Qırmızı diplom

 

hekayə

 

Sən çətin tapasan axtardığını,

Sən axtardığını itirməyiblər.

 

Kamal Abdulla

 

...Yöndəmsiz, darısqal kabinet həyasızlığın bütün kriteriyalarını özündə birləşdirirdi - bunu bircə baxışınla, bir neçə saniyə ətrafa göz yetirməklə yəqin etmək olardı...

Pəncərənin önündə öz mənasız görünüşü ilə bir kaktus - tikanlarının göstərdiyi bütün ağrıları ilə şux dayanmışdı. Sənədləri şüşəli şkafda necə gəldi, hara gəldi qoymuşdular. Otuz-otuz beş yaşlarında arıq, gözləri qonur, saçları qaradan sarıya boyanmış bir xanım, görünüşünə uyğun olmayan əda ilə dilləndi:

- Xəqani müəllim zanetdi, bir azdan gələrsiniz... Ağzındakı saqqızı etinasız şəkildə gövşəyirdi.

Bir söz demədən əvvəlcə ürəyimi, sonra bütün ruhumu kabinetin caynaqlarından qurtarıb dəhlizə çıxdım. Dəhlizdə ağız deyəni qulaq eşitmirdi desəm, yalan olmaz. Tələbələr cır səslərini elə bil vacib bir yarışa hazırlaşırlarmış kimi işə salmışdılar.

Mən ikinci mərtəbədə zibil qutusunun yanında durub siqaret yandırmaq istədim. Bu vaxt qolunda sarğı olan (yəqin, növbətçi idi) bir ağsaqqal mənə yaxınlaşıb dedi:

- Burda siqaret çəkmək olmaz! Zəhmət olmasa çölə çıxın!

Sakitcə siqareti cibimə qoyub, üzrxahlıq əlaməti olaraq gülümsədim. Bayaq bura gələndə binanın qarşısında dayanan, son üç rəqəmi 777 ilə bitən, AUDİ markalı avtomobilin Xəqani müəllimin olduğunu bildiyim üçün (bunu əmim söhbət əsnasında sözarası demişdi) içimdə belə bir fikir formalaşdı ki, əziyyət çəkən, halal qazanc əldə edən bir insan gec-tez yaxşı mənada seçilməlidi... Mən buna adım kimi əmin idim...

Bu fikirlərlə ümidlənirdim ki, canımı götürüb sevincək halda çıxdığım kabinetdən, ağ dikdaban geyinmiş, bəstəboy, qıvrım saçlı bir xanım əynindəki dar paltarı düzəldə-düzəldə mənə tərəf iri addımlarla yaxınlaşıb dedi:

- Xəqani müəllim sizi gözləyir... - Bic baxışlarından boylanan hiyləgər təbəssümünü gizlədə bilmirdi.

Ehtiyatla kabinetə daxil oldum. Katibənin işarəsi ilə qapını döydüm.

- Gəl! - Kobud bir səs eşidildi.

İçəri keçib yüngülvarı təzim etdim. Bəmbəyaz köynəyin yaxası az qala qarnına kimi açıq idi. Adamın üzünü, boynunu, sinəsini - başından başqa hər yerini tük basmışdı, vahiməli bir görkəmi var idi...

- Buyurun, eşidirəm sizi... Əsnədi... Elə əsnədi ki, çənəsi şaqqıldadı.

Tez mətləbə keçməli idim. Yoxsa fikrimi izah etməkdə çətinlik çəkib yenə əliboş qayıdacaqdım.

- Mən tarix müəllimiyəm, bir ildi işsizəm, eşitdim sizin universitetə müəllim lazımdı. Düşündüm ki, müraciət edə bilərəm... - Boğazım qurumağa başladı...

- Bəli, bizə müəllim lazımdı, amma xanım müəllimləri nəzərdə tutmuşuq, təəssüf ki, kişi müəllimlərə ehtiyacımız yoxdu... - Qaşlarını düyünləyib tərs-tərs üzümə baxdı. Deyəsən, məni tanıdı, amma özünü o yerə qoymadı. Bu sözləri deyərkən üzümdə mümkün olan qədər az bir təəssüf ifadəsini göstərməyə çalışdım. Çünki artıq yavaş-yavaş hirslənməyə başlayırdım. Açıq görünürdü ki, bu adam vahiməli olduğu qədər də qorxağın biridir.

Fikirləşdim ki, əcəb yerdə axşamlamadım?! Əllərimi ovxalayıb, tanışlıq verməyin bir əhəmiyyətini görməyib susdum, deməyə başqa bir söz tapmadım, kirmişcə başımı aşağı salıb otağı tərk etdim. Katibə yumaq kimi büküldüyümü görüb, məni başdan ayağa süzərək istehza dolu baxışları ilə nəsə demək istəyirdi. Ürəyindən keçənləri oxumaq çətin deyildi. Mənə baxıb, özlüyündə bu yetim kimdi belə, əynindəki paltara bax, kasıb... düşüncəsi ilə var-gəl edirdi... Öz növbəmdə macal tapıb mən də onu nəzərdən keçirdim. Həyat əlamətlərinə xas hər hansı bir işartını görə bilmədim. Buz kimi soyuq idi. Bircə ağzındakı saqqıza əzab verməkdən məmnun olduğunu anlamaq olardı... Ürəyim dar ayaqqabının içində sıxılan kimi ağrımağa başladı. Geri baxmadan kabineti tərk etdim.

Təbriz küçəsindəki "Ümid" kafesində həzin musiqinin sədaları altında xəyallara dalırdım. Bu vaxt kafedən Eldar Mansurovun "Melodiya"sı səsləndi... Bu musiqi, nədənsə, mənə tələbə vaxtı oxuduğum Cek Londonun "Ağ Diş" əsərindən bir parçanı xatırladırdı:

"Günlər ötürdü. Təəşşüqdən doğulan sevgi gündən-günə güclənir, möhkəmlənirdi. Ağ Diş bu sevgini şüursuz surətdə olsa da hiss etməyə başladı. Məhəbbət özünü, öz boşluğunu doldurmaqda ona kömək edirdi. Məhəbbət onun mənəvi tələbatına çevrilmişdi. O, özüylə həyəcan, ağrı gətirmişdi; bu həyəcan və ağrılar yeni Allahın sığalından sonra azalırdı.

Bu anlarda o sevgi sevinc gətirir, tükənməz bir sevinclə Ağ Dişin bütün vücudunu lərzəyə salırdı. Allah durub gedən kimi ağrılar, həyəcanlar başlayır və Ağ Dişin içində yenə boşluq yaranırdı. Bu boşluq, sanki aclıq ehtirasından doğurdu və bu ehtirası söndürmək tələb olunurdu".

Cek London mənim ən sevimli yazıçım idi. Onun əsərləri mənə tarix baxımından çox şeyləri öyrətmişdi...

On il öncə tarix fakültəsinə qəbul olmağımdan, atamın sevincdən necə ağlamasından, anamın bu xəbəri bütün qonşulara necə şövqlə danışmasından, bütün kəndin, az qala bütün rayonun mənimlə fəxr etməsindən, universiteti qırmızı diplomla başa vurmağımdan, ilk əməkhaqqımdan tutmuş bu günə qədər yaşadığım bütün gözəl günləri gözümün önünə gətirdim... Məni evdə gözləyən qızımın, həyatla çox erkən vidalaşan sevimli yoldaşımın xatirəsinə görə ayaqda durmağımın vacibliyini dərk edirdim. Təslim olmamalı idim. Qızımın gələcəyi üçün, onun xoşbəxtliyi üçün var gücümlə çalışmalı idim.

Gələn il birinci sinfə getməlidi. Söz verdiyim təkərli çantasını mütləq almalıydım. Bir də qonşum Fuadın qızında gördüyü qırmızı velosipeddən istəmişdi. Bütün bunları qızıma ala bilməməyim mənə nə qədər əzab versə də, yenə də dik durmağa, ruhdan düşməməyə çalışırdım...

Bu mənim keçən aydan bu yana onuncu uğursuz iş görüşməm idi. Hər dəfə məni bir bəhanə ilə yola salırdılar. Xəqani müəllim öz kəndçim idi. Ortancıl əmimlə bir sinifdə oxumuşdular. Atası o vaxt özü ağırlıqda pul verib Xəqanini hüquq fakültəsinə düzəltmişdi. Sonra universiteti bitirəndə də yenə öz ağırlığında pul verib prokurorluqda işə qoymuşdu. İndi isə özəl universitet açıb, ətrafına da ancaq su sonası gözəlliyində qızları, bir də yaxşı pul yığmağı bacaran işçiləri götürmüşdü. Bütün bunları mənə qonşumuz Fuad söyləsə də, yenə də ora bir ümidlə, bir inamla yollanmışdım... Bu işlə bağlı Xəqani müəllimə müraciət etməyimi də elə əmim özü israrla istəmişdi, hətta az qala mənə yalvarmışdı. Heç gözüm su içmirdi Xəqanidən. Haqqında dolaşan xəbərlər məni diksindirmişdi...

Səki ilə ayaqlarımı sürüyə-sürüyə, əlimdə diplomum və bəzi başqa zəruri sənədlərim avtobus dayanacağına tərəf gedirdim. Səhərdən yağan yağış yolda gölməçələr yaratmışdı. Elə bu vaxt uzaqdan boğuq səslə şimşək kimi gurlaya-gurlaya yanımdam sürətlə şütüyən AUDİ markalı avtomobil gölməçədəki suyu üstümə sıçratdı. Palçığa qarışan su qırmızı diplomumla sənədlərimi yararsız hala saldı. Artıq qırmızı diplomum palçığa bulaşdığı üçün bozumtul rəng almışdı...

Avtomobil bir göz qırpımında gözdən itdi. Ancaq arxa nömrənin son üç rəqəmini görə bildim: 777... Bu, bayaq binanın qarşısında gördüyüm avtomobil idi. Xəqani müəllimin "əziyyətlə", "halal qazancla" əldə etdiyi və mənim ümidlərimin yer aldığı qırmızı diplomumu çirkaba batırdığı avtomobili...

Bu vaxt göy guruldadı. Yağış yağmağa başladı. Adamlar qaçaraq dayanacağa sığınıb, yağışdan gizlənməyə yer axtarırdı. Bayaqdan gözlədiyim avtobus hələ gözə dəymirdi... Mən 777 saylı avtobusu gözləyirdim...

 

Tural Cəfərli

 

Ədəbiyyat qəzeti.- 2019.- 16 mart.- S.31.