"Dostlar, badələri
qaldırın içək!"
Min illərdir
ki, Qafqazda tost demək Tanrıya xoş gələn iş,
qutsal bir ayindir. Tost alqış-dua kimi fövqəlvarlıqlara,
xeyir qüvvələrinə ünvanlanır. İnanca
görə, məclisdə badələr qaldırılıb
şərab içilməsə, həmin tost etibarsız
sayılır.
Azərbaycanda
"tost" yerinə daha çox "sağlıq"
sözü işlədilir. (Bəlkə kilsə - slavyan
dilində "zdravitsa" sözünün tərcüməsidir?).
Sözün özündə artıq janrın məramı-məqsədi
aydınca görünür. Sağlıqlar ölkəmizdə
həm məclis, toy-düyün ritorikasının vacib bir
janrıdır, həm də bir etiket formasıdır.
Tost
(sağlıq) nüfuzlu, hörmətli şəxs, el
ağsaqqalı tərəfindən söylənilir. Masabəyi
dilin magik improvizə imkanlarından, metafora potensialından
geniş istifadə edir. Masabəyinin (tamadanın) şifahi təhkiyə
ustalığından asılı olaraq sağlıq mətninə
fərqli janr elementləri - xatirə, lətifə, rəvayət,
şeir və s. daxil edilir.
Yuxuya getməsin
məclisdəkilər -
Mənim
söhbətimdən yorulmaq olmaz.
Hələ
yer üstündə, insan yanında
Deyib
danışmaqdan doymamışam mən.
S.Vurğun. "Mən tələsmirəm"
Məhz məclis
tost (sağlıq) mətnini ritual janra, məclisdəkiləri
isə tamaşası-dinləyici auditoriyasına çevirir.
Məclisin yüksək əhvalı birgə yemə-içmə
ayini insanlar arasında sosial əlaqələri birləşdirir,
yəni kollektiv-magik akt baş verir.
Gecənin
dodaqları gülümsəyirdi,
Masabəyi
sevinclə - İçin! - deyirdi.
M.Müşfiq. "Üç
sağlıq".
XX əsr
Azərbaycan poeziyasında "sağlıq" (tost)
ayrıca janr kimi, öyrənilməmiş, ya da janrın
funksional-semantik mahiyyəti müəyyən
olunmamışdır. Təəssüf ki, kiçik qəzet
yazısı bu mövzunun geniş tədqiqinə imkan vermir.
"Sağlıq" ən çox S.Vurğunun poetik
sistemində fəaldır: ya ayrıca janr kimi, ya da başqa mətnin
tərkibində işlənir. Məsələn, yeni il ərəfəsində,
1940-cı ilin 28 dekabrında yazdığı "Təzə
il" şeiri
"sağlıq"la başlayır. Səməd
Vurğun yaradıcılığının ana ovqat xətti
- bahar ümidi, bahar müjdəsi bu şeirin də ruhunu ifadə
edir:
Vaxtdır
qədəhləri qaldırın, dostlar!
İçək
Təzə ilin şərəfinə biz!
Al geyib gələcək
yeni bir bahar,
Var olsun
ömrümüz, səadətimiz,
İçək
təzə ilin şərəfinə biz!
Qanlı
İkinci Dünya savaşının vurhavurunda
yazılmış "Təzə il sovqatı" şeirində
(28 dekabr 1944-cü il) cəbhədə, soyuq səngərdə
olan dostunu xatırlayır. Şair ümid edir və inanır
ki, onun bu poetik tostu onunla virtual əlaqə yaradır:
Bu təzə
il məclisinə göz açır səhər,
Al günəşin
ilk şəfəqi yayılır dağa.
Bu vaxt sənin
sağlığına dinir qədəhlər,
Bütün
məclis ehtiramla qalxır ayağa.
Mənsə
şeir nəqş edirəm bu diləyimi:
Ötərgidir
şərablardan qopan ehtiras...
Sənsə
məni qardaş kimi öz bağrına bas!
Sənə
sovqat göndərirəm öz ürəyimi!
Böyük
şairin ilhamlı pafosu, güclü həyat eşqi və əfsanəvi
insanpərvərliyi bu janrın üslub imkanlarını
böyütmüş kimi oldu. Ünlü ədəbiyyatşünas
M.M.Baxtın deyirdi: "Üslub hardadırsa, janr ordadır.
Bir üslubun bir janrdan başqasına keçməsi
yalnız ona xas olmayan janrın üslubi səslənişini
dəyişdirmir, həmin janrı dağıdır və ya
təzələyir". Klassik "saqinamə" janrı
sanki XX yüzilin
emosional-ritorik üslubuna
uyğunlaşır.
Sağlıq
janrının fəlsəfəsi və üslubu sovet
şeirinin bütöv məkanını, yəni "energiya
axınını" (O.Mandelştam) formalaşdırır.
S.Vurğun "Mən tələsmirəm" adlı
metafizik şeirini sağlıq ayininin ilk formulu ilə
başlayır:
Dostlar,
badələri qaldırın içək!
Gecə
ulduzludur, hava da sərin.
Demirəm,
məst olub dünyadan köçək,
Deyirəm
mehriban düşüncələrin
İsti
qucağında qızınaq bir az...
Artıq
şairin bu "sağlığın" ovqatı əvvəlki
"sağlıq"lara bənzəmirdi. Bu dünyanın
faniliyi, ömrün gödəkliyi şeirin ruhuna bir kədər
halallığı hopdurmuşdur.
M.Müşfiqin
bu adda, bu janrda "Üç sağlıq" adlı
şeiri var, səhv etmirəmsə, 1933-cü ildə
yazılıb. Müşfiqin Dilbər xanımla evlənməsi
də həmin ildə olub. F.Qurbansoy yazır: "Həmin
gün çərşənbə axşamı idi. 20 iyun
1933-cü il Ata evinin geniş otağının ortasında
masaları bir-birinə birləşdirib ziyafət məclisi
yaratmışdılar. Başda, bəylə gəlinin sağ
tərəfində Hüseyn Cavid həyat yoldaşı
Mişkinaz xanımla, sol tərəfində Abdulla Şaiq həyat
yoldaşı Şahzadə xanım və bacısı Xavər
xanımla... bir sözlə, Yazıçılar
İttifaqının üzdə olan bütün üzvləri
Mikayıl Müşfiqin toyunda idi.
...Məclisi
idarə edən Hüseyn Cavid bir-bir qonaqlara söz verir,
sağlıqlar deyilirdi. Bülbül, Qurban Pirimov, Eloğlu
müşayiətçi qavalçalan,
kamançaçı məclisə rövnəq verirdi"
(F.Qurbansoy. "Lacivərd göylərin ətəklərində").
Həmin
şeirin bu xudmani məclis ilə nə dərəcədə
əlaqəsi var - indi bunu demək
çətindir...
Adından
göründüyü kimi, şeir kişi, qadın və
cocuq şərəfinə söylənmiş üç
"sağlıq"dan (tostdan) ibarətdir.
Qopdu
alqış, gurultu: - Yaşasın ərlər!
Biri
gülərək dedi: - İndi içərlər!
Yaşasın
sağlam ata, qüvvətli bağban!
Yaşasın
dünyadakı solmaz gülüstan!
O biri
sağlıq "ruhumuzu çiçəkləndirən"
gözəl qadın şərəfinə deyilir. Sonuncu
"sağlıq" isə uşaq haqqındadır:
Biz
ayız, günəşiz, ulduzlar cocuq,
Yaşa
bu dünyada bəxtiyar, cocuq!
Doyun, ey
qüvvətli, nəşəli qəlbi
Yaşa
günəş kibi, kainat kibi!
Poetik
tostlar bütün ritual-magik janrlar kimi performativdir, yəni
söz həmişə əmələ bərabərdir.
Amma, nədənsə,
hər iki "sağlığ"ın ("Mən tələsmirəm"
və "Üç sağlıq") əks magik effekti
olur. S.Vurğun təkrar-təkrar "tələsmirəm"
desə də, ömrü 50 yaşda tamamlayır.
Müşfiqin
üç "sağlığı" fələyin
qarğışına tuş gəlir...
1934-cü
ildə dünyaya gələn Müşfiqin Yalçın
adlı oğlu - "qönçə qoxulu" körpəsi
cəmi iki ay yaşayır. Fələyin bu ağır zərbəsindən
şair uzun müddət özünə gələ bilmir.
Müşfiqin
və Dilbər xanımın taleyi hamıya bəlli...
Rüstəm Kamal
Ədəbiyyat qəzeti.- 2019.- 2
mart.- S.11.