Azadlıqdan sonra...
Şeir
deyil, çağırışdır
Yeni bir ölkə cahana gəlir,
İnsanlarının qəddi düzəlir,
Susuz torpaqları cana
gəlir.
Mübarizə aparır, zəfər çalır.
Ev tikir,
yol salır,
bayrağı göyə
ucalır!
Bəzilərini arxayın salır
-
Canında "mənəmlik" artır,
özünü dartır.
Zəfərdən sonra həmişə
belə boşluq olur.
Arxayınlıq, məstlik,
bir az sərxoşluq olur.
O günlərə dözmək
lazımdır.
O zamanı keçmək lazımdır.
Çıxacağın sahili
yaxşı seçmək
lazımdır.
Azadlıq vətənin nəfəsidir,
nəfəsi!
Azadlıqdan sonra hər kəsin
Azadlıq istəməsi
- naşılıqdı!
Xaosdu,
özbaşınalıqdı!
Bu yerdə mübarizə
Dönüb sənin savaşın
olacaq,
Savaşdığın sənin öz vətəndaşın olacaq.
Qazandığınız yadlar əlində
daş-qaş olacaq.
Sənə qalan balalarının
gözündəki yaş olacaq.
Vətən torpağın əllərdə
daş olacaq.
Belə
sathasatda,
alhaalda,
ən yaxşı halda,
Vətənin böyük bir
ölkəyə
kiçik "qardaş"
olacaq.
Bu yolda olmuşuq,
dadını bilmişik.
Bir dəfə ölmüşük,
dirilmişik,
Yenidən dünyaya gəlmişik!
Hamımız bir torpaqdan,
bir candan,
bir qandanıq!
Dünyanın harasında olsaq
Biz Azərbaycandanıq!
Əzizlərim,
Yadınızda qalsın bu sözlərim!
Azadlıqdan sonradır
yolun ən çətini.
Azadlıqdan sonra sınayırlar
Xalqın ağlını, gücünü,
qeyrətini.
Azadlıqdan sonra
Gərək hamımız ayıq-sayıq
olaq,
O gözəl azadlığa
layiq olaq.
Ona sahib
olaq,
Onu başımızdan
yuxarıda tutaq.
Hər cür mənafeni unudaq.
Babalarımızın ruhu oyanıb,
Başımızın üstündə
dayanıb,
Bayrağımızın qırmızısı,
Şəhidlərimizin qanı ilə boyanıb.
Gələcəkdən boylanıb nəsillərimiz,
bizi izləyir.
Bizdən
təmkin, hünər,
zəfər
gözləyir.
Daha şanlı illər,
daha gözəl nəsillər gələcək.
Əl-ələ versin keçmiş,
bu gün,
gələcək,
Hamımız bir can olaq!
Hamımız azad bir Azərbaycan,
Azərbaycan, Azərbaycan olaq!
Davam olacaq
Nə qədər bu dünya, zaman olacaq,
Heç
vaxt sönməyəcək
bu od,
bu ocaq.
Atama ər -
deyən - Anam olacaq.
Oğlumun, qızımın anası
- yarım.
Siz rahat uyuyun ey
ulularım,
Bu zəncir həmişə
davam olacaq,
Bu diyar həmişə
yuvam olacaq.
Sənə şükür olsun, ey ulu Tanrım.
11.02.2019
Fikrət Qoca
Ədəbiyyat qəzeti.- 2019.-
8 mart.- S.9.