Cavanşir Yusifli: Əli Kərim
poeziyasının
bu günün
çağdaş prosesinə təsiri var
- Türk poeziyasında şairlər
müəyyən adlar altında, müxtəlif estetik
dalğalarda təqdim olunur: Tənzimat dövrü ədəbiyyatı,
Birinci yeni, İkinci yeni. Bizim ədəbiyyatda sosrealizm
epoxası yaşandığından bu cür ayrıntılar
olmadı. Amma bəllidir ki, bu epoxa daxilində belə fərqli
poetik yaşamlar təzahür etdi. İstərdim,
əvvəlcə bu kontekstdə yanaşaq məsələyə.
- Hər
bir milli ədəbiyyatda adını çəkdiyiniz
dövrlər, eyni zamanda həm ayrılma, həm də
keçidi bildirir, yəni ədəbiyyat, bədii
düşüncədə kök salmış prinsiplər,
sadəcə, ötürülmür, həm də yeni
düşüncə qatının dünyaya gəlməsini,
daha doğrusu, dünyaya meydan oxumasının
başlanğıcını da bildirir. O ki qaldı sosrealizm
epoxasına, bu dövr vahidi, onun daxilində gedən proseslər
poetik düşüncənin məcrasını pozsa da, onu
sındıra, aradan çıxara və necə deyim, öz rənginə
sala bilmədi. Əks təqdirdə, bu gün
biz Əli Kərimdən danışa bilməzdik. Yəni ədəbiyyat, bədii düşüncə
istədin-istəmədin ilk növbədə qarşı
durmaq anlamını bildirir. O başqa məsələ
ki, bizdə filoloji təcrübədə bu ana prinsipdən
yan keçilir, daha çox həmin prinsipə uyğun gəlməyən
əsərlər şedevr adlandırılır. Qəribə səslənsə
də deyim, sosrealizm təkcə bir eşalon makulatura yaratmadı,
eyni zamanda bədii düşüncənin müqavimətini
artırdı, çünki onun xassəsi elədir ki,
sındırıldıqca güclənir, baxın bizim klassik
dövr ədəbiyyatımıza. Həmin
müqavimət necə böyük bir bədii sistem
yaradıb. Böyük ədəbiyyatın
yaranma mexanizmlərindən biri də budur, səni son hərfinə,
sözünə qədər vurub aradan çıxarmaq istərlər,
sənsə ruhunun ən dərin qatına çəkilib nəhəng
bir sistemlə ortaya çıxa bilərsən. Bizim
sosrealizm epoxasında da bu hal müəyyən dərəcədə
baş verdi, özü də fərqli
aspektlərdə. Bu epoxanın şairlərini,
yazıçı və dramaturqlarını tənqid eləmək
üçün onların Lenin və digər atributlara həsr
edilən mətnləri hədəfə alınır. Və bu mətnlər də yüksək pafos və
çox yüksək poetik gərginlikdə yazılıb.
Amma ümumi şəkildə
götürdükdə o mətnlər bütöv bir tarixdir,
daha sonralar, yəni 60-cı illərdə meydana gələn
nümunələrin izahı da onlarsız mümkün
deyildir. Yəni deyək ki, "Lenin" poemasını
yazan adam həmin illərdə bir sıra
konseptual, son dərəcə mükəmməl və gələcəyin
bədii istiqamətlərini bəlləyən əsərlər
yazdı. Təzyiq, sındırmaq inadı və
gərginlik içində məhz milli poetik düşüncənin
bütün rəng spektrini göstərən mətnlər.
Səməd Vurğunun "Azərbaycan"
şeiri. Əks təqdirdə, daha sonralar
Anarın, Elçinin və Səmədoğullarının nəsr
əsərlərinin poetik gücünü əsaslandırmaq
olmaz.
- Konkret kimlərin timsalında
baş tutan poetik islahatlardan danışmaq
mümkündür?
- Dediyim
kimi, çox ağır bir dövrdə ədəbiyyata gələn
cavan ədiblər (Müşfiq, Rəsul Rza, Səməd
Vurğun, Süleyman Rüstəm, Məmməd Rahim,
Əbülhəsən, Süleyman Rəhimov, İsmayıl
Şıxlı və b.) məhz həmin dövrün dəhşətli
ağırlıq və gərginliyini sinirdikdən sonra
böyük əsərlərini yaratdılar.
Rəsul Rza proqram səciyyəli, yuxarıda dediyimiz
kimi, gələcəyin axtarışlarını bəlləyən
mətnlər yaratdı. Onun bədii düşüncəsi
genişliyi, rəngarəngliyi və şübhəsiz ki,
tutumu etibarı ilə ədəbiyyatımızda təsəvvürəgəlməz
dərəcədə dərin idi. Yəni
Rəsul Rza heç də göründüyü kimi deyil,
onun poetik islahatlarının masştabını təsəvvür
edə bilmək üçün mətnlərini tam şəkildə,
ardıcıllıqla oxumaq lazımdır. Müşfiq
talantı, poetik düşüncəsinin
çoxplanlılığı etibarı ilə böyük
şairdir. Onun mətnlərinə
"qaynaq edilmiş" gedişləri müasir poetik təfəkkürə
güclü təsir etdi. Bu günün
axtarışlarında Müşfiq aydın şəkildə
iştirak edir.
- Əli Kərim
poeziyası hansı miqyası ilə görünür bu
epoxada?
- Əli
Kərimdə adını çəkdiyimiz böyük
şairlərimizin hər birindən nəsə var, Rəsul
Rzadan dərinlərə işləyən, nüfuz edən təfəkkürü,
sözün içindəki enerjini idarə edə bilmək
bacarığı, Müşfiqdəki özünü bildirməyən,
yatmış, "lava" halında olan poetik ehtiras və
sair. Səməd Vurğundakı
özünü şeirə çevrimək inadı. Əli Kərimin belə deyək,
yaratdığı cazibə sahəsi anadilli
poeziyamızın ən dəyərli cəhətlərini
özünə çəkib tam yeni bir dünya inşa etdi.
Baxın onun Rəsul Rza, Müşfiq və Səməd
Vurğuna həsr etdiyi şeirlərə. Bu qatda Əli
Kərimdə Şəhriyar üslubu rişələnir, niyə,
soruşulsa, belə deyərdik: Şəhriyar kimi, Əli Kərim
də özündən əvvəlki poetik ənənəni
gözəl bilirdi, bunu öz damarlarında hiss edirdi, bu səbəbdən
son dərəcə həssas bir şair idi, onu bu dünyadan xəstəlikdən
çox həmin həssaslıq apardı. Şəhriyarın
klassiklərə həsr elədiyi bir şeiri var, Məsiağa
müəllim sətri tərcümə edib, Nizami, Xaqani, Fərabi,
Şəms və başqa şair və filosofların yerini və
xarakteristikasını elə dəqiqliklə müəyyənləşdirir ki,
heç bir filoloq və nəzəriyyəçi bunu bu şəkildə
bacarmazdı. Əli Kərim Rəsul Rzanın
poetik islahatlarının mənasını çox dəqiq və
lakonik şəkildə ötürür. Əli həm də Rəsul
Rzanın forma uğrunda mücadilələrinin nəticəsi
kimi görünür - mükəmməl sərbəst
şeir ustası. Ovcunun içinə alıb
üzünü // Vurğun söz deyirdi, könül
yaxırdı// Şairlər unudub şairliyini// bir oxucu kimi
ona baxırdı. Bu, Səməd Vurğundur,
Əli Kərimin təqdimatında.
O
miqyası bəlləyən başqa bir əlamət: elə
S.Vurğundan fərqli olaraq ədəbi prosesə məsafədən
təsir göstərmək, əsiri olan ardıcıl yox, ənənə
yaratmaq, sistem qurmaq.
- Zənnimcə, bizdə belə bir
şeirin yolu Rəsul Rzanın "Rənglər"indən
başlayır. Hər halda modernə keçidi
yetişdirir özündə.
- Bəli,
Rəsul Rzanın "Rənglər"i bir sıra digər
mətnləriylə bərabər bizim poeziyaya açılan
yeni pəncərə idi. Tənqid edildikcə
onun təsir dairəsi artdı, gücləndi, siz deyən
kimi, sosrealizm epoxasında dünyanın poetik mənzərəsinə
inteqrasiyanı təmin etdi.
Bəzən mübahisələr gedir, bizdə modernizm
olub, ya yox? Məncə, məsələnin bu şəkildə
qoyuluşu düzgün deyil, bu kimi sual vermə tərzi,
şübhəsiz ki, mətnləri dəfə-dəfə
oxumamaqdan irəli gəlir. S.Vurğunun nə qədər
misrası var, zərb-məsələ çevrilib, yəni
"nitq janrının", bizim gerçəkliklə
ünsiyyətimizdə aparıcı fiqur kimi iştirak edir. Rəsul
Rzanın elə misra və deyimləri var ki, düşüncəmizə
qida verir, müəyyən situasiyalarda
aydınlaşdırıcı rol oynayır, məsələn,
... nadan yüz yol oxusun, yenə bir şey anlamaz... Yəni bu imzalar, xüsusən R.Rza modern düşüncə
qatını damla-damla icad edən fiqurlardır. Bunlardan sonra uzandıqca uzanan magistral yol
görünür.
- Poeziya kultuna çevrilən
şeirlər var. Əli Kərimdə də bu cür
şeirlər çoxdur. Hətta bir neçə: "Şəhidliyin
zirvəsi", "Qayıt".
Yaxud modernist düşüncənin əlamətləri
olan "Xətlər variasiyaları" silsiləsindən
olan şeirləri, "Fraqmentlər", "Kürə
yağış yağırdı" kimi nümunələri
və s. Amma mən nə üçünsə "Atamın
xatirəsinə" şeirini daha müstəsna bilirəm. Bu şeiri özəl edən, digərlərindən
ayıran nədir? Dünya poeziyasında
buna oxşar şeirlər çoxdurmu?
- Bu kimi
xüsusiyyətləri dəqiq öyrənmək
üçün həmin dövrdə ədəbi prosesə
nələrin güclü təsir etdiyini araşdırmaq
lazımdır. Bəzən bu kimi təhlillər
"əl havasına" aparılır. Məsələn,
Gümüş dövr poeziyası və Əli Kərimin mətnləri
- bu barədə nəsə deyilibmi?
Sualınıza cavab olaraq deyim ki, Əli Kərimin poetik
təfəkkürünün özümlülüyü
ondaydı ki, o, istənilən mövzunu mətləb reyestrinə
gətirə bilirdi. Bunu mərhum Yaşar Qarayev yaxşı
tutmuşdu. "Qayıt" şeirinə
baxın - Məmməd Arazın fikrincə, burda poetik
düşüncənin zirvəsi görünür. Rəsul
Rza da onun ölümündən sonra çıxan kitabına
ön sözdə belə yazırdı: bunları, bu unikal
deyimləri də Əli Kərim yazıb, başqa bir şair
bunları deyə bilməzdi. "Xətlər
variasiyası" və bir sıra balladaları, eyni zamanda həm
eksperiment, həm də mükəmməl bədii mətn
nümunələridir. "Şəhdiliyin
zirvəsi" tutumu, mənası etibarı ilə neçə
poema "həcmindədir". "Kürə
yağış yağırdı" şeirində başqa
bir Əli Kərim var - rəssam, şair, musiqiçi...
Düzdür, "Atamın xatirəsinə"
şeiri çox sevilir, içindəki dəfedilməz nisgilə
görə, bu, eyni zamanda yaddaşı yaralayan və ona məlhəm
olan bir nümunədir. Ancaq Əli Kərim təkcə bu şeirlər deyil,
başqa Əli Kərimlər də var:
"Üçüncü simfoniya",
"Üçüncü atlı", "Palatada
saxlanmış şeirlər" və sair. Bir də bu:
...Gün
doğdu...
Hər yerdə parladı bahar.
Zanbaqlar
başını suyun altından
Şirin
bir yuxudan çəkdiyi zaman,
Amma
güllər, otlar, başqa çiçəklər
Qaldırdı
başını
zərbə altından.
Dünya ədəbiyyatında bu kimi imzalar çoxdur. Elə sizin
"Ədəbiyyat qəzeti"ndə Əli Kərim və
Sipehri haqqında yazım çıxmışdı. Hər iki şair 60-cı illərdə dünya
poeziyasında gedən orijinal prosesləri, fəlsəfi təmayülləri
dəqiq fəhm edib mükəmməl mətnlər
yaratdılar.
- Sizin "Azərbaycan poeziyasında
Əli Kərim mərhələsi", "Əli Kərim
üslubu, yaxud fərdi
yaradıcılıqdan ədəbiyyat tarixinə
baxış" kitablarınızda qabarıq olan bir cəhət
var: Əli Kərim şeirlərinin Azərbaycan
poeziyasının müxtəlif mətnləri ilə
virtual-daxili səsləşmələrini meydana
çıxarmaq. Bəs bu şeirlərin bu gün
çağdaş poeziya ilə kəsişmə xətləri
varmı, yəni dialoq baş tuturmu?
- Əslində, milli ədəbiyyatın bütün mətnləri
bir-birilə daxili səsləşmədə (inkar və təsdiq)
dünyaya gəlir. İstənilən klassikin, deyək ki, Nəbatinin
kitabını götürün, yazıldığı məqamda
bir yerə cəm olub kiçik bir divanı bildirir, zaman
keçdikcə oxucular bu şeirləri oxuduqda öz hisslərini
mətnlərə qatır, onlarla dialoqda olurlar. Və beləliklə, həmin kitab bütün
dünyanı tutur.
Bütün böyük şairlər kimi, Əli Kərim
poeziyasının da bu günün çağdaş prosesinə
təsiri var, dialoq formasında. Bu, kimsədən və
hansısa faktordan asılı olmayan bir haldır.
Çünki zamanı aşdıqdan sonra mətnlərin
müasir düşüncədə yaşamaq
"seansı" başlayır, nə qədər orijinal
olsa, yaxud görünsə də, hər yeni şeir, ənənənin
davamıdır (elə lap inkar formasında), istənilən
şair bu şəraitdə yaşayır, nəfəs
alır və milli ruhu ifadə edir. Diqqət edin: Əli Kərim
dünyadan köçdükdən sonra onun üslubunda
şeir yazanlardan çox, ona şeir həsr edən şairlər
çox oldu. Bu ithafları başqa sözlə,
həm də Əli Kərimin öyrənilməsi kimi nəzərdən
keçirmək olar. İsa
İsmayılzadənin, Məmməd Arazın, Çingiz
Əlioğlunun və çox sayda digər şairlərin hər
birinin belə ithaf şeirlərində şairin özəl cəhətləri
aşkarlanır. Bu şeirləri bir kitaba
yığsaq, sizə qəribə gəlməsin, başqa,
çox fərqli bir Əli Kərimi görmüş
olarsız. Yəni poeziya həmişə möcüzələr
yaradır, bədii mətn əsər adlı məmləkəti
tərk etdikdən sonra milli poetik ənənənin ən dərin
qatlarındakı cizgiləri də özünə çəkir,
paylayır, ötürür, indi biz həm də Rəsul Rza,
Saib Təbrizi, Tufarqanlı, Səməd Vurğun, Nəbati,
Füzuli, Sarı Aşıq, Nəsimi, Xaqani, Müşfiq
kimi ədiblərin güclü cazibə və maqnit sahəsi
altında yazırıq. Ana dilimizdə.
Söhbətləşdi: A.Turan
Cavanşir Yusifli
Ədəbiyyat qəzeti.- 2019.- 16 mart.- S.29.