Gözlərin mənə deyir ki,
Sənsən o sirdən gələnim…
Azərbaycan bayrağı
Bir baxın, səmaya necə yaraşır
Bayraqlar içində mənim bayrağım.
Qəlbim
kainata köklənib hər vaxt,
Ulu tarixlərdən
gəlir sorağım.
Ruhum türk ruhudur! - deyir bu
bayraq,
Tarixin ən ulu memarı türkdü.
Hər vaxt ürəklərdə,
bu yer üzündə
Ədalət, igidlik qalası tikdi.
Dövran
mənim doğmam! - deyir bu
bayraq,
Nurundan nur aldım, ona nur verdim.
Üstümə yol aldı naşı yağılar,
Qorxmam, hünərimlə qorunar yurdum!
Dinim islam dini!
- deyir bu
bayraq,
Nizama səsləyir o, yer üzünü,
Dərindən arasan, orda taparsan,
Hər işdə
ən doğru yolun düzünü.
Gör necə möhtəşəm
dayaqlarım var!
Xeyir-dua verir Ay ilə ulduz.
Ulduz səkkiz guşə - qeyb ilə yerin
Ahəngi rəmzidi, Ay - şərq,
gülərüz.
Müqəddəs torpaqdı mənim
torpağım,
Yer üzü
bir varlıq, ürəyi burda.
Dil açıb danışır
mənim bayrağım,
Sonsuz nurlu məna gizlənib orda.
Bir baxın, səmaya necə yaraşır
Bayraqlar içində mənim bayrağım.
Qəlbim
kainata köklənib hər vaxt,
Ulu tarixlərdən
gəlir sorağım.
Türklük
Türklük bir məfkurə,
türklük bir ahəng,
Türklük qəlb işığı,
haqdan rəngbərəng.
Gözələ türk deyib ulu babalar,
Türkün mənasında gözəl
olmaq var.
Nizam, ahəng, gözəllikdir
türk sözü,
Ululardan ulu, ilkdir türk
özü.
Şumerdən, hunlardan üzü
bu yana
Hər yanda izi var, getsək
hayana.
Ən qədim sözlərdən
türk ruhu axır,
Ən qədim izlərdən türk ruhu qalxır...
Türkdür yer üzünün
ulu memarı,
Nuruyla dayanıb
tarix divarı.
Eşqdən o yana
Eşqinlə eşqə çatdım,
eşqi keçdim o yana...
Eşq də bir göy
üzüdü, yol aldım kəhkəşana...
İşıqlar vadisində həzin meh hardan əsir?
Elə bil sübh üzüdü, qəlbim hara tələsir?
Yaxında gülüstan var, qırxlar aləmi bura?
Nələrsə gah görünür, gah da qərq
olur nura.
Uçur
işıqlar hərdən,
bir ayrı aləmlərə,
Ordan gələn
işıqlar nizam verir nələrə?
Bütün bu aləmdən
bal kimi eşq
süzülür,
Bir damla kimə dəysə, yer üzündən üzülür.
Təkcə eşqdən danışma,
axtar eşq yaradanı,
Zərrədən asimana sən o qüvvəni tanı...
Qəşəmoğlu, aləmin deyilsən sirr açanı,
Səntək sirr açanlar
göydə ulduzlar sanı...
Adına yazılan qadın
Qadın
anan kimi oxşasa səni,
Bir az öskürəndə,
can desə sənə,
Ayağın büdrəsə, ürəyi
əssə,
Uğurun
üzünə fərəh
gətirsə,
Səni
öz arxası, dayağı bilsə,
İstəsə qüdrətli olasan
hər vaxt,
Düşmənin önündə olasan
sərvaxt,
Nə vaxt dara düşsən
yanında olsa,
Qəlbi,
ürəyiylə ağrını
alsa,
Ülvilikdən axsa sənə
sevgisi,
Peşiman eyləsə hər
vaxt iblisi,
Fəxr
eləsə sənin təmiz adınla,
Sən onu heç vədə
Müqayisə eyləmə
Yer üzündəki ayrı-ayrı
qadınla...
O qadın göy üzündən
Adına
yazılan qadın...
Səni
ürək dolu, qəlb dolu, ruh dolu
Sevən
qadın...
O qadın tək qadın, tək... tək...
O qadından hər zaman
Üstünə nur töküləcək...
Nazını çək o qadının,
Qayğısına qal, qadasını
al o qadının...
Arxayın ol o qadına,
Yer üzünün yaraşığıdı
o qadın!
Sındı əlimdəki piyalə...
Bu da son...
sındı, səpələndi...
əlimdəki piyalə...
bir mələk qanadı sındırdı
onu...
mənim də qanadlarım vardı...
yanıma düşdü...
Sındı piyaləm...
hər parçasında
əks olundu
qəlbimin telləri...
ömrüm dolaşdı
qəlbimin tellərində...
...Tanrım! Peyğəmbərlərin
gəldi, gəldi
yer üzünə, qurtardı...
insanların nə günə düşüb?
Daha peyğəmbər ola bilmir onlardan...
şairlərin də qurtaracaqmı, Tanrım?
Düşdü üzü üstə...mən şairin də...
qəlbində həsrət...
Bir mələk üzümə
məhv etdi məni...
günah onda yoxdu, günah mənimdi...
niyə belə oldu əzəldən Tanrım?
Mənim
sevdalarım mənə
qənimdi...
Mən ayrı
aləmdə, insanlar ayrı?
Mən nə dedimsə də, duyan olmadı...
yozdular tamamən ayrı tərəfə
daha heç kimsəyə ümid qalmadı...
Bunu doğru deyib, deyən o aqil...
ümidlər bitəndə
ömür də bitir...
Allahım, gözəllər, hər
haylar, küylər
ötən nəğməymiş...
mənə dərgahının
işıqlarından
ayrı sevda yetir,
bir ümid yetir...
sındı... səpələndi
əlimdəki piyalə...
Mənim ağ ilanım
Yuxuda ağ ilan
xeyrə yozulur,
ağ ilan olan ev, ocaq
tanınır.
Ömrümə ağ ilan gələndən bəri
qəlbim eşq oduyla alışıb yanır.
Mənim
ağ ilanım
- bir ağ qızılgül,
sanki, göy üzünün bir ilahisi,
getsəm yer üzünün hansı yanına,
mənim qulağımda
tək onun səsi.
Mənim
ağ ilanım
mehriban, gözəl,
məlakə ruhludu, ruhlar ruhudu.
heyif, aramızda bir çəpər var ki,
hər tikan qəlbimin min-min ahıdı.
Əsrlər keçəcək, mənim
qəbrimin
yanına gələnlər
bir ağ ilanı
görərlər kədərin
qəmin içində,
görərlər gözləri
yaşla dolanı.
Sənsən o sirdən gələnim
Qırx
məlakə məclisinin
Aləmindən nur alanım.
O nur ilə ürəyimdə
Bir yar, padişah olanım!
Qəlbim
o nura bağlıdı,
Ömrüm ona soraqlıdı.
Könlüm tək qaldı,
ağladı
Gəldin? Başına
dolanım...
Qırxlar aləmi bilir ki,
Yer üzü deyil mənimki...
Gözlərin mənə deyir
ki,
Sənsən o sirdən gələnim.
Pişvazın - şeir yağmurum,
Səndən necə ayrı durum?
Alışıram burum-burum
Halımı pünhan bilənim...
Eyvanında bir gül ək...
Eyvanında mənim adıma
bir gül əkərsən...
Mənə olan hikkəni, ya sevgini
onun üstə tökərsən...
O gül ağlaya-ağlaya tez-tez
səndən xəbər
göndərəcək mənə...
bir ricam var dönə-dönə.
Qoy hərdən o gülün
yarpaqları
astaca toxunsun əllərinə...
Gəl
Həsrət məni doğrayır,
Ağrını qovmağa gəl.
Gəl gör də, nə gündəyəm
Halıma yanmağa gəl.
Məni
dilə tutubdu
Günəşin şəfəqləri.
Dünya
qalxıb üstümə,
Əlindən almağa gəl.
Huşum
özümdə deyil,
Ayrı bir aləmdəyəm.
Hər şey dolaşıq düşüb
Qaydaya salmağa
gəl.
Yağış, bəlkə, sən
mənsən?
Xəbərin varmı, yağış,
ruhuma ruh olan kim?
Özü bir nur yağışı,
mənim qəlbimə
hakim.
O sənin vurğunundu,
mənsə onun vurğunu.
Yağış, kim qurub belə
bu ilahi qurğunu?
Bəlkə, mən yağış olum?
Bir dəfə
də sən mən ol.
İndi
o uzaqdadı,
həsrətə tapaq bir yol.
Ümidimə yağ, yağış,
ümidim pöhrələnsin.
Qəlbinə güman düşsün,
eşqimlə cilvələnsin.
Yağış, bəlkə də,
elə
sən elə mən özümsən?..
Yarın
uzaqda hələ,
sən yazıq da dözmürsən...
Nur içində pərdə
Aşiq
mənəm! - deyən gözəl
karıxdırma bu dünyanı...
Bir gör hələ, nə gündəyəm?
Eşqi həm də məndə tanı.
Bax hər yandan yağan nura,
odlar alışıb
odlara...
bu bir tilsim, ya haqq
əmri?
Gör bir kimdi düşüb dara?
Qulaq asdın
harayına?
Kainat hayandı
ona.
o, göy üzünə köklənib,
insafsız, onu az qına.
Astaca
tut əllərindən,
bil nələr axır qəlbindən.
Gör nə kövrək soruşacaq
ürəyini, tellərindən...
Eşq
- ahəng olan yerdədi,
qəlb dindirən şeirdədi.
Mən kiməm? Gizli saxlayan
nur içində bir pərdədi.
Əhməd Qəşəmoğlu
Ədəbiyyat qəzeti.- 2019.- 2 mart.- S.26.