"Axır səni buldum, ey Dan ulduzu"

 

Cəfər Cabbarlının şeir yaradıcılığında Xalq Cümhuriyyəti

 

Cəfər Cabbarlı XX əsr Azərbaycan ədəbiyyatının yetirdiyi nadir şəxsiyyətlərdəndir. Azərbaycan Xalq Cümhuriyyətini hərarətlə qarşılayan və ona bütün varlığı ilə xidmət edənlərdən biri də o olmuşdur. Ölkəmiz Sovet İmperiyası tərəfindən işğal olunduqdan sonra bununla barışa bilməyən Cabbarlının gizli fəaliyyətinə görə həbs olunması, daha sonra ciddi senzura nəzarəti onun xalqa olan məhəbbətinə kölgə sala bilmədi. Yüksək sənətkarlıq məharəti onun dayağına çevrildi. Bu zəngin və çoxşaxəli yaradıcılığın, demək olar ki, hamısının mayasını milli-azadlıq ideyaları təşkil edir. Bu cəhətdən onun məşhur "Ey Dan ulduzu" və "Ana" şeirləri öz dərin tutumu ilə diqqəti cəlb edir. C.Cabbarlı birinci şeirdə Dan ulduzunu səhərin, simvolik mənada isə azadlığın müjdəçisi kimi mənalandırmış, İmperiyanın ilk illərində fikirlərini, dolayı yolla da olsa, ifadə etməyə nail olmuşdur. Xalqın arzularını, dərdini, kədərini özününkü bilən şair azadlıq uğrunda çarpışarkən, "uzaq üfüqlərə göz gəzdirməkdən kor olmaq" həddinə çatdığı bir zamanda birdən ona elə gəlir ki, axtardığını tapmışdır. Bu, Romanovlar sülaləsinin süqutundan sonra geniş təbliğ olunan kommunizm ideologiyası idi ki, bunun vasitəsilə xalqımızı yağlı azadlıq vədləri ilə aldadaraq müstəqilliyini əlindən almağa çalışırdılar. Ədib bu hiylələri belə əks etdirir:

 

Öksüz taleyimtək gecikdin nədən?

Karvanqıran doğdu görünmədin sən,

Oxşatdım, yanıldım, könül verdim mən

Bilmədən vuruldum, ey Dan ulduzu!

 

Karvanqıran Dan ulduzuna bənzəsə də, ondan fərqli olaraq, axşamdan bir qədər keçdikdən sonra doğur. Qədim zamanlarda onu Dan ulduzu zənn edib yola düşən karvan səhrada istiqamətini itirərək qırılır... Ədib bu bənddə Azərbaycanın azadlıq uğrunda mübarizə apararkən yaranmaqda olan Sovet İmperiyası tərəfindən belə bir tora düşə biləcəyini yada salır, lakin ümidini də itirmir, "hər addımda bir kola tuş gəlsə" də, nəyahət, azadlığa qovuşmasına - Xalq Cümhuriyyətinin yaranmasına ürəkdən sevinir:

 

Büsbütün yorulub gücdən düşərkən,

Bir ulduz parladı uzaq üfüqdən.

Bu görünən səndin, artıq gəldin sən,

Axır səni buldum, ey Dan ulduzu!

 

Bu fikirlərin davamına S.Vurğun yaradıcılığında da rast gəlmək olar. O, "Komsomol poeması"nda istər komsomolçuları, istərsə də, bəyləri faciələrə düçar edən bir ölkənin süqutuna inanır, lakin günahsız axıdılmış qanlara acıyırdı:

 

Buludlar dağılır uzaqda lay-lay,

Yenə öz yerində yuvarlanır Ay.

Fəqət, nə Cəlal var, nə də ki Humay...

 

Göründüyü kimi, hər iki bənddə azadlığın uzaqda da olsa, mümkünlüyünə inam ifadə olunmuşdur. Birində bu Dan ulduzunun, digərində isə "buludların dağılması və Ayın üzə çıxması" kimi rəmzlərlə əks olunmuşdur.

"Ana" şeirində böyük sənətkar ana sevgisinin möhtəşəmliyini, ülviyyətini bədii boyalarla əks etdirmişdir. Bu yüksək sevgini bütün incəliklərinə qədər göstərmək üçün şair təzadlardan məharətlə istifadə etmişdir. Əvvəlcə şeirdə lirik qəhrəmanın həyatda çox güclü qüvvələr qarşısında baş əyməyən məğrur bir obrazı canlanır. Lakin sonra məlum olur ki, o, "zəif bir vücud", yəni ana qarşısında hər an rahib kimi itaət etməyə, hər cür əzab-əziyyətlərə qatlaşmağa hazırdır:

 

Onun əliylə bəla bəhrinə yuvarlansam,

Yenə xəyal edərəm, bəzmi-istirahətdir!

 

Şeirə vətən məhəbbəti, azadlıq ideyaları aşılanması onun bədii keyfiyyətlərini daha da artırır. C.Cabbarlı Vətən adı çəkməsə də, qəhrəmanının sadaladığı dəhşətli qüvvələrdən qorxmaması, ancaq ana qarşısında qultək dayanması bunu yada salır.

C.Cabbarlı yaradıcılığında "Qız qalası" (1922-1923) poemasının xüsusi mövqeyi var. Zamanla bağlı olaraq Sovet dönəmində ədəbi tənqiddə daha çox əsərin üst qatlarına toxunulmuşdur. Bu isə əsərin ideyasının açılmasına maneələr törətmiş, müxtəlif ziddiyyətli fikirlərin yaranmasına səbəb olmuşdur. Şairin məqsədi Sovet İmperiyasının qəsbkarlıq siyasətini, işğal etdiyi ölkələrdəki xalqların dinini, adət-ənənəsini, mədəniyyətini tapdalamağı, xalqın qeyrətli oğul və qızlarının bu haqsızlıqlara ciddi müqavimətlərini əks etdirmək idi. Əsər haqqında 1944-cü ildə məqalə yazmış M.Arif poemanı yüksək qiymətləndirmiş, poemanın bu xüsusiyyətlərinə üstüörtülü münasibət bildirmişdir: "Cabbarlı, sanki o qantəmirlər və durnalar dünyasını, o qüvvətli hiss və ehtiras sahiblərini, öz istəkləri uğrunda heç bir müqavimətin qarşısında durmayan, öz namusunu qorumaq üçün ölümü cəsarətlə qarşılayan insanları... həqir simalara qarşı qoyur"...

Poemada Qız qalası namus, ismət, istiqlaliyyət və müstəqillik məkanı, xüsusilə Xalq Cümhuriyyətinin rəmzi kimi diqqəti cəlb edir. Qalanın may ayında inşasına başlanması və iki ildən sonra aprelin sonunda yekunlaşması fikirlərin dəqiqləşməsinə imkan verir:

İki illik əzabdan sonra

Su içində bu dik bina bitmiş;

...İştə son gün ki, bu bina bitmiş,

Yenə axşam mayıs... sevimli bahar.

 

Şeirin sonuncu misrasındakı qalanın yekunlaşma tarixini şair diqqəti sovet senzurasının nəzərlərindən yayındırmaq üçün maraqlı bir formada ifadə edir. Tarixi həqiqətə uyğun olaraq Xalq Cümhuriyyətinin aprelin 28-də süqutunu əsərdə əks etdirmək, onsuz da dövlətin gözündə çox qorxulu görünən, bir neçə dəfə həbs olunmuş C.Cabbarlını, ən yaxşı halda Sibirin dəhşətli şaxtaları və ağlagəlməyən daha nələr gözləyirdi. Ona görə də o, aprel sözünün "əvəzedicisi" olan "axşam mayıs" deməklə vəziyyətdən çıxır.

Poemadakı bütün hadisələr də, zaman da, yer də, obrazlar da, bir sözlə, hər şey incə bir simvolik pərdəyə bürünmüşdür. Əsərin mahiyyətini düzgün dərk etmək üçün bu sətiraltı qatların daxilinə nüfuz etmək ən əsas şərtlərdəndir. Bəlkə, elə bunlara əməl edilmədiyinə görədir ki, bu gözəl əsər ədəbi tənqidin diqqətindən nisbətən yayınmış, ondan ötəri bəhs edilmişdir.

Bakı xanı Qantəmir "Qız qalası" poemasının baş qəhrəmanlarından biridir. Əsərdə deyildiyi kimi, o, altı yüz il əvvəl yaşamışdır. Bu dövrdə indiki Rusiya Federasiyasının ərazisinin böyük bir hissəsi qədim türklərin ana vətənləri və möhtəşəm imperiyalarından ibarət idi. Təsadüfi deyildir ki, Rusiya prezidenti V.Putin Almaniyadakı müsahibəsi zamanı demişdir ki, axtarsan, məlum olar ki, rusların böyük bir qisminin damarlarından türk qanı axır. Bu haqda tarixçi alim Ə.Ələkbərovun "Rus xaqanlığının-dövlətinin mənşəyi haqqında" (Sosial bilgilər: "Bilgi dərgisi" seriyası, Bakı, 2000, №3) məqaləsində qədim rus salnamələrinə və tarixi faktlara əsaslanaraq rusların qıpçaqlardan yaranmasını əsaslandırır. Görünür, bu faktlar C.Cabbarlıya tanış imiş. O, Qantəmiri türk oğlu kimi təqdim edərkən, simvolik mənada Rus İmperiyası və onun varisi olan Sovet hökumətinin rüsvayçı əməllərinə - işğalçılıq siyasətinə işarə etmişdir. Cabbarlı yaradıcılığının əlçatmazlığı, bir də burasındadır ki, o, sözü lakonik bir formada işlədir, bəzən böyük bir aləmi bir zərrədə yüksək sənətkarlıqla yerləşdirə bilir. O, türklərin qəhrəmanlıq tarixinin, şərəfli keçmişinin yasaq edilərək xalqdan gizlədildiyi bir zamanda Qantəmiri türk oğlu adlandırması bu qaranlıq tarixə projektor kimi işıq saçır. Bu "türk oğlu" ifadəsi ilə Cabbarlı həm də əsərini kodlaşdıraraq zamanın quduzlaşmış pəncəsindən yayına bilmiş, milli azadlıq ideyalarını əhatəli şəkildə ifadə edə bilmişdir...

...Əgər simvolik mənada Qantəmiri Sovet İmperiyasının rəmzi kimi götürsək, onda Qız qalasını, yəni Xalq Cümhuriyyətini Sovet siyasi rejiminin yaratması ilk baxışda hiss olunmur. Ancaq tarixi hadisələrə məntiqi şəkildə yanaşdıqda, yəni Romanovlar sülaləsinin - Rus İmperiyasının süqutuna səbəb olması və bu təsir nəticəsində də Xalq Cümhuriyyətinin yaranmasını nəzərə aldıqda hər şey dəqiqləşir. Durnanın Qantəmirə müəyyən qədər meyillənməsi də həyat həqiqətlərindən xəbər verir: O dövrdə "Hümmətçilər" kimi qruplaşmalar sovet hökumətinin yalan vədlərinə inanaraq onlara meyillənməsi, sonra isə peşmançılıq hissləri keçirmələri tarixdən məlumdur. Ədib belə bir kodlaşmadan istifadə etməklə tarixi həqiqətlərə sadiq qalmış, həm də cəza tədbirlərindən yaxa qurtara bilmişdir.

S.Vurğun 1944-cü ildə yazdığı "Bakının dastanı" poemasında "Qız Qalası" əsərinin daxili qatlarına işarə edərək yazırdı:

 

Bakı, Bakı! Üstündəki bu səmanın

Bir əvəzi varmı görən bu cahanda?

...Camalından ilham alar bütün aləm.

Hələ bizim Qız Qalası! O, vüqarla,

Əzəmətlə ucalmışdır mavi göyə!

...O heykəlin surətini çəkdi bir gün

Cabbarlının məndən böyük söz qüdrəti.

...Nədir bizim şəhərdəki gözəl bahar,

Mavi dəniz... Zümrüd səma... Azad insan!

 

Bu parçalar Cabbarlının qayəsi ilə həmahəng səslənir. Birinci və sonuncu misralarda Xalq Cümhuriyyətinin rəmzi olan bayrağımız xatırlanır. Bakının üstündəki səmanın rənginə geniş yer verilməsi; "səma - çəmən, ulduzları çiçək-çiçək", "mavi dəniz... Zümrüd səma... Azad insan!" - deyə vurğulanması milli bayrağın əlamətlərini - rənglərini və səkkizguşəli ulduzu ortaya qoymuş olur. Bütün bunlar bir daha "Qız Qalası" əsərinin əhəmiyyətini, ədəbi prosesə təsirinin miqyasını əyaniləşdirmiş olur.

 

Fərhad Mədətov

 

Ədəbiyyat qəzeti.- 2019.- 16 mart.- S.17.