Servantes, Borxes və
Günel
Şamilqızının
"Qəhrəman"ı
Servantesin "Don Kixot" əsəri
yazıldığı dönəmdən bəri bəşər
ədəbi fikrini silkələməkdədir. Əsər qəhrəmanının
romantik və faciəli həyatı dəfələrlə
yazıçılar, tənqidçilər üçün
mənbə olmuş, romanın ideyası, süjet xətti
üzərində müxtəlif eksperimentlər
aparılmışdır. Günel
Şamilqızının bu yaxınlarda çap olunan "Qəhrəman"
hekayəsi (“Ədəbiyyat
qəzeti”, 17 noyabr, 2018) də həmin cəhdlərdən
növbətisi idi.
Öncə deyim ki, Günel Şamilqızı cəsarətli
addım atıb. Servantesin "Don Kixot" əsəri
üzərində dekonstruktiv mətn quraraq zamana dair bədii-fəlsəfi
baxışlarını ifadə etməyə
çalışıb. Hələ nəzərə
alsaq ki, Günel nəsrdə yenidir. Biz onu
istedadlı şair, fərqli poetik yaşama malik şeirlərin
müəllifi kimi tanıyırıq. Bir də nəsrdə
ilk cəhd kimi povest yazmışdı: "Div olanda
noolar". Bu povestin də ilk oxucularından olmuşdum və
həmin mətni oxuyanda bir məqam məni sevindirmişdi:
Günel şeirlərində olduğu kimi, nəsrində də
orijinal olmağa, janrın strukturunda dəyişmələr
etməyə çalışır, kompozisiya qurumunda, təhkiyə
tərzində, müxtəlif üslubi elementlərdən
istifadədə rəngarəngliyə meyil edir. Bu dəfə isə "Qəhrəman"
hekayəsi! Günel, sanki meydan oxuyur,
""Don Kixot" olanda noolar", məgər onun üzərində
yeni fikir dünyası yarada bilmərik? Günel qəhrəmanını
bu kontekstdə sınaqdan çıxarır və deyim ki,
eksperiment üçün seçdiyi predmet də yolun çətinliyini
nişan verir.
Bu anda, nədənsə, Servanteslə yanaşı,
Borxesi xatırlayıram. Onun "Oxucular" şeiri var, qəhrəmanı isə
kitabxana və Don Kixot:
Mən həmin
öncəgörən adamam ki,
Düşünürəm qəribə taleli idalqonu.
O, elə
həmişə mücadilə gözlədi,
Kitabxanadan çıxmadı heç vaxt.
Don Kixot kitabxanadan çıxmayan və elə
kitabların məhv elədiyi qəhrəmandır. Öz
ideallarının qəhrəmanı. Və
ona görə fərqli deyil ki, oxuduğu kitabların təsirinə
qapılıb deyək ki, mənasız savaşlara, yeldəyirmanları
ilə döyüşlərə atılırdı. Yox, Don Kixotun fərqliliyini onun içində olan ədəbiyyat
gücündə, ədəbiyyat inamında axtarmaq
lazımdır. Onun üçün həyat
elə kitablarda qərarlaşan kimi idi - saf və təmiz.
O, kitabların insanı heç vaxt aldatmayacaq sehrinə
inanırdı. Don Kixot kitab kultunun əsirinə
çevrilən son qəhrəmandır bu dünyada.
Günel hekayəsində bu nüansı yaxşı
tutub. Kitablara ironiyanı
önə çəkib. Artıq kitab oxuyub mənasız
mücadilələrə atılmaq, yeldəyirmanları ilə
savaşlara girmək, kitab oxuyub özünü tanımaq (!)
insanı mənasız varlığa çevirir, onu qəhrəman
olmağa qoymur. Odur ki, dəyişmək - dünya ilə
"dialoq"un yeni formasını
axtarıb tapmaq lazımdır. Elə "Qəhrəman"
hekayəsində də müəllif Servantesin əsərindəki
ideyanı inkar edib yenisini irəli sürməyə
çalışır. Hekayə zəmanə
qəhrəmanlığına inamsızlığın
illüstrasiyasıdır.
Çağımızın
həqiqətidir, XX əsrin sonlarından başlayaraq ədəbiyyat
ideya böhranı üzərindədir, dünyanı
ağır ictimai-siyasi və mənəvi kataklizmlərdən
xilas edəcək ali niyyət və
ideallar zəminində idrak etməkdədir. Günelin
hekayəsi bu mənada, bəşəriyyəti dəyişməyə
yönəlmiş ideya ədəbiyyatının bir nümunəsi
kimi təcəssümlənir. Buradaca
dayanıb bir balaca haşiyəyə varaq. Niyə məhz, "Don Kixot" və niyə məhz,
onu dəyişmək istəyi? Müəllifin
belə bir rakursa əl atmasının səbəbi nədir?
Ona görəmi ki, dünyanın artıq
"Don Kixot"a münasibəti dəyişməkdədir.
Kitablardan çıxmış bu ideya qəhrəmanına
daha heç kim inanmır. Çünki
dünyada əqlin, idrakın rolu get-gedə tənəzzülə
uğramaqdadır. Amma məgər Don Kixot
yalnız "ağıldan bəla"nınmı tipik
obrazıdır? Ötən ilin sonlarında
Bəhram Osmanovun quruluş verdiyi yeni "Don Kixot"
tamaşası ilə bağlı Aydın Talıbzadənin
resenziyasında müəllifin hədəflədiyi nüans
da elə bu məqamla bağlı idi. "Sərsəm
dünyanın sərsəm cəngavəri, yaxud kitabların
"öldürdüyü" Don Kixotdan" bəhs edilir,
kitab bir növ müqəssir elan olunurdu: "1. Bəsdir,
artıq heç kəs kitablara inanmır!/
2. Onlar insanların sərsəmliyinin səbəbidir!/ 3. Don Kixot kitabların
öldürdüyü qəhrəmandır! Don
Kixot kitablardan oxuduğunu həqiqət kimi
qavradığı üçün, onlara saf bir uşaq kimi
inandığı üçün gülməli olub, karnaval
təlxəyi olub, şəbədə obyekti olub, zəmanənin
dustağı olub".
Amma kitablara inanmayan dünya həm də illüziyadan
arınmış, xəyallarına nöqtə qoyulmuş
dünyadır və bu dünyanın adamlarının
yadlaşması, yadlığının səbəbini də
burda axtarmaq lazımdır.
Dünyanı
az qala beş əsr cəzbində saxlayan
"Don Kixot"u yenidən yaratmaq şövqü... İlk baxışdan, dekonstruktiv meylin alt qatında
postmodernist oyun effektinin olduğu güman edilə bilər.
Amma Günel Şamilqızı qəhrəmanın
düşdüyü bu "oyuna" elə fərqli anlamlar
qazandırır ki, burada milli lokal problem çeşidindən
tutmuş ümumən XXI əsr insanının aqibəti,
xarakteri, durumu kontekstində davam tapır: "Arvadı həmişə
istinin cırhacırında uzunqol köynək geyinməyinə
deyinib onu ələ salırdı. Heç kimə
izah eləyə bilmirdi ki, bu ağlığını
çoxdan itirmiş kəmköhnə, əslində,
bütün qısaqol köynəklərindən daha sərin
saxlayır bədənini".
Təsəvvür edirsiniz, qəhrəman özü
heç adi köynəyindən ayrıla, onu yeniləyə
bilmir. Əsər ilk oxunuşdan obrazın konservatorluğu
ilə üz-üzə qoyur oxucunu. Və
bu qəhrəman illərdir bəşər insanını təsirində
saxlayan bir əsərin ideyasını, sonucunu dəyişmək
amacındadır. Buradaca müəllif oxucunu hazır Don
Kixot(luq)la üz-üzə qoyur.
"O,
insanlara Servantesin məhv etdiyi gələcəkdən
danışmaq istəyirdi. O gələcək ki, gəlmişdi
də, getmişdi də. O gələcək ki, artıq
özünün belə keçmişi idi. İndi
özündən sonrakıların gələcəyi
üçün Servantesin öldürdüyü qəhrəmanı
- Don Kixotu diriltmək istəyirdi". Diqqət eləsək,
burada günahkar kitablar yox, Servantesin özüdür! Don Kixotu öldürən, bununla gələcəyi
məhv edən odur.
Günel Şamilqızı ədəbi mühiti
bütün atributları ilə canlandıra bilir hekayədə. Buradakı oyunbazlıqlara ironiya həm
yazıçının
mühiti yaxşı tanımasından, həm də
ümumiləşdirmə gücünün yerində
olmasından xəbər verir: "Yarım-yapalaq hekayələr
quraşdıran, bir neçə müsabiqədə
ölüm-zülüm üçlüyə düşən,
nə vaxtsa yaşıdları arasında ən çox diqqət
çəkmiş, indisə adamlı-adamsız yerində
sayan yazıçı kimi buna gücü
çatacaqdımı? Bilmirdi. Hərdən güman edirdi, ona meydan açsalar
dağı-dağ üstə qoyar, sonra baxırdı ki,
oturmadığı ocaq başı qalmayıb, amma ortada karagələn
heç nə yoxdur. Ölkə ədəbiyyatı da
elə gündəydi ki, o, üç-dörd yaxşı
yazan nasirdən biri sayılırdı...".
Şair Zahid Əzəmət demiş, "tanış mənzərədir.
Hər döngəsində
özümüz".
Bundan əvvəl
Günelin utopik janrda yazdığı "Div olanda noolar" povestindən fərqli
olaraq "Qəhrəman" realist janrdadır. Hekayənin fabulası nəyi deyir? Qəhrəmanın tipik yazıçı həyatı
ilə tanışlıq ondan başlayır ki, bir gün o, fərqli
əsər meydana qoymaq fikrinə düşür və bunun
üçün seçdiyi əsər Servantesin "Don
Kixot"u olur. O, bu əsəri dekonstruksiyaya
uğradaraq, Don Kixotu fərqli biçimdə təqdimləməyə
çalışır. Fikrini hamıdan,
dostlarından, ailəsindən belə gizlədərək
axşamlar əməkdaşlıq etmək istədiyi nəşriyyatın
poçt ünvanına niyyətini yazır, fikirlərini izah
edir. Qarşılıqlı yazışma
yazıçıya müəyyən qədər ruh versə
də, nəticədə qəhrəman milli gerçəklərə
uduzur. Bazarlıq etmək üçün
əlinə verilən siyahı ona məişət
sferasından adlaya bilməməyin simvolikasına
çevrilir.
İdeya özlüyündə diqqət çəkir. Məsələn, daima
mübahisə müstəvisində olub: biz niyə dünya ədəbiyyatına
çıxa bilmirik?! Buna gedən yollar
aranıb. Səbəblər çox, maneələr
çox, mənzərə də ortada. Günel
bu hekayənin timsalında həmin problemlərin müəyyən
qisminə işıq salır, çoxyönlü problemlərin
dərinlərinə enir, hadisələrin bədii dərkini,
çözümünü verir. Qəhrəmanın
dünya ədəbiyyatında çox sevilən bir əsəri
seçib dekonstruksiyaya uğratmaq çabası niyə
alınmır? Buna mane olan nədir? Axı dünya ilə bizim aramızda ciddi mənəvi
uçurum yoxdur. O zaman bizdə böyük
yazıçı olmağa nələr əngəl olur:
yazıçıyla işləməyi yalnız öz
"bazarı"nın işləkliyi
naminə seçən və istəyinə tabe tutan nəşriyyatlar,
yoxsa axşamlar bəşəri düşüncələr
içində var-gəl edən yazıçının səhərlər
məişət gerçəkliklərinə boyun əyməsi?
Ya ən əsası, oxucu amili? Yaxud da əsas
məsələ: Mətn meydana qoymaq! Günelin hekayəsində
bunların hamısı var: "Servantes bir cəngavər
öldürüb məşhurlaşmışdı. O da
öz şəhərindəki cəngavərlərin şərəfinə
Servantesin qəhrəmanını dirildib tanınmaq istəyirdi.
Bir növ bu şəhərin cəngavərlərinə
şans... Yox, o kim idi şans versin? Belə
deyək: ümid vermək istəyirdi. Əslində,
inanmırdı onlar bu ümidi görələr, oxuyalar, sonra
özlərini tanıyalar... Sadəcə, nəsə
yazmalıydı. Neçə illərdi
yazıçılara verilən bütün imtiyazlara göz
dikib, onun-bunun yazdığına mız qoyub ortalıqda
düz-düz gəzməklə daha nə qədər aldada
bilərdi camaatı?".
Qəhrəmanın bu cür ideallarının təqdimində
yazıçı adekvat olaraq mətnə qroteski daxil edir. Ki,
bütövlükdə həyatının gerçək tərəflərini,
alt məqamlarını, daxili məzmunu üzə
çıxarsın. Əsl mahiyyət də
bu iki tərəfin üz-üzə qoyulması prosesində
meydana çıxır. Müəllif qəhrəmanı
ikili planda təsvir edir: ailə, dost mühitindəki hadisə və
yazı masası arxasındakı məna planında. Amma hər iki planda təsvir olunan proseslər
ideya-problematika ətrafında elə yerləşdirilir ki, nəinki
qəhrəmanın, elə günün gerçəklərinə
işıq sala bilir. Süjetin bir tərəfində
qəhrəmanın dünyanı dəyişmək istəyi,
digər tərəfində onun gerçəklər
önündə aciz və əlacsız qalma
reallığı. Yəni
yazıçının bu gün gəlib dirəndiyi problem
sırası nədən ibarətdir, zəmini, məntiqi nəyə
söykənir - hekayə daha çox bunun üzərində
düşündürür. Yəni
yalnız təsvir etmir, nominal səviyyəni dəf edir, daha
çox daxili səbəblərə yönəlir. Bəlkə, daha çox təfəkkür
yeniliyinin vacibliyini irəli sürür hekayədə.
Hekayənin dili çəkicidir, Günel mətni
ağır konsistensiyadan məhrum edib sadələşdirir, əsərin
ideyasını dolğun şəkildə ifadə etməyə
nail olur. Təhkiyənin arxa planında qlobal dünyanın
neqativlərinə, feminizmə işarəyə, özgələşmə
faktını vurğulamaya, bir sözlə, çağın
İnsanını bütün əhatə, aqibət spektrində
inikasına yer var. Müəllif əsərdə qəhrəmanların
həyatında baş verən ziddiyyətin səbəbini
uçurumlarda axtarır. Gerçəklər
və həqiqətlər, reallıq və xəyal
arasındakı uçurumda.
Servantesin "Don Kixot"u ətraf
mühitin yaratdığı uçuruma yuvarlanıb məhv
olur. Günelin qəhrəmanının
uçurumu mənəvi uçurumdur. Don
Kixot nə üçün savaşdığını bilmədən
savaşırdı, yeni dövrün qəhrəmanları Don
Kixot olmağa çalışmırlar belə. Daxili istək, həvəs yerini çoxdan
çöküş ruhuna tərk etmişdir. Hekayədə ağılla cəmiyyət
arasında yaranan mənəvi uçurum diqqət mərkəzinə
çəkilir. Günel insan idealı ilə
ictimai varlıq arasında yaranmış dərin ziddiyyəti
hekayənin ideyasının əsasında duran məğlubiyyətin
rəmzi kimi ümumiləşdirməyi bacarır. Daxili istəyindən xətt çəkən
insanın düşdüyü acınacaqlı vəziyyəti
əsərin süjetini təşkil edən əsas motiv kimi
qiymətləndirir.
Ümumən, hekayənin poetik strukturu nikbin havada nəfəs
alır, kinayənin bir çox hədəflərə
tuşlanmasına, müəyyən polemik kəsər və
təəssüf nidasının içində olmasına rəğmən
gülüş səsini eşitməmək mümkün
deyil. Səbəb isə həminki
varlığımızda qalmağımız, mahiyyət
etibarilə dəyişməməyimizdir. Bu
baxımdan, müəllifin hekayəyə Cəlil Məmmədquluzadə
rakursunu daxil etməsi təsadüfi deyil, hətta məncə,
bədii gedişatın özünün diktə etdiyi
gerçəklikdir. Diqqət eləsək görərik:
maarifçi estetikanın dünya səviyyəsinə
çatmaq niyyətinin özündə bir fiasko vardı. Daim qamışlıqdan çıxmaq arzusu ilə
yaşayan, dünyaya sarı dartınan bu qəhrəmanı
Mirzə Cəlil öz nəsrində varlığı ilə
üzbəsurət qoymuşdu. Dünyaya
çıxdın da nə oldu? Geriyə dönəndə köhnə müsəlman
qaydası ilə yaşamağa davam etdinsə... Cəlil Məmmədquluzadə
nəsrinin problematikası bütünlükdə bu kimi ciddi
mətləblər üzərində qərarlaşırdı:
bizi özümüzə tanıtmaq, anlatmaq ehtirası ilə.
Günelin də hekayəsində bu məqama
işarə yer alır. Qəhrəman Mirzə
Cəlili sevmir, çünki Mirzə Cəlil onun kiçik qəhrəmanlığına
gedən yolda özünü özünə göstərən
aynadır. O isə bu aynaya baxmadan, onu ruhdan salan heç
nəyə məhəl qoymadan dünyanın nizamını dəyişəcək
yeni əsərini yazmaq planını qururdu: "Həmişə
fikirləşmişdi ki, Cəlili oxusa bir də azərbaycanlıları
sevə bilməz, uzaqbaşı yazığı gələr
onlara. Düşünürdü ki, Cəlili çox oxusa,
özünü də dibəcən tanıyar, o dibdən bir
də çıxa bilməz, ölər, qalar orda,
dünyanın bütün Şeyx Nəsrullahları ilə
Kefli İsgəndərləri barışsa, var qüvvələrini
toplayıb onu səsləsələr belə dirilməz".
Hekayə
ironiyalarla zəngindir: "Mən Servantesdən, Don Kixotun
atasından, daha doğrusu, atalığından fərqli
olaraq məhz elə "tapdalanmış yolla" getmək
istəyirəm. Axı indi bütün
dünyada bu, dəbdir".
Amma bəzi
məqamlarda manifest səciyyə üstün gəlir, qəhrəmanın
iç savaşları yazıçının ideya
çırpınışlarına ayna tutur, hətta müəllif
şüuraltısı obrazın önünə keçib
onun yerinə danışır: "Tək-tük fərasətlilərin
arxada qoyduğu ikinci dərəcəli adamlar daha çox diqqət
mərkəzindədir, nəinki həmin cəsurların
özləri. Qəhrəmanlıq öz kristal
saflığını itirib. Bu gün hamı əsl
qəhrəman olmaqdan çox, öz qəhrəmanı
olmağı üstün tutur. Bəşəri
hisslər məhəlli duyğulara uduzur".
Əvvəlcə adama elə gəlir ki, bu pessimist
düşüncələrin hekayədə motivlənməsi
yoxdur, sadəcə, deklarativ səciyyədə mətnə
daxil olur, onun daşıyıcısı elə baş qəhrəmanın
özüdür. Amma bir addım bu yana obrazın tənqid,
ironiya ilə yanaşdığı məsələlərin
"örnək" nümunələri gətirilir müstəviyə.
Günel fəlsəfi başlanğıca
söykənən mətndən məhəlli törəmələrə
gediş edir, təsvir edilənlər eklektik səciyyədə
olmayıb milli şüur və məişət dərinlərinə
işləyir. Məsələn, "Çuşka" məsələsi.
Belə ki, hekayənin əvvəlində sevimli uzunqol köynəyindən
ayrıla bilməyən qəhrəman şəhər
camaatının qınağından çəkinib onu bir tərəfə
qolazlayır: "Elə gizlət bunu, bir də gözüm
görməsin!
- Bəs
deyirdin sərin saxlayır, nooldu?
- Havaya
bax! Adama "çuşka" deyərlər!".
Burada oxucu öz gözləntisində fiaskoya
uğrayır.
İçinə yıxılan qəhrəmandan
nəsə gözləməyə ümid vardı. "Şəhərli olmaq" üçün ətrafın
fikrinə tabe olan qəhrəmandan isə nəsə
ummağa artıq yer qalmır.
Hekayədə ikinci belə "örnək" məqam
əlindəki oyuncaq qılıncla Əliağa Vahidin
büstü ilə döyüşən uşağın
kontekstində açılır. Anarın əsərlərindəki
şəhər adamı olmaq istəyinin yerini "cəngavər"liyə
meyil edən əyalət adamları tutub və onun da
gücü əvvəldə Anarın qəhrəmanı əvvəl
Zaur kimi altıncı mərtəbələri xəyal edib
sonda əlində ərzaq siyahısı mağazaları gəzməyə
çatır. Müəllif bəşəri lada köklənən
insan hisslərini sosial fonla əlaqələndirməyə cəhd
edir və bu məqamda da gözlənilməz nəsə
baş vermir, qəhrəman total müsəlman
davranışına və təfəkkürünə
bağlı biri olduğunu isbatlayır. Günel hekayənin əvvəlində
ali ideyalarının cəzbində
dolaşdırdığı qəhrəmanı axırda məişət
qatında sərgərdan buraxır. Burada bir
anlıq milli insan olaraq öz naəlaclığımıza
heyifsiləndim, düzü. Azərbaycan kişisi hələ
də məhəlli "şinel"indən çıxa
bilmir, onun deyək ki, Somerset Moemin "Ay və qara qəpik"
romanının qəhrəmanı Çarlz Striklənd kimi
arzularının naminə məişətdən, mühitdən
vaz keçmək iqtidarı yoxdur.
***
Karlos
Fuentes "Ədəbiyyata tərif" məqaləsində
yazır: "Bütün
böyük romanlarda insani bir impuls olur; adına
təşnəlik də demək olar, sevgi də, azadlıq
da, ədalət də. Uğursuzluğa təhkimli
olduğumuzu bilsək də, bizi özünü
reallaşdırmağa çağıran bir impulsdur bu. Don
Kixot uğursuzluğa düçar olduğunu bilir, eynilə
Qorio ata, Anna Karenina və Knyaz Mışkin kimi. Amma onlar bu
uğursuzluğun müəyyən qədər, yaxud da tamamilə
fərqində olduqları üçün, bütün
dövrlərin, irqlərin, bəşəriyyətin
bütün ailələrinin bitib-tükənməz, təsdiqlənmiş
inkişafına və xoşbəxtlik illüziyası ilə
özgələşmədən yaşadıqları, ortaya
qoyduqları və xatırladıqları ömrün təbiətini,
insan ekzistensiyanı və onun dəyərlərini xilas edirlər,
bizim də xilasımıza yardımçı olurlar".
Mən
"Don Kixot" - dünyanın bu əsrarəngiz və bəxtsiz
cəngavərini Servantesin kitabından əvvəl sovet
yazıçısı Emma Vıqodskayanın "Əlcəzair
əsiri" adlı kitabından tanımışam.
Müharibədən əvvəl, daha sonra isə 1965-ci ildə
yenidən nəşr olunan bu kitab indi də kitab rəfimdə
öz sevimli yerindədir və "Don Kixot"un
faciəsini anlatmağa gücü yetən bu cümlələrə
görə mənə həmişə əziz olacaq: "Cəngavər
döyülmüş, qana bulanmış, toz-torpağa
batmış, azı dişlərini itirmiş, Rossinant
adlı atından məhrum olmuş bir halda torpağa
uzanıb özünün sədaqətli
silahdaşıyanı ilə söhbət edirdi. Servantesin
yatdığı zindandan qəmli cəngavərin səsi gəlirdi:
- Bunu da sənə deyim, Sanço, ürəyim ona
görə ağrıyır ki, mən özümə
baş götürüb dünyanı gəzən cəngavər
peşəsini iyrənc bir əsrdə,
yaşadığımız əsrdə seçmişəm".
Belə...
Hər dövr öz zəmanə qəhrəmanını
yetirir. O qəhrəmanın içində
dünyanı dəyişmək, dünya ilə savaşmaq
şövqü oyanır. Yeni "Don Kixot"lar
meydana çıxır və fərqli sonluq yarada bilmədən
tarix səhnəsini tərk edirlər. Bu barədə
Borxesin "Pyer Menar, "Don Kixot" müəllifi" hekayəsində
ətraflı təsvir var. Amma qəribə olan nədir,
bilirsinizmi? Hər dövrün "Don Kixot"u mütləq
identikliyə məhkumdur və son olaraq belə qənaətə
gəlir ki, o, doğru zamanda doğulmayıb,
yaşadığı əsr "iyrəncdir!".
Günel
Şamilqızının qəhrəman ola
bilməyən Qəhrəmanı kimi...
Elnarə
AKİMOVA
Ədəbiyyat qəzeti.- 2019.- 16
mart.- S.12-13.