Sən bambaşqasan, gözəl
İstanbul
90-cı illərin əvvəllərində İstanbul
universitetlərində işləməyimlə yanaşı,
çox sevdiyim şəhəri bir daha kəşf etmək
imkanı əldə etmiş oldum. Doğru deyirlər,
İstanbul həqiqətən hər şeyi ilə
bambaşqadır. Coğrafi mövqeyi, iki
qitədə yerləşməsi, şəhərin
ortasından keçən və Avropanı Asiyadan ayıran
Boğaziçi deyilən Bosfor boğazı, yeddi təpə
üzərinə yayılması ilə İstanbula valeh
olmamaq imkansızdır. Mən hələ
onun üç uyqarlığın, sivilizasiyanın - Bizans,
Osmanlı, Cümhuriyyət Türkiyəsi mədəniyyətlərinin
beşiyi olduğunu demirəm.
Bəzən İstanbulu Parisə, ya da Romaya bənzədirlər. Bənzədilən
hər iki şəhərdə də dəfələrlə
olduğuma görə qətiyyətlə deyə bilərəm,
İstanbul dünyanın heç bir şəhərinə,
meqapolisinə bənzəmir, ancaq və ancaq özünə
bənzəyir. Bu şəhəri gördükdən
sonra Haliçdə ev alaraq həyatının
sonuna qədər orada yaşayan parisli yazar Piyer Loti
İstanbulu - bütün cazibəsini, sirrini gizlədən
üzü yaşmalı bir gözəl qadına bənzədirdi.
O qadına ki, insanı məst edən gözlərinə
baxıb onun haqqında yalnız xülyalar qura bilərsən.
Osmanlı imperatorluğunun "möhtəşəm
yüzilliyi" dövründə İstanbulun bütün
bağ və bağçalarını lalələr bəzəyir,
süslüyürdü. Bu səbəbdən lalələr şəhərin
simvoluna çevrilmiş, möhtəşəm yüzillik isə
"lalə dövrü" adlandırılmışdı.
İstanbul lalələriylə bağlı belə bir rəvayət
var. Hollandiyanın səfiri İstanbulun hər yerini bəzəyən
lalələrdən o qədər xoşlanır ki, vəzir-i-azamla
görüşdüyü zaman ondan o çiçəyin
adını soruşur. Tərcüməçi səfirin
sözlərini yanlışlıqla vəzirin başına
qoyduğu sarğının adını öyrənmək
istəyi kimi tərcümə edir, vəzir də
"türban" deyə cavab verir. Səfir
bu sözü "tülpan" kimi başa düşür.
Lalə toxumlarını Hollandiyaya göndərən
səfir "tülpan"ların orada da əkilməsini
tövsiyə edir. Beləliklə, lalə
Avropada tülpan kimi tanınmağa başlanılır və
zamanla bütün dünyaya yayılır.
Türk ədəbiyyatında "Lalə
dövrünün" böyük lirik şairi, İstanbulu
"iki dəniz arasındakı nadir almaza" bənzədən
Əhməd Nədim (1681-1730) vurğunu olduğu doğma
şəhərinə saysız şeirlər həsr etmişdi. Onlardan birində o,
İstanbulu belə məth edir:
Bu
şehr-i Sitanbul ki bi misl-ü behadır
Bir sengine
yek pare Acem mülkü fedadır.
Bir
gevher-i yekpare iki bahr arasında
Hurşid-i
cihan-tab ile tartılsa sezadır
Elə
bir şəhərdir ki İstanbul,
qiymət
biçilməz ona,
Bütün
əcəm mülkü fəda olsun tək bir daşına
İki dəniz
asında nadir bir almazdır o,
Yalnız dünya günəşi ölçülər
onunla.
Heç şübhəsiz, Nədimin yazdığı
lirik və İstanbul şeirlərinin Osmanlı ədəbiyyatı
tarixində önəmli yeri vardır. Ancaq nə
gizlədim, XX əsrin şairi Orxan Vəlinin "İstanbulu
dinləyirəm gözlərim qapalı" realist şeiri mənə
daha yaxın, daha xoş gəlir.
İstanbul'u
dinliyorum, gözlerim kapalı
Önce
hafiften bir rüzgar esiyor;
Yavaş
yavaş sallanıyor
Yapraklar,
ağaçlarda;
Uzaklarda,
çok uzaklarda,
Sucuların
hiç durmayan çıngırakları
İstanbul'u dinliyorum, gözlerim kapalı.
........................................
İstanbul'u
dinliyorum, gözlerim kapalı;
Serin serin
Kapalıçarşı
Cıvıl
cıvıl Mahmutpaşa
Güvercin
dolu avlular
Çekiç
sesleri geliyor doklardan
Güzelim
bahar rüzgarında ter kokuları;
İstanbul'u dinliyorum, gözlerim kapalı.
İstanbul'u
dinliyorum, gözlerim kapalı;
Başımda
eski alemlerin sarhoşluğu
Loş
kayıkhanelerıyle bir yalı;
Dinmiş
lodosların uğultusu içinde
İstanbul'u dinliyorum, gözlerim kapalı.
İstanbul'u
dinliyorum, gözlerim kapalı;
Bir yosma
geciyor kaldırımdan;
Küfürler, şarkılar, türküler, laf atmalar.
Bir
şey düşüyor elinden yere;
Bir
gül olmalı;
İstanbul'u dinliyorum, gözlerim kapalı.
Hər dəfə bu şeiri oxuyanda, mən də
gözlərimi yumaraq öz İstanbulumu dinləyir,
küçələrini, Boğazda get-gəl edən
vapurlarını, Misir çarşısını, Yeni caminin
önündə toplaşmış göyərçinləri,
daha nələri, nələri yada salıram.
1974-cü
ildən başlayaraq mən dəfələrlə
İstanbulda olmuş, şəhərin, demək olar ki,
bütün tarixi yerlərini, muzeylərini, saraylarını
gəzmiş, hətta Atatürkün sevdiyi tarixi Pera Palas və
qədimi Park otellərində qalmışam. Yeri gəlmişkən
onu da deyim ki, 80-ci illərin sonlarında Park Otel sökülərək,
yerində olduqca böyük, çoxmərtəbəli,
Taksimin görüntüsünü pozan, yöndəmsiz otel
tikilmiş, ancaq məhkəmənin qərarıyla bu otelin
üst mərtəbələri sökülmüş, sadəcə,
beş mərtəbəsi qalmışdı. Dostlarım Fazil
Hüsnü Dağlarca, Yaşar Kamal, Ataol Bəhramoğlu və
başqaları İstanbulun turist marşrutlarından kənarda
qalan və yüz illərin havasını qoruyub saxlayan yerlərini
gəzdirərək, şəhəri daha da yaxından
tanıtmağa, sevdirməyə
çalışırdılar. Dağlarca deyirdi
ki, şəhərin cazibə gücünü anlamaq
üçün sən İstanbulda uzun müddət
yaşamalı, şəhərin xəritəsini alıb,
kvadratlara bölməli və həftədə bir gün
böldüyün səmtlərdən birinə gedərək,
ayaqla, tələsmədən oranı gəzib kəşf etməlisən.
Ancaq o zaman İstanbulu anlayıb sevə bilərsən.
80-ci illərin
əvvəllərində Dağlarca bu prinsipə dayanaraq məni
"Yüksək kaldrım" və tarixi
"Qumqapı" məhəllələriylə tanış etmişdi. Bir gün
biz Mərmərə dənizi tərəfdən Bizans qala
divarlarında açılmış kiçik darvazadan
keçərək "Qumqapıya" gəldik. İlk öncə müxtəlif
çağların, fərqli mədəniyyətlərin
qovuşduğu, çeşidli yönlərdən uzanan 5-6
dar küçənin birləşdiyi dairə şəklindəki
kiçik meydanı gəzdik. Meydanın sağ tərəfində
"Kor Əlinin restoranı" yerləşir - həqiqətən
restoranı işlədən Əlinin, xanımının və
gələn müştəriləri quyruğunu sürtərək
salamlayan pişiyin bir gözü kor idi. Onun yanında təzəcə
tutulmuş balıqlar, fırında bişirilmiş isti
çörəklər, çəlləklərdən
satılan şərablar, min bir çeşid pendir, sucuq satan dükanlar düzülmüşdü. Biz təzəcə qızardılmış
balığımızı, pendirimizi, isti çörəyimizi,
iki stəkan şərabımızı böyük bir
çəlləyin üstünə qoyub, ayaqüstü yeməyimizi
yeyir, bizanslardan qalma bu sakit meydanın yüzillər öncəsindəki
ab-havasını yaşamağa çalışırdıq.
Çox qəribədir, bir neçə ildən
sonra Venesiyada olarkən məsləkdaşlarımla buna bənzər
bir meydanda, aldığımız isti çörək, pendir
və şərabımızı böyük bir çəlləyin
üstünə qoyub Roma dövrünün ab-havası
içində, yenə ayaqüstü ləzətlə
yeyib-içmişdik.
1991-1994-cü
illərdə İstanbulda yaşadığım üç il ərzində Dağlarcanın tövsiyəsinə
uyaraq, şəhərin çeşidli səmtlərini bir-bir
ayaqla dolaşmağa, şəhərin cazibəsini, sirrini
yavaş-yavaş öyrənməyə və onu daha da
çox anlamağa, sevməyə
çalışırdım. İstanbul Universitetində
işim bitdikdən sonra Çinaraltı deyilən bir yerdə
yerləşən qədimi kitabların
satıldığı Sahaflar çarşısını
dolaşar, Qapalıçarşının küçələrindən
keçərək Misir çarşısına yollanar,
satılan dəndən alıb Yeni caminin önündəki
saysız göyərçinləri bəsləyər, Qalata
körpüsünü keçib tuneldə fünikulyora minər
və Bəyoğluna çıxardım. Asmalıməscit
küçəsindəki bir kafedə əsl türk qəhvəsini
içib bir az dincəldikdən sonra,
qalabalq İstiqlal caddəsiylə Taksimdəki evimizə
yollanardım. Əlbəttə, universitetdən
Taksimə avtobus, dolmuşla rahatlıqla və tez getmək
olardı. Ancaq mən bəhs etdiyim
marşrutla və ayaqla getməyə üstünlük
verirdim. Çünki bu yolda həmişə
yeni bir mənzərəylə, yeni tarixi binalarla
rastlaşırdım. Qapalıçarşının
alt küçələrindən birində valyuta
borsasının rolunu oynayan və hər gün türk lirəsinin
məzənnəsini təyin edən səs-küylü məkanı
seyr etməyin başqa bir kefi vardı.
Həftədə
iki gün Boğaziçi
Universitetindəki dərslərimdən sonra sevdiyim meşəliyin
içindən keçən dolanlı yolla boğazın kənarına
enər, orda avtobusa minər və boğaz sularının
müşahidəsiylə yolboyu sahildə qarmaqla balıq
tutanları, bir-birlərini qucaqlayaraq gəzən sevgililəri,
oturacaqlara oturub boğazdan gözlərini çəkməyən
yaşlıları, kiçik kafelərdə
çaylarını, qəhvələrini içən
insanları, gəmilərin iç-içə olduğu
Beşiktaşı, Çırağan, Yıldız
saraylarını seyr edə-edə Taksimə gedərdim.
Cümhuriyyəti qurduqdan sonra böyük Atatürk
paytaxtı kiçik bir qəsəbə olan Ankaraya
köçürür və oranı sürətlə
abadlaşdıraraq şəhərə çevirməyə
başlayır. O, tez-tez tanınmış yazarları, sənət
adamlarını Ankaraya dəvət edər, onlara yeni şəhəri
sevdirməyə, burada qalıb yaşamalarına
çalışardı. Bir gün Atatürk ünlü
şair Yəhya Kamalı da Ankaraya dəvət edir, ona şəhərdəki
gəlişmələri göstərir və bundan sonra
şairdən soruşur:
- Sayğılı Yəhya bəy, Ankaranın
harasını, nəyini bəyəndiniz?
- İstanbula dönüşünü, qazi cənabları,
- deyə Yəhya Kamal cavab verir.
İstanbul
sevdalısı Yəhya Kamalın cavabı ancaq belə ola bilərdi.
İstanbulu dinləyib yaxından tanıdıqca, bu
şəhərə daha da sıx bağlanırsan və bir
daha ondan qopa bilmirsən. Odur ki, Bakı kimi, Moskva kimi İstanbul da
mənim həyatımın bir parçasına
çevrilmişdi. İndiyə qədər Rusiyada
altı dəfə nəşr olunmuş Orxan Pamukun
"İstanbul" romanının ruscaya uğurlu tərcüməsində,
bəlkə, bu sevgi əsas faktorlardan biri olmuşdur.
Dost olduğum, uzun illər əlaqə
saxladığım İstanbulun insanları da
bambaşqadır. İstanbul mənim üçün, eyni zamanda
çağımızın böyük şairlərindən
biri olan Fazil Hüsnü Dağlarca, Bakıdakı evimin
divarlarından asılan və hər gün İstanbulu
xatırladan rəsm əsərlərinin müəllifi,
gözəl şair və sürrealist rəssam Mətin
Eloğlu, İkinci Yenidən Devrimci şeirə, oradan da lirik
poeziyaya keçərək yaradıcılığını
tez-tez yeniləyən Kamal Özər, çağdaş
türk ədəbiyyatının istedadlı
araşdırmaçısı, təvazökar insan Asım Bəzirci,
sıx-sıx dartışdığım, əlli illik
üsyankar dostum, qardaşım və çağdaş
türk poeziyasının böyük ustadı Ataol Bəhramoğlu,
1988-ci ildə Azərbaycanda və Türkiyədə
"Kitabi-Dədə Qorqud"u birlikdə yenidən gündəmə
gətirdiyimiz professor Osman Fikri Sərtqaya kimi bir çox elm və
ədəbiyyat adamlarıdır.
İstanbul, eyni zamanda gözlənilməz
görüşlər və hadisələr şəhəridir. 80-ci illərin
əvvəllərində bir gün Park Otelin restoranında
Yaşar Kamalla axşam yeməyi yeyirdik. Birdən bizə
60-65 yaşlarında bir xanım yaxınlaşdı və təmiz,
aristokrat ruscasıyla mənə müraciət edərək:
- Hörmətli
cənab, dostum Yaşar Kamal sizin Rusiyadan gəldiyinizi söylədi.
Mən knyaz Vorontsovun nəslindənəm, biz
bura 20-ci illərdə Krımı tərk edən Vrangelin
ordusuyla gəlmişik. Bir neçə il
burada qaldıqdan sonra zabit və əsgərlərin əksəriyyəti
ailələriylə birlikdə Fransaya, Avropaya getdilər.
Bizimkilərin çox az bir hissəsi, o
cümlədən mənim ailəm İstanbulda qaldı. Buraya gələndə mənim 5-6 yaşım
vardı, bu şəhərdə boya-başa
çatdığıma görə özmü əsl
istanbullu sayıram. 60 il ərzində
ilk dəfədir ki, Rusiyadan, mənim vətənimdən gələn
birini görürəm. Bu səbəbdən sizə
yaxınlaşdım, narahat etdim, bağışlayın.
Bu restoranın müdiriyəm, royalın arxasında oturan da mənim
həyat yoldaşım Vladimirdir, burada musiqiçi olaraq
işləyir, - dedi.
Bu sözləri eşidirmış kimi Vladimir yerindən
qalxaraq başıyla məni salamladı. Knyaginyaya bir şeylər
demək istəyirdim, ancaq o məni qabaqladı:
- İş ilə bağlı Rusiyadan gələnlərin
izləndiyini bilirəm. Odur ki, sizi daha naharat etməyəcəm.
Təkrar xoş gəlmisiniz, - deyib qadın
bizim masadan uzaqlaşdı.
Restoranda
qaldığımız 2-3 saat ərzində Vladimir bəy
"Moskva gecələri"ni, rus klassik
musiqisindən parçalar çalaraq, həm bizə xoş
anlar yaşadır, həm də öz həsrətini,
nostaljisini dilə gətrirdi.
İstanbul Universitetində işlədiyim illərdə
qaldığım Gümüşsuyu məhəlləsində
bəyaz rusların işlətdikləri "Borç"(yəni
rus yeməyi "Borş") adında restoranda ləzətli
rus milli yeməkləri təklif olunurdu. Bura, eyni
zamanda rus miqrantlarının tez-tez gəldikləri yer idi.
Bir-iki dəfə biz də orada ailəlikcə
nahar etmişdik.
Boğaziçi
Universitetində tanış olduğum rus əsilli
dosent Jak Delon mənə "Bəyoğlundakı ruslar"
kıtabını bağışlamışdı. Bu kitabda İstanbula pənah gətirmiş o
zavallı rusların həyatları haqqında olduqca
maraqlı bilgilər vardı.
Gördüyünüz kimi, İstanbulun mənim həyatımda
özəl bir yeri vardır. Mən, əlbəttə,
uşaqlığım, macəralı gəncliyim və
universitet illərimi yaşadığım doğma
Bakımı da, bir elm adamı kimi, bir ədəbiyyatçı
və ictimai xadim kimi formalaşmamda müstəsna rol oynayan
Moskvanı da olduqca çox sevirəm. Bu
üç baş şəhər hər zaman maqnit kimi məni
özünə çəkməkdədir. Bu sevgimi,
onlara duyduğum özləmimi illər öncəsi
yazdığım bir şeirimdə belə dilə gətirmişdim:
Bu nə cəfadır, Allahım?!
Üç
şəhərdə yaşamaq sevgisi,
Yaşamaq həvəsi,
Yaşamaq dərdi...
Bu nə cəfadır, Allahım?!
Üç
şəhər arasında paylaşmaq
Yaşamını
Ayını,
Gününü,
Həsrətini.
Nə qədər
gəzsəm də, yorulsam da,
İstanbullu
yuxumda Bakı var,
Moskva var!
Bakıda,
İçərişəhərdə
İstanbulun
dar küçələrini dolaşıram.
Qarlı-şaxtalı
Moskvada
Qızmar
Bakı,
İstanbul günəşini axtarıram.
Çətindir,
Vallah, çox çətin
Üç
yerə bölmək sevgini, həsrətini
Üç gözəl arasında.
Allahım,
nədir
bu
çəkdirdiklərin mənə?
Tofiq Məlikli
Ədəbiyyat qəzeti.- 2019.- 16 mart.- S.18-19.