Özünə yenilən

“kral aktyor”

 

Yeri görünənlər

 

Səməndər müəllim son ana qədər o uvertüranın əzəmətini, ülviliyini qoruyub saxladı, bu dəyərləri urvatdan düşməyə qoymadı, sənət yanğısının ucalığına, müqəddəsliyinə tapınaraq milli mədəniyyətimizə layiqincə xidmət etdi və sonda da öz sənət yanğısını, təşnəsini söndürmək üçün heç kəsin gözləmədiyi bir məqamda Səməndər quşu kimi yanıb kül olmağı bacardı.

Mən Səməndər Rzayevi ilk dəfə təxminən 47 il əvvəl Ç.Aytmatovun eyniadlı povesti əsasında hazırlanmış "Qırmızı yaylıqlı qovağım mənim" televiziya tamaşasında görmüşəm. O tamaşanın süjetini, təfərrüatlarını indi yuxu kimi xatırlayıram, amma həmin tamaşada baş rolu oynayan gənc Səməndər Rzayevin işıqlı siması və ecazkar səsi yaddaşıma həmişəlik hopduğundan həmin simanı indi də görürəm, həmin səsi indi də eşidirəm - hiss və duyğuların rəngarəng çalarları ilə süslənmiş 41 illik dramatik bir ömrün, sənət yanğısının hakim kəsildiyi 20 illik yaradıcılıq dastanıın uvertürası kimi.

Səməndər müəllim son ana qədər o uvertüranın əzəmətini, ülviliyini qoruyub saxladı, bu dəyərləri urvatdan düşməyə qoymadı, sənət yanğısının ucalığına, müqəddəsliyinə tapınaraq milli mədəniyyətimizə layiqincə xidmət etdi və sonda da öz sənət yanğısını, təşnəsini söndürmək üçün heç kəsin gözləmədiyi bir məqamda Səməndər quşu kimi yanıb kül olmağı bacardı.

Mənə Azərbaycan teatrının bu parlaq ulduzu ilə görüşüb ünsiyyətdə olmaq, onun daxili mədəniyyətinə, nəcibliyinə şəxsən şahidlik etmək xoşbəxtliyi nəsib olub. 1982-ci ildə - onda mən hələ tələbə idim - Azərbaycan televiziyasından teatr sənəti mövzusunda bir verilişin ssenarisini yazmaq tapşırığı almışdım. Ssenariyə görə mən həmin verilişdə müəllif-aparıcı kimi dramaturqların müəyyən obrazları konkret aktyorlar üçün yazması məsələsinə də toxunmalıydım. Özümə tərəf-müqabili axtaranda tərəddüdsüz Səməndər müəllimin üzərində dayandım. Həyəcandan boğula-boğula ona telefon açdım, niyyətimi bildirdim və ustadın o sehrli, bənzərsiz səsini eşidən kimi bütün tərəddüdlərim bu səsin məxmər yumşaqlığına yenildi: Səməndər müəllim səsinin ahəngi ilə elə bir aura yaratdı ki, elə bil biz neçə ilin tanışıydıq və uzun müddətdən sonra telefonla ünsiyyət yaradıb fikir bölüşürdük. Hiss etdim ki, o mənə yaradıcılıq aləmində ilk adımlarını atan tələbə-jurnalist kimi yox, ən azından öz səviyyəsinə uyğun tərəfdaş kimi baxır. Fikirlərini sabah yazılı şəkildə teatrda təqdim edəcəyini dedi və vaxt təyin etdi. Ertəsi gün görüşdük. Sözün hər mənasında bu nəhəng sənətkar adi şagird dəftərinin qeydlər edilmiş qoşa vərəqini mənə təqdim edəndə yenə də özümü itirdim. Bu dəfə sevimli aktyorun əyani təbəssümü, səmimiyyəti dadıma yetdi.

Ustadın səliqəli xətlə yazdığı həmin o 4 səhifəlik yazını neçə illərdir ki, qoruyuram. Həmin yazının mətnini oxuculara təqdim edəcəyəm, amma indi o xoş anlardan ayrılıb bu günə qayıtmaq, kinofilmlərimizdə yaşayan S.Rzayevi (onun teatrdakı fəaliyyəti fundamental araşdırma mövzusudur) bir daha tanımaq və bacarsam həm də tanıtmaq istəyirəm.

Yəqin, bütün sənətsevərlər təsdiq edərlər ki, Səməndər müəllim zahiri görünüşü baxımından öz yaşını xeyli qabaqlamışdı. Sanki onun içində axan zamanla içində olduğu real zaman arasında bir disharmoniya vardı: içində gəzdirdiyi və şəriksiz sahibi olduğu zaman daha sürətlə axır, saatlarla, dəqiqələrlə ölçdüyümüz real zamandan öndə gedirdi. Ona görə də 23-25 yaşlarında o, artıq ömrünün müdriklik dövrünə qədəm qoymuş, dünyanın hər üzünü görmüş kişi təsiri bağışlayır, ağır təbiəti, müdrik adamlara xas davranış tərzi ilə seçilirdi. Bəlkə, elə buna görə kinorejissorlar çəkəcəkləri filmlərdə onun rol almasının perspektivlərini proqnozlaşdırmağa çətinlik çəkirdilər. 20-25 yaşlarında "qocalmış" müdrik gənc obrazı heç indinin özündə də milli kinomuzda öz bədii-estetik təsdiqini tapmayıb. Lakin aktyor sənətinə münasibətdə öz mövqeyi, aktyorlarla işləməkdə öz prinsipləri olan Həsən Seyidbəyli 1973-cü ildə çəkdiyi "Nəsimi" filmində ən mürəkkəb obrazlardan birini - tarixi şəxsiyyət olan Şirvanşah İbrahimin ekran obrazını yaratmağı ona həvalə etdi. Cəmi 31 yaşı olan Səməndər Rzayev bu rolu su kimi içdi, onun daxili təlatümlərini, dramatik vəziyyətlərdə rəngdən-rəngə düşən xarakterini, gah müdrik hakimlərə xas olan təmkinini, gah da məqsədinə çatmaq üçün üz tutduğu fəndgirliyin, siyasi gedişlərin anatomiyasını özünəxas olan bir zərgər dəqiqliyi ilə canlandırdı. Səməndər Rzayevin ifasında İbrahim xarakteri sədaqətlə xəyanətin, səmimiyyətlə siyasi riyakarlığın vəhdətində yoğrulmuş, siyasət adlı bir çirkin oyunun iştirakçısı olmaq məsuliyyətinin ağır yükünü çiyinlərinə götürərək hakimi olduğu məmləkəti qandan xilas etmək üçün hər üsula əl atan, hətta şairi qurban verməyi günah saymayan mürəkkəb tarixi şəxsiyyət idi.

31 yaşlı aktyorun bu filmdə öz boyundan qat-qat hündürə atılmaq istedadı vulkan kimi püskürdü, Səməndərin daxili enerjisinin, potensial imkanlarının siqlətini üzə çıxartdı, teatrda müəyyən uğurları olan bu aktyorun kinomuzu da yeni obrazlarla zənginləşdirəcəyinə dərin inam yaratdı. Amma işə bax ki, taleyin S.Rzayevlə acı zarafatı da bu möhtəşəm uğur ilə başladı, "Nəsimi"dəki qələbə onu kinoda yeni uğurlara aparan yolda əməlli-başlı əngələ çevrildi. Bu uğurun bədii-estetik dəyəri o qədər möhtəşəm idi ki, rejissorlar Səməndəri başqa qiyafədə görməyə, sadəcə olaraq, cəsarət etmədilər. Mən əvvəlki yazılarımın birində bəzi aktyorların taleyində bu olayın oynadığı paradokslar barədə yazmışam. Məncə, S.Rzayev də kinoda bu aqibəti yaşadı. Onu yaratdığı İbrahim, sanki dahi bir rəssamın rəngarəng boyalarla ərsəyə gətirdiyi monumental bir portret idi və adama elə gəlirdi ki, Səməndər məhz belə portretlərə nəfəs, can vermək üçün doğulub və bu cür portret səviyyəsində olmayan obrazlar onun aktyor əzəməti qarşısında çox cılız görünür, onun yaratmaq yanğısını söndürməyə qadir deyil. Faiq ("Ad günü"), Hidayət ("Bəyin oğurlanması"), bazarkom ("Bağ mövsümü"), raykom katibi ("Babamızın babasının babası"), Həsən ağa ("Evlənmək istəyirəm") obrazlarını və bir neçə başqa filmdə oynadığı rolları Səməndərin potensialı müqabilində yaradıcılıq qələbəsi, sənət hadisəsi kimi qiymətləndirmək doğru olmazdı (baxmayaraq ki, ilhama aradılmış bu obrazlar indi də sevilir). Doğrudur, "Babək" filmində yaratdığı İbn Bəyiz aktyorun yaratdığı ekran qəhrəmanları sırasında fərqlənir. Səməndərin yozumunda o, süjetə hazır vəziyyətdə daxil olub öz birmənalı rolunu oynayan adi, necə deyərlər "növbətçi" obraz deyil, satqınlığın, xəyanətin rüşeym halından xislətə çevrilməsi prosesini psixofizioloji planda incələyən, Babək kimi neçə-neçə ərənin məğlubiyyətini, aldanışını şərtləndirən bir kabusdur. Aktyor bu filmdə həm də öz şəxsi istəklərini, arzusunda olduğu rolları unudub yalnız yaradıcılıq missiyasına tapınaraq çoxlarının öhdəsindən gələ bilmədiyi bu çətin işdə nümunə göstərdi və istər-istəməz təəssüflənirsən ki, belə bir yaradıcılıq qüdrəti İbn Bəyizdən daha tutumlu, daha mürəkkəb obrazlara əbədi həyat vermək gücündə ikən ondan axıra qədər istifadə olunmadı. Bu mənada Azərbaycan kinosu heç şübhəsiz ki, S.Rzayevə borclu qaldı.

Səməndər isə öz xalqı, onun mədəniyyəti qarşısında borcunu layiqincə verdi, özü də təkcə yaşından tez ahıllaşan naturası ilə yox, həm də min bir hikmət daşıyan səsi ilə.

Onun səsinin sehri, qüdrəti barədə çox deyilib və düzü, mən bu deyilənlərə nə isə təzə bir şey əlavə edəcəyimə tam əmin deyiləm. Amma Səməndər haqqında yazıb bu mövzuya toxunmamaq, sadəcə, günahdır.

O, obrazı təkcə mimikası, jestləri, baxışları ilə yox, həm də səsi ilə yarada bilən, obrazın təqdimində səsi ön plana çıxaran nadir istedad sahiblərindən idi. Səməndər səsini gah gizli pıçıltıya, gah bulaq kimi qaynayan ağayana söyləmə, gah da hayqırtıya eyni səviyyədə çevirməyi bacarırdı. Elə buna görə də bir çox filmlərimizdə başqa aktyorların yaratdıqları obrazlar ekranda məhz onun səsi ilə danışırdı. Mən bu məsələdə də təfərrüatlara varmaq istəmirəm, lakin 2 filmdə Səməndərin öz səsi ilə yaratdığı möcüzə barədə danışmaqdan özümü saxlaya bilmirəm.

Rus rejissoru Q. Kozintsevin çəkdiyi ikiseriyalı "Kral Lir" filmində baş qəhrəman Lirin rolunu aktyor Yuri Yarvet oynayıb, onu rus dilində isə Zinoviy Gerd səsləndirib. Film Azərbaycan dilinə dublyaj ediləndə Lirin səs-danışıq obrazının ekran həlli S.Rzayevə həvalə edilib və o vaxt hələ 30 yaşı tamam olmamış aktyor 3 ərgən qız atası, yaşlı kralı dilimizdə elə danışdırıb ki, Lirin ingilis yox, azərbaycanlı olmasına, azərbaycanlı kimi düşünüb-danışdığına inanmaq istəyirsən. Dünya ədəbiyyatının şah obrazlarından olan Lirin bu sayaq "milliləşdirilməsi", nitqin ahəngi, səsinin tembri, emosional çalarları ilə yeni sima qazanması heç şübhəsiz, Səməndərin qələbəsi idi. Qələm dostum İntiqam Mehdizadə yazılarının birində qeyd edir ki, ötən əsrin 70-ci illərində o vaxtkı Leninqradda keçirilən dublyaj filmləri festivalında nümayiş olunarkən bu filmdə Səməndərin səsi münsiflər heyəti üzvlərini elə sehrləyir ki, onlar görməzə-biməzə Səməndərin ustalığına heyranlıqlarını 2 kəlmə sözlə belə ifadə edirlər: "Kral aktyor".

Bu, heç şübhəsiz ki, Səməndərin şəxsində Azərbaycan aktyor məktəbinin təntənəsi idi.

Yaxud "İstintaq" filmində baş qəhrəman Seyfinin müttəhim Muradın yersiz inadını sarsıdan, Murad bir yana, tamaşaçıların da iliyinə işləyən, necə deyərlər, onların tüklərini biz-biz qaldıran məşhur monoloq-müraciəti. Əmr, xahiş, yalvarış, sual intonasiyalarının bir-birinə qarışaraq az qala daşı da sındırmağa qadir bir effekt yaratdığı bu monoloq-müraciət söylənəndə Səməndərin səsi, sanki qeybdən gəlir, bu səsin ilahi gücü tamaşaçıya da sirayət edir və o da yerindən qalxıb Seyfiyə qoşularaq öz daxilində hayqırır; "...Odur?".

Səməndər Rzayev sənətə ötən əsrin 60-cı llərində gələn çox istedadlı bir nəslin bu dünyad an köç edən ilk nümayəndəsi oldu. Həyatının mənasına çevrilən sənət yanğısına yenilib vəfat edəndə onun cəmi 41 yaşı vardı.

...Amma o, 20 illik yaradıcılıq fəaliyyətini tarixə çevirməyi bacardı, sənət salnaməmizə hamımızın fəxrlə, qürurla oxuduğu parlaq bir səhifə yazdı - Səməndər Rzayev səhifəsi.

 

Əlisəfdər HÜSEYNOV

 

Ədəbiyyat qəzeti.- 2019.- 8 mart.- S.31.