Anarın "Söz dünyası"
Anar haqqında yazmaq, əslində, son 60 ilin ədəbi
prosesindən, incəsənətimizdən (xüsusilə
teatr və kinodan), bir sözlə, milli mədəniyyətimizdən
söz açmaq deməkdir. Bu gün 81
yaşlı Anar Azərbaycan ədəbi-mədəni fikrinin
öncüllərindən biridir. Bu fikri Anardan, onun şəxsiyyəti
və çoxcəhətli yaradıcılığından
söz açanların hamısı yekdilliklə təsdiq və
etiraf etmişlər, təkcə indi yox, 10 il, 20 il, 30-40 il
bundan əvvəl də və mən də bu millətin bir tənqidçisi
kimi həmin fikri təsdiq və etiraf edənlərin
sırasındayam. Və indi, onun bütün
yaradıcı fəaliyyətini izləyəndən sonra
fikrimdə yanılmadığımı duyuram. Deyim ki,
20-30 il əvvəl də Anar bir sənətkar
ömrünə yetərincə bəs edən əsərlər
yazmışdı, keçmiş SSRİ məkanında və
türk dünyasında onun sözü və səsi
eşidilirdi. 60 yaşından sonra bir çox
tanınmış yazıçılar qələmi dincə
qoyur, hətta nə yazırlarsa, özlərini təkrardan irəli
getmirlər. Anar tək-tük
yazıçılardandır ki, "ədəbi
qocalıq" məfhumu ona aid deyil. Təsəvvür
edin: Anar 76 yaşında Azərbaycan nəsrində ədəbi
hadisə sayılacaq "Göz muncuğu" povestini
çap etdirib. Bir il öncə Nazim Hikmət
haqqında "Kərəm kimi" sənədli romanı
"Azərbaycan" jurnalında işıq üzü
gördü. Onun kinossenariləri də ikimininci
illərdə yazılıb (Axundov və Cavid haqqında), mətbuatda
klassik və müasir ədəbiyyatın müxtəlif
problemlərinə, şəxsiyyətlərinə həsr
etdiyi məqalələrin isə ardı-arası kəsilmir.
Amma mən bu yazıda Anarın nə nəsrindən,
nə də dramaturgiyasından söz açacağam, bu
xüsusda çox yazıblar, qarşımda Anar müəllimin
"Söz dünyası" durur.
Bu kitabda Anarın ta qədimlərdən bu günə qədər
ədəbiyyat tariximizə, klassiklərə və
çağdaşlara həsr olunmuş yazıları
toplanıb və bu yazılar təkcə Azərbaycan ədəbiyyatına
aid deyil, türk dünyasının görkəmli şəxsiyyətlərinin
yaradıcılığına da aiddir.
Yazıları
oxuyuram və Anarın bu il fevralın 27-də
Yazıçılar Birliyində keçirilən
müşavirədə dediyi bir fikri xatırlayıram: "Mən,
adətən, "tənqid" terminini qəbul etmirəm. Mənə "təhlil" sözü daha
yaxın və doğru görünür. Baxsaq,
heç ciddi tənqid də görməyəcəyik. Hansı tənqidçi öz məqaləsində
hansısa yazıçını sözün həqiqi mənasında
tənqid edir. Sovet dövründə tənqid
daha cəsarətli idi. İndi isə tənqid
yox, təhlil var". Əlbəttə, bu
fikirlə razılaşmaq da olar, razılaşmamaq da. Doğrudan da, son otuz ildə cəsarətli tənqidi
yazılara təsadüf olunmur. Sovet
dönəmində tənqid daha cəsarətli idi, hətta
bu sətirlərin müəllifi də belə cəsarətli
yazılardan bir neçəsini mətbuatda çap
etdirmişdi. Amma sonralar tənqiddə cəsarət
alovu zəiflədi, Yəni hansı əsəri isə tənqid
edən yazılar qeybə çəkildi. Anarın "tənqid yoxdur, təhlil var" fikri də
bu mənada özünü doğruldur. Amma bu o demək
deyil ki, ədəbi tənqid bir janr kimi (Ustad Məmməd
Arifin sözlərini xatırlayaq: "Tənqid də bir
yaradıcılıqdır" demişdi) yoxdur, sadəcə,
tənqiddə təhlil prinsipi ön plana keçib. Çoxlu komplimentar yazıları nəzərə
almasaq, bizim professional tənqidçilərimizin
yazıları məhz maraqlı,
düşündürücü təhlillərlə diqqəti
cəlb edir. Professional tənqidçilər isə
barmaqla sayılacaq qədərdir - Elçin, Nizami Cəfərov,
Nizaməddin Şəmsizadə, Vaqif və Cavanşir Yusifli
qardaşları, Tehran Əlişanoğlu, Şirindil
Alışanlı, Elnarə Akimova, Məti Osmanoğlu, Azər
Turan, Rüstəm Kamal, Əsəd Cahangir, Nərgiz
Cabbarlı, Lalə Həsənova.
Mətləbdən uzaqlaşmaq istəmirəm. Anar müəllimin
bütün yazıları təhlillər üzərində
qurulub, amma təbii ki, o özünü qətiyyən tənqidçi
adlandırmaz, "yazıçı tənqidi" ifadəsini
də qəbul etməz. Bəs bu təhlillərin
mexanizmi nədən ibarətdir? Məncə,
Anarın "Söz dünyası"nda təhlilin
başlıca arqumenti ədəbiyyat tarixçiliyi xəttilə
sıx bağlıdır. Anarın "Söz
dünyası"nda toplanan bütün yazıları məhz
bu məqsədə xidmət edir: klassik və müasir ədəbiyyatımızı,
folklor örnəklərimizi, Türk dünyasının ədəbi
şəxsiyyətlərini - onların
yaradıcılığını hamının başa
düşəcəyi dildə təhlil etmək. Elə yazılar var ki, onları qeydsiz-şərtsiz
olaraq, ədəbiyyat tarixinin I cildinə daxil etmək olar.
Məsələn, "Əski yazılarımız" və
"Dədə Qorqud dünyası"nı.
Dədə Qorqud dastanları ilə
bağlı onlarla, yüzlərlə elmi yazılar çap
olunub, onların heç birinin əməyini yerə vurmaq
olmaz. Amma Anarın "Dədə Qorqud
dünyası" dastanla bağlı bütün bilgiləri
əhatə edir və bu yazıda Anarın bizim epos mədəniyyətimizə
necə bələd oduğu üzə çıxır.
Anar dastanla bağlı bütün yazılan məqalələrə,
söylənilən fikirlərə də istinad edir. Ümumiyyətlə, hansı mövzuya müraciət
edirsə, o mövzuya həsr olunan bütün örnəklər
Anara yaxşı məlumdur. Təbii ki, bu
qədər yazıları oxumaq insandan vaxt tələb edir və
Anar üçün vaxt problemi yoxdur demək istərdim.
"Söz
dünyası"nda üç yazı üzərində
xüsusi dayanmaq istəyirəm: "Şairin hünəri",
"Şairin zəfəri", "Şairin kədəri" . Və mənim fikrimcə,
bu yazılar da eyni missiyaya xidmət edir - ədəbiyyat
tariximizin üç nəhəng, dahi şəxsiyyətlərinə
həsr olunan bu yazılar Anarın klassik ədəbiyyatı
bu günün - müasirliyin gözüylə fəhm etmək
və mənalandırmaq istəyindən doğur. Və Anarın bu üç yazısında onun Azərbaycan
və ümumiyyətlə, Şərq tarixini mükəmməl
bildiyi də üzə çıxır. Anar
çox yaxşı bilir ki, ədəbi şəxsiyyətlərin
həyatı, yaradıcılığı onların
yaşadığı tarixi şəraitlə sıx
bağlıdır. Bir-birinə yaxın əsrlərdə
yaşamış bu üç şairin hər biri
özünəməxsus yaradıcılıq dünyası,
dünyanı dərketmə prinsipi, gerçəkliyi inikas
üsulları olub. Amma deyək ki, Nəsiminin
Füzuli və Xətai yaradıcılığına təsiri
daha güclü olub. Füzuli Nəsiminin bir neçə
qəzəlinə nəzirə yazıb:
Səhərdə
gül üzün şaha, çü gülşəndə
gülab oynar,
Onu görsə səfasından, fələkdə afitab
oynar.
Əcəb
zati-mütəhhərsən, nəzirin yoxdur, ey dilbər,
Vücudun nuri-bərqindən, niqab oynar.
Fələk əksinə dövr eylər, məgər
axirzəman oldu?
Qəfəsdə tutiyü bülbül, çəmənlərdə
ğürab oynar.
Nəsimi
uş bu ənvarın şüaindən münəvvərdir,
Ki, nabü nərdü, şətrənci olü yel, su,
türab oynar.
Bu, Nəsiminin qəzəlidir. Gözəlin təsviri
və eyni zamanda gözəllikdən zövq almaq nəşəsi
bariz nəzərə çarpır. İndi isə
Füzulinin eyni rədifli qəzəlinə müraciət edək:
Səbadan
gül üzündə sünbülü-pirpiçü tab
oynar,
Sanasan pər açıb gülşəndə bir
mişkin qürab oynar.
Rüxün
görgəc olur suzi-dəruni dudi-dil hasil,
Ğahar əyyamı sıçrar bərqi-rəxşəndə,
səhab oynar.
İrağ
olsun yaman gözdən, nə xoş saətdir ol saət
Ki, məşuq ilə aşiq eyləyib nazü itab
oynar.
Bu qəmlər
kim mənim vardır, bəirin
başına qoysan,
Çıxar kafir cəhənnəmdən, gülər
əhli-əzab oynar.
Füzuli,
rəşkdən titrər dili-pirxunu üşşaqın,
Binaguşunda
yarın hər zaman kim ləli-nab oynar.
Füzuli hansı şeirin şeirinə nəzirə
yazıbsa, orijinalı ötüb-keçdiyini sübut etmək
olar. Əgər Füzulinin Nəsmidən xəbəri
olmasaydı, onun qəzəlinə nəzirə
yazardımı? Anar yazır: "Füzuli Nəsiminin
adını çəkməsə də, bu böyük
şairin Füzuliyə təsiri danılmazdır".
Xətai isə bir çox qəzəllərində məhz
Nəsimi ideyalarını təbliğ edib. Amma məsələ
təkcə bunda deyil. Bu şairlərin hər
biri təkcə Azərbaycan ədəbiyyatına deyil, Şərq
ədəbiyyatına da təsir göstəriblər.
Anar yazır: "Nəsiminin şöhrəti ta əskidən
bəri Vətənin hüdudlarını aşmaqla bərabər,
dövrünün, zamanın çərçivələrini
də qırıb keçmişdir. XV əsrdə
Nəsimini hörmətlə dahi özbək şairi
Əlişir Nəvai yad edir. XVIII əsrdə
onu ehtiramla türkmən ədəbiyyatının klassiki Məhtimqulu
xatırlayır. Nəsiminin poeziyası
xaçpərəst Ermənistanda geniş
yayılmışdı. Dindarlar - indi də xristian
dindarları - Budax Amtesini "Nəsimi şeirlərini oxuyub
camaatı qızışdırdığı
üçün" yandırmağı fitva vermişdir. XVII əsrdə Ermənistanın başqa bir
şairi Xaçatur Diqranakersi şəhər küçələrində
gur səslə Nəsimi şeirlərini oxuyurmuş. Onun da aqibəti Nəsiminin aqibəti kimi
olmuşdur". İndi görəsən,
bizim torpaqlara göz dikən ermənilərin Nəsiminin bu
hünərindən xəbərləri varmı?
Anar Xətaini
"Nəsimidən Füzuliyə gedən yolda"
mühüm bir keçid hesab edir, xalq şeir formalarına Nəsimidən
və Füzulidən artıq dərəcədə aludə
olduğunu, qoşmalar, holavarlar, gəraylılar, varsaqlar
yaratmaqdan başqa, qəzəllərini də eyni dərəcədə
sadə, anlaşıqlı dildə yazdığını, əruzu
mümkün qədər azərbaycanlılaşdırdığını
qeyd edir. "Çünki Xətai
gözünü açandan Azərbaycan dili mühitində -
öz xalqının içində
böyümüşdü, ana dilinin bütün incəliklərinə
bələd olanlarçün yazırdı". Bu yazıda Xətai ilə bağlı çox mətləblər
nəzərə çarpdırılır. Onun milli mənsubiyyətini şübhə
altına alanlara. Səfəvi dövlətinin
İran dövləti deyil, məhz Azərbaycan dövləti
olduğunu sübut edən alimlərin fikirlərinə şərik
olur. Amma onu da qeyd edir ki, o dövrün
ictimai şüuru hələ Qızılbaşlar dövlətinin
milli Azərbaycan dövləti kimi dərk edə bilməzdi.
İndi bəzi alimlər, yazarlar Şah
İsmayılı və onun Səfəvilər dövlətini
həddindən artıq "müasirləşdirirlər",
amma "Şah İsmayıl öz dövrünün oğlu
idi, feodal cəmiyyətinin övladı idi. Odur ki, Şərq feodalizminin və İslam dininin
bütün ziddiyyətlərini öz varlığında
yaşadan bir şəxsiyyət idi. Onun
siyasi fəaliyyətində siyasi məkr,
dözümsüzlük və amansızlıq məqamları
da var". Amma onun bir insan və şəxsiyyət kimi ədalətli
olduğunu, xüsusilə, rəiyyətlə rəftarında
mülayim olduğunu, bir çox başqa hökmdarlar kimi
harınlıq və fironluq etmədiyini, sənət
adamlarına öz sarayında gözəl şərait
yaratdığını (Şərq miniatür sənətinin
ən parlaq çağlarından biri Səfəvilər
dövrü idi) qeyd edən Anar yazının sonunda çox
doğru bir qənaətə gəlir ki: "Şah
İsmayılın sərkərdə zəfərlərinin
tarixi əhəmiyyətini...danmasaq da, zənnimcə, zəfərlərinin
bəlkə də, ən vacibi qılıncla deyil, qələmlə
qazanılmış zəfərdir". Elə buradaca klassik ədəbiyyat
tədqiqatçılarına bir iradımı bildirmək istəyirəım:
çox təəssüf ki, Şah İsmayıl Xətainin
"qələmlə qazanılmış zəfərləri"
haqqında Nəsimi və Füzuli ilə müqayisədə
çox sanballı bir tədqiqatın
olmadığını nəzərə çarpdırmaq istəyirəm.
Mən füzulişünas deyiləm, ancaq Füzulini hər
gün oxuyur və onun qırmızı cildli kitabı (Əsərlərinin
I cildi) həmişə yanımda olur, evdə də, işdə
də, hətta yatanda da. Və Füzuliyə, onun
yaradıcılığına aid yazılan bütün tədqiqatlardan
xəbərim var. Anarın "Şairin kədəri" məqaləsi
də o tədqiqatlardan biridir. Məhz tədqiqat
əsəri. Çünki bu yazıda
Füzuliyə təkcə sevgilər, onun böyük sənəti
qarşısında heyrət ifadə olunmur, məhz Füzuli
yaradıcılığına müasir füzulişünas
mövqeyi ifadə olunur. Anar Füzuli
haqqında yazılanları çox diqqətlə oxuyub, amma
bütün bu yazılanların heç birini təkrar eləmir,
sadəcə, öz "Füzuli versiyasını" irəli
sürür. Onun şeir dilindən, obrazlar sistemindən
tutmuş, üslub və forma xüsusiyyətlərinə,
"düşvarı asan eyləmək" hünərinə,
Nizamidən və Nəvaidən fərqli daha lirik, daha faciəvi
"Leyli və Məcnun" eşq dastanı
yaratdığına qədər - bir sözlə, Füzuli
mövzusu bitib-tükənməzdir və Anar bu
mövzuların hər birinə obyektiv münasibətini
bildirir. Bu yazının çox maraqlı iki
nüansını qeyd etmək istəyirəm. Anar Füzulidə təsəvvüf
ideyalarının olduğunu danmır, amma "bu gün biz Məcnunluğu
sufizm simvolikasının gizli, dolayı, metaforik şifrələriylə
açmırıq, insan psixologiyasına, duyğular aləminə
bələdliyi ilə tanıyırıq" - deyir. Füzuli sənəti o qədər dərin,
hüdudsuzdur ki, sufizm də məhz o dərinliyin içindədir.
Anar "Bəzən Leyli və Məcnunu Şərqin Romeo və
Cülyettası adlandırırlar" fikrinin yanlış
olduğunu söyləyir və bununla bağlı çox
geniş izahata da ehtiyac duymur.Vaxtilə böyük tənqidçimiz
Məmməd Cəfər "Füzuli yaşayır" məqaləsində
yazırdı ki: "Füzulini sevin, ancaq unutmayın ki, təkcə
sevmək, sevib yüngülləşmək azdır. Böyük şairi başa düşməyə
çalışın. Onu təkcə bir
qəzəl ustadı, nəzm ustadı kimi deyil, bir filosof,
mütəfəkkir kimi başa düşməyə, dərk
etməyə çalışın". Anar
ustad tənqidçinin həmin fikrini tam mənası ilə
həqiqətə çevirir, Fuzuliyə sevgisini bizə də
aşılayır.
Mən
Anarın "Söz dünyası"nda "Üç
Leyli, üç Məcnun", "Koroğlu-Goroğlu",
"Nəşədən ələmə", "Əhməd
Yasəviylə bağlı düşüncələr",
"Çağdaşımız Mövlana",
"Türkçülüyün banisi",
"Türkün sözü" yazılarından da
çox şey öyrəndim. Amma daha çox
bəyəndiyim üç yazı üzərində
dayandım.
Amma Anarın söz dünyası bircə bu kitabdakı
yazılarla məhdudlaşmır. Anar müasir ədəbiyyatımızın
müxtəlif problemləri ilə bağlı xeyli sayda
yazıların da müəllifidir. Ədəbiyyatda
elə bir istedadlı şair və nasir yoxdur ki, onların
yaradıcılığı Anarın fikir sücgəcindən
keçməsin. Xatırlayıram onun 1984-cü ildə
"Azərbaycan" jurnalında çap etdirdiyi "Nəsrin
fəzası" məqaləsini - bu yazı
"altmışıncılar"a həsr
olunmuş ilk və sanballı bir yazı idi.
Xatırlayıram onun Vaqif Səmədoğlu, Yusif Səmədoğlu,
Fikrət Qoca, Ramiz Rövşən və digər şair və
nasirlərin yaradıcılığı ilə bağlı
portret yazılarını. Bu yazıları
oxuyandan sonra fikirləşirsən ki, daha Anardan sonra nə
yazmaq olar? Amma bir dəfə Anar müəllim mənə
dedi ki, Vaqif Səmədoğlu haqqında yaxşı bir
yazı yazmısan. Sevindim. Ona
görə sevindim ki, Anarın V.Səmədoğlu
haqqında yazısı mənim yazımdan xeyli əvvəl
yazılmışdı.
Yazımı
bitirirəm və Anarı 81 yaşı münasibətilə
təbrik edirəm...
Vaqif
YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2019.- 8 mart.- S.2-3.