana sürüb cövlan edir. Qarşısına
çıxan bütün igidləri məğlub edir.
Miyasə onun nə cür bir bahadır olduğunu
görür və "Məni ancaq bu məğlub edə bilər,
yarım da bu ola bilər", - deyə
fikirləşir, ancaq meydana çıxıb
döyüşdəki bütün məharətini göstərsə
də, Miqdad onu məğlub edərək, "Mən Əsvəd
bəyin oğlu Miqdadam, cəddimin işində ustayam", -
deyərək əmisi qızı Miyasəyə duyduğu
eşqi hamının içində yüksək səslə
dilə gətirir. Miyasə də belə bir
mahir bahadırla qarşılaşdığından şad
olur və onunla evlənmək qərarına gəlib Miqdada vəd
verir. Əbu Cəhlin oxu daşa dəyir və
kor-peşman Məkkəyə qayıdır. Miyasənin atası isə qızının
üzünə qarşı Miqdad ilə evlənməsinə
razı olmayacağını söyləyir. Miqdad bir neçə gün sonra anası ilə Cabərin
evinə gedərək əmisi qızına elçi
düşür. Miyasənin atası da Miqdaddan
qızılla və əşya ilə yüklü yüz dəvə,
yüz dəvə yükü qumaş qaftan, ayrıca min
misqal qızıl, yüz ölçü gümüş
başlıq istəyir, üstəlik, bunları üç
ayda təmin edib gətirməsini, gətirməsə
qızı özgəsinə verəcəyini söyləyir.
Miqdad onun bu şərtini qəbul edir, durub gedərək
məsələni Miyasəyə açır, bir-birlərinə
əhdi-peyman edirlər Miqdad atını minib üz tutur və
atı hara aparırsa ora. Üç
gün yol getdikdən sonra dördüncü günü
qarşısına bir karvan çıxır, Miqdad bunu
fürsət bilərək karvanı qarət etmək qərarına
gəlir. Karvanın önündə gedən
üç nəfərə kim
olduqlarını sorduqda onlardan biri "Mən hz. Məhəmmədin əmisi Abbasam, bu da əmisi
Əbu Talibin oğlu Cəfəri Təyyardır, biz Bəni
Haşim tayfasındanıq", dedikdən sonra yol kəsməyin
bir igidə yaraşmadığını, gedib halal əməyi
ilə dolanışığını təmin etməsini məsləhət
verir. Miqdad isə əsl məqsədinin yol kəsmək
olmadığını və başına gələnləri
danışdıqda onların hərəsi yüküylə
birlikdə beş dəvə
bağışladığını deyir. Bundan sonra hz. Həmzə də gəlib beş
dəvə (yüküylə birlikdə)
bağışlayır. Ancaq Miqdad bunların
ona kifayət etmədiyini bildirərək təşəkkür
edir, əllərini öpüb üzrxahlıq istəyir.
Onlar da Miqdadı fars padşahı
Nuşirəvanın yurduna getməsini, məsələni ona
açmasını söyləyirlər. Miqdad da onlarla
xudahafizləşib üz tutur fars
diyarına, bir müddət sonra Mədain şəhərinə
gedib çatır. Mədainin Qadı Sittə
meydanında bir ordu görür. Üzünə niqab
çəkərək girir meydana və salam
verib başlayır döyüş texnikasını göstərməyə.
Ordunun qabaqcılları ondan niyə bunu etdiyini,
məqsədinin nə olduğunu və kimliyini sorub hali
olduqdan sonra məsələni padşaha
çatdırırlar, o da Miqdadı qəbul edir. Miqdad Nuşirəvana yüz minlik ordusundan min nəfəri
seçməsini və onlarla təkbaşına döyüşəcəyini,
qalib gəlsə, ona kömək olmasını, ölsə,
qanının halal olduğunu söyləyir. Nuşirəvan onun təklifini qəbul edir, şəhər
əhlinə bu xəbər yayılır və meydan qurulur.
Miqdad nizəsinə çit bağlayır ki,
vurduğu əsgərlər yaralanmasın, Nuşirəvan
bunu görüb ürəyində Miqdada qarşı məhəbbət
yaranır. Miqdad Nuşirəvanın min nəfərlik
dəstəsini çil cücəsi kimi dağıdır.
Nuşirəvan onun bahadırlığını görüb
xoşu gəlir, çağırıb
danışdırır və yanında saxlayır, ona
xüsusi bir ev, qul-qaravaş, mal, nemət
verir. Zaman sürətlə ötür və üç
ayın tamam olmağına az qalır. Miqdad padşahın onun dərdinə hələlik
çarə qılmadığına görə, Miyasə də
adaxlısı özünə atasının verdiyi vədənin
dolmaq üzrə olduğu üçün gəlib
çıxmadığından və bir xəbər ala bilmədiyindən
intizar çəkir. Həsənoğlu
Miyasənin sevgilisinə qovuşa bilməməyin intizarı
ilə ürək çırpıntılarını onun
diliylə aşağıdakı şəkildə qələmə
alıb.
***
Ey yigitlər
sərvəri sərvi-rəvanım qandasın
Gəl ki yolunda rəvan oldı rəvanım
qandasın?
Qamətügün
həsrətindən bu tənüm oldı hayal
Surətügün firqətindən yandı canım
qandasın?
Ey xəyalı-munisi bu qayğusı çoq
könlümü?
Ey
vüsalı can ilindən armağanım qandasın?
Gicə-gündüz
yol gözədür gözlərim gözlər səni
Gəl ki qaldı yollarında didə-banım
qandasın?
Bülbülü-zaram
firaqında işüm oldı rəvan
Ey boyı səlvi, yanağı gülistanım
qandasın?
Sən əsirgərdin
bəni görsən ki sənsüz nicəsi
Gicə-gündüz göklərə çıqdı
fiğanım qandasın?
Çoq
cəfa qıldı bəlalu könlümə ayruluğun
Qanı əhdin ey vəfalu mihribanım qandasın?
(İ.Həsənoğlu,
Göstərilən əsər, 1802, s. 322-345)
Həsənoğlu mənə görə, XIII əsrdə
Azərbaycan elinin türk dünyasına bəxş etdiyi əvəzsiz
və böyük bir şairdir, İmadəddin Nəsiminin də
sələfidir və ona güclü təsir
bağışlamışdır. "Sirətün-nəbi"
çap olunduqdan və tədqiq edildikdən sonra irəli
sürdüyüm bu fikrin təsdiqlənəcəyinə əminəm.
İndiyə kimi XIII yüzildəki ədəbi dilimiz və ədəbiyyat
tariximizlə bağlı olaraq irəli sürülən
fikirlər, ədəbiyyat tarixlərimiz həm Anadolu, həm
də Azərbaycan sahəsində onun "Sirətün-nəbi"
adlı bu əsərinin işıq üzü görməsiylə
birlikdə tamamilə dəyişəcək. "Sirətün-nəbi"nin hər bir beyti klassik ədəbiyyatımızın
ilk örnəklərinin meydana gəldiyi bir vaxtda yaradılan
heyrətamiz şeiriyyət, ifadələr və fikirlərlə
doludur. Həsənoğlunun şeir
dünyasını burada şərh etmək fikrində deyiləm;
ancaq bu əsərin işıq üzü görməsiylə
birlikdə ədəbiyyat aləmimizdə böyük səs
salacağına Tanrım kimi əminəm. Ulu Tanrım bu missiyanı mənə bəxş
etdiyinə görə ona nəhayətsiz
şükranlarımı bildirirəm.
Seyfəddin Altaylı
Ədəbiyyat qəzeti.- 2019.- 8 mart.- S.24-25.