Müşərrəf Akay: Bizim azərilərlə

çoxlu xatirələrimiz, yaşantılarımız var...

 

“Ədəbiyyat qəzeti”nin qonağı türk aktrisası Müşərrəf Akaydır

 

- Müşərrəf xanım, Azərbaycan Sovet İttifaqının tərkibində olanda azəri mahnılarını ilk dəfə oxuyan türk müğənnilərindən birisiniz. O zaman bizim musiqilərimizi ifa etməyiniz hansı ehtiyacdan yarandı?

- Mən ilk dəfə Bakıya gələndə bura haqqında heç nə bilmirdim, sizləri çox yaxından tanımırdım. Türkiyədə də o qədər məlumatlı deyildilər. Çünki nə biz bura gələ bilirdik, nə də siz Türkiyəyə. Mən Sovet İttifaqı dövründə, 1978-ci ildə ilk dəfə Moskvada və digər MDB ölkələrində konsertlər verdim, sonra Azərbaycana gəldim. O zamanlar səhnə həyatına başlamağım ancaq üç il olardı. Həyatımda da çoxlu sürprizlər olmuşdu. O vaxtı biz Bakıya gəlmək istəyəndə sovet rəsmiləri buna çox da razı deyildilər. Onlar bizə Kiyevi, Sankt-Peterburqu və digər şəhərləri məsləhət görürdülər, təki biz Azərbaycana gəlməyək. Mən o vaxtkı Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi kimi qastrola çıxmışdım və əsas məqsədimiz də Azərbaycana gəlmək idi. Onda qeyri-rəsmi nəsə etmək mümkün deyildi. Məhz, o dörd-beş gün ərzində Bakıya olan qısa səfər mənim yadımda qaldı,  unuda bilmədim.

- Hansı özəlliyi ilə yadınızda qalmışdı?

- Burda yaşayan türk qardaşlarımızın bizə olan sevgisiylə. Üstəlik də, bu sevgi həddindən artıq böyük və təmənnasız idi. İnsanların o sevgisini indi də izah edə bilmərəm, amma mən bu sevgini yaşamışdım. İndi bura Türkiyədən bir çox sənətçilər gəlib-gedirlər. Amma onlar heç bir şey görmədilər, bilmədilər. Onlar burda yaşayan insanların türkləri necə ürəkdən sevdiklərini mənim qədər bilmirlər. Amma mən bildim. Bundan sonra 1985-86- 87 və 90-cı illərdə təkrar gəldim. O zamanlar sonuncu konsertimi Gəncədə vermişdim. Bizim konsertdən üç gün sonra Qarabağ müharibəsi başlandı. Amma sonrakı illərdə demək olar ki, hər il Azərbaycana gəlirdim.

- Sizin özünüzün də bura qarşı qəribə bir bağlılığınız var...

- Haqlısınız. Həm də mən artıq buranın dadını bilirdim. Hər dəfə gələndə 32 nəfərlik musiqi heyəti ilə gəlirdim. Özüm də çox gənc və yaradıcılıq arzusu ilə dolu idim. İndi hərdən məndən Türkiyədə xəbər alırlar ki, səni niyə Azərbaycanda belə çox sevirlər? Mən də onlara cavab verirəm ki, keçib gedən bu illər ərzində bizim azərilərlə çoxlu xatirələrimiz, yaşantılarımız var. Ən çətin günlərində onların yanında oldum, musiqimizlə onları xoşbəxt etdik, varlığımızla cəsarət verdik.

- Dörd uşaqlı ailədə böyüdünüz. Atanız satıcı, ananız evdar qadın olub. Müsahibələrinizdə orta sinif bir ailəyə mənsub olsanız da xoşbəxt olduğunuzu vurğulayırsınız. Bugünkü insanların hər şeyi var, amma xoşbəxt deyillər...

- Ona görə xoşbəxt deyilik ki, biz ailə ilə olan əlaqələrimizi itirdik. Bu günün övladları ailələri ilə əlaqələrini azaldıblar. Onlar daha çox internetlə, telefonla məşğul olmağa üstünlük verirlər. Ana ilə, ata ilə görüşmürlər, söhbət etmirlər. Halbuki xoşbəxtlik ailədə, ata və anada, onlarla keçirilərn zamandadır. Buna görə də mən həmişə evimizdə olduğum illərdə çox xoşbəxt idim, deyirəm. Demək olar ki, hər həftə piknikə, kinoya, dənizə gedərdik, əylənərdik, gülərdik. Bir sözlə, bütün həyatımız ailəmizə bağlıydı. Ancaq indi əlimizin altında bir toxunuş qədər yaxın olan texnologiya dünyası bizi sevdiklərimizdən qoparıb.

- Siz mərhum şairəmiz Nigar Rəfibəylinin sözlərinə bəstələnmiş "Ala gözlüm" mahnısını ifa etmisiniz. Bu mahnıya müraciətiniz necə oldu?

- Bakı konsertlərimin birindən sonra oteldəki otağımda dincəlirdim. Hədsiz dərəcədə yorğun idim. Gözləmədiyim halda qapı döyüldü. Dəhlizdə cavan və çox yaraşıqlı bir oğlan dayanmışdı. O mənə dedi ki,  bu gün mənim toyumdur, nişanlımın da, mənim də valideynlərimiz yoxdur, hər ikimiz yetimik. Biz çox istəyirik ki, siz bizim toyumuzda beş dəqiqəlik də olsa iştirak edəsiniz. Onun sözləri və münasibəti məni çox duyğulandırdı. Çox düşünmədən razılıq verdim. Həmin an hiss etmişdim ki, o oğlan məni öz ata-anasının yerinə qoyub. Toyda məni çox gözəl qarşıladılar. Orada uzun, qara saçları olan, səsi də, özü də çox gözəl bir qadın "Ala gözlüm" mahnısını oxumağa başladı. Mahnı məni məhv elədi. Ondan xahiş etdim ki, bir də oxusun. İkinci oxunuşda özümü saxlaya bilməyib, ağladım. Dedim ki, bu mahnının musiqisini də, sözlərini də mütləq tapıb ifa etməliyəm. Ertəsi günü mahnının musiqisini tapıb gətirdilər. Mahnının musiqisi bildiyiniz kimi rəhmətlik Emin Sabitoğluna aiddir. Sonralar mən Emin Sabitoğlunun "Bu gecə" adlı bir mahnısını da ifa etdim. Türkiyədə isə bir gecədə hər kəs "Ala gözlüm"ə aşiq oldu. Sonralar bütün konsertlərimdə insanlar çığıraraq bu mahnını oxumağımı istəyirdilər. İndi artıq bu əsər bir klassikaya çevrilib.

- Bizdə ilk dəfə Akif İslamzadə oxumuşdu...

- Zatən biz Akif bəylə sonralar görüşdük. O vaxtı o, xəstə idi, özünü yaxşı hiss etmirdi. Türkiyəyə də onun kasetini aparmışdım, onun ifasından öyrənmişdim. Akif bəyin çox gözəl səsi vardı. Allah qismət etsə, sabah gedib onun başqa disklərini də almağı düşünürəm. Ola bilsin ki, ordan da nələrsə ifa edim.

- Sonralar sizə başqa bəstəkarlardan təkliflər gəlmədi?

- Yox. Mən özüm həmişə hansı musiqini bəyəndimsə, ifa etdim. Həm də bilirsiniz, Türkiyədə azəri mahnısı ifa edə bilən müğənnilər çox azdır. Bunu onlar özləri də etiraf edirlər. Əvvəla, ləhcə problemi var, bundan başqa, boğazlarda da xeyli çətinliklər olur. Çünki sizin üçün asan gəlsə belə, azəri mahnsını ifa etmək çətindir.

- Bu çətinlik nə ilə bağlıdır?

- İlk olaraq bizim vərdiş etdiyimiz sistemləşdirilmiş tərzlə bağlıdır. Bizim də musiqilərimizi ifa etmək sizin müğənnilər üçün çətin ola bilər. Çünki illərlə qulağın eşitdiyi, düşüncənin qəbul etdiyi bir tərz var. Misal üçün, mənim azəri mahnısını ifa etmək üçün xüsusi proqramım olur. İfa edəcəyim mahnıya iki-üç gün, hətta bir həftə heç bir izah vermədən, heç nə əlavə etmədən saatlarla qulaq asıram, bir anlamda özümünküləşdirirəm. Sonra başa düşmədiyim bəzi sözlərin izahını tapıram, onları da hardasa türkiyəli tamaşaçının anlayacağı mənaya çevirirəm və sonda oxuyuram.

- Sizin aktrisalıq fəaliyyətiniz də olub. Çəkildiyiniz "Baba" adlı ikinci filminizdə Yılmaz Güneylə həm rejissor kimi, həm də aktyor kimi işbirliyiniz oldu. Sonralar da məşhur rejissorlarla işlədiniz. Lakin bir müddət keçdi, kinodan tamamilə uzaqlaşdınız. Səbəb nə oldu?

- Mən filmə çəkilərkən həm də müğənni kimi də fəaliyyətə başlamışdım. Kinoya çəkilməyə başlayanda elə ilk günlərdən mənim üçün çətin oldu. Ümumiyyətlə, kino həyatı çox ağırdı. Gecə səhərə qədər yatmaya, səhər dörddə yuxudan oyadıla bilərsən. Ac-susuz, yuxusuz, yorğun olmaq mənə əziyyətli gəldi. Amma kinonu da sevmişdim, orda da məşhurluq qazanmışdım. Sadəcə olaraq, mənim müğənnilik tərəfim daha güclü idi. Düzdür, musiqi sahəsi də zəhmətlidir. Amma bu sahəni sevdiyim üçün onun çətinliyini o qədər də hiss etmirəm.

- "Baba" filmində Yılmaz Güney sizə sillə də vurub...

- Elədir. Filmdə Yılmaz mənim həyat yoldaşım rolunu ifa edirdi. O, Almaniyaya əslində isə həbsxanaya gedəndə mən onun ardınca ağlamalıydım. Filmdə bu əhvalat səhərə yaxın baş verir. Səhnə təbii alınsın deyə, Yılmaz məni səhər saat dörddə yuxudan oyadıb çəkiliş meydançasına gətirtmişdi. Hədsiz dərəcədə əsəbiləşmişdim. Onda inadkarlıq etdim. Dedim mən bu səhnədə ağlamayacam, çünki çox  hirsliyəm. Yılmaz mənə dedi ki, indi necə ağladığını görəcəyik. O, heç gözləmədiyim halda mənə sillə vurdu və qaçıb getdi. Çəkiliş artıq başlamışdı. Mən həm yuxusuzluqdan, həm də sillənin təsirindən hönkür-hönkür ağlamağa başladım. Çəkiliş bitdikdən sonra Güney mənim üçün bir qutu şirniyyat alıb gətirdi, üzr istədi. Təbii ki, mən ondan inciməmişdim.

- Yılmaz Güney Türkiyəyə ilk Kann mükafatını gətirən və çox qəribə taleyi olan rejissor olmuşdu. Onu necə xatırlayırsınız?

- Mən onunla tanış olanda 18 yaşındaydım. Həm Yılmazla, həm də xanımı ilə çox yaxşı dostluğumuz, əlaqələrimiz vardı. Yılmaz çox özünə qapanan, əsrarəngiz, duyğularını içində yaşayan sənətçiydi. Amma çox qabiliyyətli, istedadlı insan idi. O, türk sinemasına çox gözəl filmlər qoyub getdi. O zamanlar fərqində olmasam da, ondan çox şey öyrənmişdim. Yılmaz həmişə mənə deyirdi ki, kamera səni sevir, aktrisa kimi də istedadlısan. Əgər kinoya ürəklə bağlansan, çox uğurlu aktrisa ola bilərsən.

- Ailəli olduğunuz illəri ömrünüzün rahat, bir az da yuxulu, həyat yoldaşınızdan ayrıldıqdan sonrakı dövrü isə azadlıq dövrü hesab edirsiniz. Bir qadın olaraq hansı dövr sizin üçün maraqlıydı?

- Azadlıq dövrü. Uşaqlarımın atasından ayrılandan sonra mən hər şeyi öyrəndim. Elə şeylər var ki, insan onları məktəbdə yox, həyatda öyrənir. Mən evimizin tək qızıydım, çox nazla böyüdülmüşdüm. Amma ailə qurandan sonra ər və gəldiyin ailənin düşüncələrinin fərqli olduğunu görürsən, bunları da öyrənməli, yaşamalı olursan.

Birinci həyat yoldaşımdan ayrılarkən iki oğlum vardı. Həyat deyilən yola onlarla birlikdə çıxdım. Biz uzun illər birlikdə yaşamaq uğrunda mübarizə apardıq. Onları oxutmaq, düzgün tərbiyə verə bilmək üçün çox zəhmət çəkdim. Bütün bunlarla yanaşı, gənc və gözəl qadın olaraq özümü qorumağa da məcbur idim.

- Özünüzü qorumaq çətin oldu?

- Çox, çox çətin oldu. Bunu izah etmək hardasa mümkünsüzdür. Gözəl və məşhur qadın olmaq və qorunmaq asan iş deyil. Gözəllərin bəxti olmaz, deyirlər. Mən isə deyirəm ki, gözəlin düşməni də çox olur. Şöhrətin əvəzi çox böyük olur. İnsan on dəqiqənin içərisində məşhur ola bilər.  Amma həmin məşhurluğu uzun illər boyu necə daşımaq, həyatını buna görə qurmaq məsələsi çox vacibdir. Məhəmməd peyğəmbər də deyib ki, şöhrət alovdan bir köynəkdir.

- Birinci həyat yoldaşınızdan ayrılandan sonra otuz il, o, rəhmətə gedənə qədər onunla danışmadınız, görüşmədiniz. Soruşan insanlara isə ölülər danışa bilmirlər dediniz. Otuz il müddətində sağ insanı, sizə bir zamanlar yaxın olan adamı ölmüş kimi qəbul etmək sizi incitmədi?

- Bir insanı yaşadığı halda ölmüş kimi qəbul etmək əlbəttə ki, əzabvericidir. Çox sevdiyiniz bir adam həqiqətən rəhmətə gedəndə onu itirdiyinizə inanırsınız. Amma yaşadığını bildiyiniz insanı beyninizdə, ürəyinizdə öldü deyə qəbul etmək çox çətindir.

- Ömrünüzün böyük bir hissəsi Azərbaycanla bağlı oldu, fasilələr olsa belə, həmişə Azərbaycana gəlməyə can atdınız, gəldiniz də. Bu illər ərzində hisslərdə, duyğularda dəyişən nələrsə oldu?

- Əsla. Hisslərimizdə, sevgimizdə heç nə dəyişmədi. Bəlkə, daha da çoxaldı. Sadəcə olaraq, Bakı gözəlləşdi, daha da modern oldu. Yəni o zamanlar yaşanan sıxıntılar indi yoxdur. Təbii ki, iç dünyadan o qədər də xəbərim yoxdur. Amma şəhərin, onların fonundakı insanların mənzərəsi çox gözəldir. Yəni mən keçmişi gördüyüm üçün indi bu qənaətimi dilə gətirirəm. İnsanlar da məni həmişə sevdilər. İndi də harda görürlərsə, boynuma sarılırlar. Mən də heç zaman onlara qarşı sərhəd, məsafə qoymadım. Çünki sizləri həmişə sevdim.

 

Söhbətləşdi: Samirə ƏŞRƏF

 

Ədəbiyyat qəzeti.- 2019.- 16 mart.- S.22.