Yaylıq
Yaylığını gətirmişəm
özümlə,
Üstüm, başım ətirinə
bulaşıb.
Dolayıram boğazıma soyuqda,
Bilsən
məni necə isti saxlayır!..
İşə gedir, gücə
gedir mənimlə,
Toxunuram, baxışları süzülür.
Sevinirəm, sevincimə şərikdi,
Qəmlənirəm, incə qəlbi üzülür...
Yaylığınla danışıram
arabir,
Söhbətimiz yaman tutur, biləsən...
Hərdən elə səninçün
də darıxır.
Qəhərlənir, gözü dolur deyəsən...
Hərdən açıb başım
üstə uçuram...
Kəpənəklər çiçəklərə
yığışır!..
Sığallayıb sinəm üstə sıxıram,
Neçə istək bir-birinə
qarışır...
Evimizin baş ucundan asmışam,
Yaylığınla çəkdirdiyim
şəklimi...
Hər gün məni qarşılayır, ötürür
-
Yaylığınla ovuduram təkliyi...
Sən gəldin...
Sən gəldin dünyamın qarışan vaxtı
Gözləyib getmişdi arzularım da.
Nə bir işıq vardı tutub getməyə
Nə bir kölgə yoxdu daldalanmağa.
Eləcə günəş ta
yandırıb yaxdı
Qəfildən Ay düşüb əlimi sıxdı.
Havalar da birdən soyudu onda
Uşaqlar elə tez böyüdü onda...
Gəlişi gözəldi, nə
olsun dərddi
Nə olsun qadadı, qada alan
yox.
Sağımda dəli bir inam var idi
Solumda sən vardın, görən bilən yox...
Açarı itmiş bir qapı kimiydim
Suları
bulanmış çay
idim Allah
Cismi didik-didik şəhid misalı
Ruhu ucalara tay
idim Allah
Sonra ta sən gəldin,
qarışdı aləm
O yanda Leylaya faş
oldu naləm...
Bu yanda Şirini qınaq etdilər
Hə bir də Allaha
bəlliydi halım...
Sonra da sonra da...eh
daha heç nə
Nə gördü gözlərim
nə gördü...saxta
Nə bir iz qalmışdı
çıxıb getməyə
Nə də qayıtmağa bir yol yox idi.
Payız
Özünü qapımdan asıb
getdi payız...
Qış dəfn edəcək
heyif,
nəm tutan yarpaqları...
Boz sərçələr ağlayacaq,
bumbuz əllər dikəldəcək
başdaşlarını...
Salxım
söyüdlər də
qocaldı
kölgəsində görüşən
sevgililər kimi...
Ara-sıra
boyat xatirələr tökülür
vitrindən indi...
Daha sahilə yaxın
uçmur balıqlar...
Üzünü yumur dalğalar,
dili batmış dənizlərin...
Eh...Həmişə sonda ölür
ayrılıqlar...
***
...İnsan gözündən
tanınır
Sona gölündən...
Bağça gülündən..
Adam sözündən vurulur
Mərd
ürəyindən
Yaxşı çörəyindən...
Sevən
yarından yarıyır...
Ağac
barından
Arı balından...
Bir gölə sona ol
Bir ağaca bar
Bir arıya bal...
İki şəkil
Şəkil-şəkil böyütdüm
səni gözlərimdə
Sonra götürüb asdım
başım üstdən...
Başım üstdə iki
şəkil var indi
Biri Allahımdı, o biri də sən...
Biri yaxındadı, biri uzaqda
Biri istidədi, biri ayazda
İndi
nə soyuqdan qorxum var
Nə çəkirəm payızdan...
Hələ də kürəyimi
yay yandırır
Sinəmdə qış şaxta
qovurur...
Hələ də yaz gəlməmiş
Küləklər küləş sovurur...
Hələ də çərçivəsizdi
şəkliniz...
Sənin
də Allahın da...
Hələ də insaf gözləyirəm
Səndən də... Allahdan
da
Sənin üçün
Təkəm yenə bu axşam.
Sən də hardasa təksən...
Musiqi dinləyirəm,
Musiqi dinləyirsən...
Bəlkə də ayrı-ayrı
Şopeni dinləyirik.
Biz zamandan qopmuşuq
Zamanı
neyləyirik...
Nə məni tanıyırsan,
Nə tanıyıram səni...
Bəlkə məndən böyüksən
Bəlkə kiçik...
nə bilim!..
Bəlkə doğulmamısan
Heç...
Tanrı
yanındasan...
Bəlkə yad bir adamın
Soyuq qucağındasan..
Hər sabah ümid
doğur
Axşam
ölür içimdə...
Hər gün kədər şumlayıb
Ağ gül əkir saçımda...
Bu gün də sənsiz keçdi
Yenə
görüşmədik biz...
Ömrümüz bir teatr,
Tamaşa
gedir səssiz!..
Şahnaz ŞAHİN
Ədəbiyyat qəzeti.- 2019.-
8 mart.- S.19.