Xatirələrin xoşbəxt guşəsi
Dünyadan köçmüş adamlar, talelər, fotolar, tanımadığım
insan siluetləri, məhəlləmizdəki qara
itimiz və bağırsaq kimi uzanan xatirələr... Bütün bunlar içimdə mövcudluqlarını qoruyurlar.
İnsan
özünü tənha
hiss edəndə xatirələrinə
sığınır. Orda xatırlamaq
istədiklərini yadına
salır, görmək
istədiklərinin xəyalını
qurur. Bəs, görəsən, bizim içimiz boş, susuz səhra kimi olsaydı, xoşbəxt ola
bilərdikmi? Yaddaşımız,
içimiz kimsəsiz,
həyatsız, işıqsız...
Yox, yenə də xoşbəxt ola bilməzdik.
Axı,
biz darıxan, sevgiyə
ac məxluqlarıq. Bəs
o zaman, içimizdə
yaşayanlara görə
necə xoşbəxt
ola bilirik?
Yox, yenə də xoşbəxt ola bilmirik.
Ona görə ki, xatirələrimiz əzab
verir bizə, incidir bizi. Fikir verirəm, iki gənc bir-birilə söhbət edir, mövzuları uşaqlıq
illəri. Yaxud iki
qoca gənclik vaxtlarından bəh-bəhlə
danışır, gülür,
qüssələnir. Xatirələr
qocalan beyinlərin söykəndikləri çəhrayı
əsaya bənzəyir...
Niyə axı biz daim keçmişdən danışırıq?
Suallar həyat qədər sirlidir.
Mənim yaddaşım uşaqlığıma
köklənib. Vaxtaşırı
xatirələrimin küçələrində
yağışlı gündə
əlində top arıq
bir oğlan qaçır. Nəfəsini dərmədən şütüyür. Onu heç
cürə saxlaya bilmirəm. Çingiz
Aytmatov demişdi bu sözləri: "Uşaqlıq insanın vətənidir". Böyüdükcə o vətəndən uzaq düşsək belə, hər zaman içimizdə o vətənə
bir həsrət yeri qalır. Hərdən
də atamın işıqlı çöhrəsi
göy üzündə
peyda olur. Və mən eynən teatr tamaşalarındakı kimi
onu seyr edirəm, saatlarca, günlərcə...
Xatirələr həyat kimi amansızdı, yaxamızdan
yapışır, bizi
beynimizin ən çıxılmaz küçələrinə
atır. Hərdən deyirəm, kaş,
beynimin qapağını
açar, yaşadığım
xatirələri torpağa
basdırar, yenidən
doğulmuş kimi, tərtəmiz yaddaşla yaşamağa qədəm
qoyardım.
İnsanları bir-birinə xoş xatirələr bağlamır,
bunu uşaqlığımdan
öyrənmişəm. Onları acı
xatirələr qədər
heç nə bir-birinə bağlaya bilmir.
Ancaq yazıçılar
üçün xatirələr
çox önəmlidir. Yazıçının inkişafına, məhsuldar
olmasına hər zaman kömək edə bilir. Ona görə də xatirələr yazıçılar
üçün lazımlı
materiallardı.
...Bir dostum vardı,
qolumda ondan bir xatirə qalıb, şüşə
kəsmişdi. Zarafatlaşırdıq,
birdən bu bədbəxt hadisə baş verdi.
İstəmədən qolumu qırmızı
rəngə boyamışdı.
Hər dəfə qolumda o yara izlərini görəndə dostum yadıma düşür.
Onu isə vərəm dünyadan apardı.
Tanrı sevdiyi adamları yanına aparan kimi...
Bir gün yayın istisində anamla bazara getmişdik. Əlimiz dolu
yolu keçirdik ki, qəfil məni maşın vurdu. Yerə sərildim. Ayağım
əzildi. Anam yerdə,
gözlərində qorxu,
təşvişlə məni
qaldırmağa çalışırdı.
Yolun ortasına kartof-soğan səpələnmişdi. Anamın köməyilə axsaya-axsaya
yolu keçdik, birtəhər evə gələ bildik. Atam o vaxtlar siqareti tərgitmişdi. İşdən qayıdırdı. Binaya çatanda
qardaşım "Oğuzu
maşın vurdu"
deyəndə ildırım
vurmuşa dönüb,
tez-tələsik pillələri
qalxıb yanıma gəldi. Saçıma tumar çəkdiyi
yadımdadır. Sonra qanrılıb
qardaşıma əsəbi-əsəbi
"get, papiros al" dediyi
an. O gün atamın mənə olan sonsuz sevgisini duymuşdum. Sevgisini heç
vaxt açıq-aşkar
göstərmədiyindən mənə olan diqqətinə şaşırmışdım.
Əli Kərimin şeirində dediyi kimi, "sevgisi də soyuq idi, təzə
əkini hər bəladan hifz eləyən qar kimi".
İndi
Ennio Morrikonenin həzin bəstələri
qulağıma pıçıldayır:
xatirələr ömür
boyu içimizdə yaşayacaq və günəş kimi parlayacaq...
Oğuz AYVAZ
Ədəbiyyat qəzeti.- 2019.-
8 mart.- S.32.