Tanrıya və sevdiyi adamlara
sığınan şair
Əbülfət
Mədətoğlu - 60
Mənim düşüncəmə görə, necə
doğulmaqla yanaşı, haçan və harada
doğulmağın da mənası vardır. Mən bu mənada
şair və yazıçılara olduqları yerlərin
etiketləri kimi baxıram. Onların əsərlərində
dünyanın rənglərini, coğrafiyaların özəlliklərini
gördükdə nəyisə kəşf etmiş kimi oluram.
60-nı başa vurub yeni-yeni illərə üz tutan
şair-publisist Əbülfət Mədətoğlu da mənim
üçün məhz belələrindəndir. Əliyev Əbülfət
Mədət oğlu 1959-cu il yanvarın 1-də
Dağlıq Qarabağın Tuğ kəndində anadan
olmuşdur. Bu o deməkdir ki, o, tarixdə məşhur
olan Quruçay mədəniyyətinin araya-ərsəyə gəldiyi
qədim yerlərə və Yer kürəsinin ən qədim
mağaralarından sayılan Azıx və Tağlar
mağaralarına lap yaxın olan bir kənddə dünyaya
göz açmışdır.
O, bədii
yaradıcılığa Tuğ kənd orta məktəbində
təhsil aldığı illərdən
başlamışdır və bir çox kitabın müəllifidir,
əməkdar jurnalistdir. Hazırda "Ədalət"
qəzetinin baş redaktor müavinidir. Onu
"Ədalət"ə bu qədər
doğmalaşdıran, yəqin ki, təbiətən ədalət
axtarışında olmasıdır. Lakin ədalət
axtarışında olanların başı daim bəlalar
içərisində olduğundan, "hər halda, hadisəyə
də, həyatın özünə də yanaşmanın
bir baxış bucağı olmalıdır" deyən
Əbülfət Mədətoğlu həyatı boyunca
"dərdə də, kədərə də, sanki
nişangah olmaq üçün doğulduğunu",
"havaya atılan güllənin də gəlib özünə
dəydiyini" yaradıcılığında etiraf etmək
məcburiyyətində qalmaqdadır. Ən çətin
hallarda Tanrıya və sevdiyi adama (adamlara) sığınan
şair yazır:
Tanrı ətəyinə
uzanan əlim
Saralır son bahar yarpağı kimi.
Oxşa gəl
ruhumu, ay gözəl ölüm!
Vətənin bir ovuc torpağı kimi.
Bəxtiyar
Vahabzadə: "Əbülfət sözün əsl mənasında
şairdir, onu oxuyanda tüstüm təpəmdən
çıxır" demişdir. İşğal edilən
yurdlarımızda əcdadlarımızın başları
üzərlərindəki vətən daşlarının
doğram-doğrandığı, hər ilin "Axır
Cümə" günü "məcburi
köçkün" və "məcburi
qaçqın" statuslu vətəndaşlarımızın
dumanlı baxışlarının düşmən
tapdağında qalan ata-baba ocaqlarımıza dikildiyi bir şəraitdə
"vətəndəki vətənsizliyi" görməmək
mümkün deyildir. Nəinki dünyəvi-coğrafi, hətta
ruhi-mənəvi yaşantıları əlindən
alınmış Qarabağsız Qarabağlını
"evi yanmış düzgün adam"
adlandıran Əbülfət Mədətoğlu yazır:
Mən
dünyadan küskün adam...
Yollar
yormuş üzgün adam...
Evi
yanmış düzgün adam...
Tanış olaq, sevinərəm.
"Tanış olaq" ifadəsi ilə şair illərlə
yaddaşını toplayıb tanımalı olduğunu
tanıya bilməyən ATƏT-in Minsk qrupuna, sanki ironik bir
şəkildə müraciət edir. Bu müraciətdəki sarkazm necə
də sarsıdıcıdır!
Nizami Cəfərov
(akademik) onu "Hər görüş bir ümiddi" kitabına
görə "fərdi hisslər... və sosial xarakterlər
şairi", "özünü yazan şair"
adlandırır". Əbülfət Mədətoğlunun
yaradıcılığını çox sərrast bir şəkildə
ümumiləşdirən Nizami Cəfərov "Qarabağ ədəbi
mühitini, bir az da Natəvan ruhunu, intonasiyasını
özündə yaşadan Əbülfət" ifadəsi ilə
Azərbaycan ədəbi tənqidinin səmimiyyətini sərgiləmiş
olur: " ... onun şeirlərinin
hamısında ... dərin ağrı bir ana xətt kimi (bax.
Nizami Cəfərov. Tarixiliyin müasirliyi... və
müasirliyin tarixiliyi" səh.143) gəlib keçir.
Mən heç
kimlə görüşüb
dərd
danışa bilmədim.
Boğdum
dərdi içimdə
bərk
danışa bilmədim.
Arsız,
gorsuz dolanım,
qəlbi
gücə salmayım?
Yığışıb,
köçüb gedim
artıq
adam olmayım.
Əbülfət
Mədətoğlunun anasına "çadır taleli
anam", dağlara "a dağlar, qəriblik əyibdi məni",
- deyə müraciət etməsi də
köçkünlüyündən və didərginliyindən
irəli gəlir. Nə olsun ki, o, Azərbaycan
adlı ananın qoynundadır - həmvətənlərinin
arasındadır, nə olsun ki, dil və din fərqini
yaşamır, axı, ata ocağı ilə təmasda olmaq
bambaşqa bir xoşbəxtlikdir.
Görkəmli şairimiz Ramiz Rövşənin
"...Əbülfət son dərəcə səmimi və
son dərəcə özünə bənzəyən
şairdir" (bax. Nizami Cəfərov. Tarixiliyin
müasirliyi... və müasirliyin tarixiliyi" səh.138.)
deməsi də təbiidir. Bu səmimiyyət
onun etiraf şeirlərində daha qabarıq
görünür:
Nə kəndim
var, nə evim...
Hansı qapını döyüm.
Neçə
günlük qonağam...
Nə bilim, necə deyim?
Hələ də həllini tapmayan məlum hadisələrin
üstündən 30 ilə yaxın bir vaxt keçsə də,
şair vətənindəki vətənsizlikdə
özünü qonaq qismində görür. Qapıları üzünə
bağlı dünyanın Azərbaycana ögey münasibəti
Əbülfət Mədətoğlunu üsyankarlığa
sövq edir:
Mənim bu dünyayla söhbətim tutmur.
Gah alnımdan vurur, gah kürəyimdən.
Adi
sözümü də çeynəmir, udmur...
Asılıb qalıram mən ürəyimdən.
Digər
bir şeirində isə məcburi
köçkünlüyü və
qaçqınlığı ilə barışmaq istəməyən
şair ata ocağına "nə qədər uzaqdan
baxa-baxa" duracağını bilmək ümidi ilə elə
Qarabağın özünə sual verir:
Əlim
daşını öpmür,
Zirvənisə
gözlərim...
Mən nə
qədər uzaqdan
Baxa-baxa közərim?
Qarabağım,
Qarabağ...
Əbülfət Mədətoğluna çətin, bəlkə
də, ən çətin görünən yazılardan biri
və birincisi işğala məruz qalıb, kərpic-kərpic
sökülən vətən haqqında şeir yazmaqdır. Bəlkə də,
ağı deməkdir. Axı, bu şair
ağlamaq istəmir. O, vətəni azad edəndən
sonra ağrıyan sinəsini yaralı Qarabağ
torpağına sürtüb dərd ovutmaq istəyir. Yadların fitvası, yağıların əlləri
ilə sərvəti talanan, olanı-olmazı hərraca
qoyulan, yolları bağlı, körpüləri sınıq
vətənin dərdinə çarə qılmadan üzdəniraq
vəsfə və yalançı tərifə qələm
çalmaq şairlərin deyil, məddahların işidir.
Əbülfət Mədətoğlunun günahkar oğul
tövrü ilə qələmə aldığı "Vətən"
şeiri bu mənada çox orijinaldır:
Sənə
şeir yazmıram...
Sənə
şeir yazmaq çətindən-çətin...
Çünki
sən
şeirlik deyilsən, Vətən!
Bağışla!
Keç günahından.
Sənə
seir yaza
bilməyən
Əbülfətin!..
Əbülfət
Mədətoğlunun bədii
yaradıcılığındakı orijinallığı
görən Rüstəm Kamal yazır: "Məni öz
havası, səs tembri olan şair daha çox
maraqlandırır. ... Əbülfət Mədətoğlu
belə şairlərimizdən biridir". Ünlü şairimiz Musa Yaqubun "Əbülfət
Mədətoğlunu ... həvəslə oxudum, bəyəndim,
könlümə yatdı" etirafını da bunun üzərinə
gəlsək, onda "görünən dağ və bələdçi"
məsəli ortaya çıxmış olar.
Sevgi sevgiyə bənzər də, bənzəməz də. Sadəcə
olaraq eyni olmaz. Amma ki, sevən qəribə olar: bir
gün təsdiq etdiyini, bir gün inkar edər. Lap elə
Əbülfət Mədətoğlu kimi:
Gözünü
sıxma ovcuma...
Qarası, ağı əriyər.
Və ya
Kədər
göy qurşağıtək
Kəsib keçir içimdən.
Sıx
gözünü ovcuma -
Susamışam, içim mən.
Əbülfət Mədətoğlu həm də dilinin
lakonikliyi ilə seçilən şairlərimizdəndir. Onun şeirlərində
xəlqi bir səmimiyyət vardır. O, titrəyən səs
sahibindən sevdalı kəs sahibi
olub-olmadığını soruşanda da şirin-şirin,
"həm sənə qurban olum, həm də sənin yoldaşına"
şəklində soruşur.
Səsin niyə titrəyir?
Səsinə quzu kəsim.
Varmı sənin bir kəsin?
Kəsinə qurban olum.
Sonra da
ürəyindən çıxara bilmədiyi o əziz və
doğma adamdan uzaqlaşmaq, onun gözlərindən ilim-ilim
itmək, hətta içindəki sevdalı Əbülfəti
sevdiyi gözlərdən uzaq, qeyri-müəyyən bir yerdə
basdırmaq istəyir:
Bağışla,
mən gedirəm
Özümdən
uzaq yerə...
Özümü
dəfn edirəm
Gözündən
uzaq yerə...
Şəksiz ki, özündən asılı olmayaraq, o
qeyri-müəyyən yerdə basdırılan şair yenidən
göyərir.
Sevdalısı olduğunun
saçlarının sağa-sola əsən "küləklərin
əlində" oxşandığını görəndə
yerindən oynayıb qalxar. Sevdiyini ittiham etməyə
ürək eləməsə də, gördüyü səhnədən
"qubarlandığını" zarafata salıb söyləyir:
Saçın
külək əlində
Nazlanır, xumarlanır.
Gözlərinin
önündə
Gör,
necə qubarlanır
Ürəyindən bu oğlan.
Hər şirində bir acılıq olduğundan insan
acının da dadını bilmədən yaşaya bilmir. Axı, bu
taledir. Bütün sevgilərdə
olduğu kimi, "zülfü siyah"ların da sevgisində
şirinliklə acılıq bir yerdə olur. Sevənin isə qaçmağa yeri olmur.
Şirin dərdlə acı dərdin arasında qalan
insanın bircə çıxış yolu vardır ki, o da dərdə
qol açmaqdır:
Qollarımı
açmışam...
Dolan, boynuma, dərdim.
Cani-dildən
deyirəm:
- Bəlan
boynuma, dərdim.
Sevda məqamları ilahi məqamlardır. Bəzən
orada səslər deyil, nəfəslər danışır.
Əbülfət Mədətoğlu eyni bir ahənglə
vuran ürəklərin döyüntülərinin
eşidildiyi məqamda susmaq istəyir. Ona
görə ki, "danışsa, səni sevirəm"
söyləyəcəyindən, ürəklərin dediklərini
təkrar etmək xətasından - təkrarçılıqdan
qorxur. Çünki təkrarçılıq
şeir və şair üçün nöqsandır.
Əbülfət Mədətoğlu qələmini nəsrdə
və publisistikada sınamış, ictimai və siyasi həyatımızda
baş verən hadisələrə yazıçı-jurnalist
münasibətini bildirmişdir. O, bir çox dəyərli
publisistik məqalələrin müəllifidir. Bu yazılar gündəlik həyatımızı əks
etdirən obyektiv və orijinal yazılardır. Onun üstün cəhəti ondadır ki, o,
irili-xırdalı hər hansı bir yazısında
özüdür, heç vaxt və heç kimi təkrarlamır.
Bu onun şəxsiyyətinin
böyüklüyünün və oxucularına sonsuz hörmətinin
və sevgisinin təzahürüdür. Axı,
Əbülfət Mədətoğlunun güvəndiyi adamlar,
elə onun özünün təbirincə desək, "sevməyi
bacaran oxuculardır." Ona daim "sevməyi
bacaran oxucular" arasında olmağı, onların əlindən
yerə düşməməyi, onlarla birlikdə bundan sonra
üzümüzə gələcək yaz gecə-gündüz
bərabərliyi anlarını doğma Qarabağda
qarşılamağı arzu edirəm.
Dərin
hörmət və ehtiram hissi ilə...
Vaqif ASLAN
Ədəbiyyat qəzeti.- 2019.- 2
mart.- S.18.