Unudulmuş quru gül
Sonra keçir.
Zaman da, yaralar da...
Xatirələrin və yaşanmışların
köhnə kitab arasında qurumuş və unudulmuş bir gül kimi
anidən düşür
yadına. Bir gün, tozlu
bir rəfin içində bir kitab çəkəcək
diqqətini, sonra səhifələri bölən
bir kölgəyə ilişəcək gözlərin.
Oradan,
tam oradan, o kölgədən
açacaqsan kitabı,
sətirlərin arasında
qırmızılığını itirmiş, unudulmanın qəzəbi ilə solmuş və qurumuş bir gül görəcəksən.
Köhnə xatirələrin arasına itələnmiş
kimi dolacaq gözlərin. Bir vaxtlar
gizlətmək üçün,
itirməmək üçün,
yadigar saxlamaq üçün kitabın
arasına zərifcə
qoyulmuş o gülün
təravətini, qırmızılığını
zamana məğlub olaraq təslim etdiyini görəcəksən.
Sonrası naməlum.. Bəlkə, gülü dərdiyin yer düşəcək yadına,
bəlkə, gülü
dərdiyin gün, bəlkə, gülü dərən, bəlkə,
gülü verən.. Amma mütləq yaddaşını
qurcalayaqsan. Bəzi xatirələr
də belədir.
Bəzən, heç gözləmədiyimiz
anda düşür yadımıza. Bəzən bir
əşyadan, bəzən
saat əqrəblərinin
hansısa dayanacağından,
bəzən bir film səhnəsindən, bəzən
də bir kitab sətrindən.
Amma mütləq ki, hər xatirə
bir dəfə yada düşüb xatırladır özünü...
Və bəlkə də, bizim bir çox
xatirəmiz, eynilə
o qırmızı gül
kimidir. Kitabı ortadan bölüb
fərqləndiyi kimi fərqlənən, sətirlərə
əmanət edəcək
qədər qorunub saxlanan kimi sevilən,
amma o sətirlərin
arasında unudulacaq qədər acı. Bəlkə də, orada unudulduğu üçün qəzəbindən
özünə yüklənmiş
xatirəni yada salan o gül, əslində, sadəcə,
bir gül kimi görünsə də, çox şey ola
bilər. Məsələn,
ilk görüş gülü,
ilk hədiyyə gülü,
ilk mükafat gülü,
bəlkə də,
son görüş gülü,
son hədiyyə, son mükafat.. Amma mənası nə
olur-olsun, bir gün bir gül
tərəfindən olmasa
belə, bir şey, biri tərəfindən yadınıza
düşəcək xatirələriniz.
Çünki bu həyatda hər məqam iki dəfə yaşanır:
Öncə həyatda,
sonra xatirələrdə.
Bu qanunun isə, təəssüf ki, heç bir orta yolu yoxdur:
ya ağladır, ya güldürür. Bəzi xatirələr yada düşəndə xatirə olaraq qaldığı üçün
üzüləcəyiniz qədər
gözəl olarkən,
bəzi xatirələr
də xatirə olaraq qaldığı
üçün acı
olur. Ən inadkar və izi keçməyən yaralardan biri olan xatirəni isə təəssüf ki, qabıq bağlamış da olsa bir gün
xatırlayırsan...
Amma təlaşa
ehtiyac yoxdur, çünki bir zamanlar uğrunda göz yaşı tökdüyün yarana gün gəlir buruq bir gülümsəmə
ilə baxıb, keçib gedirsən.
Və sonra bir daha əsla
yadına düşmür.
Kitab arasındakı o gül də, yaraların da...
Nərmin Fərzəli
Ədəbiyyat qəzeti.- 2019.- 8
mart.- S.28.