Seyid İmadəddin Nəsimi
- əbədiyyət üfüqündə
doğan günəş
Cümlə-cahana sığmayan haqq
şairi, haqqın şairi
Altı yüz ildir ki, böyük Azərbaycan şairi
İmadəddin Nəsiminin adı Yaxın Şərqdə mərdlik,
fədakarlıq və iradə rəmzi kimi hörmətlə
çəkilir. Altı yüz ildir ki, öz ideyaları
uğrunda mübarizə aparan, hətta son nəfəsində
də sözündən dönmədiyinə görə dara
çəkilərək dərisi soyulan bu tarixi şəxsiyyətin
irsi öyrənilir. Ümumiyyətlə,
sənətkar haqqında daha obyektiv fikir, adətən, illər
keçdikdən sonra söylənilir. Bu mənada, 600 il bundan əvvəl Nəsiminin cismən yox
edilməsi, əslində, onun mənəvi qələbəsi
idi. Və bu qələbə bu gün də
yolumuza işıq tutur, örnək təşkil edir.
Doğrudur, Nəsimi məsləyi, ideyaları
uğrunda canından keçən, düşmən
qarşısında əyilməyən nə ilk, nə də
sonuncu şəxsiyyət idi. Ancaq birmənalı
şəkildə deyə bilərik ki, bu əqidə qəhrəmanları
arasında onun müstəsna yeri vardır. Həyatı boyunca haqsızlığa,
ehkamçılığa, nadanlığa, zülmə, ədalətsizliyə
əsərləri ilə üsyan edən dahi sənətkarın
Azərbaycan milli ədəbi dilinin zənginləşdirilməsi,
həmçinin saflaşdırılması yönündə
mühüm xidmətləri olub. Dərin
dini-fəlsəfi biliyə malik olan Nəsiminin ədəbiyyatımızın
inkişafında ən böyük xidmətlərindən
biri də onun Azərbaycan dilində fəlsəfi qəzəlin
banisi olmasıdır. Həmin dövrdə
ana dili ilə yanaşı, ərəbcə və farsca əsər
yazan ilk Azərbaycan şairi də Nəsimi olub. Şairin yaradıcılığının
başqa bir özəlliyi odur ki, o, bütün əsərlərini
əruz vəznində yazıb. Məlumdur
ki, bu vəzn dilimizə ərəb dilindən keçib və
Nəsimi onu dilimizə tətbiq edərək Azərbaycan
dilinin təkmilləşdirilməsinə, türk əruzunun
formalaşmasına mühüm töhfələr verib.
O, Azərbaycan ədəbiyyatında ana dilində ilk dəfə
müstəzad, mürəbbe və tərcibəndlər
yazmış ilk şairdir. Onun rübailərində
hürufiliyin müddəaları, şairin fəlsəfi
görüşləri, həyat və kainat haqqında
düşüncələri ustalıqla ifadə olunub.
İnsanın qüdrətini tərənnüm edən
Nəsiminin poeziyasında mübarizə ruhu vardır. O, şeirləri ilə
haqqa qovuşan kamil insan olmaq uğrunda inadla mübarizə
aparır. Şairin fikrincə, ilahi varlıq səviyyəsinə
yüksələn, böyük mənəvi sərvət olan
kamil insan ədalətli cəmiyyət yaratmağın da real əsasını
təşkil edir. Nəsimi
yaradıcılığında ilhamla vəsf olunan kamil insan
obrazı Orta əsr Azərbaycan şeirində bədii
sözdən yoğrulmuş əzəmətli insan heykəlidir.
Bu baxımdan, "Məndə sığar iki cahan, mən bu
cahana sığmazam" misrası ilə başlanan "Sığmazam"
qəzəli kövnü-məkana, cism ilə cana,
dəhrü-zəmana və cahana sığmayan qüdrətli
Azərbaycan şairinin ən mükəmməl avtoportreti,
onun şəxsiyyətinin və idealının açar
sözləri hesab olunmalıdır.
Nəsiminin poeziyasında libas dəyişkənliyin,
ötəriliyin simvolu, dünyəvi yalanın təzahür
formasıdır. O dövrdə müsəlman Şərqinə xas olan
düşüncə belə idi ki, geyim bədənin
maskasıdır. Buna görə də
çılpaq bədən qarşındakını aldatmaq
iqtidarında deyil. Seyid İmadəddin Nəsimi
isə ömrü boyu özündən ayrılmaq, qopmaq arzusunda
idi və bu, heç də qəribə görünməməlidir.
Çünki özündən kənarlaşıb
özünə baxmaq, öz gözlərindən öz daxilinə
boylanmaq, öz bədəninə nüfuz etmək, orada
rahatlanmaq, "ərimək", "qərq olmaq" - hal əhli
üçün xarakterik xüsusiyyətdir.
Təəssüf ki, Sovet dövründə bu kimi fəlsəfi
düşüncələr o vaxtkı ideologiyanın
qoyduğu məhdudiyyətlər və çərçivələr
içərisində Azərbaycanda birtərəfli şəkildə
təqdim olunurdu. Nəticədə isə Nəsimi, az
qala, ateist kimi qələmə verilirdi. Halbuki
onun bütün əsərlərində "Qurani-Kərim"ə
və hədislərə istinadlar var. Nəsiminin ilk mənbəyi
də müqəddəs kitabımız idi, hətta öz
fikirlərini "Qurani-Kərim" əsasında
yayırdı. Nəsiminin insana
böyük dəyər verməsinin əsasında da məhz
inancını yaşadığı İslamın təməl
prinsipləri dururdu. O çox gözəl bilirdi ki,
Allah-Taalanın yaratdığı ən uca, ən kamil
varlıq insandır. Böyük şair insan
sifətinin Allah qələmi ilə çəkilən
gözəlliyini vəsf edir və "ənəlhəqq"i
("haqq məndədir") sözün həqiqi mənasında
deyil, məcaz kimi qəbul edir. O, insanı ülviləşdirir.
Nəsimi öz şəxsində insanın bəşəri
keyfiyyətlərini açır, onu mənalandırır,
poetik səviyyəyə yüksəlir. Şairin
fikrincə, insan bütöv aləmdir, insan kainatdır, hətta
ondan da böyükdür, o, kainata da sığmayan
varlıqdır. Nəsiminin fəlsəfəsinə
görə, yalnız kamil insan Allahı dərk edə bilərdi.
Buna görə də kamil insanın Allahı dərk
edərək ona qovuşacağına inanır, bütün
süfilər kimi, Nəsimi də bu dünyanı fani, müvəqqəti
hesab edirdi. O, nəinki "Qurani-Kərim"i yüksək
səviyyədə bilib, hətta qədim dini və fəlsəfi
təlimlərdən xəbərdar olub, "İncil"i və
"Tövrat"ı dərindən mənimsəyib. Çünki onun əsərlərinin
hamısında səmavi dinlərə və digər təlimlərə
istinadlar vardır.
Təəssüf ki, sovetlər dövründə Nəsimi
ideyası sufizm ilə düşünülmüş şəkildə
İslama qarşı qoyulmuş, irfandan kənar elan
edilmişdi.
Halbuki irfan elmi və dahi mütəfəkkirin
yaradıcılığı ilə yaxından tanış
olan hər kəs bilir ki, Nəsimi ideologiyası irfan elmi ilə
tam bağlılıq təşkil edir. İrfanı anlayanlar
bilirlər ki, onun ana xətti olan Allahı tanımaq və Ona
qovuşmaq dörd mərhələdən keçir: Şəriət,
Təriqət, Mərifət, Həqiqət. Mərhələ
isə yeddi pillədən ibarətdir: Tələb, Eşq, Mərifət,
İstiğna, Tövhid, Heyrət, Fəna. Zaman və məkan
çevrəsində isə hərəkət beş
inkişaf xəttinə əsaslanır: Kəsrəti-Vücud,
Kəsrəti-Mövcud, Vəhdəti-Vücud, Vəhdəti-Mövcud
və Suhud. Sufi təfəkkürü bəndəni
daim Allaha yaxınlaşdırır. Bu təlimə
görə, ruh məkansızdır, dünyaya
sığmır, ələst aləminə qalxaraq Allaha
qovuşmağa can atır.
Fikrimcə, şairin İslama sevgisini, irfana
bağlılığını göstərmək üçün
ən bariz doğru yol onun yaradıcılığına nəzər
yetirməkdir.
Məsələn, Nəsimi deyirdi:
Ey
könül, Mənsur ənəlhəq söylədi,
Həqq
idi, həqqi dedi, həq söylədi,
Mərifət
sirrini mütləq söylədi,
Arif amənna vəsəddəq söylədi.
Təəssüf ki, vaxtilə bu beytə görə onu
Mənsurun özünə Allah deməsinə haqq
qazandırmaqda qınayıb kafirlikdə suçlayıblar. Hətta bu
tendensiya günümüzdə də bəziləri tərəfindən
davam etdirilir. Ancaq irfandan xəbəri
olanlar çox gözəl bilirlər ki, burada fikir tamamilə
başqadır. Nəsimi burada Mənsura Allah demir, onun -
həqq olduğunu, yəni düzgün, haqlı,
dürüst olduğunu, həmişə həqiqəti
dediyini göstərir. İkinci beytdəki
"mərifət" isə İslamda haqqa, Allaha
qovuşmağın pillələrindəndir. "Mərifət sirrini mütləq söylədi"
deməklə, o, Mənsurun Uca Yaradana qovuşmağın sirlərinə
bələd olduğunu, İslamı bildiyini, sevdiyini
vurğulayır.
Başqa
bir nümunəyə baxaq:
Şol
meyi kim, günəş anın
camıdır,
Şol
ki, buyurmuş: "və səqahüm xuda.
Kim ki, bu
meyxanəyə basdı qədəm,
Bisərü pa olduvü sər, ya nə pa?
Birinci beytdə "Allahın buyurduğu qədəhi,
Günəş olan şərabı tök", ikinci beytdə
isə "Bu meyxanəyə ayaq basan başsız, ayaqsız
qaldı, nə baş, nə ayaq?" - deyilir.
Məlumdur ki, sufizmdə şərab ilahi
eşq mənasındadır, yəni şair deyir ki, mənim
qəlbim Allah eşqi ilə doludur. "Başsız",
"ayaqsız" sözləri sufizmdə əlaqələrin
kəsilməsi "meyxanə" sözü isə
Tanrının hüzurudur. Nəsimi demək
istəyir ki, ilahi eşqi içən hər kəs öz
iradəsini Allaha təslim etməli, "başsız",
"ayaqsız" olmalıdır. Məgər
özünü Allaha təslim etmək elə İslamın əsas
şərti deyilmi? Bu düşüncənin
sahibini necə kafir adlandırmaq olar?
Başqa
bir beytə nəzər salaq:
Tovhid
içində nöqteyi-əsrar bulmuşam,
Sahibnəzər
gərək ki, bu halə xəbir ola.
Şair burada bütün sirlərin mənasını
tövhid içində tapdığını və bunu hər
düşüncə sahibinin dərk edə bilməyəcəyini
deyir. Məlumdur ki, Tövhid İslamın
sütunlarından biridir və Allahın təkliyini,
vahidliyini göstərir.
Surətin
lövhində endirdi kəlamı Cəbrəil,
Ey camalın həq kitabı, innəhü-şeyün-əcib.
İslama görə, Allahın kəlamları,
buyurduqları Peyğəmbərimizə (s) mələk Cəbrayıl
tərəfindən çatdırılıb. Bu beyt isə
bir daha göstərir ki, şair İslama yaxından bələd
olub. Belə ki, o, yer üzündə
bütün gözəlliklər kimi, sevgilisinin gözəlliyinin
də Allah tərəfindən yaradıldığını,
bu gözəlliyi Yaradanın böyüklüyünə
heyran qaldığını ifadə etməklə, əslində,
Yaradanın ucalığını göstərir.
Çün
hüsnünə xətm oldu bu gün dövrü-məlahət,
Ey fitnələrin xatəmi, şəqqül-qəmər
eylə.
Bu beytdə isə Nəsimi özünü saxta peyğəmbər
(xatəm) elan edənlərə qarşı çıxaraq
deyir ki, bacarırlarsa, onlar da peyğəmbərimiz kimi
möcüzə göstərsinlər - Ayı iki yerə
bölsünlər (İslam rəvayətlərində qeyd
edilir ki, Məhəmməd peyğəmbərin (s)
möcüzələrindən biri də onun Ayı iki yerə
bölməsi, sonra isə birləşdirməsi olub).
Münkirin
iqrarı yoxdur həqqə, ey sahibnəzər,
Həqqə iqrar eylə sən, münkirdən iqrar istəmə.
Bu beytlə dahi mütəfəkkir bildirir ki, ey
düşüncə sahibi olan insan, Allahı tanımayanda
inam olmaz, ona inanma, ondan yardım diləmə, yalnız Allaha
inan, Ondan kömək dilə. İslam da bəndələrə
yalnız Allahdan kömək diləməyi buyurur. Çünki mütləq ədalət və hidayət
sahibi yalnız Odur. Buradan aydın
görünür ki, Nəsimi yaradıcılığında
Allahdan, yaxud İslam əxlaqından kənar olan heç nə
yoxdur. Əksinə, onun düşüncəsinin
nüvəsində İslam və Allah sevgisi dayanır.
Qaziyə
nəsnə verməriz rüşvət üçün bu dəvidə,
Qaziyi-həqq qatında çün adil imiş
şühudumuz.
Mau məindən,
ey fəqih, əsrəyübən iki demə,
Çünki yeganədəndür varid ilə
vürudumuz.
Bu beytlər də Nəsiminin İslama
bağlılığını göstərən nümunələrdəndir. Birinci beytdə
şair deyir ki, "Biz davada qazıya rüşvət
vermirik, çünki Haqq qazı yanında şahidlərimiz ədalətlidir".
Bu isə tamamilə İslamın bəyan etdiyi
məsələdir. Belə ki,
"Quran"a görə, axirət günü mələklər,
qulaq, göz, dəri Allahın hüzurunda sağ ikən
etdiyimiz hərəkətlərə görə şahidlik edəcəklər.
Nəsimi də bildirir ki, bu cür dürüst
şahidlər var ikən, qazıya rüşvət vermək
çifaydadır. İkinci beytdə isə şair
deyir: "Su gətirənimiz də, gələn suyumuz da, o
Yeganədəndir, yəni Allahdandır". "Su"
dedikdə o, bədəni, "su gətirən" dedikdə
isə ruhu nəzərdə tutur. Məlumdur ki, insan
vücudunun əksər hissəsi sudan ibarətdir.
Dahi şair də bu beyt ilə Allahın
vahidliyini bəyan edir, cismimizi və ruhumuzu Onun
yaratdığını vurğulayır. Məgər
özünü Allah adlandıran şəxs Onun vahidliyini bu dərəcədə
qəbul edə, bədən ilə ruhun vəhdətini bəyan
edərdimi?..
Zülfi
rüxsarini görməklik üçün leylü nahar,
Oxuram səbül-məsaini ilə Quran, bəri gəl.
Beytdəki
"Səbül-məsaini" "Quran"ın ilk surəsi
olan yeddi ayəli "Fatihə" surəsidir. Yarının
rüxsarını görmək arzusuna çatmaq
üçün ümidini müqəddəs Kitabımıza
bağlayan, onun Sahibindən nicat uman, gecə-gündüz
"Fatihə" oxuyan insanı allahsızlıqda ittiham etməyin
nə dərəcədə böyük ədalətsizlik
olduğunun hökmünü, fikrimcə, tarix özü verib
və verməkdədir.
İmadəddin Nəsiminin ölməz irsi Azərbaycan
xalqının milli-mənəvi varlığının və
böyük ideallarının, duyğu və
düşüncəsinin zəngin və tükənməz xəzinəsidir. Təsadüfi deyil ki, bu
gün Bakı şəhərinin rayonlarından biri onun
adını daşıyır, paytaxtımızın mərkəzində
heykəli ucaldılıb, Azərbaycan Milli Elmlər
Akademiyasının Dilçilik İnstitutu Nəsiminin
adınadır. Azərbaycan Respublikası Prezidenti cənab
İlham Əliyevin "Böyük Azərbaycan şairi
İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi
haqqında" 15 noyabr 2018-ci il tarixli Sərəncamı
görkəmli şairin Azərbaycan ədəbiyyatı
tarixində özünəməxsus rola malik olduğunu bir
daha təsdiq edir. Bundan başqa, ölkə
başçısının 11 yanvar
2019-cu il tarixli Sərəncamı ilə 2019-cu ilin
"Nəsimi ili" elan edilməsi şairə dövlət
səviyyəsində verilən dəyərin, hörmət və
ehtiramın ən yüksək ifadəsidir. Eyni
zamanda bu Sərəncam Azərbaycan mədəniyyətinin, zəngin
tarixi-mədəni irsinin təbliğinə də çox
böyük töhfədir.
Səyyad Aran
Ədəbiyyat qəzeti.- 2019.- 16 mart.- S.24.