Bir dənizdi ürəyin,

dalğaları duyğuların-hisslərin

 

Yağış yağır

nur kimi,

bir payız gecəsində...

Yadıma

mavi göylərin

qərib ulduzları düşür,

bir ucqar dağ kəndində.

İnsanları görürəm,

hərəsi bir biçimdə -

hərəsi bir rəngdə.

Onsuz da insanların

Taleyi özləritək

müxtəlifdi əzəldən,

biri bahar rəngində -

biri payız rəngində.

Kaş bircə

istəyim odur,

soyuqqanlı

daşa dönməsin insanlar.

Xatirəsi yaşasın

hər insanın

bu dünyada,

başdaşı üstündə deyil,

xoş bir söhbət şəklində.

 

Bir dənizdir ürəyin,

dalğaları

duyğuların - hisslərin.

Sərhədində durmusan,

bir sevgi dənizinin.

Danışırsan

dalğalarla səhər-axşam,

Məhəbbət dilində -

Sevgi dilində.

Ancaq bircə bilmədiyin,

quşların dilidi sənin.

O dili təkcə dünyada,

Körpələr bilir, sanki,

böyüyüncə unudurlar

Mələklərin dilini.

Kaş öyrənə biləydik,

O dili öyrənə-öyrənə

həm məhəbbət dilini -

həm sevgi dilini.

Onda bəlkə, biryolluq,

tapa bilərdik dünyada

Könüllərin dilini -

ürəklərin dilini.

Həqiqətin dilini.

 

Dünyam

 

Səhər-axşam yol gedirəm,

Yol üstəyəm, anam dünyam.

Ot üstündə, kol üstəyəm,

Leyləyimsən, sonam dünyam.

 

Solan deyil yaraşığın,

Məskənisən hər aşığın.

Tükənməyəcək işığın,

Sərvətindi inam, dünyam.

 

Söz yazanın çox olubdu,

Hər sözü bir ox olubdu.

Dərdin mənə yoluxubdu,

Zirvələri duman dünyam.

 

***

 

Gözəl olursan bəzən,

bitirə bilmədiyin

cümlələr kimi.

Yazıq olursan hərdən,

havayı atılan

güllələr kimi.

Bənzərsiz olursan,

əvəzsiz olursan

bağçamızda ətir saçan

güllər kimi.

Ancaq heyif ki,

qədrini

bilən yoxdu hər dəm .

Qədrini bilən olsa,

fəth edərsən cahanı

ey təmiz ürəkli,

bənzərsiz

bilinməz insan...

Yeddi göy qatındakı

bakirə mələklər kimi.

 

***

 

Deyirlər zəmanə

dəyişib yenə.

Bu söz əzbər olub

hey dilimizdə.

Bəlkə, heç zəmanə

deyil, a qardaş,

özümüz dəyişkən

olmuşuq belə.

Gəlin axtarmayaq,

hər bir günahı

ağlımız ucundan

biz zəmanədə.

Zəmanə

dəyişə bilər həmişə,

Allahın əmriylə

Xoş gün eşqinə.

Dəyişən elə biz

özümüzük yenə,

Gəzməyək hər günahı

biz zəmanədə.

Günahlar hər anda

izləyir bizi,

izləyir qaranlıq

kölgələr kimi.

Nəfsimiz ucundan

düşürük dərdə,

Günahı gəzməyək,

biz zəmanədə.

 

Elsevər Məsim

 

Ədəbiyyat qəzeti.- 2019.- 16 mart.- S.27.