“Səməd Vurğun yaradıcılığında azərbaycançılıq

məfkurəsi” mövzusunda məruzə dinlənilib

 

Martın 6-da Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli "Səməd Vurğun yaradıcılığında azərbaycançılıq məfkurəsi" mövzusunda elmi məruzə ilə çıxış edib. Akademik bildirib ki, milli ədəbi düşüncəmizin məntiqi davamı kimi təzahür edən, öz mənşəyini bilavasitə folklor təfəkkürünün etnik-mədəni potensialından götürən, dərin lirizmi və ümumbəşəri dəyərlər sistemi ilə səciyyələnən Səməd Vurğun poeziyasında ən aparıcı ideoloji tendensiyalardan biri azərbaycançılıq məfkurəsi olub. Alim sovet dövründə Səməd Vurğunun azərbaycançılıq məfkurəsinin yalnız milli-mənəvi deyil, eyni zamanda, funksional olaraq milli dövlətçilik təfəkkürünün qorunması baxımından da müstəsna əhəmiyyətə malik olduğunu deyib.

O vurğulayıb ki, görkəmli sənətkarın azərbaycançılıq məfkurəsi xalqın folklor təfəkkürünə, şifahi dil-üslub xüsusiyyətlərinə dayanan Azərbaycan ədəbi dilinin formalaşdırılması və inkişafı, Azərbaycan təbiətinin poetik təsviri fonunda universal Azərbaycan obrazının yaradılması, Azərbaycan tarixinin, xüsusən də dövlətçilik tarixinin şərəf səhifələrinin poetik predmetə çevrilməsi vasitəsilə milli-tarixi enerjinin müasir ictimai fikir dövriyyəsinə daxil edilməsi, müasir azərbaycanlı obrazlarının xarakter səviyyəsində formalaşdırılması ilə fərdi pozitiv azərbaycanlı obrazının yaradılması və SSRİ miqyasında normativləşdirilməsi, elmiictimai fəaliyyəti ilə azərbaycançılıq məfkurəsinin tədqiqi və təbliği istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsi kimi poetik-fəlsəfi postulatlardaictimai fəaliyyət istiqamətlərində reallaşıb.

T.Kərimli Səməd Vurğunun azərbaycançılıq ideologiyası baxımından Nizami Gəncəvi, Məhəmməd Füzuli, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə və başqalarının birbaşalayiqli varisi olduğunu söyləyib. Vurğulayıb ki, özündən əvvəlki klassiklərin əsərləri kimi, Səməd Vurğunun da yaradıcılığı azərbaycançılıq ideologiyasının bədii-fəlsəfi zəminini yaratmağa xidmət edib.

Ümummilli lider Heydər Əliyevin şairin 90 illik yubileyində Səməd Vurğunun şeirlərinin Azərbaycan dilini zənginləşdirdiyini və inkişaf etdirdiyini söylədiyini xatırladan T.Kərimli Ulu Öndərin dahi ədibin yaradıcılığına böyük dəyər verdiyini bildirib. Ulu Öndərin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin şairin 100 illik yubileyinin yüksək səviyyədə keçirilməsi ilə bağlı Sərəncamını xatırladan natiq bildirib ki, bu sənəd ölkə başçısının ədəbiyyatımıza və mədəniyyətimizə göstərdiyi diqqət və qayğının növbəti göstəricisidir.

Səməd Vurğunun təkcə yaradıcılığı deyil, bütövlükdə şəxsiyyətinin də azərbaycançılıq idealına xidmət etdiyini deyən T.Kərimli şairin dostları olan rus sovet şairləri Nikolay Tixonov, Pavel Antokolski və digərlərinin onun şəxsiyyətinin böyüklüyü haqqında fikirlər irəli sürdüyünü də əlavə edib.

Məruzə dinlənildikdən sonra müzakirə aparılıb, suallar cavablandırılıb. Rəyasət Heyətinin qərarı ilə məruzə bəyənilib.

 

Ədəbiyyat qəzeti.- 2019.- 8 mart.- S.3.