Güney Azərbaycan ədəbiyyatı:
Müzakirədən sonra düşüncələr
Azərbaycan bəşəriyyətin ən
sayılıb-seçilən, dünya tarixinə, mədəniyyətinə,
dövlətçiliyinə özünün bənzərsiz
möhürünü vurmuş böyük türk
varlığının ayrılmaz hissəsi, onun altun
körpüsüdür. Tarixi bizim eradan əvvəl III minilliyə gedib
çıxan, zaman-zaman kükrəyən, bəzən
sönən, tarixin müxtəlif zamanlarında dövlətçilik
sistemləri və özünəməxsus mədəniyyət
yaratmaq qüdrətini özündə tapan xalqımız beş min illik bir yol qət etmişdir. Bəzən bu böyüklüyü, alicənablığı,
müqəddəs ruhunun paklığı nəticəsində
əbədiləşdirməyi belə düşünməmişdir.
Cəngavər, mübariz xalq olan türklər qələbələr
qazandıqca, bu qələbələrin davamlı
olacağına məğlubedilməzliyin əbədiliyinə
inandılar. Elə buna görə də çox zaman bu qələbələri
tarixiləşdirmədilər, yəni onları yazıya
almadılar. Qərəzsiz yazılan
bütün tarixi mənbələrdə, hətta başqa
millətlərdən olanlar belə, türklərin qəhrəmanlığından,
onların fatehlik şöhrəti və əzəmətindən
danışdıqları, onları kainatın əsl
hökmranı olduqlarını qeyd etdikləri halda, biz
türklər özümüz öz qədr-qiymətimizi bilmədik.
Hər kəsə humanistlik göstərdik.
Heç kimin dil və inancına toxunmadıq.
Həddən aşırı humanistliyin nəticəsi
o oldu ki, Azərbaycan zaman gəldi ki, imperiyalar arasında
bölündü. Bu
bölünüb-parçalanma xalqın həyatına,
dünyagörüşünə təsirsiz qalmadığı
kimi, onun ədəbiyyatına və mədəniyyətinə
də təsirsiz qalmadı. İki əsrə
yaxın olan bu dövr ərzində dili, dini eyni olan xalqın
iki fərqli məkanda ədəbiyyatı inkişaf etdi.
Təbii ki, ayrı-ayrı məkanlarda
yaranıb inkişaf edən ədəbiyyatın forma və məzmununda
da nəzərəçarpacaq müxtəliflik və izlər
qoydu. Lakin istər vətənin
Güneyində, istərsə də Quzeyində xalq bu ədalətsizliklə
heç cür barışa bilmədi. Hər
cür siyasi ayrılıq və əngəlliklərə
baxmayaraq ədəbiyyatımız tarixən olduğu kimi bu məsələdə
də müqavimət göstərdi. Tale
elə gətirdi ki, vətənin Quzeyində ədəbiyyatımızın
- dilimizin inkişafı üçün görkəmli şəxsiyyətlərimiz
(istər siyasi, istərsə də ədəbi müstəvidə)
dirəniş göstərərək bir qədər dili və
ədəbiyyatı qoruya bildilər (xüsusilə anadilli təhsili
qoruyub saxlamaq mümkün oldu). Vətənin
Güneyində də ədəbiyyatımız böyük
çətinlik və müqavimətə sinə gərərək
vətənpərvər ziyalılarımızın sayəsində
inkişaf etdi. Xalqın milli və mənəvi
amilinin varlığına çevrilməyi bacardı. Bölünüb parçalandığımız
gündən Güneyli, Quzeyli, həm də dünyaya səpələnmiş
60 milyonluq millətimizin bütövlük ruhunu əks etdirən
Azərbaycan ədəbiyyatı oldu. Hansı dildə
yaranmasından asılı olmayaraq, ədəbiyyatımız
həmişə xalqımızın bütövlük həsrətini
yaratmış, bu hissi bir an da olsa
unudulmağa imkan verməmiş, fars və rus
işğalına məruz qalanda da istiqlaliyyət
idealımız ədəbiyyatımızda
yaşamışdır. Yüksək arzu və
idealların yaşamasında heç şübhəsiz ki,
Güneylə Quzey arasında ədəbi əlaqələrin
olması, ən çətin zamanlarda belə, bu mənəvi
tellərin qırılmaması, hər iki tərəfdə
yaranan ədəbi nümunələrin bir-birindən təsirlənməsi
ilə şərtlənir.
Bu mənada "Ədəbiyyat qəzeti"ndə son
dövrlərdə ədəbiyyatımızın müxtəlif
aktual problemlərinə həsr olunmuş məqalələrin
dərc olunmasını təqdirəlayiq hal kimi qiymətləndirmək
olar.
Xüsusilə qəzetin saylarında geniş oxucu kütləsinin
diqqətini Güneydə gedən ədəbi prosesə cəlb
etmək, az tanınmış Güney yazarlarının əsərləri
haqqında dəyirmi masalar təşkil etmək
düşünürük ki, bütöv ədəbiyyatımıza,
bir qədər də geniş götürsək, milli-mənəvi
dəyərlərimizə vətəndaşlıq
mövqeyindən yanaşmaq baxımından çox müsbət
bir haldır və bu cür cəhdlər yüksək qiymətləndirilməlidir.
"Ədəbiyyat qəzeti"nin 9 və 16 fevral 2019-cu il
saylarında "Cənubi Azərbaycan ədəbiyyatı:
"Tarixdən bu günə" ("Ədəbiyyat qəzeti"nin müzakirə saatı) dəyirmi masası
bir mütəxəssis kimi məni cəlb etdi, qoyulan
sualları və cavabları diqqətlə oxudum. Masa ətrafında olan dostlara ümummilli bir məsələ
üçün vaxt tapıb redaksiyaya təşrif
buyurduqları üçün öz təşəkkürümü
bildirirəm. İkincisi, "Ədəbiyyat qəzeti"nin baş redaktoru, son
illərdə "Ədəbiyyat qəzeti"nin daha
çox oxunmasına, onun səhifələrinin daha
sanballı yazılarla zənginləşməsinə
çalışan və buna nail olan Azər Turana və mənim
sevimli tələbəm olmuş, bu gün elmlər doktoru
alimlik dərəcəsi almış Elnarə xanım
Akimovaya təşəkkür və sayqılarımı
bildirirəm. Səmimiyyətimə inanın ki,
məhz Güney Azərbaycan ədəbiyyatını
işıqlandırdığınız üçün
ömrümün çox hissəsini bu ədəbiyyatın
öyrənilməsinə sərf edən bir tədqiqatçı
kimi çox sevinirəm. Amma bütün
bunlarla bərabər gələcəkdə bu müqəddəs
işin davamlı və daha cəlbedici olması, daha çox
oxucunu cəlb etmək üçün bəzi
qüsurların aradan qaldırılması vacibdir.
Dəyirmi
masanın mövzusu "Cənubi Azərbaycan ədəbiyyatı:
Tarixdən bu günə" adlanır. Mövzu
çox geniş olduğu üçün cavablar da pərakəndə
dağınıq halda cavablanır. Milli məsələdə
konkret olaraq həmişə vətəndaşlıq
mövqeyindən çıxış edən, son dərəcədə
milli bir şəxs və milli şair olan S.Rüstəmxanlı
çox haqlı olaraq qeyd etdi ki, "biz hələ də bu
terminləri tam dəqiqləşdirməmişik". Cənubi Azərbaycan və ya Güney Azərbaycan.
Masada iştirak etməsəm də, ədəbiyyatın
bu sahəsi ilə məşğul olan bir tədqiqatçı
kimi mən də fikirlərimi bildirmək istərdim. Əvvəla, İran Azərbaycanı termininin
işlədilməsini qəbul etmirəm və bunun tam əleyhinəyəm.
Dilimizdə Güney və Quzey sözləri
varsa, güneyli soydaşlarımız da bu taya Quzey deyirlərsə,
nədən biz Şimal və Cənub işlətməliyik.
Təbii ki, bu bir müddət paralel işlədiləcək,
amma tədricən mütləq təmiz türk sözü
olan Güney və Quzey sözlərilə əvəzlənəcək.
Qaldı
ki, Azər bəyin 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti
qurulanda adımızla bağlı təpkilərin olduğunu
söyləməsini, sualların birində Firdovsinin
xatırlanması (şovinizmlə bağlı), hətta
"çağımızda türkologiyanın atası"
kimi tanınan, Avropa dilçiliyinin XX yüzillikdə kəşf
etdiyi tarixi-müqayisəli metodu hələ XI yüzillikdə
türk dillərinə tədqiq edərək dünya
dilçilik elmini səkkiz yüz il qabaqlamış
M.Kaşğarlını xatırlaması lap yerinə
düşdü. Lakin bizi daha çox maraqlandıran
Divanın 1-ci cildində böyük alimin Azərbaycanla və
onun qonşuları ilə bağlı məsələlər
daha çox maraqlandırır. Belə ki,
M.Kaşğarlı xəritəsində dünyanı yumru
şəkildə verir, bu xəritədə türklərin
yaşadıqları yurd yerləri təsvir olunur. Ən maraqlısı isə odur ki, bu xəritədə
bu gün İran adlanan ərazinin adı çəkilmir,
çağdaş Güney Azərbaycanın ərazisi isə
xəritədə öz əksini tapıb. A.Rəhimoğlunun yazdığına görə,
"Batıda Azərbaycan Şam (Suriya) ilə həmsərhəddir
və Azərbaycanın ərazisi bucaq şəklində
Şama doğru uzanmışdır. Ümumiyyətlə,
onun cızdığı xəritə XI əsr Qəznəvilərlə
Rəvvadilər dövlətinin sərhədlərinə
uyğun gəlir. Lakin yaddan
çıxarmaq olmaz ki, Qəznəvilər də, Səlcuqlar
da türkdürlər. Gürcüstan, Ermənistan
və İran adlarının işlədilməməsi də
çox mətləblərdən xəbər verir. Tarixi qaynaqlara müraciətimizin bir səbəbi də
odur ki, bu gün hədyanlar yazmaqdan utanmayanlar bir daha
düşünsünlər ki, tarixi həqiqətləri
inkar etmək mümkün olmadığı kimi, tarixi mənbələri
də inkar və yox etmək mümkün deyil. Ona görə də İran Azərbaycanı demək
tarixi həqiqətlərin üstündən xətt çəkmək
kimi bir şeydir. Burada siyasət yoxdur,
tarixi həqiqətlər var, elm də sübutu sevir. Sonralar, XX əsrin ortalarında Persiya İran kimi rəsmiləşdirildi.
Daha dəqiqliyi ilə desək, 1935-ci il
martın 21-də Rza Pəhləvinin xüsusi fərmanı
ilə "İran" sözü coğrafi məkan kimi rəsmiləşdirildi.
Əslində, tarixlə ədəbiyyat
yaxın qohum sahələr olduğu üçün elmi
mübahisələr və qənaətlər zamanı
filoloqlar tarixə müraciət etdikləri kimi, tarixçilər
də çox vaxt ədəbiyyata müraciət etməli
olurlar.
Qaldı
ki, "Cənubi Azərbaycan ədəbiyyatı tarixdən
bu günə" mövzusunun özü istər-istəməz
Güney Azərbaycan ədəbiyyatının dövrləşdirilməsini,
ədəbiyyatın inkişaf mərhələlərini
müəyyənləşdirməyi, hər dövrün
özünün spesifik xüsusiyyətlərini üzə
çıxarmağı və hər mərhələnin gətirdiyi
yeniliklə bərabər nöqsanlı cəhətlərini
də açmağı tələb edir. Belə
olan halda müasir modern ədəbiyyat deyəndə Əhməd
Şamlu və bir sıra digərləri ən yeni ədəbiyyatda
özünü göstərən modern ədəbiyyatının
sırasına daxil olmazdı. Halbuki,
Ə.Şamlu romantizm ədəbi cərəyanının
(Güney ədəbiyyatında) son magikanlarından biridir.
Ə.Şamlu
əslən azərbaycanlı olsa da, o qədər öz
mühitindən və dilindən ayrılmışdı ki,
çoxları onu fars şairi hesab edir, Azərbaycan
poeziyasına qatmırdılar. 1997-ci ildə həm doktorluq
dissertasiyamızda, həm də 1998-ci ildə dərc olunan
"Güney Azərbaycan ədəbiyyatı" dərsliyində
ilk dəfə olaraq biz onu Azərbaycan şairi olaraq qeyd etdik
(bir sıra tədqiqatçıların etirazına baxmayaraq)
və onun Şah İsmayıl Xətaini taxta gətirən ən
böyük türk tayfası olan şamlulardan olduğunu
sübut etdik. Qaldı ki, onun yaradıcılığı
haqqında onu demək olar ki, doğrudur, o, Güney Azərbaycan
şeirinə ağ şeiri gətirənlərdəndir.
1947-1948-ci illərdə onun yazdığı
"Zülmətin simfoniyası" və digər şeirləri
dediklərimizi təsdiqləyir. Şairin çoxpilləli,
tükürpədici təşbehlərlə təsvir etdiyi mənəvi
dünyası, iç aləmi, keçirdiyi həyəcanlı
anlar, dövrün qayda-qanunlarını, istibdadın törətdiyi
amansız cinayətləri büruzə verir. Bizcə, Pəhləvi
rejiminin yaratdığı repressiya ağ
şeirə məxsus bədii lövhələrlə məhz
bu cür təqdim oluna bilərdi. Çünki
olüm, qırğın, viranəlik və dəhşətli
zülmətin hökm sürdüyü zəmanənin
poeziyasında şənliyin, toy-bayramın tərənnümü
anormal hal sayıla bilər. Bu cəhətdən
Azərbaycan şairi Əhməd Şamlunun da
yaradıcılığı istisna deyil.
Bir məsələyə də münasibət bildirmək
istərdim. Hörmətli Azər Turan çox haqlı olaraq
Firdovsinin "Şahnamə"sinə münasibətə
dair bizim ədəbiyyatda hələ də ortaya heç bir bədii
mətn qoyulmadığını bildirir. Haqqlı
iraddır. Doğrudur, bədii əsər
yazılmayıb.
Lakin M.Ə.Rəsulzadə AXC-nin qəsb edilməsindən
sonra 1923-cü ildə yazdığı "Əsrimizin Səyavuşu"
əsərində bizim hamımızı
düşündürən, rahatsız edən suallara cavab
verir. O, tarixi
bir mövzuya müraciət etməklə elə bir orijinal əsər
ortaya qoydu ki, burada tarixiliklə müasirlik qovuşur,
bir-birini tamamlayır. Bu əsər
türkçülük məfkurəsinin ifadəsi
baxımından mühüm əhəmiyyət kəsb edir.
M.Ə.Rəsulzadə özünün
türkçülüyə dair baxışlarını əsərin
"Azərbaycan Turanda" başlıqlı hissəsində
şərh etmişdir. Bu dönəm Turan
elində özünəqayıdış, milli ideologiya ətrafında
daha sıx şəkildə birləşmə prosesi gedirdi.
Bu birləşmədə Azərbaycan
özünəməxsus şəkildə
çıxış edirdi. Çünki
bu ideologiyanın təməl daşını qoyanlardan biri və
turançılıq məfkurəsinin yaradıcısı
sayılan Əli bəy Hüseynzadə Azərbaycan
türkü idi. Təsadüfi deyildi ki,
özünəqayıdış çağdaşlıq
düşüncəsi XIX əsrin 50-ci illərində Azərbaycanda
yaranmışdı. Ümumilikdə, əsərdə
türklərin yadelli millətlər və onların
düşüncələri ilə mübarizəsi geniş
şəkildə əks olunur. Azərbaycanın
İranın təsirilə türklükdən
uzaqlaşması, dini fanatizmə qapılması, Sultan Səlimin
az qala fars dilini rəsmi dövlət dili səviyyəsinə
qaldırması İranın Turan üzərində
üstünlük qazanması idi. Firdovsi bir farsçı
olaraq "Şahnamə"ni türklərə qarşı
yazmışdısa, əvəzində Rəsulzadə
"Əsrimizin Səyavuşu" əsərində
özünün türkçü, turançı
düşüncəsini Firdovsiyə cavab olaraq meydana
qoymuş və bu fəlsəfənin tutarlı dəlillərlə
haqlı olduğunu isbat etmişdi. Əsərdə
Turanın böyük bir qisminin ruslar tərəfindən
işğalını Rəsulzadə türklərin
"Ərgənikon"a düşməsilə müqayisə
edir. Rəsulzadənin "Qurtuluş"
kimi adlandırdığı "Ərgənikon"
dastanı türk millətinin əski
dünyagörüşündə mühüm rol oynayan,
onların milli psixologiyasını əks etdirən bir
dastandır. Türklərin döyüşdə məğlub
edilərək, yalnız bir neçə ailənin sağ
qalması, onların Ərgənikon adlandırdıqları,
çıxışı olmayan bir ovalığa düşmələri,
üç yüz ildən artıq burada törəyib
çoxalmaları və sonda "Börtəçinə"
adlanan qurdun göstərdiyi yolla dəmiri əridərək
Ərgənikondan xilas olaraq yenidən dünyaya
yayılmaları təsvir olunur. Əfrasiyab
Turanın ən gözəl hissəsini Səyavuşa verir.
Səyavuşu isə Azərbaycanın
timsalı kimi görən Rəsulzadə Səyavuşun
zühur edəcəyini də inamla təsvir edir. Turanın ən gözəl hissəsinin məhz Səyavuşa
verilməsi təsadüfi hal deyildi. Azərbaycanın
təbii sərvətlərini sevərək təsvir edən
Rəsulzadə bu məmləkətin həqiqətən
"Səyavuş yurdu" olduğunu bildirir. Bu əsərin mövzusu "Şahnamə"dən
gəlirsə, əsər filoloji baxımdan təhlil obyektinə
çevrilirsə, deməli, "Əsrimizin Səyavuşu"nu
həm də bədii əsər kimi də qəbul etmək
olar.
Deməyə
söz çox olsa da, bir neçə kəlmə də Güney Azərbaycan
ədəbiyyatında (xüsusilə nəsrdə) naturalizm,
psixologizm və magik realizm haqqında fikirlərimi
bölüşmək istəyirəm.
İranın
farsdilli nəsrində Xosrov Şahani, Abbas Pəhləvan,
İrəc Peşekzad kimi tənz ustaları ilə
çiyin-çiyinə dayanan Qulamhüseyn Sayedi müəyyən
məqamlarda nəinki onlarla bir sırada durur, hətta
onları üstələyir.
1960-cı ildə "Gecənin təmtəraqlı
yığıncağı" adı ilə çap olunan
kitaba müəllifin 12 hekayəsi daxil edilmişdir. Hekayələrin
əksəriyyətində insan, onun taleyi,
yaşadığı ömür, unudulmuşların faciəsi,
cəmiyyət içində təklənmiş,
yalqızlıq dənizində qərq olanların acı
taleyi ifadə olunur. Bu hekayələri ilə
Q.Sayedi İranda magik realizm məktəbinin əsasını
qoydu. Düşünürük ki, Sayedi
yalnız İranda və Güney Azərbaycanda deyil, bəlkə
də, dünya ədəbiyyatında magik realizmin əsasını
qoyanlardan biridir. Maraqlıdır ki,
Q.Sayedinin qoyduğu bir sıra məsələləri bir
neçə illər sonra dünya şöhrətli
yazıçı Qabriel Qarsia Markes "Yüz il tənhalıqda"
romanında bir qədər də inkişaf etdirərək
maraqlı süjet yaradır, lakin Sayedidən heç də
qabağa gedə bilmir. Sayedi psixiator həkim
olduğu üçün psixoloji tərzdə yazmaq onun
üçün həm asan, həm də maraqlı idi. Sayedidən sonra psixoloji tərzdə yazmaq Avropa
yazıçılarının, xüsusən alman
yazıçısı Hermanın, həmçinin Türkiyədə
Lətif Təkinin və Fəridin əsərlərində
özünü göstərir. Sayedinin yaratdığı
bu ədəbi məktəb, həmçinin fars
nasirləri Rəvanipurin, Şərhnuş Parsipurun
yaradıcılığında da bu cəhətlər diqqəti
cəlb edir.
Doktor Həsən
Hacı Səyyad Cəvadi "Müasir İran ədəbiyyatında
tədqiqat və araşdırmalar" əsərində
yazır: "Onun hekayələrinin (romanlarının - A.Ə.)
orijinal xüsusiyyətləri vardır ki, başqa
yazıçılardan seçilir. Sayedinin qələmə
aldıqları böyük fransız realist
yazıçısı Onore de Balzakın
yaradıcılığnı yada salır".
Buna oxşar fikirləri digər yazıçı,
hal-hazırda yazıb-yaradan Nasir Mənzuri haqqında da demək
mümkündür.
İngilis,
fransız və fars dillərini mükəmməl
bilən Nasir Mənzuri mənən və ruhən xalqına
çox bağlı bir şəxsiyyətdir. Təsadüfi
deyil ki, "Son nağıl", "Son əfsanə" və
"Qaraçuxa" romanlarını
yazıçını çox düşündürən
mifik düşüncə əsasında qələmə
almışdır. Xüsusilə "Qaraçuxa"
romanında maraqlı məsələlərə toxunan Nasir Mənzuri,
heyvanların sürgününü, maralların insan
ağlına baş əymədən əhliləşə
bilmədiklərini və s. məsələləri göstərməklə
çağdaş dövrümüzün problemlərini
gündəmə gətirir. İnsan
üçün qan yaddaşının əsas olduğu, onun
ölmədiyi probleminə toxunur. Əsərlərində
düşüncənin dörd istiqamətinə çox diqqət
yetirən yazıçı, əsasən, Ayin-mifik
düşüncəni, Elmi düşüncəni, Dini
düşüncəni və xurafi düşüncəni əsərləri
üçün əsas meyar kimi götürür. Yazıçıya görə, hər şeydən
öncə aydın düşüncədir ki, onun da öz
metodologiyası var. Yalnız bu məsələləri dərindən
öyrənməklə onun remarkalarına istinad edərək
nəticələr çıxarmaq mümkündür.
Əsərlərinin sərt realizmi ilə seçilən
şahlıq rejiminə qarşı mübarizəyə
atılan, 27 yaşında qətlə yetirilən Mərziyə
Üskuyinin də adının çəkilməsi vacibdir. 2010-cu ildən Türkiyədə
mühacir həyatı yaşayan Məlihə Əzizpurun, həm
türkcə, həm də farsca yazan, mifik qaynaqlardan bəhrələnərək
psixoloji detallara daha çox üstünlük verən,
Q.Sayedi məktəbinə məxsus Ruqiyyə Kəbirinin, bir
neçə nəsr kitablarının müəllifi olan Fəranək
Fəridin, əsərlərində daha çox şərti-metaforik
üsluba yer verən Ruqiyyə Səfərinin adlarını
çəkməyi lazım bilirik. Çünki
bu gün Güney Azərbaycan ədəbiyyatını
yaradan, sabaha aparan bu vətən qızları Azərbaycan ədəbiyyatının
inkişafı üçün əllərindən gələni
edir, sabaha ümidlə baxırlar.
Sonda
Güney ədəbiyyatımızın öyrənilməsində
hər cür fədakarlıq göstərən
ayrı-ayrı şəxslərə, alimlərimizə, bu
müqəddəs işdə öncül rol oynayan
"Ədəbiyyat qəzeti"nə və onun baş
redaktoru Azər Turana tutduqları bu müqəddəs yolda
uğurlar arzulayıram.
Almaz
Əliqızı
Ədəbiyyat qəzeti.- 2019.- 16 mart.- S.14-15.