Eskulapın və Yevterpanın izi ilə
"Hər birimiz bir şam
işığı qədər
işıq verə bilsək,
planetimizin günəşə
ehtiyacı qalmaz"
Mustafa Topçubaşov
Tarix boyu təbiət elmlərilə
məşğul olan böyük şəxsiyyətlərin
əksəriyyəti incəsənətə,
ədəbiyyata aşina
olmuşlar. Onların bu qarşısıalınmaz
sevgisi, yeni-yeni sənət əsərlərinin
yaranmasına, xalqın
mədəni irsinin zənginləşməsinə səbəb olmuşdur.
Bu sıradan, həkim-yazarların ədəbiyyata
verdikləri əvəzsiz
töhfələr sayılmaqla
qurtarmaz.
Hələ bizdən çox-çox
əvvəl, bu iki sahə - ədəbiyyatla həkimlik
arasında "qan bağı"nın olduğu görülmüşdür.
Tibb Universitetində müəllimim
olmuş professor Qəhrəmanov
həmişə deyərdi
ki, həkimin əlləri - zərgər
əlləri, ürəyi
- şair ürəyi
olmalıdır.
Adları dünya ədəbiyyatı
tarixinə qızıl
hərflərlə yazılmış
bir çox məşhur yazarlar tibb elminin sirlərindən
vaqif insanlar olmuşlar. Onlar təbabət aləmində
topladıqları kamil
bilikləri, təcrübələri,
yaşadıqları hiss və
duyğuları vərəq
üzərində yazılı
şedevrlərə çevirmişlər.
Ədəbiyyat adamları arasında həkim-yazarlar çoxluq
təşkil edirlər. Onlardan sonra
ikinci yerdə hüquqşünas-yazarlar durur
ki, bu da
təbabət və hüquq sferalarının
təfəkkürün inkişafı
üçün eyni dərəcədə əlverişli
mühit yaratmalarının
sübutudur.
Ədəbiyyat böyük qüvvədir!
Başqa
bir peşədən
tam ayrılaraq söz
dünyasına atılanlar
çox olub, lakin geriyə keçid heç vaxt olmayıb. Çünki ədəbiyyat planetinin
cazibə sahəsi o qədər güclüdür
ki, ondan kənara çıxmaq qeyri-mümkündür. Bu baxımdan, həkimlər
- həm təbabət
Allahı Eskulapın,
həm də poeziya ilahəsi Yevterpanın əllərindən
istedad dolu badələri nuş etmişlər - seçilmişlərdir!
Təbabət həmişə xasiyyətlərin,
xüsusiyyətlərin, insani
münasibətlərin və
fərdlərin dərk
edilməsində əhəmiyyətli
rol oynamış, təxəyyülün dərin
və geniş imkanlarına yol açmışdır. Şair - ruha
şəfa verən bir həkimdir, incə həkim işi isə özü də bir poeziyadır. Böyük Hippokrat təbabətə
olan sevgini - bəşəriyyətə olan
sevgiyə bənzədirdi.
Ədəbiyyatın ən
böyük fəziləti
də elə bəşər sevgisidir!
Həkim-yazarlar arasında şairlər, nasirlər, dramaturqlar, fantastlar, satiriklər, tarixi, detektiv və macəra romanlarının (məs. Ejen Syu,
Artur Konan Doyl) və eləcə də tibbi trillerlərin
(Robin Kuk, Maykl Krafton) müəllifləri
vardır.
Qəsidə, rübai, qəzəl və tibbi, filosofik traktatlar (məs. "Təbabət haqqında
poema") ustası İbn Sina (980-1037), "İlahi komediya"nın
müəllifi Dante Aliqyeri
(1265-1321), "Qarqantua və
Pantaqrueli"ni dünyaya
tanıdan və tanınan Fransua Rable (1493-1553), məşhur
"Quldurlar" dramının
müəllifi Fridrix Şiller (1759-1805), romantik
şair Con Kits (1795-1821), fransız
yazıçısı Lui
Bussenar (1847-1910), britaniyalı
Somerset Moem (1874-1965), rus
ədəbiyyatının klassikləri:
Nikolay Leskov (1831-1895),
Anton Çexov (1860-1904), Vikentiy
Veresayev (1867-1945), Mixail
Bulqakov (1891-1940), Vasiliy
Aksyonov, Qriqoriy Qorin və başqaları
sonsuz nöqtələrdə
kəsişən təbabət
və ədəbiyyat
dünyalarının görkəmli
simalarıdır.
Azərbaycan təbabətinin tarixi - eramızdan əvvəl IV
əsrə təsadüf
edir. Ağdam rayonunun yaxınlığında,
Eneolit dövrünün
yaşayış məntəqələrindən
biri sayılan Çalağantəpə deyilən
yerdə, arxeoloqlar ustalıqla trepanasiya olunmuş kəllə aşkar etmişlər.
Təbii
ki, bunu yalnız, ibtidai olsa belə, öz vaxtının təbibi və ya belə desək,
cərrahı edə bilərdi.
Həqiqətən də, Qarabağ, Naxçıvan, Lənkəran,
Gədəbəy zonalarının
iqlimi, orada bitən nadir dərman bitkiləri - Azərbaycan ərazisində həkimliyin
inkişafına təkan
verirdi. Zamanla, zərif, mistik və çox gərəkli loğmanlıq
sənəti daha da püxtələşir,
xalq ədəbiyyatının
xüsusi tematik janrlarından birinə çevrilirdi...
Ən müxtəlif elmlərin sirrindən agah olan, bir çox
dillərdə səlis
danışan və çeşidli əsərlər
yazan Mirza Kafiaddin Omar ibn Osmandan, Əkmələddin
Naxçivanidən, böyük
mütəfəkkir Əli
bəy Hüseynzadəyə,
Lermontovu, Puşkini, Krılovu, Qorkini, Viktor Hüqonu, Müsseni və b... yüksək keyfiyyətlə tərcümə
edən Abbas Səhhətə qədər
- hər bir həkim-yazar ədəbiyyat
tarixinə öz təkrarolunmaz möhürünü
vurmuşdur. Buraya dövrümüzün bənzərsiz
nümayəndələri: Fəxrəddin Ziya, Sərdar Kərimli, Əfrahim Hüseynli, Ramiz Əkbər, Musa Urud, Şahin Musaoğlu, Qənirə xanım Paşayeva və b. da daxildir.
Onlar unudulmamağa, tanınmağa və oxunmağa layiqdirlər!
...Biz çox zaman, həyatın gedişinə
tam olaraq hökm edə bildiyimizə inanırıq. Lakin unutmaq olmaz ki, hansı əsrdə yaşamağımızdan
asılı olmayaraq, insanları uzaqdan-uzağa
izləyən, yox yerdən dahilər yaradan, saysız-hesabsız
təbiət qanunlarını
kəşf etməkdə
onlara yardım edən, bizi qoruyan, yönləndirən,
mükəmməlləşdirən yüksək qüvvələr
mövcuddur. Mistik olsa
belə, mən bu qüvvələrin varlığına inanıram.
İnanmağım üçün
səbəblər də
az olmayıb...
2015-ci ilin dekabr ayının son günləri
idi. Yuxuda mənə mavi
rəngli, yenicə çapdan çıxmış
çox gözəl və nəfis bir kitab verdilər.
Qeybdən gələn bir
səs bunun həkim-yazarların kitabı
olduğunu söylədi.
Qəribə də olsa, yuxudan ayıldığımda
belə bir kitabın mütləq mövcud olacağına
tam əmin idim. Səhər açılar-açılmaz, ilk növbədə, həmişə
inandığım və
dərin hörmət
bəslədiyim qələm
dostum, həkim-şair
həmkarımız Əfrahim
Hüseynliyə zəng
etdim və bu yuxumu ona
danışdım. Əfrahim
müəllim, təəccübsüz
və tərəddüdsüz,
belə bir kitabı hazırlamaq üçün əlindən
gələni edəcəyinə
söz verdi.
Və
2016-cı ilin baharında,
Əfrahim Hüseynlinin
redaktorluğu ilə
ilk böyük layihəm
- səma rəngli möcüzəli kitab işıq üzü gördü.
Bu günlərdə isə
56 həkim-yazarın yaradıcılığını
əhatə edən
"Həkimlərin Söz
dünyası" kitabımızın
ikinci cildi işıq üzü görüb. Bu zamanadək
Azərbaycan ədəbiyyatına
həkimlərin ədəbi
yaradıcılığı ilə bağlı belə qiymətli töhfə verilməyib.
İnanıram ki, Əfrahim
bəyin böyük zəhməti sayəsində
və səmavi qüvvələrin iradəsilə
ərsəyə gələn
bu unikal kitablar hələ bundan sonra neçə-neçə
elmi məqalənin və tədqiqat işinin mənbəyi olacaq.
...Qədim yunan əsatirlərindən birində
deyilir ki, öz bilik və
bacarığı ilə
möcüzələrə qadir olan həkim
Asklepiy (Eskulap) Persey tərəfindən öldürülmüş Meduza
Qorqonanın qanı ilə insanlara gənclik və sağlamlıq bəxş
edirmiş. Onun həyat yoldaşı
Epiona isə ağrıları sakit və şan-şöhrəti
o qədər artır
ki, bir gün
çar Minos, oğlu Qlavkı diriltmək üçün
onu Krit adasına dəvət edir. Bunu necə edəcəyinə
dair fikirlərə qərq olmuş Asklepiy yolda əl əsasına dolanmış bir ilan görür və onu öldürür.
Amma ağzında şəfalı ot
gətirən başqa
bir ilan peyda olur və
ölmüş ilanı
dirildir. Məşhur həkim bu otun vasitəsilə Qlavkı dirildə bilir. Bundan sonra o, bir çoxlarını:
İppoliti, Kapaneyanı,
Fiv uğrunda döyüşlərdə həlak
olanları və b. diriltməyə müvəffəq
olur. Və hesab edilir ki, o zamandan bəri buna görə İlan təbabət aləminin emblemi kimi qəbul
olunur.
Asklepiyin ölümə qalib gələ bilməsindən
qəzəblənən Zevs
onu məhv edir, lakin tale ilahəsi Moyra onun bütün xeyirxah əməllərini
nəzərə alaraq
həyata qayıtmasına
qərar verir. Beləcə, məşhur həkim insanlara olan sevgi və qayğısına
görə sonda ölümsüzlüyə qovuşur
və hətta ilahi bir qüvvəyə
çevrilir.
...Məncə, hər əfsanənin bir həqiqət başlanğıcı
da vardır. - Sağlamlıq bəxş
edən müdrik həkimlər onsuz da ürəkləri fəth edərək ölümsüzləşirlər. Lakin, yəqin ki, bu ölümsüzlüyün
bir səbəbi də onların yaddaşlardan silinməyəcək
gözəl əsərləri
olacaqdır!
Moskva
Afaq ŞIXLI
Ədəbiyyat qazeti .- 2019.- 16 mart.- S.30.