Mirzə Cəlilin hekayələri ilə Litva müəlliflərinin
yaradıcılığındakı tipoloji paralellər
Cəlil
Məmmədquluzadənin hekayələrini Litva dilinə Mahir
Həmzəyevlə birgə böyük məmnunluqla tərcümə
etdim. Bu
əsərlər xalis
ədəbiyyatdır. (....) Tərcümə
zamanı istər-istəməz C.Məmmədquluzadənin
əsərlərini və
o vaxtkı Azərbaycan
mədəniyyətinin ümumi
vəziyyətini XIX əsrin
axırları və
XX əsrin əvvəllərindəki
Litva həyatı ilə müqayisə etməyə başladım.
Həm Azərbaycan, həm də Litva çar Rusiyasının tərkibində
olublar və bu, ölkələrimizi ağır nəticələrə
gətirib çıxarıb.
Sonralar hər iki ölkədə
milli şüur formalaşmağa başlayıb,
peşəkar ədəbiyyat
yaranıb və inkişaf edib. Bu baxımdan C.Məmmədquluzadənin
yaradıcılığını peşəkar Litva ədəbiyyatının təşəkkül
tapması prosesi ilə müqayisə etmək olar.
Aradan uzun illər keçdikdən sonra, zaman İmperiyanın
ucqarlarında məskunlaşmış
və dirçəliş
dövrünü yaşayan
millətlərin sosial
və siyasi problemlərini aşkarlayıb
üzə çıxardı. Və bunu
o vaxt məhz yazıçılarımız öz əsərlərində
ən gözəl şəkildə açıqlayıb
təqdim etdilər.
Bir satirik yazıçı və publisist olaraq C.Məmmədquluzadənin
yaratdığı bəzi
hekayələr ("Niyə
məni döyürsünüz?",
"Nigarançılıq", "Bəlkə də, qaytardılar"), XIX əsrin
sonları Litva milli dirçəliş hərəkatı ideoloqlarından
biri olmuş bəstəkar, Litva dövlət himninin müəllifi, nasir, şair, publisist və "Varpas"
("Zəng") qəzetinin
redaktoru Vintsas Kudirkanın (1858-1899) bir sıra əsərləri
ilə ("Litva körpüsünün xatirələri",
"Naçalniklər", "Senzura məsələsi üzrə", "Canavarlar")
yaxından səsləşir.
XIX əsrin axırı XX əsrin əvvəlləri
Litva ədəbiyyatının
məşhur təmsilçisi,
nasir və ictimai xadim Yonas
Bilyunasın (1879-1907) "Oxladım"
əsərində olduğu
kimi, C.Məmmədquluzadənin
"Buz" hekayəsində
də mənfi duyğular vasitəsilə
əxlaqi, mənəvi
təcrübənin əldə
edilməsi məsələsi
qabardılıb.
Litva milli oyanış hərəkatının öncüllərindən
biri, ədəbi klassik, demokrat yazıçı və maarifpərvər xadim Yuliya Jemaytenin (1845-1921)
"Ərə getməyin
xoşbəxtliyi", "Gəlin" adlı əsərlərində və
Azərbaycan ədibinin
"Fatma xala",
"İki ər"
başlıqlı hekayələrində
qadınların o zamankı
vəziyyəti və
acınacaqlı taleyi
ilə bağlı problemlər bu və ya digər
dərəcədə oxşar
vətəndaş yanğısı
ilə qələmə
alınıb.
Litva ədəbiyyatında
ilklərdən biri olaraq şəhər mədəniyyəti, siyasi
və sosial bərabərsizliklə bağlı
mövzuları işləmiş
tanınmış şair
və inqilabi xadim Yulyus Yanonisin
(1869-1917) əsərlərində olduğu kimi, C.Məmmədquluzadənin yaradıcılığında
da eyni motivləri
sezmək olar ("Konsulun arvadı",
"Xanın təsbehi"
və s.).
Təbii ki, fərqlər də vardır. C.Məmmədquluzadənin yaradıcılığındakı ən mühüm fərqlərdən biri müəyyən adətlərin
daşıyıcıları, əxlaq normaları və yaşam tərzinin təmsilçiləri
olan insanlar haqqında geniş səhnələrin verilməsidir
("Poçt qutusu",
"Dəllək", "Pirverdinin xoruzu", "Quzu" və s.). Belə bir hala o zamankı
Litva ədəbiyyatında
tez-tez rast gəlinmir.
Mirzə Cəlil dərindən dərk etmişdi ki, qəflət yuxusunda mürgü döyənləri oyatmaq,
mütləq təhsilə
və elmə səsləmək lazımdır. Belə ki,
milli oyanış epoxasında dərin yuxu içində yatmaqda davam edən insan heç cür normal yaşaya bilməz (məsələn, "Niyə
məni döyürsünüz?"
hekayəsi).
Qeydlərimi C.Məmmədquluzadənin Litva dilində nəşr edilmiş
"Nigarançılıq" adlı kitabına akademik İsa Həbibbəylinin yazdığı
giriş məqaləsindən
götürdüyüm sözlərlə
bitirmək istərdim:
"Bu toplu Mirzə Cəlilin Litva oxucularına təqdim olunan ilk kitabıdır. Ümidvaram ki, oxucular və
geniş ədəbi ictimaiyyət onun əsərlərini müsbət
rəylə qarşılayacaqdır".
P.S: İrena Aleksayte bu məqaləni Cəlil Məmmədquluzadənin
Litva dilində nəşr edilmiş
"Nigarançılıq" ("Nerimas") adlı kitabın 2017-ci il
martın 10-da Vilnüs
Universitetində keçirilmiş
təqdimat mərasimi
münasibətilə yazıb.
Vilnüs, yanvar 2019-cu il
Litva dilindən tərcümə
edəni: Mahir
HƏMZƏYEV
Litva Azərbaycanlıları Cəmiyyətinin sədri,
Litva Respublikası Hökuməti
yanında
Milli İcmalar Şurasının
üzvü
İrena ALEKSAYTE
Litva Yazıçılar Birliyinin üzvü,
Litva Respublikası Mədəniyyət
Nazirliyi
və Ədəbi Tərcüməçilər
İttifaqının müqəddəs
Hieronim mükafatı laureatıdır.
Ədəbiyyat qəzeti.- 2019.-
8 mart.- S.26.