Həyat - sevinci kədərə batırıb yemək...

 

Keçən yazıda qısa şeirlərdən yazmışdım.

Sonra düşündüm ki, niyə ancaq türk şairlərinin şeirlərini misal vermişəm?

Bəyəm özümüzdə misralara ağır yüklər yükləyən insafsız şairlər azdımı?!

Şükür Allaha, şairdən boluq...

Mən əvvəllər heca şeirlərini sevirdim: Nəriman Həsənzadəni, Nüsrət Kəsəmənlini, Musa Yaqubu, Zəlimxan Yaqubu çox oxuyurdum. Sonra heca şeirindən bezdimmi, ya oldusa sərbəst şeiri daha çox sevməyə başladım: Vaqif Səmədoğlunu, Vaqif Bayatlını, Ələkbər Salahzadəni, İsa İsmayılzadəni oxudum.

Zaman keçdikcə istəklər dəyişdi indi qısa şeirləri daha çox sevirəm. Düşünürəm ki, şair demək istədiyi sözü bir neçə misrada da deyə bilər, sözü uzatmağa ehtiyac yoxdu...

Bəzən oxuyursan, oxuyursan, oxuyursan, uzun bir şeiri oxuyub bitirdikdən sonra görürsən ki, hamısı deyilmiş, çeynənmiş, köhnəlmiş sözlərdi, bəlkə , elə ona görə üç-dörd misralıq şeirlər mənə daha doğma gəlir, daha şirin gəlir...

Əgər deyəcəyin təzə sözün yoxdursa, uzun-uzadı yazmağın mənası yoxdu, məncə...

Əgər şeirdə yeni fikir varsa qafiyəyə, hecaya ehtiyac da görmürəm...

Çünki əsas olan fikirdi, qafiyə tapmağa var ki?!

Həm yeni fikir, həm qafiyə varsa, heca da uyğun gəlirsə, gözəl...

Mən gedər-gəlməzdən qayıda bilsəm,

dur çıx yol üstünə, gedən gələr ...

Mən gedər-gəlməzdən dönməyib ölsəm,

üzülmə, bir dənəm, adam ölər ...

Əjdər Olun şeiridi əlavə şərhə heç bir ehtiyac yoxdur...

Təkrar edirəm: şeirdə əsas olan yeni fikirdi!

Düşmən ayağa baxar, dost başa,

odur ki, fikir ver üst-başa...

Fikrət Sadıq bu şeiri xeyli dartıb uzada da bilərdi, yəqin ki... Amma ehtiyac var?!

Şeirdi ... Şeirin buynuzu olmur ki?!

Yeni fikir var? - Var!

Oxuyanda düşündürürmü? - Düşündürür! Vəssalam...

Ad günü -

şir bürcü, at ili, it günü... (Salam Sarvan)

Bu iki misrada iki qardaş var: sevinc kədər.

Ad gününün sevinci (sevinci?!) it gününün kədəri!

Bəzən iki misralıq bir şeir həyatı belə gözəl təsvir edə bilir. Həyat - sevinci kədərə batırıb yeməkdi elə, bəs bilmişdiz ki?!

 

Furqan

 

Ədəbiyyat qəzeti.- 2019.- 2 mart.- S.27.