Klassik və şifahi xalq
ədəbiyyatımızın misilsiz tədqiqatçısı
Akademik Həmid Araslı haqqında
Keçən əsrin 40-50-ci illərində Azərbaycan
ədəbiyyatşünaslığı
hüdudlarını yarıb beynəlxalq aləmə
çıxan, klassik Azərbaycan ədəbiyyatının ən
mötəbər və nüfuzlu tədqiqatçısı
kimi tanınan Həmid Araslı qürur duyduğumuz nəhəng
alimimizdir.
Həmid müəllim həyatını ədəbiyyatşünaslıq
və folklorşünaslıq elmimizə həsr edən, məktəb
yaradan, ensiklopedik bilgiyə malik, iddiasız və təmənnasız
yaşamağa vərdiş etmiş, böyük insanlara xas
sadəliyi, təvazökarlığı, səmimiyyəti ilə
seçilən görkəmli alim idi. Akademik Həmid
Araslının yeri alimlər arasında o qədər
ucadır ki, hansı tərəfdən baxsan, abidə əsərlərində
onun nurlu simasını görmək olur.
Həmid müəllimin
yaradıcılığını tədqiq edənlər, əsasən
onun ədəbiyyatşünaslıq və
folklorşünaslıq sahəsindəki elmi nailiyyətlərindən
bəhs edirlər. Bizə qalırsa, alimin böyük xidmətlərindən
biri də yetişdirdiyi alimlərdir. O alimlər ki, Həmid
Araslının elmi işini uğurla davam etdiriblər. Həmid müəllim gələcəyin görkəmli
folklorşünas alimləri M.H.Təhmasib və Mirəli
Seyidovun həm namizədlik, həm də doktorluq işində
elmi rəhbər olmuşdur. Bu sırada
Şamil Cəmşidov, Qara Namazov, Rüstəm Rüstəmzadə,
Xalidə Qafqazlı və başqalarının da
adını çəkmək olar. Həmid müəllim,
eləcə də ədəbiyyatşünaslıq üzrə
Mirzağa Quluzadə, Araz Dadaşzadə, Qulamhüseyn Beqdeli,
Əzizağa Məmmədov və bir çox başqa alimlərin
namizədlik və doktorluq işlərində elmi rəhbər
olmuşdur.
Folklor
üzrə neçə-neçə gələcəyin
görkəmli aliminin opponenti olmuşdur: Əzizə Cəfərzadə,
Paşa Əfəndiyev, Sədnik Paşayev, Fərhad Fərhadov,
Əhliman Axundov və bir çox başqaları. Həmid
müəllim folklor üzrə neçə-neçə
fundamental əsəri redaktə etmişdir:
"Koroğlu" - 454 səh.,
"Aşıq Ələsgər" - 487 səh., "Azərbaycan
dastanları" - I cild, 475 səh., "Molla Nəsrəddin
lətifələri" - 336 səh., Məmmədhüseyn Təhmasibin
"Xalq dastanları" (Orta əsrlər) - 399 səh. və başqaları.
Tədqiqatçı həmişə folklorla
yazılı ədəbiyyatı qoşa qanad hesab edir və hər
iki elm sahəsində yorulmadan çalışır və
ortaya qiymətli əsərlər qoyurdu.
Akademik Həmid Araslının ən böyük xidmətlərindən
biri xalqımızın qürur mənbəyi, yazılı və
şifahi ədəbiyyatımızın
başlanğıcı, tükənməz enerji mənbəyi
"Kitabi-Dədə Qorqud"la bağlıdır. Eposun yasaq
edildiyi XX əsrin 40-cı illərində onun Azərbaycanda
ilk tədqiqatçısı, əsərin Azərbaycan dilində
yazıldığını, Azərbaycan xalqına mənsub
olduğunu ilk dilə gətirən Həmid Araslı
olmuşdur.
Həmid müəllim eposu yeni əlifbaya
çevirmiş, tərtib etmiş, müqəddimə və
şərhlərlə 1939-cu ildə çap etdirmişdir. Ön sözdə əsərin
tədqiqi tarixindən söz açmış, "Dirsə
xanın oğlu Buğacın boyu", "Salur Qazanın
evinin yərma edilməsi", "Basatın Təpəgözü
öldürməsi", "Bəkil oğlu İmranın
boyu" və "Qazanın dustaq olduğu boy" hekayələrini
- boylarını geniş tədqiqat süzgəcindən
keçirmişdir.
1950-ci ildə Həmid Araslı Məmmədhüseyn Təhmasiblə
birgə akademik Vasili Bartoldun "Dədə Qorqud" əsərini
müqəddimə və şərhlərlə rusca çap
etdirəndə, sanki bomba partladı. Moskva və
qaragüruh hücuma keçdi.
"Kitabi-Dədə Qorqud" mürtəce əsər
kimi tənqidə məruz qaldı. Ümummilli lider Heydər Əliyev
"Kitabi-Dədə Qorqud" ensiklopediyasına
yazdığı möhtəşəm ön sözdə bu
münasibətlə xüsusi qeyd etmişdir:
"O
dövrdə elə bir iclas, elə bir qurultay, elə bir
konfrans olmurdu ki, orada "Dədə Qorqud" tənqid
olunmasın. 1951-ci ilin may ayında Azərbaycan
Yazıçılar İttifaqının iclasında Həmid
Araslının qeyri-səmimi olduğu xüsusi
vurğulandı. Səhvini boynuna
almadığına görə işdən
çıxarıldı. Mirzə İbrahimov, Səməd
Vurğun, Mikayıl Rəfili, Mikayıl Quluzadə və
başqaları öz "səhvlərini" boyunlarına
alsalar da, onlara qarşı keçirilmiş kampaniya hələ
bir müddət davam etdi".
Aradan 70 ilə yaxın vaxt keçib. Zaman hər
şeyi öz yerinə qoyub. Lakin o vaxtın gözü
ilə baxsaq görərik ki, Həmid Araslıdan sonra ən
çox Əbüləzəl Dəmirçizadənin "zərərli"
"Qaraca çoban" pyesinə görə və Səməd
Vurğunun "Gələcəyin toy-bayramı"
şeirində "Dədə Qorqud"u tərənnüm
etdiyinə görə qara buludlar başlarının
üstünü almışdı. Səməd Vurğun
şair fəhmi ilə yazmışdı:
Dədə
Qorqud dediyimiz
min
bir yaşlı bir ozan da,
Qoca vaxtı öz sazını sinəsinə
basacaqdır.
Bütün
xalqlar və tayfalar
ona
qulaq asacaqdır.
"Kitabi-Dədə
Qorqud"a kəskin basqılar ölkədə siyasi ab-havada
baş verən ciddi dəyişikliklərdən sonra səngiməyə
başladı. 1953-cü ildə Həmid
Araslı gözlənilmədən yüksək ordenlə təltif
edildi. Bu o demək idi ki, eposa qarşı
basqılar lap yuxarıdan idarə olunurmuş. Alimlərimiz
H.Araslı, Ə.Dəmirçizadə, M.Arif və M.H.Təhmasib
1957-ci ilin mart ayının 26-da "Kommunist" qəzetində
"Dədə Qorqud dastanları" adlı məqalə
yazdılar. Bununla da eposun Azərbaycandakı
basqısına son qoyuldu.
Elə həmin ildə Sovet nümayəndə heyətinin
tərkibində Türkiyəyə gedən Həmid Araslı
"Türk Dil Qurumu"nun VIII qurultayında "Dədə
Qorqud" dastanı haqqında məruzə etmişdi. 1960-cı ildə isə
heç nədən çəkinməyərək şərqşünasların
Moskvada keçirilən yığıncağında
"Nizami yaradıcılığında "Dədə
Qorqud" motivləri" mövzusunda məruzə
etmişdir.
Həmid müəllim görülən işlə kifayətlənməmiş,
eposa yeni zəngin faktlar əlavə etməklə daha
dolğun müqəddimə və şərhlərlə
1962-ci və 1978-ci illərdə yenidən çap
etdirmişdir.
Onilliklər
keçəndən sonra 2000-ci ildə "Kitabi-Dədə
Qorqud"un 1300 illik yubileyində ulu öndərimiz Heydər
Əliyev məruzəsində və ikicildlik "Kitabi-Dədə
Qorqud" ensiklopediyasına yazdığı "Milli
varlığımızın mötəbər
qaynağı" adlı möhtəşəm məqaləsində
xüsusi vurğulamışdır:
"Dünya
qorqudşünaslığı "Kitabi-Dədə
Qorqud"un istər etnik, mənşə, istər
tarixi-coğrafi, ərazi, istərsə də dil və məfkurə
baxımından Azərbaycan xalqına mənsub olması
fikrini qəti şəkildə təsdiq edir.
"Kitabi-Dədə Qorqud"un Azərbaycan tarixi
üçün ən böyük, ən əsas və ən
birinci xidməti bundan ibarətdir". (Bax:
"Kitabi-Dədə Qorqud" ensiklopediyası, I cild, s.6).
Bu tarixi xidmətdə akademik Həmid Araslının
hamıdan çox payı vardır.
Hələ
uşaqlıqda yaşlılardan Dədə Qorqudla
bağlı eşitmişdim:
İynəyə tikən demədin, ay Dədə Qorqud.
Tikənə sökən demədin, ay Dədə Qorqud.
Gəlinə ayıran demədin, ay Dədə Qorqud.
Ayrana doyuran demədin, ay Dədə Qorqud.
Həmid
müəllimin tədqiqatları ilə tanış
olanda gördüm ki, bu maraqlı sətirlər onun da nəzərindən
qaçmayıb, azacıq fərqlə:
Gəlinə ayran demədi o Dədə Qorqud.
Ayrana doyran demədi o Dədə Qorqud.
İynəyə tikən demədi o Dədə Qorqud.
Tikənə sökən demədi o Dədə Qorqud.
Bu, əsərin
1939-cu il çapına Ön sözdə
verilmişdi. "Kitabi-Dədə Qorqud"un
1962-ci il çapındakı Ön sözdə dəyişiklik
özünü göstərir:
Gəlinə ayran demədim mən, Dədə Qorqud.
Ayrana doyran demədim mən, Dədə Qorqud.
İynəyə tikən demədim mən, Dədə
Qorqud.
Tikənə sökən demədim mən, Dədə
Qorqud.
Epos barədə
akademik Həmid Araslının
tədqiqatlarından çıxış edərək
tam əminliklə deyə bilərik ki, Həmid müəllim
Dədə Qorqudla bağlı araşdırmalarından
başqa heç bir əsər yazmasaydı belə, eposun
ilk və mötəbər
araşdırıcısı kimi ədəbiyyat tarixinə
düşərdi.
Akademik Həmid Araslının tədqiqata cəlb etdiyi
2-ci qəhrəmanlıq dastanı "Koroğlu"dur. "Xalqın
qəhrəman oğlu" (1942) adlanan əsərə Məmməd
Arif ön söz yazmışdır. Ərəb
əlifbası ilə çap olunan kitab 1988-ci ildə kiril əlifbasında
yenidən, lakin müqəddiməsiz çap olunub.
Sadə
dildə yazılan, orta məktəb şagirdləri
üçün nəzərdə tutulan və çox
gözəl şəkildə sadələşdirilən
variant aşağıdakı yığcam fəsilləri əhatə
edir: "Qoca kişinin oğlu", "Təzə yerdə",
"Sınaq günü", "İntiqam",
"Mübarizə günləri", "Səfər",
"Cinayət və sədaqət", "Ümid və
inam".
Son fəsildən məlum olur ki, Koroğlu cavanlıqda
Dərbənddə Mömünə xanımla evlənibmiş. Həsənbəy
adlı oğlu varmış.
Həmid Araslının folklorşünaslıq fəaliyyətində
aşıq yaradıcılığı da əhəmiyyətli
yer tutur. Alimin 1960-cı ildə çapına nail olduğu
"Aşıq yaradıcılığı" əsəri
hadisəyə çevrildi.
Əsər
Giriş; Qədim aşıq yaradıcılığı;
XVI əsrdə aşıq yaradıcılığı; XVII əsrdə
aşıq yaradıcılığı; Yeni dastanlar; XVIII əsrdə
aşıq yaradıcılığı; XIX əsrdə
aşıq yaradıcılığı; Böyük Vətən
müharibəsindən sonra aşıq şeiri və s. əhatə
edir.
Həmid
müəllim aşıq şeirinin ecazkar nümunələrini
yaradan, çalıb-oxuyan, ağır məclisləri yola verən,
dastan qoşan, "bağlama-deyişmələr"də cəsarətlə
iştirak edən, istedadını, biliyini, bədahətən
şeir demə qabiliyyətini nümayiş etdirən,
aşıq şeir şəkillərindən yerli-yerində
istifadə edə bilən, bütün aşıq
havalarından xəbərdar olan, özü aşıq
havaları yaradan aşıqların "Dədə"
adlandırıldıqlarını xüsusi vurğulayır. Burada böyük bir həqiqət vardır.
Bunu Xəstə Qasımla Ləzgi Əhmədin
"Bağlama deyişməsi"nin
"hərbə-zorba" mərhələsindən də
görmək olur. Xəstə Qasımı
bağlayaraq sazını əlindən almaq iddiasında olan,
zəmanəsinin qüdrətli aşığı Ləzgi
Əhməd də etiraf edir.
Ləzgi
Əhməd:
Sənin
adın Dədə Qasım,
Yandıracam oda, Qasım.
Ləzgi
Əhmədin əlindən
Gedəcəksən dada, Qasım.
Xəstə
Qasım:
Əhməd,
belini dağa ver,
Gəl hirsinə qadağa ver.
Qurtarsan Xəstə
Qasımdan
Bir ye, beş sadağa ver.
Tədqiqatçı xalq ruhunda yazıb-yaradan şairlərin
aşıq kimi tanındıqlarını, onların əsərlərinin
aşıq repertuarına keçib icra olunduğunu da göstərir. Yeri gəlmişkən,
zəmanəmizdə xalq ruhunda yazıb-yaradan şairlər
aşıq deyil, el şairləri kimi tanınırlar. Həqiqət budur ki, onlar aşıq
poeziyasının və aşıq sənətinin
inkişafına xidmət göstərirlər.
Həmid
müəllim əsərində Qurbani, Abbas Tufarqanlı, Xəstə
Qasım, Sarı Aşıq, Aşıq Alı, Aşıq
Ələsgər kimi ustadların hər birinə ayrıca məqalə
həsr etmişdir. Tədqiqatçı
dastanlara da geniş yer vermişdir. Əsrlərin
sınağına sinə gərən, milli-bədii təfəkkürün
canlı abidələri, Həmid müəllimin aşıq
yaradıcılığının şah əsəri
adlandırdığı dastanlar öz möhtəşəmliyini
zəmanəmizə qədər qoruyub saxlamışdır.
Araşdırıcı onları qəhrəmanlıq
və məhəbbət dastanları olmaqla iki hissəyə
ayırmış və tədqiq etmişdir.
"Koroğlu", "Qaçaq Nəbi",
"Qaçaq Kərəm" kimi qəhrəmanlıq
dastanlarında "Dədə Qorqud" dastanlarının
izini araşdırmışdır. Qəhrəmanlıq
dastanlarını tarixilik baxımından təhlil
etmişdir.
"Şah
İsmayıl", "Qurbani", "Abbas və Gülgəz",
"Aşıq Qərib" kimi məşhur məhəbbət
dastanlarından, onların yaranma yollarından, dastanların
yazılı ədəbiyyatımızın inkişafına
təsirindən söz açmışdır.
Aşıq şeir şəkillərindən qoşma, gəraylı,
təcnis, müxəmməs və s.-dən də bəhs
etmişdir. Aşıq yaradıcılığının Azərbaycan
ədəbiyyatının mühüm bir sahəsini təşkil
etdiyini xüsusi vurğulamışdır.
Alimin aşıq sənəti və aşıq
yaradıcılığı barədə orijinal tədqiqatları
və irəli sürdüyü mülahizələri bu
gün də öz əhəmiyyətini itirmir.
Həmid müəllim beynəlxalq aləmdə
tanınan və nüfuzlu söz sahibi olan, Azərbaycan
xalqına başucalığı gətirən milli-mənəvi
dəyərimizdir.
Təəssüf ki, akademik Həmid Araslını
yaradıcılığının kamillik dövründə
itirdik. Bu, ağır itki idi. Hardasa
oxumuşam, hər hansı bir itki təəssüf və məyusluq
doğurur. Lakin insan itkisi həyatda ən
ağır, ən əvəzsiz və göynərtili itkidir.
O da ola Həmid müəllim kimi
böyük alim və şəxsiyyətin itkisi. Həyatla
vidalaşan alim beynində götür-qoy etdiyi, hələ qələmə
almadığı neçə-neçə əsəri özü ilə
apardı.
Təsəllini onda tapırıq ki, Həmid müəllim
xalqımıza fundamental abidə əsərlər qoyub
getmişdir.
Qəzənfər PAŞAYEV
Ədəbiyyat qəzeti.- 2019.- 2 mart.- S.8-9.