Ağdaşda Əjdər Olun yaradıcılığına

həsr olunmuş tədbir keçirildi

 

 Bu günlərdə Ağdaş rayon Mərkəzi  Kitabxanasında    Azərbaycan Yazıçılar Birliyi Ağdaş bölməsinin  təşkilatçılığı ilə tanınmış şair, yazıçı, dramaturq  Əjdər  Olun  yaradıcılığına həsr olunmuş  tədbir  keçirilib.

 Tədbiri  giriş  sözü  ilə  Mərkəzləşdirilmiş  Kitabxana sisteminin direktoru Seyfəddin Feyzullayev açaraq  müasir  ədəbi  mühitdə  layiqli yeri  olan  Əjdər  Ol haqqında  danışıb.

 Sonra söz kitabxananın aparıcı işçisi Xuraman Məhərrəmovaya verilib. O, ədibin həyat və fəaliyyətindən, eləcə də milli poeziyamızda özünə məxsus yeri  olan müəllifin  şeirlərindən  söz  açıb.

 Kitabxananın  digər  işçisi Könül xanım  ədəbi  camiənin  tanınmış  nümayəndəsi  Əjdər  Ol yaradıcılığında və çağdaş nəsrimizdə hadisə  kimi  qarşılanan  portret  hekayələrinin əsas  məziyyətlərindən  bəhs edib. Mədəniyyət mərkəzində fəaliyyət göstərən Xalq teatrının  rejissoru X.Qəniyev ədibin dram əsərlərindən bəhs edib, gələcəkdə bu əsərlərdən birini səhnələşdirməyə çalışacağını qeyd etdi.

 Oxuculardan Vüsalə Məmmədova, Aynur Çələbiyeva, Müşərrəf Alıyeva şairin şeirlərindən  parçalar söylədilər.

 Mərasim  zamanı  şairlərdən  Cabir Həsənov, Dünyamin Məmmədov çağdaş ədəbiyyatımızın layiqli nümayəndəsi Əjdər Ola yaradıcılıq uğurları arzuladılar.

 Sonda Azərbaycan Yazıçılar Birliyi Ağdaş bölməsinin sədri şair Fəxrəddin Əsəd tədbir iştirakçılarına Əjdər Olun salamlarını çatdırmış və yazıçının 15-ə qədər kitabını Mərkəzi kitabxananın fonduna hədiyyə etdi.            

Tədbirdə  yerli  yazarlar, ictimaiyyət  nümayəndələri  iştirak  ediblər.

 

Ədəbiyyat qəzeti.- 2019.- 8 mart.- S.32.