Buludların yadına salma qəribliyini

 

Söz içində söz diriltməyin, söz içinə söz əsdirməyin mütəvazi yoluna varana qədər qələm dostumuz İnqilab İsaq upuzun sənələr yaradıcılıq axtarışında olub. Bu yolu səbr və təmkinlə keçib gəlib. Bir qədər mübahisəli görünsə də, daha çox özü özünü yetişdirib, haradasa özü-özünü ötüb keçə-keçə yazıb-yaradıb. Yaradıcılıq işində bu, son dərəcə vacib keyfiyyətdir. Onun yaradıcılıq palitrasının başlıca keyfiyyətini sükutun səsini, səssizliyin hənirini ifadə edə bilmək ustalığı şərtləndirir. Anlayır və anladır ki, Hegelin təbirincə desək, sənət yolunda heç kəs təkcə özü olaraq qalmır, bu sahədə, hər bir yaradıcı insanın üzərinə tanıyıb-bilmədiyi çoxsaylı insanların tale yaşantıları, ağır məsuliyyəti düşür. Poeziya müstəvisində müasir özünütəsdiqin emosiyası İnqilab İsaqın poetik axtarışlarına xüsusi bir yön verir, onun şair obrazının fərdi (və fərqli) cizgilərini qabarıq şəkildə ifadə edir. Bu yöndən İ.İsaqın fərdi şair obrazını daha uyarlı (və daha münasib) bir ifadə ilə dəyərləndirmək istəsək, təbii ki, ilk fikir "Özünəməxsusluq!" qənaəti olacaq.  Onun yaradıcılığı daha çox Gəncə ədəbi mühitinə xas olan (eyni zamanda həmişə xüsusi qədirbilənliklə qarşılanan) ənənədən qaynaqlanır. Ancaq ənənəyə bağlı elə həmin məqamdaca İnqilabın şeir yaradıcılığının özünəməxsus orijinal deyim tərzi, üslub, ifadə təzəliyi əlbəəl özünü nişan verir. Yəni bu təqdimatda ənənə öz içində, alt qatında yenini formalaşdırır, onu yetirir, onunla təbii və üzvi şəkildə qaynayıb-qarışır. Səmimi sadəlövhlüklə səmimi "çoxbilmişliyin" harmoniyası İnqilab İsaqın poeziyasında xüsusi ahənglə cövlan edir, biri o birinə "ayaq", "çıxış nöqtəsi" verir. Aşağıdakı misralarda olduğu kimi:

 

Ovcumu çətirsiz buluda tutdum -

Ulduzlar yaxındı çıxdığım dama.

Amma ki, fikrimin yorğunluğunda

Nəvəm inanmayır nağıllarıma.

 

Bu misraların fikir yükü, ifadə etdiyi mətləb yetərincə ağır çəkilidi. Bitkin müşahidənin hasilə gətirdiyidi. Ənənə gəlişmələrinin tanış ovqatı yaddaşa, düşüncəyə anındaca yansıyır. Ancaq çağdaşlıq ayrıntısı da göz önündədi. Çağdaşlıqla ənənə paralelliyi İnqilabın yaradıcılığını müsbət səmtdən eyni dərəcədə əhatələyir. İnqilabın "Sabaha salam verdim" adlı şeirinə xas olan deyim tərzi bu baxımdan xarakterikdi:

 

Kimdi o ötüb-keçən?

Dərdimi örtüb keçən...

Şeytan oyaq olsa da

Alnımdan öpüb keçən

Sabaha salam dedim.

 

Çoxlarına adi, cüzi görünən həyat nailiyyətlərinə dərin bir şükranlıqla "bismillah deyib, sabaha salam verdim" yazan söz adamının səmimiyyət dünyası oxucunun ürəyincədi. Bu yaşamda oxucu onun yanındadı, onunla həmrəydi. Elə oxucunun məlum mətndə yer alan cilasızlıq və uyuşmazlığın üstünə getməməsinin, haradasa bu qənaətlərini arxa plana keçirməsinin də özülündə müəllif səmimiyyətinə olan heyranlıq dayanır. Yoxsa,

 

Şumu işıq saçaqlı

Könlümün söz-sovuna

Sabaha salam dedim -

 

kimi misralardakı uyapsız söz düzümünə oxucu təpkisi heçözünü ləngitməzdi. Sözügedən şeirin ümumi ahəngi, mətləb və məramı o qədər arzuolunan, səmimidi ki, bütöv mətnin ahəngindən kənarda qalan hər nə varsa amanda olur.

İnqilab İsaq hər şeydən əvvəl təkzibolunmaz fəlsəfi-lirik düşüncə adamıdı. Onun düşüncə dərinliyi, bu dərinlikdə gərdiş etmək ustalığı demək olar ki, "İndi elə təkəm ki..." adlı  kitabına daxil etdiyi bütün şeirlərin deyim, dil-üslub tərzində özünü yetərincə büruzə verir. Oxuyursanbu özünəməxsus deyim, ifadə tərzinin ortaya qoyduğu poetik mətnin heyranlığını dönə-dönə yaşamalı olursan:

 

Havayı qaşıma tarixi,

Toz örtmür heç nəyi -

Nə bağlanmış qapını,

Nə paralanmış ürəyi.

Xaraba qoydun, zalım,

Söykəndiyim divarı.

De, kimə gərək

Keçmişi sökülmüş gələcək?

 

Yaxud necə də duyğulu, təəssüflü, ötən günlərin nostalji havası, nəfəsi, olmuşları ilə dopdoludu bu misralar:

 

... Səni andıra qalasan, xatirə,

Səni andıra qalasan, qocalıq...

Yenə də çılpaq ağac,

Qupquru sahil,

Yenə də dumanlı təbəssüm...

Bu ovqatın təbii bir axarla çəkib gətirdikləridi "Bağışlama" adlı şeirdə qələmə alınanlar:

Qorxma ayaq səsimdən,

diksinmə baxışımdan.

Uzaqdan gəlirəm...

Sizin ağacın

Kölgəsindən,

Sənə deyəcəyim sözün bəlkəsindən...

İçin-için ağlama,

Buludların yadına salma qəribliyi...

 

İnqilab İsaqın şair özünəməxsusluğunun bütün cövhəri, bitkinliyi elə təkcə "buludların yadına salma qəribliyi" deyimində özünü nişan verməkdədi. Eyni dərəcədə uğurludu "Bağışlama günahımı - sükutun yaddaşa dönənə qədər" sonluğunun düşüncəyə yansıması.

Eyni razılıq, səmimiyyətlə oxunur bu kövrək misralar; Hegelin müdrik deyimini yeni bir ifadə təzəliyi ilə gündəmə gətirir:

 

Şairin dərdi ki,

Özünün deyil.

Bu dərdə şərikdi

Otlar, çiçəklər.

...Amma bütün dərdlər

Şair içində,

Şair sükutunda

Açar gözünü.

Açar özünü...

...Hardasa.

Kimisə saldıqca yada

Dirilər-dirilər

Şair dərdləri...

"Təklik və təklik ağrılarının könüldən aman dilədiyi" bir aləmin ovqatı yaşayırndi elə təkəm ki..." toplusunun can evində. Özü bu camidə yaşananlar təkcə bir fərdin, təkcə müəllifin yaşamından qaynaqlanan yalqızlıq duyğusu deyil, daha çox külli-kainatın, bəşəriyyətin ümumi nigarançılığından, səksəkəsindən hasilə gəlir. Təklik, nigarançılıq hissi poetikləşdikcə fərdin acısından hər kəsin ağrısına çevrilir. İnqilab İsaq bu təbii "bazarlaşma"nın mənzərəsini özünün şəxsi yaşantıları fonunda ustalıqla təqdim edir:

 

Dünya ağrılardan çətin qoruna,

Kimi yarıtdı ki, kimə yarına?

Boyat sevdaların düşdüm toruna,

Hardasan? Unutma, ay adam, məni.

 

Bu ömür atlıymış, piyadası mən,

Əlindən dağılan piyaləsi mən...

Enən sükutuyam, uçan səsi mən,

Hardasan? Unutma, ay adam, məni.

 

Bu təbii, bənzərsiz misraların sonucunda İ.İsaqın "İşıq xəbəri var korun dünyaya" müjdəsi necə yaddaqalandı... Bu deyimdə İnqilab İsaq özünə, özünün poetik zövqünə, ustalığına hakim sadiqdi. Aşağıdakı nümunədə olduğu kimi:

 

İçimdəki sükutun

Məni yandırır odu.

Qopur lal haraylarım,

Susur Şuşanın kodu.

Buludların dərdini

Necə xəbər alım mən?

Acizliyim asılıb

Telefon dəstəyindən...

 

İnqilab İsaqın şair kimliyi, imza mötəbərliyi bu misraların bətnindədi. Bu ifadə, üslub tərzindədi. Burdadı. bütün halıyla orijinal, yaddaqalan, yenidi...

 

Sərvaz Hüseynoğlu

 

Ədəbiyyat qəzeti.- 2019.- 16 mart.- S.19.