Onlar martda doğulmuşlar:
Əli Kərim,
İsa İsmayılzadə, Ələkbər Salahzadə...
XX əsr
Azərbaycan poeziyasının üç bənzərsiz
şairi: Əli Kərim, İsa İsmayılzadə, Ələkbər
Salahzadə. Onların üçü də
mart ayında doğulmuşlar. Əli Kərim 1931-ci ildə,
İsa və Ələkbər isə on il
sonra - 1941-ci ildə. Bu üç şairin indi
heç biri dünyada yoxdur, bu, fiziki ölümdür, amma əsl
şairin mənəvi ölümü olmur, onların hər
biri ölümlərindən sonra da yaşayırlar,
onları yaşadan şeirləridir və bu şeirləri
yaşadan da nəsilbənəsil dəyişən
oxuculardır. Bu gün poeziyamızın
müxtəlif üslubları, dəyişən, yeniləşən
axınları, realist, romantik, modernist, postmodernist qolları,
şaxələri içərisində, şeirə
professional baxışla kütləviliyin, qrafomaniyanın
mövcud olduğu bir zamanda belə, onların heç biri
unudulmur.
Əli Kərim
ədəbiyyata əllinci illərdə gəldi, bu, elə
bir dövr idi ki, cavan şairlərin tezliklə parlaması,
özünü bir şair kimi təsdiq etməsi bir az müşkül məsələ idi. İstedadlı gənc şairlərin ədəbi tənqiddə
və yaşlı nəsil arasında etiraf olunması da
çətin idi. Amma Əli Kərim əllinci illərdə
oxucuların sevimli bir şairinə çevrilmişdi, onun
"Qaytar ana borcunu" və "İki sevgi" şeirləri
müxtəlif tədbirlərdə, məclislərdə,
şənliklərdə səslənirdi. Süleyman
Rüstəmin "Ana və poçtalyon" şeirindən
sonra "Qaytar ana borcunu" ana haqqında poeziyada elə onun
qədər şöhrət qazanan bir şeir idi.
Bir
gözəl, bir sevimli oğul böyütdü ana,
O bəd,
uğursuz günü - ərinin öldüyünü
Bildirmədi heç ona.
Kədəri
dalğa-dalğa doldusa da ürəyə,
Lakin nə
saç yolaraq verdi əsən küləyə,
Nə
şivən etdi ana,
Ürəyində ağlayıb gülmək öyrətdi
ona.
Sonra... oğul böyüyür. "Oğul məktəb
bitirdi, oğul instituta qızıl medalla girdi". Amma naxələf oğul şəhərdə
"büzmədodaq bir qıza" uyub anasını unudur.
Əlbəttə, bu şeirdə ananın
iztirabları çox təbii təsvir edilib, bu ana-oğul
münasibətləri təkcə şəxsi məna
daşımırdı, o dövr üçün tərbiyəvi-əxlaqi
bir məsələ idi. Şeirin sonu oğulun
ünvanına şair ittihamları ilə bitir:
Sən ki
dərd verdin oğul, sənə gülüş verənə,
Oğul
demərəm sənə!
Deyirəm
ki, o boyu, buxunu qaytar geri!
Deyirəm
ki, varını, yoxunu qaytar geri!
Qaytar onun
borcunu,
O borc sənin
özünsən, özünü qaytar geri!
Bu şeir o zaman dillər əzbəri olsa da, hələ
Əli Kərim şeirinə məxsus orijinal bədii təsvir
vasitələri, təşbihlər, metaforalar, assosiativ
şeir yolu görünmürdü. Amma şeirin son dərəcə
emosional təsir gücü göz qabağında idi,
şeirdə başdan-ayağa dilimizin saflığı,
gözəlliyi, iki obrazın dolğun səciyyəsi öz əksini
tapırdı. "İki sevgi"
şeirində isə Əli Kərimin sevgi kredosu, bənzərsiz
təşbihləri, orijinal deyim tərzi ilə
qarşılaşdıq. Təsəvvür edin: xasiyyətcə,
xaraktercə bir-birinə bənzəməyən iki gənc
bir qızı sevir. Amma kim necə sevir?
Mənsə
səni sevirəm
Susuzluğun
od vurub köz kimi yandırdığı
dodaq su
sevən kimi,
O isə
səni sevir
rahatca
bardaş qurub,
- Kabab
üstdən sərin su pis olmaz,
- deyən kimi.
Mənsə
səni sevirəm
iynənin ucu boyda,
İşığa həsrət qalan göz işıq
sevən kimi.
Əli Kərimin
sevgi şeirləri ayrıca bir söhbətin mövzusu ola bilər. "İki sevgi"
və "O qıza" şeirlərindən axan, yayılan
ürəyin sevgi həyəcanları neçə-neçə
şeirinin varlığına hopdu. "Gecə
də, gündüz də fikrimdə sənsən, Mən
kimin fikrində yaşayım, söylə? De, hansı bir ürək qəbul eləyər, Məni
sən ünvanlı dərdlə, gileylə?"- sevən insanın ayrılıq həsrətini
bundan da gözəl ifadə etmək mümkünmü? Hələ
xoşbəxtliyin və ayrılığın təzadları
üzərində qurulan bu misralar: "Nə xoşbəxt
imişəm bir zaman Allah, Xəbərim olmayıb bu səadətdən.
Niyə yazmamışam o zaman Allah, Əlimə
qələm də gəlməyir indi. De,
niyə aradan küləklər əsir? Aramız
de niyə belə sərindir?" Amma bütün sevgi
şeirləri içərisində birisi -"Qayıt"-
onun və ümumən Azərbaycan poeziyasının ən
kamil, ən obrazlı şedevr nümunəsidir:
Qayıt,
mənim gülüm, yerbəyer elə
Dərdli səhərləri, gecələri sən.
Çaşıb
başqa yolla keçirəm elə,
Düz öz qaydasınca küçələri sən.
Qayıt,
yerinə qoy Ayı, Günəşi, -
Yenə olduğutək görüm həyatı.
Qayıt,
gözüm nuru, könlüm atəşi,
Qayıt,
sahmana sal bu kainatı!
Fikrimcə, Azərbaycan poeziyasında o illərdə
ayrılığı, həsrəti Əli Kərim kimi
füzuliyanə təsvir edən şairlərin sayı o qədər
də çox deyildi.
1957-ci ildə Əli Kərim Moskvada keçirilən gənclərin
və tələbələrin VI Ümumdünya festivalında
"İlk simfoniya" poemasına görə mükafata
layiq görüldü. Bu poema Əli Kərimin ilk, həm də
süjet və kompozisiya baxımından seçilən
mükəmməl əsəriydi. Bu əsərdə
də sevgi xətti ön planda idi, amma bu sevgi süjetinə
insan taleləri ilə yanaşı, sənət və sənətkar
problemi də qoşulmuşdu. Çox
keçmədən Əli Kərim Lermontovun Qafqaz və Azərbaycan
səfərini əks etdirən "Üçüncü
atlı" poemasını yazdı. Lermontovun Qafqaz
sevgisini bu qədər poetik ehtirasla heç kim
təsvir etməyib.
Altmışıncı illər gəldi. Ədəbiyyatımızda
"altmışıncılar"ın böyük
mübahisə doğuran əsərləri yarandı.
Əli Kərimi yaşına görə
"altmışıncılar"a aid etmək
mümkün olmasa da, o, "altmışıncılar"la
eyni poeziya havasında, eyni yenilikçi-novator
sırasındaydı. O da "qocamanların" haqsız tənqidlərinə
məruz qalırdı. İndi üstündən
altmış il keçib, həmin
omübahisələri, "tənqidləri"
xatırlayırıq.
Yaşamışam
Sevgi
toranında,
Mühazirə
salonunda
Sevgilimlə
bir-birimizə deyəcəyimiz
İki söz arasında.
Xəstə
olarkən
Həkimin mənə etdiyi çarəsində.
Bəzən
baş tutmayan şeirimin
Dağılmış divarlarının xarabasında.
Bəzən
söz yarışında,
Bəzən ölüm sözünün polyar
qışında.
Əli Kərimin
"Fraqmentlər" şeirindən gətirdiyimiz bu misalda
"sevgi toranı", "ölüm sözünün
polyar qışı" o zaman mücərrəd və
anlaşılmaz ifadələr adlandırılırdı.
"Boynuna qol salıram saatımın Otururam
ömrümün bir parçasının kölgəsində:
Düzürük qızıl yanaqlı dəqiqələri On dörd günlük Ay-boşqaba, yeyirik
şirin-şirin"-nə yaxşı ki. O zaman bu
cavanların və Əli Kərimin Rəsul Rza kimi ustad bir müdafiəçiləri
vardı. Əslində, onun çıxışları təkcə
müdafiə xarakteri daşımırdı, Rəsul Rza o
"dumanlı", "mücərrəd" ifadələri,
sadəcə, izah edirdi və yazırdı ki: "belə bir
poetik obraz, təşbihlər üçün şairi tənqid
deyil, təqdir etmək daha doğru olardı". Amma illər
keçəcək, böyük tənqidçimiz Yaşar
Qarayev Əli Kərimin şeirlərini professionallıqla təhlil
edib yazacaqdı ki: "Əli Kərim bizim şeirimizə, bu
şeirin müəyyən mərhələsinə məxsus
xüsusiyyətləri qabarıq ifadə edən bir şair
kimi daxil olur. İndi yaxın on ilin poeziya mənzərəsini
Əlisiz təsəvvür etmək qeyri-mümkündür.
Əli şeirimizdə "fərdi intellektual
üslub" deyilən bir istiqamətin nümayəndəsidir.
Məhz obrazlı, emosional, poetik bir intellekt bu əsərlərin
Əliyə məxsus fərdi bədii ədasını şərtləndirir.
Bunlarda romantik və rasional bir ruh, bədii-fəlsəfi
ümumiləşdirməyə meyil qüvvətlidir".
Əli Kərimin poeziyası haqqında onun
ölümündən sonra çox yazılar yazıldı,
hətta onun şeirlərini sağlığında tənqid
edənlər də etirafa məcbur oldular.
Hansı şeirindən bir daha söz açım? Mərhum deməyə dilim
gəlmədiyi müəllimim Tofiq Hacıyev kimi, mən də
bu fikirdəyəm ki, Əli Kərimin heç bir zəif
şeiri yoxdur, hər şeirdə o, nəsə icad edirdi,
sözün dirilməsi, ehya olunması, poeziyaya çevrilməsi
kimi böyük bir missiyanı yerinə yetirirdi. "Kür,
sənə bənzəyən nəğməm olaydı",
"Atamın xatirəsi", "Babəkin qolları",
"Gəl, Azərim", "Van-Qoqun günəşi",
"Bəzən haqq qazanır insan öləndə",
"Analar ağlar", "Habil", "Şəhidliyin
zirvəsi", "Füzuli", "Coğrafiya müəlliminin
şəhadət barmağı haqqında ballada" - bu
şeirlərin hər biri haqqında ayrıca söhbət
açmaq olar, amma mən gərək Əli Kərimin onlarla
şeirini də beləcə yan-yana düzəydim. Əli Kərim
haqqında sözümü Bəxtiyar Vahabzadənin dediyi bir
fikirlə bitirirəm: "Əli Kərimin ömrü onun
ölümündən sonra başlanır, o, həm də gələcəyin
şairidir".
Əli Kərim dünyasını dəyişəndə
İsa İsmayılzadə və Ələkbər Salahzadə
ədəbiyyatda cavan şairlər sırasındaydılar. Bu iki
şairin dostluğu, isti münasibətləri, tale
oxşarlığı, hətta şeirlərində fərqli
üslub xüsusiyyətləri olmasına baxmayaraq, bir poetik
istiqaməti təmsil etdikləri barədə söz
açmaq olar. Hər ikisi eyni ildə (1941), eyni ayda
(mart), eyni gündə (15 mart)
doğulublar. İsa İsmayılzadə
Qarayazı elindəndi, Ələkbər Salahzadə
Qubanın Cimi kəndindən. Orta məktəbi
eyni ildə bitiriblər (1958). Həmin ildə
hər ikisi ADU-nun filologiya fakültəsinə daxil olublar.
Hətta bir-birlərindən xəbərsiz eyni
qrupda qəbul imtahanı veriblər. Bütün beş ili eyni partalarda, bir yerdə oturublar. Və təbii ki, ilk gündən dostlaşıblar.
Eyni qəzetdə ("Azərbaycan gəncləri"),
eyni ildə (1961), eyni gündə (19 iyul) hər ikisinin ilk
şeirləri çap olunub. Eyni ildə (1968), eyni nəşriyyatda
("Gənclik"), eyni həcmdə (2,5
ç.v.) şeir kitabları işıq üzü
görüb. Tənqidçilər də
onları bir-birindən ayırmayıblar, tərifləyəndə
də İsayla Ələkbəri bir tərifləyiblər, tənqid
eləyəndə də bir yerdə. Amma
bu tale oxşarlığına baxmayaraq, onların hər biri
özünəməxsus şair idi. Deyərdim
ki, İsanın şeirlərində həsrətin də,
ağrının da, sevincin də, ayrılığın da
öz poetik rəngi vardı. Onun indi də
yaddaşdan silinməyən elə şeirləri var ki, bunlar
illər keçdikcə, sanki bu gün
yazılıbmış kimi səni tərpədir.
Gəlin
gedək ulduzların ad gününə -
gecələr soyuqdan titrəyib sönən
tənha,
yazıq ulduzların,
gözdən uzaq ulduzların.
Belə həssas,
belə duyğulu şair dənizi, meşəni, Araz
çayını, ilin fəsillərini elə təsvir edirdi
ki, sanki meşə də, dəniz də, bulud da, adi bir yarpaq
da elə əzəldən onun içindəymiş və o,
içindəki təbiəti dilləndirirmiş:
Payızda
ağaclar fikirli olur...
fikirli-fikirli susur yarpaqlar,
fikirli-fikirli göyə sovrular,
Başımın
üstündə buludlar ağlar-
mənə ağlamağı kim öyrədəcək?
Payızın
fikrini bilmək istəsən,
gərək ağac olasan,
gərək yarpaq olasan,
gərək budaq olasan...
İsa İsmayılzadənin
poeziyasındakı özünəməxsusluğu Anar belə
açıqlamışdı: "İsa İsmayılzadə
şeiri rəsm edir, çəkir, O, tapdığı müəyyən
bir obrazı, lövhəni kağız üzərində
müxtəlif variasiyalarla, dönümlərlə işləyir,
çözələyir, eyni bir mənzərəni müxtəlif
nöqtələrdən, müxtəlif ölçülərdən
göstərir, bir sözlə, eskizlər yaradır". Yuxarıdakı şeir parçasında bunu
aydın sezə bildik.
Yuyur
çıraqları noyabr ayı,
Ehmalca-ehmalca yerə döşəyir.
Ehtiyatlı
olun, ayaqlamayın,
Lampalar
qırılar,
Qaralar meşə.
İsa İsmayılzadə də Əli Kərim kimi o
zaman "qocamanların" hücumuna məruz
qalmışdı, əlbəttə, ədəbi mübahisə
zəminində...Xatırlayıram "Yağış
gölməçəsi" şeirini.
Damcılar
göylərdən əlini üzdü,
Buludlar
özünə boylanmaq üçün
bulanıq güzgütək gölməçələri
torpağa düzdü.
yağdı, tala-tala gölməçə yağdı,
göylərin dəlisov ilhamı yağdı,
sərçələrin soyuq "hamamı" yağdı.
Doğrudan da, İsa İsmayılzadə
yağışın yağmasını gözəl bir poetik
tabloya çevirmişdi. Yağış yağır, yerdə
tala-tala gölməçələr yaranır, bu gölməçələrdə
buludun, günəşin, payızın mənzərələri
əks olunur. Sərçələr də
bu soyuq "hamamda" çimirlər. Yerdə
əmələ gələn bu gölməçələrdə
göy əks olunduğu üçün uşaqlar çubuq
atlarını bu "əks olunmuş göylərdə"
çapırlar. Uşaqların bu
çubuq köhlənləri keçdikcə gölməçənin
sükutu pozulur. Yenə bu "müəmmanı" Rəsul
Rza aydınlaşdırır və üzünü
"qocamanlara" tutub deyirdi ki, əgər bu, poeziya deyilsə,
bəs poeziya nədir? İsa İsmayılzadənin o zaman, bəlkə
də, çoxlarını qıcıqlandıran şeirləri
olub, indi baxıb görürsən ki, bu şeirlər Azərbaycan
poeziyasının yeni bir istiqamətini, ənənəvi,
ömrünü keçirmiş şablonlardan
uzaqlaşmanın nəticəsiydi - "daha belə yazmaq
olmaz" qənaətinin məntiqiydi, şeirdə bədii təsvir
arsenalının hələ tükənmədiyini isbat etmənin
cəhdi idi.
İsa İsmayılzadə "müharibə
uşağı" idi. Çoxlu şeirləri,
"Böyüdülmüş şəkillər"
adlı poeması vardı bu mövzuda. Amma
"Güllələr demədi" şeiri təkcə onun
deyil, Azərbaycan şeirinin qələbəsiydi, müharibəni
uşaq gözüylə seyr edirdi İsa, amma necə?
Getdilər. Getdilər fit çala-çala,
Getdilər atları çimizdirməyə.
Bizi aparmadılar.
Qulançar
yığmağa, moruq dərməyə
Bizi aparmadılar.
Getdilər,
getdilər Berlinə sarı,
getdilər, getdilər ölümə sarı.
Güllələr demədi geri qayıdın.
Lülələr demədi geri qayıdın.
qəlpələr demədi geri qayıdın,
hələ uşaqsınız, nə yaşınız var.
Və
İsa ölümünə az
qalmış "Haran ağrıyır, Vətən"
poemasını yazdı. Torpaqlarımızın
əldən getməsi, o zaman fərariliyin qorxulu bəlaya
çevrilməsi, Şuşadakı heykəllərin güllələnməsi
onu yaman incidirdi və İsayla uzun müddət bir redaksiyada
işlədiyimdən bunun şahidi olmuşdum.
Ələkbər Salahzadə. O da tamam fərqli bir şair idi. Fərqliliyi onda idi ki, Ələkbər həmişə
axtarışda idi, yeni poetik ifadə vasitələrinin,
obrazlı deyimlərin, şeirə gəlməli ən
uyarlı təşbihlərin, metaforaların
axtarışında. Şeirlərində
assosiasiyalara meyil güclü idi, bu şeirlərdə səslərin
və sözlərin alliterasiyası ritm yaradır
("Xocalı xəcilləri" poemasını
xatırlayıram), musiqi sədalarını andırır,
bilirdin ki, Ələkbər şeirdə sözlə nadir
tablolar çəkir. Ələkbər
modern şair idi və bəzilərinin
düşündüyü kimi, ənənəyə üz
çevirmirdi, ənənə onun şeirlərində sanki
bir ruh kimi yaşayırdı. Baxın:
Ağ bir
zanbaq kimi açıldı səhər!
Şəfəqlə
suladı
susəpən kimi
günəş zanbağı.
Qızlar
xəbər tutmadılar
zanbaq səhərdən
Ələkbərin şeirlərində təbiət
obrazının çeşidli mənzərələrini
görürsən. Yaşar Qarayev bunu xüsusilə qeyd
etmişdi. Amma təbiətdən
yazdığı bir çox şeirlərini heç cür
"təbiət şeirləri" adlandırmaq olmur. Çünki bu şeirlərdə ənənəvi
şeirlərdə olduğu kimi, peyzaj tapa bilməzsən,
çünki Ələkbər təbiətin ahəngini,
ritmini, melodiyasını şeirə gətirirdi.
Ələkbəri
bir şair kimi unudulmaza çevirən şeirlərinin
adını çəkmək istəyirəm: "Boy",
"Yananlar", "Niyazi", "Kibrit çöpləri",
"Beş yarpaq", "Qobustan fəryadı",
"Otçalanlar", "Baldırğan etüdləri",
"Kürdəmir", "İçərişəhər",
"Qan", "Rəsul Rza", "Səttar Bəhlulzadə"
və s.
İndi sərbəst şeirlər çox
yazılır və bunların da çoxu o tipli şeirlərin
poetikasına heç uyğun gəlmir. Sərbəst
şeirdə də hecadakı və əruzdakı kimi ritm
olmalıdır (qafiyə olmaya da bilər, olsa, daha
yaxşı) və əlbəttə, obrazlı ifadə tərzi
ilk sırada olmaqla. Ələkbər Salahzadənin
maestro Niyaziyə həsr etdiyi bir şeirini (1966-cı ildə
yazılıb) misal gətirmək istəyirəm: əsl sərbəst
şeir budur! deyirəm:
Şimşək
kimi
sıyrılır
bir
alqışdan
Koroğlunun
qılıncı!
Bir ürəyin
qanından,
bir əlin
torpağından
qalxır
titrək
bir çubuq -
dirijor
çubuğu.
Bir insan
rişə-rişə,
bir insan
əsəb-əsəb,
bir insan
dalğa-dalğa
axır
çubuğa;
yaşamağa başlayır çubuq!
...Bu
yazıda mən mart ayında dünyaya gələn
üç şairdən söz açdım. Əli
Kərim, İsa İsmayılzadə, Ələkbər
Salahzadə - XX əsr Azərbaycan poeziyasının
üç novator şairindən. Ruhları şad olsun!
(Əli Kərimin və İsa İsmayılzadənin
ölümləri qəfil oldu, həyatdan cavan getdilər).
Amma nə qədər ki, Azərbaycan şeiri, milli dəyərlərimiz
yaşayır, onlar yaşayır və yaşayacaqlar!
Vaqif YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2019.- 16 mart.- S.10-11.