Henrix Böll, Köln və mən
Almaniyada,
nədənsə, payız tez keçib-gedir. Hələ
sarı yarpaqların qoxusuna doymadan bir də baxırıq ki,
qış gəldi. Qış qarla, soyuqla gəlsə,
yaxşı olardı. Amma sislə, yağmurla və
insanın içini qaraldan qara buludlarla gəlir. Artıq hər
gün soyuq və islaq səkilərdə addımlamaq,
uzaqlardakı ipisti günəşi özləməkdən
başqa çarəniz yoxdur. Yurdunuzdan gətirdiyiniz
türkülər hələ də könlünüzdə və
dilinizdədirsə, o səkilərdə addımlamaq az da olsa
xoş gəlir insana... Bir də şeirlər... Bu sıralar
Nəcib Fazilin "Bu yağmur, bu yağmur" şeirini təkrarlamaqdan
yoruldum və "Kaldırımlar" şeirinə
sarıldım. Hər addımda ondan bir bənd oxuyuram:
"Kaldırımlar,
çilekeş yalnızların annesi;
Kaldırımlar,
içimde yaşamış bir insandır.
Kaldırımlar,
duyulur, ses kesilince sesi;
Kaldırımlar,
içimde kıvrılan bir lisandır".
Yad, soyuq
və dilsiz səkilərlə danışmaq nə
acıdır!
Dünən
yenə hava sisli, yağışlı idi. Bu yağış
insanı bezdirən, üsyan etdirən bir
yağışdır. Dayanmadan, incə-incə yağar. Bəzən
yağdığını belə hiss etməzsiniz. Bir də
baxırsınız ki, başdan-ayağa
islanmısınız. Bəlkə də, buna görə
Türkiyədə belə yağışa "axmaq
isladan" deyirlər... Nə isə... Səssizcə
çıxdım evdən. Həftədə bir dəfə
Reyn çayına qədər piyada gəzirəm. Biz
Kölnün şərqində yaşayırıq. Çaya
qədər 4-5 kilometrlik yolumuz var. Oraya vardığımda əgər
nəşəm yerindəsə, dəmir körpüdən
qarşıya keçər, Karl Marksla Engelsin bir zamanlar
yaşadıqları evin qarşısındakı kafedə
kofemi içib geri dönərəm.
Bu dəfə
kefsiz idim. Maşınla yola çıxdım. Zooparkın körpüsündən
keçib, köhnə şəhərə doğru yol
aldım. Bu yaxınlarda hərdən qarşısından
keçdiyim bir yer vardı. Kölndə yaşamış
almanların Nobel mükafatlı yazıçısı Henrix
Böllün evi... Hansı şəhərə getsəm,
orada mütləq ya bir şair, ya da yazıçı evi
axtarıb taparam. Düsseldorfda şair Henrix Heynin,
Ştutqartın Marbax qəsəbəsində Şillerin evlərini
tapmış, onların şeirlərindən parçalar
oxumuşdum. O məkanları tapdığımda yalnız
olmadığımı, kitabını oxuduğum və
adı mənə yad olmayan birisiylə yaxınlıq
qurduğumu düşünüb rahatlayıram. Parisə ilk
getdiyimdə də Yəhya Kamalın yaşadığı
pansionu və davamlı getdiyi Monparnasdakı "Closerie des
Lilas" adlı kafeni də axtarıb tapmışdım.
Şairin adının yazıldığı masaya baxarkən
dilimə onun o günlərdə yazdığı şeirdən
misralar gəlmişdi:
"Eski
Paris'de bir ömür geçti
İdeal
rüzgarıyla hür geçti...".
O kafedə
həm də böyük şairimizin masasında oturub kofe
içmişdim. Amma ruhu orada yalnız deyildi. Kafedə
yazılana görə, Lenin, Trotski, Sartr kimi məşhurların
da yolu bu kafedən keçmişdi. Hətta Heminqueyin
"Günəşdə doğular" əsərini bu kafedə
yazdığını söyləyirdilər. O gündən
sonra Parisdəki qəribçiliyim də beləcə sona
yetmişdi. Ən böyük şairimizin ayaq izləri burada
yanımda idi bax beləcə...
Kölndə
də könlümü belə şeylərlə ovuduram. Hər
küncündə bir tanış yazıçı və ya
şair axtarıram. Hər kafesində şeir dadında bir
kofe içməyə çalışıram. Bəzən rəssam
və memar Klaus Uhliqin evinin qarşısında durar, onun pəncərələrinə
baxaram, bəzən də Henrix Böllün beşmərtəbəli,
pəncərə və qapı kəmərləri bəzəkli
evinin qarşısından keçərkən yadıma onun
"İrlandiya gündəmi", "Saat 9.30-da bilyard"
romanlarından hadisələr düşür.
Allah bilir
neçə dəfə bu gözəl evin
qarşısından keçmişəm. Binanın ikinci mərtəbəsində
yazıçı son günlərini yaşayıb. Evin
qarşısında kiçik bir bağça var. Qocaman
çinar ağacı yarpaqlarını tökmüş bu
bağçaya.
O evə
yaxın olan "Cafe Reichard"ın həyətində
maşını park etdim. Böll, əcəba, bu kafedə
oturub bir kofe içdimi, bilmirəm! Qapının
üstündə 1855 və böyük bir "R" hərfi
olan bu kafeyə kimlər gəlməmiş ki! Həftə
sonları iki çex sənətçinin piano və skripka
çaldıqları, hətta 80 yaşlarında
saçları, dodaqları boyalı şux alman
qadınlarının qəhqəhə çəkib rəqs
etdikləri bu kafe bəlli ki, içində musiqi və nəşə
ilə birlikdə bir tarix yaşadırdı. İkinəfərlik
bir masada oturdum və tədirginliklə sağa-sola qaçan
ofisiantlara baxdım. Görəsən, bunlardan hansı Henrix
Böllə xidmət etmiş, ona çay, kofe gətirmişdi?
1970-ci illərin
alman kinosuna damğasını vuran gözəl və
uğurlu aktrisası Romi Şnayder Alen Delondan ayrıldıqdan
sonra ən depressiv anlarında Henrix Böllə məktublar
yazıbmış. Hətta: "Nə olar, məktublarıma
cavab ver", - deyə yalvarırmış. Böll ona bir sətir
belə cavab yazmamışdır. Çünki nədənsə,
Rominin heç bir məktubu ona çatmamışdı.
Henrix
Böll nə qədər Almaniyadakı solçu etiraz mitinqlərini
dəstəkləsə də, Sovet İttifaqından
qaçan yazıçılara da qucaq
açmışdı. 1974-cü ildə Sovet
İttifaqından ayrılmaq məcburiyyətində qalan
Aleksandr Soljenitsin və Lev Kopelev kimi yazıçılar
aylarla onun evində qalmışlar.
İkiyə
bölünmüş Almaniyada başa düşülməyən
yazıçı xüsusilə 1972-ci ilin dekabrında burada
terror olayına girişən Qızıl Ordu mənsublarını
dəstəklədiyinə görə alman polisinin qara
siyahısına düşmüş, evi bir neçə dəfə
polislər tərfindən basılıb
axtarılmışdı.
Məşhur
yazıçı 1984-cü il, iyunun 16-da vəfat etmişdir.
Kitabları otuzdan çox dilə tərcümə
edilmiş, milyonlarla satılmışdı.
Ölümündən az öncə təkrar katolik kilsəsinə
üzv olduğu deyilsə də, katolikləri ən çox
tənqid edən də Henrix Böll olmuşdur. 1975-ci ildə
mətbuata verdiyi bir müsahibəsində katolikləri əsəbləşdirmişdi:
"Katolik kilsəsi Almaniyada kapitalist qanunlara görə
qurulmuş bir şirkətdir".
Bütün
bunlara rəğmən Böll vəsiyyətində katolik adətlərinə
uyğun dəfn mərasimini vəsiyyət etmişdi. Bu vəsiyyəti
alman katoliklərinin bir qisminin etirazına rəğmən
Vatikan onun katolik məzhəbinə görə dəfn
olunmasına razılıq vermiş və
yazıçının cənazəsi Köln
yaxınlığındakı Mertində alman prezidenti
Veisşkerin də iştirakıyla bir katolik qəbiristanlığında
dəfn edilmişdi. Onun ölümündən sonra on doqquz il
yaşayan, 2004-cü ildə vəfat edən Böllün
yanında basdırılan Annamari Böllün həyat
yoldaşına aid olan: "Acısı, hüznü olmayan
insan nə işə yarar?" sözünü tez-tez təkrarladığını
söyləyərdilər.
İki
ildən bəridir ki, liseylərdə, universitetlərdə və
müxtəlif dərnəklərdə 100 illiyi qeyd edilən
Henrix Böllün bir sözü nə zaman qələmi əlimə
alsam, məni dərin düşüncələrə
daldırar:
"Yazarkən,
sadəcə, yazarkən dünyanı dəyişdirə
bilirəm".
Əcəba,
dəyişən dünyaya mən nə qədər təsir
edə bilirəm?
Orxan Aras
Ədəbiyyat qəzeti.- 2019.- 8
mart.- S.25.