Ağıl, mübarizə və iradə
rəmzi
"Yazıçının
özü və sözü"
XX
yüzildə müxtəlif dövlət sistemlərinin,
ictimai quruluşların qovuşağında, inqilablar və
dünya müharibələrinin alovlarından keçə-keçə
son dərəcə ağır, maraqlı, ziddiyyətli,
qanlı-qadalı, faciəvi olduğu qədər də
xoşbəxt ümidlərlə dolu bir ömür
yaşamış böyük ədəbi və ictimai fikir
sahiblərindən biri də Azərbaycanın xalq
yazıçısı, akademik Mirzə İbrahimovdur.
Keçmişə
baxışda nə qədər ziddiyyətli və fərqli
məqamlar ortaya çıxır-çıxsın,
bunların heç birindən asılı olmadan mən Mirzə
müəllimlə tanış və dost olmağımdan,
uzun müddət onun başçılıq etdiyi
Yazıçılar Birliyində
çalışdığımdan qürur duyuram.
Tanış
olduğumuz ilk gündən səmimi münasibətini
duymuşdum və bu münasibət sona qədər qorundu...
Mirzə
İbrahimovun əsərlərinin bizim nəslin taleyində
oynadığı rol barədə fikirlərim müxtəlif
kitablarıma səpələnib; bununla belə, həmin fikirlər
görkəmli ictimai-siyasi xadim, müdrik el ağsaqqalı,
böyük zəka və təfəkkür sahibi olan Mirzə
İbrahimovun ürəyimdəki portretindən yalnız
xırda cizgiləridir.
Mirzə
İbrahimovun məhsuldar yaradıcılığı
çoxcəhətlidir: nəsr, dramaturgiya, şeir,
publisistika, elmi araşdırmalar, ədəbi tənqid,
memuarlar. Buraya onun daşıdığı yüksək vəzifələr,
o cümlədən Asiya və Afrika yazıçıları
ilə Dostluq Cəmiyyətinin sədri olması da əlavə
olunmalıdır.
İkinci
Dünya müharibəsi illərində Güney Azərbaycanda
gedən milli hərəkatın liderlərindən biri, Azərbaycan
Respublikası Ali Sovetinin sədri, köhnə SSRİ Ali
Sovetinin deputatı, Azərbaycan Yazıçılar İttifaqının
sədri... Bunlar hamısı onun ömür yolunun
ayrı-ayrı fəsilləridir və bunların hər
birində Mirzə İbrahimov maraqlı bir xarakter və şəxsiyyət
kimi görünür...
Bütün
bunlarla yanaşı, Mirzə İbrahimovu bizə sevdirən,
ona xüsusi münasibət formalaşdıran bir səbəbi
də onun Güneydən olması idi və məhz Güney
haqqında yazdığı ilk irihəcmli əsəri -
"Gələcək gün" romanı ilə o, həm ədəbiyyatımızda,
həm də bizim nəslin taleyində silinməz bir iz
qoymuşdur. Bu kitabın həyatımdakı rolu
"Ömür kitabı"nda belə təsvir olunub:
"Neçənci
sinifdə oxuduğum və neçə yaşımda
olduğum yadımda deyil. Müharibəyə gedib
qayıtmamış Nəzər əminin üstü
taxtalı həyətində iri heyva ağacının
meşə kimi sıx kölgələnəcək
yaratdığı və kimsəsizliyi ilə bir az da
sirli-sehrli görünən evlərində, az qala
otağın yarısını tutan iri taxta
çarpayının üstündə qonşu uşaqlarla
baş-başa verdiyimiz günləri xatırlayıram. Daha
doğrusu, mən özümdən yaşlı olan
cavanların dəstəsinə qoşula bilmək
"etibarı" qazanmışdım. Soyuq qış
günlərində çırtıltıyla yanan odun
peçinin hənirində, isti yay günlərində bu həyətin
çəkib gətirdiyi sərin küləyin
mürgülü rahatlığında baş-başa verib, gələcək
üçün planlar cızır və bir də təzə
tapdıqları kitabları bərkdən oxuyurdular.
Hamısı Rüstəmxanlılar nəslinin seçmə
cavanları idilər. Necə oldu onların sonrakı taleyi? O
arzular başa çatdımı?
O vaxt mənim
gözümdə son dərəcə qüdrətli və hər
şeyə qadir kimi görünən cavanların taleyini
fikirləşəndə - həyatın
amansızlığı qarşısında sarsılıram.
Çünki həmin cavanlar ürəklərində kükrəyən
arzuları ilə hərəsi az qala bir ölkə idarə
etməyə, bir ordunu döyüşə aparmağa
hazır idilər. Kitabın, bədii sözün və
ümumiyyətlə, keçmişə qovuşmuş hər
şeyin gözəlliyini ilk dəfə onların arasına
düşəndən sonra duymuşdum. Bu evin otaqları da bir
qədimlik havasına bürünmüşdü. Divarlarda
qızılgöz taxtalarından yonulmuş
çoxgözlü dolablar var idi. Elə həmin taxtadan bər-bəzəkli
divar rəfləri yonulmuşdu, rəflərin də
qabağından qotazlı asmalıqlar
asılmışdı. Divardakı balaca xalçanın
üstündə iyirminci illərin üslubu ilə
hazırlanmış çox təmtəraqlı şəkil-venetka
var idi. Xırda portretlər səliqə ilə yan-yana
düzülmüşdü. Hər birinin üzündə
inam, qətiyyət, sevinc olan cavan, gözəl oğlanlar
boylanırdı. Həmin şəkli sehrli edən və evin ən
nadir əşyasına döndərən bir də bu idi ki,
şəkillərin altında o vaxt mənə bəlli
olmayan, dəqiq yadımda deyil, ya ərəb, ya da latın
qrafikası ilə sözlər yazılmışdı. Şəkildəkilər
tək-tək xatırlananda bu sözlər canlı adamlara
çevrilirdi, onların hərəsi bu kəndin, bu
mahalın qeyrətli, dəyərli kişisinə
dönürdü.
Taxtın
üstündə baş-başa verib oturan o cavanların
növbə ilə bərkdən oxuduqları bir kitabın qəhrəmanlarının
taleyində və dərdlərində, doğrudan da,
hamını kövrəldən bir doğmalıq və
"qədimlik" var idi. Musa kişinin ailəsi, kənd
xırmanı və mənə tanış olan bir həyatın
xırdalıqları - dəqiq, canlı idi və kitabla bizim
yaşadığımız həyatın, kəndimizin,
öz taleyimin arasında körpü salırdı. Ədəbiyyatı
nə isə bizə doğma olan bir dünyanın əks-sədası
hesab etməyimə səbəb olan da elə həmin o cildi əli
bayraqlı süvarilərin şəkli ilə bəzənmiş
kitab oldu.
Özüm
müstəqil olduğum illərdə gördüm ki, bu,
"Gələcək gün" romanıdır. Bizim nəslin
ruhuna "Gələcək gün" qədər təsir
göstərən ikinci bir əsər tanımaq çox
çətindir.
Bu kitab
bir də ona görə doğma idi ki, Musa kişinin
xırmanına bənzər bir xırman elə bu
toplaşdığımız evin arxasında var idi; orda da
bizim öz Musa kişilərimiz səhərdən-axşamadək
çalışırdılar. Ümumiyyətlə, bu
ağrılı, sehrli, əziz Cənub dünyası lap
yaxında, bizim dağların o üzündə idi və
bizim camaatla "o tayın" kitabda göstərilən
adamları arasında heç bir fərq görmürdüm.
İllər
ötdü. Universitet auditoriyasından "Ədəbiyyat və
incəsənət" qəzetinə getdim, hörmətli
yazıçımızla tanış oldum.
Bu qədər
qısa ömürdə belə böyük imkanlara da məəttəl
qalırsan. Sənin üçün əlçatmaz olan
adamlarla bir gün üz-üzə oturmaq xoşbəxtliyi
qazanırsan".
Həmin
kitabda Mirzə İbrahimovun ən dəyərli əsərlərindən
biri olan "1945-1946-cı illərdə Cənubi Azərbaycanda
milli-demokrat hərəkatı haqqında" adlı irihəcmli
məqaləsindən də sitatlar gətirilmişdir.
Doğrudan
da, Yardımlı onbirillik məktəbini qurtarıb Bakıya
gələndə ilk növbədə görmək istədiyim
iki qələm sahibi vardı: Mirzə İbrahimov, Bəxtiyar
Vahabzadə.
Mirzə
İbrahimovu sevdirən və xəyalımızda qeyri-adi
şəxsiyyətə çevirən bir cəhət də
onun ana dilimizin təmizliyi uğrunda mübarizəsiydi.
Bu,
60-70-ci illər gəncliyinin əsas dərdiydi və onlar ana
dilinin qorunub yüksək status daşımasını milli
ideallara çatmağın mühüm mərhələlərindən
biri hesab edirdilər.
Mirzə
İbrahimovla şəxsi tanışlığımın da
maraqlı bir tarixçəsi var...
Universitetin
sonuncu kursunda oxuyurduq... Mirzə İbrahimovun "Közərən
ocaqlar" pyesi əsasında hazırlanmış
tamaşanın müzakirəsiydi...
Yığıncağı tanınmış
yazıçı, sevimli müəllimimiz Mir Cəlal
aparırdı. Yeri gəlmişkən deyim ki, onun məsləhəti
ilə Cəlil Məmmədquluzadə haqqında
yazdığım kurs işim Mir Cəlal müəllimin o qədər
xoşuna gəlmişdi ki, həmin məqaləni universitetin
elmi əsərlərində çap etdirmək istəmişdi
və bu istək sonradan mənim "Cəlil Məmmədquluzadə
- "Molla Nəsrəddin" və folklor" mövzusunda
namizədlik dissertasiyası müdafiə etməyimə səbəb
oldu.
Həmin
axşam isə öncədən hazırlaşmış
müəllimlər, alimlər kürsüdə bir-birini əvəz
edirdi. O hadisəni və Mirzə İbrahimovla başlanan
şəxsi tanışlığımızı sonralar belə
təsvir etmişdim:
"Birdən-birə
mənə elə gəlmişdi ki, bütün bu
çıxışçılar pyesin yanından keçir,
müəllifin əsas məqsədini heç biri görə
bilmir. Dözməyib, "biz tələbələrə də
söz verin!" - dedim, Mir Cəlal müəllim
tanıdığı tələbələrindən biri
olduğuma görə mənə
söz verdi... Mən də, təbii ki, axına qarşı
üzməliydim. Tamaşanı tamamilə başqa yöndən
təhlil etdim... Həmişə kürsülərdə
duyduğum qəribə bir inam və təlqin gücü ilə
əsərə ayrı cür yanaşdığımı
dedim. Hər halda, bu çıxışda dramaturqun
böyük nüfuzundan zərrə qədər ehtiyat etdiyim
duyulmurdu. Əksinə, bütün müzakirə boyu
tamaşanın qüsurlarını məndən başqa və
belə kəskin deyən olmadı. Salon səsimdəki və
sözümdəki fərqli inamı aydın seçirdi.
Bir
gün sonra müəllimlərimizdən biri mənə
yaxınlaşıb: "Mirzə İbrahimov bizim qohumdur,
axşam bir yerdəydik, "o cavan oğlanı
çağırın, "Ədəbiyyat və incəsənət"
qəzetində işə götürək", - dedi. Bu,
böyük qiymətdir də, bilirsən, Mirzə kişi
şəxsən özü dəvət edir səni işə.
Özü də Yazıçılar İttifaqının qəzetinə".
Bu
söhbət gözlənilməzdi. Çünki
çıxışım daha çox tənqid üstəydi,
içimdəki gizli razılığı boğub müəllimə
təşəkkürümü bildirdim. "Sağ olsun, Mirzə
müəllimə çatdırın ki, mən yarım ildir
həmin qəzetdə işləyirəm!".
Bir
neçə müddət sonra Yazıçılar
İttifaqına əməkhaqqı almağa gedəndə
pilləkəndə təsadüfən Mirzə müəllimlə
üz-üzə gəlmişdik. Yaşlı
yazıçı görən kimi tanımışdı:
"Hə, bala, necəsən? Eşitdim bizdə işləyirsən,
yaxşı eləyirsən, yazıçı
üçün qəzetdə işləmək məktəbdir".
Sonra geri qayıdıb məni otağına apardı. İlk
dəfə gördüyüm, vaxtilə Səməd
Vurğunun, Mehdi Hüseynin, Süleyman Rəhimlinin oturduğu
otağın bütün görkəmində sehrli bir qədimlik
və rahatlıq vardı. Sonralar bu otaqda çox
görüşlərin, mübahisələrin şahidi oldum.
Ordan reportajlar hazırladım, sərt, barışmaz
çıxışlar elədim. Həmin gün bu otağa
gizli bir vahimə ilə, çəkinə-çəkinə,
pörtüb-qızarmış halda girmişdim. Mirzə
kişi çox şeylərlə maraqlandı. Ailəm,
ata-anam, hansı rayonda, necə yaşayırlar, qəzetə
necə gəlmişəm, hansı mövzularla daha çox
maraqlanıram, evim varmı və s. Sonra ağsaqqal
yazıçı məni tez-tez qəzet üçün
yazılar hazırlamağa
çağırtdırırdı. Evində, yollarda çox
söhbət edib xatirələrini
danışmışdı. Amma o ilk söhbətdə
hörmətli yazıçıdan eşitdiyim bir məsləhəti
heç unutmadım.
Mirzə
müəllim məni sorğu-suala tutandan sonra Cənubdan,
Bakı fabrik-zavod məktəblərindən, keçdiyi məşəqqətli
yollardan danışaraq mənə çox tanış olan əziyyətli
hadisələri xatırlatmış və yekunda demişdi:
"Mənim də Bakıda heç kimim yox idi.
Gücümü oxumağa, öyrənməyə verdim. Sonra
gördüm ki, sözün düzünü və qərəzsiz
deməkdən başqa yolum yoxdur. Qılıncımı
sıyırıb düşdüm ortaya, sağa da vurdum, sola
da. Bir də gördüm ki, cavan olsam da, hamı mənimlə
hesablaşır. Çıxışını dinlədim,
sonra qəzetdə yazılarını oxudum, öz
cavanlığım yadıma düşdü. Sən də
bizim yolumuzu gedirsən".
"Gələcək
gün" romanının müəllifindən, ana dilini rəsmi
dil etmək istəyən, buna görə vurulan, adı milli qəhrəman
kimi çəkilən böyük yazıçıdan bu
qiyməti gözləmirdim, nə qədər sakit yanaşsam
da, bu sözlər məni qanadlandırmışdı.
Ağsaqqal
yazıçının daha iki məsləhəti həmişə
beynimdə fırlanır. Hər dəfə görüşəndə
"Vaxtını xırda işlərə sərf etmə,
iri əsər yaz!" - deyirdi. İkinci məsləhəti
isə Güneylə bağlı idi. Bir dəfə Cənubi
Azərbaycan ədəbiyyatı haqqında
çıxışıma qulaq asandan sonra elə iclas gedə-gedə
bir məktub yazıb göndərmişdi: "Əzizim Sabir,
bəlkə sən doktorluq işini Akademiyadan, bizim Cənubi
Azərbaycan ədəbiyyatı şöbəsindən
götürəsən: "Cənubi Azərbaycan ədəbiyyatı
və azadlıq hərəkatı" mövzusunda. Bunu səndən
yaxşı yazan olmaz".
Böyük
yazıçının xüsusi diqqət və
qayğısı çox vaxt özümdən xəbərsiz
qolumdan yapışırdı; o ilk söhbətdən
qarşısında imtahan verirmişcəsinə
sıxıla-sıxıla oturduğum arıq, qarayanız kişinin
üzündəki səmimi ifadə illər uzunu, ən gərgin
vaxtlarında da itməmişdi. Amma ən əsası
"qılınc məsələsi" idi. Bu sözlər məni
bütün tərəddüdlü anlarımdan
sıyırıb çıxarmaq üçün
deyilmişdi, sanki. Düzünə qalsa, elə bütün
ömrüm boyu sıyrılmış qılınc kimi yaşamağa
məhkumdum. Ayrı yolum olmamışdı; sərtliyin,
ötkəm cəsarətin zərərini görəndə
isə həmişə yadıma ağsaqqal
yazıçının sözü və taleyi
düşmüşdü. Sərabla Savalanının
arası nədir ki! Diqqətlə araşdırsan, bir də
görərsən ki, hansı kökdə, buğumdasa qohum-əqrəbayıq.
Amma burası var ki, bu cür gözəl romanların, povest və
hekayələrin müəllifi olan, 1945-46-cı il Cənubi
Azərbaycanda baş verən hadisələr və bu hadisələrin
faciəli sonucları barədə gözəl yazılar
yazan, dünyagörmüş qoca son illərdə
yorulmuşdu, ətrafda baş verənlərə laqeyddi, elə
bil bu hadisələr ona toxunmurdu, yana-yana danışıb,
sanki Arazın o tayını bu tayına birləşdirəcəyinə
arxayın olan bizlərə baxanda üzündən
kökü çox dərində olan ağrı, yaxud
ümid qarışıq istehza, ya da nə isə yalnız
onun özünə bəlli olan məhkumluqların,
çıxılmazlıqların təəssüf dolu əsintisi
keçirdi. Qoca çox şey bilirdi! Çox mətləblərdən
xəbərdardı. Ən çılğın vəziyyətlərin
belə, poza bilməyəcəyi dəmir məntiqi vardı.
Sanki heç vaxt əsəbiləşməyib, səhv eləməyib
deyilsə, düz olmaz. Çünki gəncliyində
özünün də çılğın yazıları
olub. Yazıçı yığıncaqlarında, mübahisələr
qızışanda tez-tez, "ay yoldaşlar, bir az
ehtiraslarınızı cilovlayın" deyirdisə, bu onun
ömrü boyu mumiyalanmış kimi görünən
arıq simasının indiki donuqluğuna uyğun yaşaması
demək deyildi. Əksinə, indi o, həyatı vuruşlarda,
yollarda, səfərlərdə keçmiş, ölkələri
ələk-vələk eləyib dünyanın bütün
sirlərinə açar tapandan, həyatın axarını tək-tək
adamların ağlı və iradəsi ilə
döyüşməyin mümkünsüzlüyünü
görəndən sonra sakitləşən qocaman bir səyyaha,
sərkərdəyə və ya gəmi kapitanına bənzəyirdi.
İntəhası, burası da var ki, onun bu
ölçülü-biçili, səhvsiz, sağdan-soldan
bütün tənqidlərə davam gətirə bilən,
ağrılı və müdrik çıxışları,
yazıları ara-sıra məni əsəbiləşdirirdi.
30-cu illərin qəzetlərini vərəqləyib bəzi
arxiv materialları ilə tanış olandan sonra başa
düşmüşdüm ki, bu dəmir məntiqin
sındığı, təhlükələrdən
sığortalana-sığortalana yaşayan kişinin də səhv
etdiyi vaxtlar olub və yeri gələndə dolayı yolla,
yaşlılarımızın bu səhvlərini
açıq və ya örtülü şəkildə
özləri oturan məclisdə deməkdən də çəkinmirdim.
Cəmi
bir neçə il sonra qocaman yazıçının səbirli,
təmkinli hərəkətlərinin səbəblərini
başa düşəcəkdim. Sadəcə olaraq, o şəraiti,
imkanları, sinəsinə döyüb qışqıran
insanları başqalarından daha yaxşı
tanıyırmış, zaman dəyişəndə
onların necə sifətdən-sifətə
düşdüklərini dəfələrlə
görübmüş, buna görə də daha tədbirli tərpənirmiş...
Sklerozu
başlanmışdı. Amma, bəlkə də, bu bir
unutqanlıq deyildi. Unutmağa çalışmaqdı. Hər
şeyi unutmaq!
Mirzə
müəllimlə bağlı olan əhvalatlar çoxdur.
Bir dəfə yenə onun otağında keçirilən bir
müşavirə haqqında reportaj hazırlamalı idim. O
vaxtkı Mərkəzi Komitədən, Radio və Televiziya
Komitəsindən adlarını indi çəkmək istəmədiyim
tanınmış adamlar toplanmışdı. Və nədənsə,
hamının əhval-ruhiyyəsi çox yüksəkdi.
Zarafatlar Mirzə İbrahimovun yığıncağı
başlamasına imkan vermirdi. Bir neçə dəfə məclisi
başlamaq istəsə də, gülüşlərin,
maraqlı lətifələrin arası kəsilmirdi. Mirzə
müəllim yenə özünəməxsus təmkinlə:
"Ay hörmətli yazıçılar, yaxşı olar
ki, bu yumoru burdan əsərlərinizə köçürəsiniz",
- dedi. Elə bil, qurbağa gölünə daş atdılar.
Çünki məclisdə bu qədər canlı
danışmağı bacaran adamların əksəriyyətinin
kitabları quru və cansıxıcı idi.
Bir dəfə
də Nəsiminin yubileyinə hazırlıq günlərində
yenə onun otağına toplaşmışdıq. Kimsə
Türkmənistan yazıçılarının Nəsimi ilə
bağlı iddialarından söz açdı. Türkmənlərin
də Nəsimini öz şairləri saydıqlarını
söylədi. Söhbətin bu yerində, deyəsən, Mərkəzi
Komitədən kimsə Mirzə müəllimə zəng
vurub bu məsələ ilə bağlı Türkmənistandan
onlara müraciət etdiklərini çatdırdı. Yəqin,
Mirzə müəllimlə məsləhətləşib,
onlara nə cavab verməli olduqlarını soruşurdu.
Mirzə
İbrahimov fikirləşmədən məsələyə
gözlənilməz bir yöndən yanaşaraq telefondakına
dedi: "Siz ona cavab verə bilmədiniz? Niyə demədiniz
ki, Nəsimi şirvanlıdı, niyə demədiniz ki, Nəsimi
seyiddi və şiədi, Türkmənistanda isə o vaxt
şiə olmayıb".
Yazıçılar
İttifaqının Natəvan klubunda tərcümə məsələlərinə
həsr olunmuş bir plenum keçirilirdi. Foyedə Hüseyn
Arif ətrafına toplaşmış bir dəstə
yazıçıya Mirzə İbrahimovun qeybətini
qırırdı: "Yenə o danışacaq. Nə deyəcək
bu həmşəri?..".
Bir azdan
Mirzə İbrahimov iclası açdı. Və sanki
qarasına deyilən bu sözləri eşidirmiş kimi tərcümə
haqqında danışığını Hüseyn Arifdən
başladı. Dedi ki, "tərcüməçi, ilk
növbədə, öz ana dilində gözəl
yazmağı bacarmalıdır, məsələn, bizim
istedadlı şairimiz Hüseyn Arif öz ana dilimizdə
gözəl yazdığına görə erməni şairi
Avetiq İsaakyanı elə tərcümə edib ki, tərcümə
olduğuna inanmazsan. Orijinaldan daha yaxşı səslənir".
Bu yerdə
Hüseyn Arif bir az öncə dediyi sözləri unudaraq ətrafındakılara
çevrilib: "Bu kişinin ağzından həmişə
dürr tökülür də..." - dedi.
Heydər
Əliyevin Moskvaya getməzdən öncə indiki Şəhriyar
klubunda keçirilən Yazıçılar qurultayını
da yaxşı xatırlayıram. Orda gənclərin
adından mən danışmışdım, Heydər
Əliyev çıxışımı dörd dəfə kəssə
də, hər dəfə mənim irad və tələblərimlə
razılaşmışdı. Bundan sonra məni qurultayın
hesablama komissiyasının sədri seçmişdilər.
Çünki mübahisəli qurultaydı və kimin sədr
seçiləcəyi məlum deyildi. Səslər dəqiq
hesablanmalı idi. Fasilədə Həsən Həsənov məni
arxa tərəfə çağırıb, Heydər
Əliyevin mənim çıxışımdan razı
qaldığını bildirdi və dedi: "Səslər
hesablananda diqqətli ol. Heydər Əliyev nəticə ilə
özü də maraqlanacaq".
Səslər
sayılıb qurtarandan sonra Həsən müəllim məni
Heydər Əliyevin yanına apardı. O,
çıxışımdakı bəzi məqamlara
münasibətini və razılığını bildirdikdən
sonra səsvermənin nəticələri ilə maraqlandı.
Mirzə İbrahimovun aldığı səsləri deyəndə
güldü: "Şükür, heç olmasa, bir
yazıçı tapılıb ki, əleyhinə heç kəs
səs verməyib". Həmin qurultayda Mirzə İbrahimov
yenidən Yazıçılar İttifaqının sədri
seçildi. Amma Heydər Əliyevin həmin sözü həmişə
hafizəmdə qaldı. Elə bilirəm, o cümlənin
arxasında həm də onun özünə münasibətlərin
ağrısı dayanırdı. Çünki
adamlarımızın çoxu vaxtın, vəziyyətin, vəzifənin
quludur. Bu gün başına and içib sabah
bıçağı boğazına dirəyər.
Nəhayət,
"Yazıçı" nəşriyyatında baş
redaktor işlədiyim illərdə də Mirzə müəllimlə
tez-tez görüşür və zəngləşirdik. Bir
gün məktubunu aldım: "Görkəmli erməni
yazıçısı Sero Xanzadyanın kitabını plana
salsanız, yaxşı olar" - deyə yazmışdı.
Mən Sero Xanzadyanı da yaxşı tanıyırdım və
Moskvada, Yerevanda görüşlərimizdə onun, tərtəmiz
azərbaycanca danışsa da, içərisində bizi sevmədiyinin,
saxtakarlığının şahidi olmuşdum. Buna görə
də Mirzə müəllimin xahişini yerinə yetirmədim.
Amma Mirzə müəllim məktubunu unutmamışdı. Məni
harda görürdüsə, soruşurdu: "Bala, o
Xanzadyanın kitabı nə oldu?". Mən hər dəfə
müəyyən bəhanələrlə aradan
çıxırdım. Amma bir dəfə söhbətimiz
ciddiləşdi. "Ay bala, niyə belə edirsiniz? Axı o
bizə yaxındır, mənə qardaş deyir, biz də
başqalarının tayı ola bilmərik" və s... Mən
də bundan o yana ürək sözümü gizlətməyin
mümkün olmadığını duyub açıq dedim:
- Mirzə
müəllim, mən Sero Xanzadyanın kitabını
buraxmayacam.
- Niyə?
-
Çünki o, saxtakardı, sizə qardaş desə də, əslində,
düşmənçilik edir.
- Ay
oğul, sən də ara sözünə uyma. Ədəbiyyatı
bu münaqişələrə qatmaq olmaz.
- Mirzə
müəllim, sizə qardaş deyən bu adamın Zori
Balayanın "Ocaq" kitabı haqqında
yazdıqlarını oxumusunuz?
- Yox! Nə
kitabdı o?
Mən bu
mənfur kitab haqqında məlumat verəndən, ona cavab
yazdığımı bildirəndən sonra Mirzə müəllimin
halı dəyişildi, kitabı
və yazdığım cavabı istədi. Bir gün sonra
apardım. Yazıçı-jurnalist, indi millət vəkili
Elmira Axundova da oradaydı. Bir müddət sonra yenə zəng
vurub məni dəvət elədi və "al bu məktubla
tanış ol" - dedi.
Bu,
"Ocaq" kitabı haqqında son dərəcə sərt
bir məqalə idi. Və Sero Xanzadyana müraciətlə
yazılmışdı. Gülə-gülə, "Mirzə
müəllim, xahiş edirəm, bunu arxivinizdə
saxlamayın, bir yerə göndərin" - dedim. Söhbətimizin
iştirakçısı olan Elmira xanım məqaləni
Moskvaya, "Literaturnaya qazeta"ya göndərdiyini bildirdi. Təəssüf
ki, ermənilərin ciddi nəzarəti altında olan qəzet
Mirzə İbrahimovun da məqaləsini mənim məqaləm
kimi çap etmədi.
Belə
epizodlar onlarladı və onların hər biri Mirzə
İbrahimovun əbədi, mədəni taleyimizdəki yerini
aydın göstərir. Moskvada SSRİ Ali Sovetinin
sessiyasında ermənilərlə bağlı söylədiyi
sözlər isə o vaxt hər kəsin dilinin əzbəri
olmuşdu. "Allah insana cəza vermək istəyəndə
əvvəl onun ağlını əlindən
alır...".
Mirzə
İbrahimov millətimizin ağıl, mübarizə, iradə
rəmzlərindən biri idi.
Sabir RÜSTƏMXANLI
Ədəbiyyat qəzeti.- 2019.- 16
mart.- S.2-3.