“Qadın-Ana-Sənət dünyası”

 

Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda yazar qadınlarımızın yaradıcılığından ibarət iki antologiynın - “Qadın-Ana-Sənət dünyası” kitablarının təqdimatı keçirilib.

Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Nazim İbrahimov tədbiri açaraq, qarşıdan gələn 8 mart Beynəlxalq Qadınlar günü münasibəti ilə qadınları təbrik etdi, onların cəmiyyətdə böyük rolunu vurğuladı. Azərbaycan Respublikasının vitse prezidenti Mehriban xanım Əliyevanın qadın, ana, ictimai-siyasi xadim kimi fəaliyyətini önəmə çəkdi, hər sahədə olduğu kimi, yazar qadınlarımızın ədəbiyyatımızın, mədəniyyətimizin inkişafına verdikləri töhfələri, Azərbaycan ədəbiyyatının, elminin inkişafında nailiyyətlərini yüksək dəyərləndirdi. Azərbaycan Yazıçılar Birliyinin Qadınlar Şurasının sədri Gülxani Pənahın tərtib etdiyiön söz yazdığı iki kitabdan ibarət Antologiyanın işıq üzü görməsini mühüm yenilik kimi önə çəkdi.  Azərbaycan ədəbiyyatı tarixində minillik ədəbi prosesdə qadın qələminin, qadın bədii təfəkkürünün məhsulu olan əsərlərdən nümunələr daxil edilmiş, hər bir müəllifin tərcümeyi-halı haqqında qısaca da olsa  məlumat verilmiş kitabların ədəbiyyatşünaslıq, ədəbi-tənqid üçün zəngin material olduğunu vurğuladı.

Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı, dramaturq İlqar Fəhmi çıxışında bu kitabların dəyərini xüsusilə vurğuladı, kitabın çapında Azərbaycan Yazıçılar Birliyinin Qadınlar Şurasının sədri Gülxani Pənahın və Azərbaycan Yazıçılar Birliyinin Qadınlar Şurasının sədr müavini Salatın Əhmədlinin böyük əməyini gündəmə gətirdi, onlara Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyi adından təşəkkürünü bildirdi, kitabın böyük rezonans doğuracağına əminliyini qeyd etdi.

Azərbaycan Milli Məclisinin deputatı, Mədəniyyət Komitəsinin sədr müavini, filologiya üzrə elmlər doktoru, professor Jalə Əliyeva Yazıçı ömrünün, şair, sənətkar ömrünün incəliklərinə toxundu, milli-mənəvi dəyərlərimizin bədii ədəbiyyatda inikası, qadın yazarların bədii poetik gücündən bəhs etdi, onlara uğurlar arzuladı.

Azərbaycan Yazıçılar Birliyinin Mətbuat Xidmətinin rəhbəri Xəyal Rza qadınlarımızın hər sahədə olduğu kimi Azərbaycan ədəbiyyatının inkişafında da böyük rol oynadığını qeyd etdi, onlara yaradıcılıq uğurları arzuladı.

Çıxışlarda Kitablarda qadın yazarlarımızın yaradıcılığında Vətən sevgisi, torpağa bağlılıq, yurd həsrəti, milli-mənəvi dəyərlərə hörmət və ehtiram, Ana haqqı-Torpaq haqqı kimi yüksək insani keyfiyyətlərlə zəngin materialların toplandığı qeyd edilmiş, həm şair, yazıçı, dramaturq, həm də ədəbiyyyatşünas, tənqidçi alimlərin bu mövzuda yazılmış əsərlərlə bağlı elmi-nəzəri fikirlərini özündə əks etdirən məqalələrin məziyyətlərindən bəhs edilmişdir. İki yüzdən artıq müəllifin kitaba daxil edilmiş əsərlərinin bədii, elmi-nəzəri məziyyətlərindən bəhs edən filologiya üzrə elmlər doktorları, professorları İradə Hüseynova, Yeganə İsmayılova, ədəbiyyatşünas alimlərdən Salidə Şərifova, Bahar Bərdəli, Sona Çərkəz, Azadə Taleh, Fəridə Ləman, Zərəngiz Dəmirçioğlu,  və başqaları kitabın dəyərini dilə gətirmişlər.

Eyni zamanda kitabda imzası olan bir qrup yazar və ədəbiyyatşünas Azərbaycan Yazıçılar Birliyinin diplomlarına layiq görüldü. Ədəbiyyatşünaslıq və ədəbi-tənqid sahəsində uğurlu fəaliyyətini, millim mənəvi dəyərlərimizin, milli-dövlətçilik ənənlərimizin, böyük tarixi, ədəbi şəxsiyyətlərimizin elmi-ədəbi fəaliyyətini, xalqımızın tarixinin öyrənilməsi, araşdırılması sahəsində fəaliyyətini nəzərə alaraq  Azərbaycan Yazıçılar Birliyinin üzvləri Salatın Əhmədli və gənc alim Elnarə Akimova diplomla təltif olundu.

Kitabın işıq üzü görməsində göstərdiyi xidmətlərinə görə kitabın bədii redaktoru Arzu Mahmudova, Şəmsiyyə Əliyeva, Çinarə Rahib qızı, milli vətənpərvərlik ruhunda yazdığı şeirlərinə və anadan olmasının 55 illiyi münasibəti ilə Azadə Taleh, Zəminə Xınalı, Fərqanə Mehdiyeva diplomla təltif olundu.

Sonda kitabın tərtibçisi, ön sözün müəllifi  Azərbaycan Yazıçılar Birliyinin Qadınlar Şurasının sədri Gülxani Pənah çıxış edərək qadın yazarlarımızı həm antologiyanın işıq üzü görməsi, həm də 8 mart qadınlar günü münasibəti ilə təbrik etdi, Azərbaycan qadınlarının ədəbiyyat tariximizdə şərəfli ömür yolunu qeyd etdi, Məhsəti, Natəvan, Nigar Rəfibəyli, Mədinə Gülgün, Hökumə Billuri, Mirvarid Dilbazi, Əzizə Çəfərzadə, Nurəhgiz Gün və yüzlərlə qələm sahibi olan qadınların zərif, incə bədii təxəyyülünün zənginliyindən danışdl. Eyni zamanda Azərbaycan ədəbiyyatşünaslıq tarixində Aidə İmanquliyevanın, İfrat Əliyevanın, Əzizə Çəfərzadənin, Maarifə Hacıyevanın, Nərgiz Paşayevanın və adını çəkmədiyimiz onlarla alim qadınlarımızın bu kitaba daxil edilmiş əsərlərinin elmi-nəzəri əhəmiyyətini vurğuladı. Gənc ədiblər məktəbinin yetişdirmələri olan yazıçı, şair və alimlərin çağdaş elmi, ədəbi-bədii mühitdə rolunu dəyərləndirdi. Məclis iştirakçılarına, Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə bu işdə onlara dəstək olduğunu söylədi və onlara təşəkkürünü bildirdi.

Azərbaycan Yazıçılar Birliyinin Sədr müavini Nazim İbrahimov sonda məclis iştirakçılarına yaradıcılıq uğurları arzuladı.

 

Ədəbiyyat qəzeti.- 2019.- 16 mart.- S.32.