Bir şeir nədir ki, məni bağışla,

Bir şeir verərmi sənin yerini?

 

Torpaq yuxusu

 

Bir görürsən ki, tənhasan, təksən,

Yanında, yörəndə qalmayıb heç kəs.

Qəlbintək boşalıb ev , otaq da,

Eyməndirir səni xırdaca bir səs.

 

Bir görürsən ki, canda tutar yox,

Ürəkdən sınmısan, əldən düşmüsən.

yolların yarıdı, ömür yarı,

Enmisən bir yolluq zildən düşmüsən.

 

Bir görürsən ki, sübhə az qalıb.

Gecə gecəni ta əldən salıb.

Bir görürsən ki, karvan yoldadı,

ağrın səngiyib, dərd azalıb.

 

Gözlərınə dolur torpaq yuxusu,

Ömrü aya-ilə səpib gedirsən.

Günah tərəzidə çəkilən yerə,

Səbrini içinə təpib gedirsən.

 

Ağlayır                                            

 

Sən yoxsan səbrimə sığınmışam mən,

Bilmirəm, bu ürək nədən ağlayır?

Düşüb taleyimin oyunlarına

Həsrət saçlarımda dən-dən, ağlayır.

 

Getdin, təklik məni taladı, çapdı,

Dözümüm-dözümdə təsəlli tapdı.

İstəyimi dünya daşlara çırpdı.

İndi bu halıma gendən, ağlayır.

 

Qoy göyərçin olub izinə düşüm

Dalınca sürünən kölgənə dönüm.

Qayıt bircə kərə gözümə görün.

Gör təkliyim necə zildən ağlayır.

 

Sevmək təkadamlıq deyil, biləsən,

Ürəkdən qoparıb, gözdən siləsən.

Tanrım, pəncərəni açsan görərsən,

Düşüb ayağına bəndən, ağlayır.

 

Neynim, özgəsinə yatmayır ürək,

Heç yanda tavana tapmayır, ürək,

İndi olubdur payızdan kövrək,

Horovlu sən gedən gündən ağlayır.

 

Sənlə gedirəm   

                  

Ömrümün üstünü duman-çən alıb,

Yığıb saçlarıma çəni, gəzirəm.

Mən olan dünyada tapa bilmədim,

Hər sənə oxşarda səni gəzirəm.

 

Canda qalıb ki, vüsal adına,

Gecə yuxularda sən lal olursan.

Mələktək enirsən ümid yerinə

Çəkilib gedəndə xəyal olursan.

 

Tənhalığın xofun ahlarım çəkməz.

Məndən qeyrisinə əsla qıymaram.

Qələm səndən özgə bir ünvan bilməz

Sənə tək yazacaq, necə ki, varam.

 

İlham da soyuyar, od da, ocaq da.

Hələ yazmamışam sənin şeirini.

Bir şeir nədir ki, məni bağışla,

Bir şeir verərmi sənin yerini?

 

Məni tanıyan yox, baxanda gendən

küsür, bəxtdən giley edirəm.

Nədən ürəkliyəm özüm bilirəm,

Hara gedirəmsə, sənlə gedirəm.

 

Açarım qapıya düşmür 

                                                      

Titrək addımlarla pilləkənləri,

Qalxıram məkansız bir dərviş kimi.

Elə bil özgəyəm, durub baxıram,

Heç vaxt öz qapımı görməmiş kimi.

 

Qapı o qapıdı, açar da həmin,

Bəlkə, səhv salmışam ünvanımızı.

Qarşımda sükuta dalan qapıdan.

Keçərdim mən gündə beş dəfə azı.

 

Yadındamı, məni qolların üstə,

Aldın bu qapıdan keçdik ikimiz.

O vaxtdan qapının astanasında,

İndiyə saxlanıb ayaq izimiz.

 

Gedib-gələndə biz, qapı həvəslə,

Qolların taybatay açıb gülərdi.

Küsüb-barışardıq, hər sirrimizi,

Özümüz, bir bu qapı bilərdi.

 

Mənimtək qəhr edib öz taleyinə,

Qapımız inciyib mənlə görüşmür.

Bəlkə, hövllənib o təkliyimə,

Neynirəm, açarım da qapıya düşmür.

 

Tutmağım gəlir                                             

 

Yer ömrün geyə bilmədim,

Dərdlərın əyə bilmədim.

Göy üzü əzəl məskənim,

Geri qayıtmağım gəlir.

 

Bir sevda sönüb gözümdə,

Bir həsrət donub üzümdə,

Gözlərinin dənizində,

Dincəlib yatmağım gəlir.

 

Bir layla dinir ahəstə,

"Segah"dı, "Şikəstə".

Dərdi qalayıb üst-üstə,

Ta ocaq çatmağım gəlir.

 

Kimsən, qarapaltar qadın,

Səngimir bayatın, ağın.

Mənim anama oxşadın,

Səni ovutmağım gəlir.

 

Dözümüm, qatma  başımı,

Korlatdın qan yaddaşımı.

Gedib vida göz yaşımı,

Araza qatmağım gəlir.

 

Tanrım, mən ası deyiləm.

Yetməzmi, sınam, əyiləm?

Bəndənəm, özgə deyiləm,

Yaxandan tutmağım gəlir.

 

Göz yaşım

 

Bir ömür yollarda yatıb,

Hələ oyanmır yaddaşım.

Üzümdə təzə iz açıb,

Qəlbimə axan göz yaşım.

 

Bəxtimə kəm yolu seçib.

Boyuna qəm donu biçib.

Tökülən qanından keçib

Dünyaya çıxan. Göz yaşım.

 

Çəkiləsi dərdimiz çox,

Dərya, dəniz səbrimiz çox

Şəhid-şəhid qəbrimiz çox.

Qəbrimə axan göz yaşım.

 

Qırıq ömürlərə dindin,

Soluxan güllərə dindin.

Sən bir belə kür deyildin?

Ay şahə qalxan göz yaşım.

 

Bozlama, bu həvəsdi,

Ömrümüz quruca səsdi.

Ağlama, sən Allah bəsdi,

Mənim ağlağan göz yaşım.

 

Mən olacam

 

Ağrılı bir fikir gəlib eynimə,

Vüsalım həsrətdə düşüb tilsimə.

Durnalar dağlara dönəcək yenə

Qayıdıb gəlməyən mən olacağam.

 

Səmtinə axacaq bulaq da, çay da,

Sularda çiməcək ulduz da, Ay da.

Bir gün qovuşacaq o tay, bu tay da,

Qayıdıb gəlməyən mən olacağam.

 

Anamın intizar gözü dolacaq,

Nərgiz kövrələcək, lalə solacaq.

Bir sevdanın gözü yolda qalacaq

Qayıdıb gəlməyən mən olacağam.

 

Şeir olacaq, soz yerində,

Biri dayaz gedər, biri dərində.

Dünya fırlanacaq elə yerində,

Qayıdıb gəlməyən mən olacağam.

 

Uşaqlar qayğısız deyib-güləcək.

Quşlar yuvasında nəğmələnəcək.

Dumanla dağlara bahar gələcək,

Qayıdıb gəlməyən mən olacağam.

 

Bəlkələr, gümanlar gerçəkləşəcək.

Yurdumun gözündən qübar düşəcək.

Zəfər badəsini ellər içəcək,

Qayıdıb gəlməyən mən olacağam.

 

Kainatdır məkanımız

 

Bir quş qonub pəncərəmə,

Pəncərəmi taybatay

açıram üzünə.

Bilmirəm, bizim ellidi,

ya haralıdı?

Bəlkə, Arazın o tayından

Ərdəbildən, Rəştdən

Zəncandan,

Ya elə qanadları sınıq,

Yanıq-yanıq qarabağlıdı,

sinəsi yaralıdı?

Bəlkə, qərib bir quşdu

uzaq bir diyardan gəlib,

Pəncərəmi yuvası bilib?

Bir qağayıdı

dənizdən uçub gəlir,

dalğaların   köpüyü kimi

həsrət yaşlarını

gözlərindən dimdikləyir?

Dedim:

- Ey quş, haralısan,

Kimlərdənsən,

Bəlkə, bizim xaraba ellərdənsən?

Kəndlərimizin, obalarımızın

Necə olduğunu görüb

qorxmusan?

Araz dərdinə qoşulub axmısan?

Dedi:

- yox qorxmadım,

Çox ölüm görmüşəm,

Bütöv kəndlərin, şəhərlərın

Aylı gecələrın, nurlu gündüzlərin,

ölümün öldüyünü

görmüşəm gözlərimə,

Göz yaşlarını silmişəm

əllərimlə.

Ta yer üzündə yaşamağa

Yox inamım.

Sonsuz kainatdır

İndi məkanım.

 

Belədən-belə

 

Sevincim, qayıt gəl, şəkil çəkdirək,

Bir kərə üzünü görəydim elə.

Sənə ümid yox, kəpənək kimi,

Tez uçub gedəsən belədən-belə.

 

vaxtdır azmışam "Cıdır düzü"ndə.

"İsa bulağı"ndan  gözüm nəm çəkir.

Xocalı odunun içindən hər gün,

Əllərimdən tutub məni qəm çəkir.

 

Zarafat eləmə qəm dünyasilə.

Onda el-obanın göynərtisi var.

Gülüstandan keçib Şuşaya daman,

Köhnə qan yaddaşın kişnərtisi var.

 

Sən sevincə bel bağlama, könül

Sevinc iz aparır, iz salan deyil.

Yenə qəm qalacaq, sən qəmdən yapış

Qəmdə bir dünya var, bu yalan deyil.

 

Sevincim, qayıt gəl, şəkil çəkdirək

Bir kərə üzünü görəydim elə.

Sənə ümid yox, kəpənək kimi,

Tez uçub gedərsən belədən-belə.

 

Şövkət Zərin HOROVLU

 

Ədəbiyyat qəzeti.- 2019.- 16 mart.- S.16.