Sirlərin sərgüzəşti
Romandan parçalar
"Payız"
fəsli
İkiminci
sirr
Həsən müəllim yuxudan sübh tezdən
ayıldı.
Keçib əl-üzünü yudu, Nuh əyyamından
qalma xətli pijamasını geyindi. Payızın
soyuğu yavaş-yavaş evdə də hiss edilməyə
başlayırdı, onun üçün də bamazı
köynəyini əyninə keçirdi və mətbəxə
keçdi. Qəhvənin iyini artıq dəhlizdə
duymuşdu. Həlimə tavada kartof
qızardırdı. Bu, atasının sevimli sabah yeməyi idi.
Həliməni
görüb Həsən müəllim yenə
özünü namünasib bir əhvalda hiss elədi. "Heç yaxşı çıxmır. Bu qadın mənə lap doğma övlad
sayağı qulluq edir. Axı bu kimdir?
Evdə qulluqçu tutmamışam, xəstəxanadan
da tibb bacısı göndərməyiblər. Bəs kimdir? Hər halda bu ki, bu boyda zəhmət
çəkir, xoş bir söz deyim gərək...". Bunları
düşünüb Həliməyə mülayim üz
göstərməyə çalışdı.
İlıq bir təbəssümlə dedi:
-
Sabahınız xeyir. Sizə əziyyət olur.
Zəhmət çəkirsiniz, çox sağ olun.
Həliməni
atasının bu sözlərindən sonra qəhər tutsa
da, özünü o yerə qoymadı, rola girdi, titrək səslə
cavab verdi:
- Borcumdu.
Heç narahat olmayın. Kartof
qızardıram, başqa nəsə könlünüzdən
keçir?
- Yox, yox,
sağ olun. Elə
bu mənim bəsimdi. Mən kartof
qızartmasını çox sevirəm. Ələlxüsus
səhərlər... - Həsən müəllim Həlimənin
cavabından məmnun qaldı və keçib stolun
arxasında öz həmişəki yerində oturdu. Pəncərədən bayıra baxdı. Suyu
gəlməyən fontanın yanında hələ heç kim yox idi.
Həlimə atasının sevimli, qara fincanına qəhvə
süzdü və gətirib Həsən müəllimin
qabağına qoydu. Süd kasası stolun üstündə idi:
-
Südü istədiyin qədər tök. - Həlimə
dedi. Sonra cəld özünə gələrək sözlərinə
kiçik bir düzəliş verdi:
-
Südü, zəhmət olmasa, istədiyiniz qədər
özünüz əlavə edin.
Həsən müəllim bu xırda xətaya
(ehtiyatsızlığa) əhəmiyyət vermədi, süd
kasasındakı süddən qaşıqla alıb
fincanına tökməyə başladı. Nədənsə,
ürəyi qüssə ilə doldu.
Səhər-səhər qəhvə qoxusu onun halına,
özü də bilmədi, nə üçün belə bir
pərişanlıq gətirdi. Masanın onunla üzbəüz
tərəfində arvadı Bəyimin surəti canlandı.
O bu qadını tanımırdı, amma o vardı. Bəlkə də, vaxtilə onu
tanımışdı, onunla bağlı xatirələri
vardı - bilmirdi. Bu qadınla bağlı
isti, gözəl anları xatırlamasa da, bircə buna
inanırdı ki, onlar nə zamansa yaşanıb. Xatırlaya bilməmək, tanımamaq Həsən müəllimin
qəlbini əzdi, o, əzab içində qaldı, amma yenə
də başa düşə bilmədi ki, bu nə cür əzabdı
çəkir, niyə çəkir. Əzabın,
məşəqqətin özü vardı, səbəbi yox
idi.
- Qəhvənin
gözəl qoxusu gəlir, - Həsən müəllim qəmli-qəmli
olsa da, gülümsəməyə çalışdı.
Atasının bu halı Həlimənin də bu tərəfdən
ürəyini kədərlə doldurdu. Həlimə
gördü ki, Həsən müəllimin gözləri yol
çəkir, o, kimisə xatırlayır, ya da
xatırlamağa çalışır. Həlimə
bilirdi ki, bu adam onun anasıdır.
Atasına bu an hava kimi, su kimi lazım olan adam
başqa kimsə deyil, yalnız anası Bəyimdir. Başqa
heç kim. Həliməni yenidən qəhər
boğdu (bu sabah o yamanca kövrək
olmuşdu).
-
Dadlı qəhvədir, o da belə bişirirdi... - atası
bir daha fikirli-fikirli, elə bil, özü-özü ilə
danışırmış kimi dilləndi. Amma
soruşan olsa idi, "o da, yəni "kim?" - Həsən müəllim bu suala
cavab verə bilməzdi.
Həlimə susdu.
- Bəli,
elədir, - Həsən müəllim kiməsə, elə
bil, cavab verdi, sanki yuxudan ayıldı. Bəyimin surəti gözünün
qabağından yox oldu, getdi.
Sabah ağır-ağır açılırdı. Payızın qoxusu hər
yerdə hiss edilirdi. O, hətta bu evin içinə də gəlib
girmişdi. Bayırda arasıkəsilməz
yağışlar yağmağa başlamışdı.
Evdə nəmişlik qoxusu var idi. Aşağıda fontanın yanından iki-bir, tək-tük
adamlar başları üstə çətir o tərəfə-bu
tərəfə gedirdi.
Həsən
müəllim sabah yeməyindən sonra
kabinetinə girdikdə gördü ki, burada dünənki səliqəsizlikdən
artıq əsər-əlamət qalmayıb. Hər
şey sahman içində idi.
Kağız quşlar yenidən
kağız parçalarına çevrilib stolun üstündə
yer almış, stullar səliqə ilə bir-birinin yanında
nizami əsgərlər kimi düzülmüşdü.
Tutuquşunun müqəvvası kitab
dolablarının arasında öz həmişəki yerini
tutmuşdu. Həlimə səhər tezdəndən
öz işini görüb qurtarmışdı. Həsən müəllim Tutuquşuna göz vurub (əhvalı
yaxşılaşdı) yazı masasının arxasına
keçdi. Müqəvva ona olan diqqətə
cavab kimi, sanki yenidən dirildi, gözlərinə
parıltı gəldi.
Həsən
müəllim bir müddət sükut içində
qarşısındakı ağ
kağız qalağına diqqətlə nəzər yetirdi.
Ən üstdəki ağ kağız onun
diqqətini özünə çəkdi. O, qəflətən
gördü ki, kağızın üstünə
öz-özünə yenidən hansısa sözlər
yazılır. Sözlər bu dəfə də
heç nədən peyda olurdu, elə bil, kağızın
dibindən üzünə çıxırdılar və Həsən
müəllim anladı ki, onları ancaq oxumaqla kifayətlənmək
olmaz. Bu, doğru deyil. Çünki
onlar uçub gedər, yox olub itə bilərlər.
Bundan əvvəlki yazını ("Odunçunun hekayəti"ni) başqa kağıza yazmadığı
üçün Həsən müəllim onu unutmuşdu. Ona görə də Həsən müəllim indi
kağız üzərində zühur edən sözləri
oxuya-oxuya oxuduqlarını tələsik başqa bir
kağıza köçürməyə başladı.
Kağızın
lap yuxarısında yazılmışdı:
"Payız"
fəsli
İkiminci sirr.
***
Hacı
Mir Həsən ağa öz risaləsinin ikinci hissəsini belə
başlayırdı:
Bu dəfə biz yaxın tariximizin qəhrəman şəxsiyyətindən,
ulu xanın sərkərdəsi olan qəhrəmandan söhbət
açacağıq. Onun alplığı nağıl və rəvayətlərdə
danışılır, camaatın hafizəsində
yaşayır. Bu rəvayət
ağasına öz həyatı bahasına olsa da, xəyanət
etməyən bir igid haqqındadır. Onu
öz xain qəbilədaşları hiylə ilə ələ
keçirib qətl edirlər. Qədim
Oğuz elinin say-seçmə igidi olan bu şəxsin adı
Bozatlı alp Beyrəkdir. Bu, o Beyrəkdir ki, həyatının
ən cavan çağlarını düşmən
qalasında əsirlikdə, elindən-obasından
ayrılıqda keçirmiş, nişanlısının,
ata-anasının, doğmalarının,
yar-yoldaşının həsrəti onun qəlbini bərkitmiş,
zindan həyatının dözümsüzlüyünü əqli,
zəkası, fərasəti hesabına özü
üçün dözümlü və firavan bir həyata
çevirə bilmişdir.
Bayburd qalasında Beyrəyin həbsindən on altı il keçirdi.
***
Həsən müəllim qarşısındakı
kağız qalağından gözünü çəkdi və
özündən xəbərsiz bu dəfə gözü
gedib divardan asılmış müqəvvaya dirəndi. Quşun gözləri yenə
parıldayır, quş, elə bil, gözlərilə
ona nə isə demək istəyirdi.
Həsən müəllim yenidən kağızda
yavaş-yavaş bir-birinin yanında zühur edərək səliqə
ilə düzülən sözlərə baxdı. Bu sözlər
yenə də kağızın
dümağlığının dərinliyindən qara,
qarmaqarışıq ləkələr kimi üzə
çıxmağa başlayır, üzə çıxandan
sonra müəyyən bir sahmana gəlir, oxunan və başa
düşülən sözlərə çevrilirdi. Həsən müəllim qəlbi həyəcanla
döyünə-döyünə, eyni zamanda gizli bir
şövqlə yazılanları höccələyə-höccələyə
oxumağa başladı. Oxuduqca da
onları başqa bir kağıza yazdı.
...Qədim Oğuz diyarında Beyrək adlı alp ər
yaşayırdı. Beyrək cəsur və igid bir gənc
idi. Atası və anası onu evləndiklərindən
uzun illər sonra dünyaya gətirmişdilər. Atası Bayburanın dostu vardı, adı Baybecan idi.
Bayburanın oğlu olmurdu, bunun da qızı.
Bir-birinə söz vermişdilər ki,
övladları dünyaya gəlsə, onları evləndirəcəklər.
Günlərin bir günü Bayburanın
oğlu olur, adını Beyrək qoyurlar, Baybecanın da bir
qızı olur, adını Banuçiçək qoyurlar.
Ataları hamının yanında bu yeni
doğulan oğlan və qızı bir-birinə beşikgərtmə
nişanlı elan edirlər.
On səkkiz yaşına çatana qədər bu iki gənc
bir-birini görmür. Banuçiçəyin atası Baybecan
uzun sürən xəstəlikdən sonra dünyasını
dəyişir, Dəli Qarcar adlı bir oğlu isə
qaçaq-quldura qoşulub yolkəsənlik eləməyə
başlayır. Banuçiçəyin dayəsi
vardı, onu öz övladı qədər sevərdi,
qızı bu dayə böyüdür. Günlərin
bir günü uzaq Bayburd qalasından Banuçiçəyə
elçi gəlir. Bu elçini Bayburd bəyi
göndərmişdi. Qızı
özünə istəyirdi. Bayburd bəyi
Baybecanın yas mərasiminə gəldiyi zaman
Banuçiçəyi görmüş və ona
vurulmuşdu. Bayburd ürəyini Banuçiçəyin
qardaşı Qarcar bəyə açıb belə
demişdi:
- Qarcar,
qız qardaşını istəsəm, mənə verərmisən?
Səninlə dostuq, qohum belə olluq.
- Səninlə
qohumluq mənə şərəf gətirər, Bayburd. Mən razı. Amma hələlik
bunu bir adama söyləməyək. Kimsə
bilməsin. Yası yola verim. Sonra yas mərasimi bitincə həmən elçilərini
göndərərsən.
Qucaqlaşdılar, bir-birinə söz verdilər,
Banuçiçəyin bundan xəbəri yox.
Günlərin bir günü atasının yası yenicə
bitmiş Banuçiçək seyrana çıxır. Yaxınlıqdakı
Ala dağın ətəyində bir düzəngahda
qırmızı çadırını qurdurur.
Görür ki, bir az kənarda eynilə
onun çadırına bənzər boz rəngli bir
çadır da vardır və ətrafında gənc igidlər
tonqal qurub oturublar, yeyib-içirlər, gülüş səsləri
göyə ucalır.
Banuçiçəyin
sevimli dayəsi yanında idi, bundan soruşdu:
- Dayə,
bilmirsən o boz çadırın yanındakılar kimlərdir?
- Bilmirəm,
canım-gözüm, Oğuzda nə çox igid... - Dayəsi
cavab verdi.
Qızın
ürəyinə nəsə dammışdı, - dedi:
- Yox,
bunlar mənim gözümə birtəhər dəydilər. Yadellilər olmasın?!
- Ürəyin
istir, mən gedib bir soraq gətirrəm. - Dayəsi
qızı xətircəm eləməkçün daha
dayanmadı, bir ata minib oğlanların boz
çadırına tərəf getdi.
Oğlanlar
gördülər ki, təzə qurulmuş qırmızı
çadır tərəfdən bir atlı
gəlir. Gəlib yetişərkən
gördülər ki, bu, bir xanımdır. Ayağa durdular, hörmətlə
qarşıladılar. Aralarından bir qarayanız,
suyuşirin cavan irəli çıxıb dayədən
soruşdu:
- Buyur,
xanım, istəyiniz nədir? Ov ətindən pay verək. Odun verək, ocaq quraq sizin üçün. İstərsənmi?
Dayə atdan endi. Üzünü həmən suyuşirin cavana (bu isə
Beyrək idi) tutub belə dedi:
- Buralara
xoş gəldiniz. Çox sağ olun. Amma bizim ehtiyacımız olan heç nə yoxdur.
Dövlətinizdən hər şey
varımızdır. Mənim
çadırda xanımım qaldı. Maraq
edir ki, siz kimsiniz? Oğuz əhlisiniz, yoxsa
yad ellərdənmi gəldiniz?
- Bəs
sənin xanımın kimdir? Bizə deyərmisən?
- Beyrək (həmən suyuşirin cavan) yoldaşlarına
baxıb göz vurdu.
- Mənim
xanımım Dış Oğuz bəyi rəhmətlik
Baybecan bəyin qızı Banuçiçək
xanımdır. Dəli Qarcarın bacısı.
- Dayə xeyli ciddi və qürurlu bir halda Beyrəyin
sualına cavab verdi.
- Bəs
siz kimsiniz? - deyə dayə dübarə
soruşdu.
Beyrək dayənin cavabını eşitcək
özünü yığışdırdı və o da
xeyli ciddiləşdi. Çünki Banuçiçək barədə
atasından, anasından çox eşitmişdi. Bilirdi ki, bu qız onun beşikgərtmə
nişanlısıdır. Beyrək dayəyə dedi:
- Mənim
adım Bozatlı Beyrəkdir. Bunlar da mənim
yar-yoldaşlarımdır. Xanımın əgər
izin verərsə, mən ona gəlib baş endirərəm.
"xoş gəldin" deyərəm.
Dayə atına minib geri döndü. Banuçiçəyə
dedi:
- Bunlar Oğuz əhlidilər. Qızım, bunların arasında
bir də bir mərifət sahibi bəyləri var - suyuşirin, igid, pəhləvan.
Adı Beyrəkdir. Xatırladınmı,
qız?
Banuçiçək
cavab verdi:
- Atam mənə
deyərdi ki, mən səni Bozatlı Beyrəyə vermişəm.
Bu olmasın? - Atasını yad edərkən
Banuçiçəyin gözləri doldu.
- Budur,
qız. Muradın öz ayağı ilə gəldi.
Mənə nə söylədi, bilmirsən?
Bu istir, gəlsin, sənin qarşında baş
endirsin.
Elə bu zaman eşikdə at kişnərtisi
eşidildi. Elə bil, göydə ildırım çaxdı.
Bayıra çıxdılar. Gördülər ki, çadırın
önündə bir igid, pəhləvan oğlandı, peyda
olub, mindiyi at da yerlə, göylə əlləşir. Bu, Bozatlı Beyrək idi. Ürəyi
dözməyib icazə olmadan özü gəlmişdi.
Qızı görcək Beyrəyin ağlı
başından getmədimi, getdi. Atından endi.
Ədəblə salam verdi.
- Əleyküm-salam, - Banuçiçək
oğlanın salamını aldı. Altdan-altdan da Beyrəyi
süzməyində idi.
Beyrək ucaboylu, uzun, sünbül kimi sarı
saçları çiyninə düşən, qara
gözlü, iti baxışlı bir igid idi. Hər qolundan beş igid asıla bilərdi. Onun
Boz atını bir at keçməzdi, yayını bir igid
dartmazdı. Beyrək belə Beyrək idi.
Beyrək başını qaldırdığında bu
iki gəncin baxışı bir-birinə dirəndi. Elə bu an
göy üzündə elə bil, ildırım
çaxdı, şəlalələr gurladı, dənizlərdə
dalğalar şahə qalxdı. Gənclərin
hər ikisinin ürəyi şiddətlə
döyündü, bu gənclər bir könüldən min
könülə bir-birinə aşiq oldular. Amma heç biri özünü o yerə qoymadı.
- İgid, kimsən? Oğuzda kimlərdənsən?
Adını dedilər. Bozatlı
Beyrək sənmişsən? - Banuçiçək sinəsi
ata-ata soruşdu. Qorxurdu ki, yenicə aşiq
olduğu bu gənc Beyrək olmasın. Bu,
bir başqası olsun.
- Mənəm,
xanım.
Banuçiçəyin ürəyi yerinə gəldi.
- Sən
də Banuçiçəksən, deyilmi? - Beyrək də
ürəyi səksəkəli halda soruşdu. Bu
da qorxurdu ki, sevdiyi bu qız Banuçiçək olmasın.
Banuçiçək bunu aldatdı:
- Xeyir, bəy
igid, mən Banuçiçək deyiləm. Mən
Banuçiçəyin rəfiqəsiyəm.
Beyrək rəngi qaralmış halda maddım-maddım
baxıb qaldı. Dayə istədi ağzını aça, qız dayəyə
gözünü ağartdı, yəni "sən sus", -
dedi. Dayə dilini dişləyib susdu, ancaq
gözlərinin dərinliyində bir gülüş gizlənmişdi.
Beyrək kal səslə soruşdu:
- Bəs Banuçiçək sizinlə deyilmi? Ona bir salam
verməyimə izin varmı?
-
Banuçiçək elə qız deyil ki, sənə
görsənə. Bizi o göndərdi.
Söylədi ki, sənə deyək: onu görməyin öz
yolu var.
- Nədir
o yol?
- Bax,
Banuçiçəyi görmək istirsənsə, gəl səninlə
şərt kəsək.
- Nə
şərt? - Beyrək heç nə başa
düşmürdü və hələ də anlamırdı
ki, bu dayə nə üçün belə
xısın-xısın gülür və gülməyini nə
üçün çox böyük çətinliklə
gizlətməyə çalışır.
Banuçiçək
üzünü Ala dağın ətəyi boyu uzanan yola tutub
dedi:
-
Banuçiçəyi görməzdən öncə mənimlə
yarışmalısan. Görürsənmi o
yolu? - Əli ilə göstərdi. -
Səninlə o yolda at çapaq. Sənin atın mənim
atımı keçərsə, hesab et,
Banuçiçəyin də atını keçmisən. Səninlə ox ataq. Mənim oxumu yararsansa,
hesab et, Banuçiçəyin də oxunu
yarmış oldun. Səninlə güləşək.
Məni yıxarsansa, hesab et,
Banuçiçəyi də yıxdın. Banuçiçək
yalnız o zaman səninlə görüşər və
özünü sənə göstərər. Nə deyirsən?
Beyrək
bu pəhləvan cüssəli cəsur qıza həsədlə
baxdı, amma qəlbində qəti qorxu duymadı və
ürəyində belə dedi: "Mən bu qızın
qarşısından çəkilmiş, qaçmış
olsam, Oğuz elində adıma şəbədə
qoşarlar. Bundanmı qorxacağam?!".
- Buyur,
xanım. Atları qoşduraq. Sən
önə düş, mən arxandan...
Beyrəyin sözü ağzında qaldı.
Banuçiçək bayaqdı yerlə, göylə əyləşən
Yel atının belinə sıçradı, bir nərə
çəkdi, at şahə qalxdı, yerindən
götürüldü, nə götürüldü. Beyrək
toz-dumanın içində qaldı. Boz at
(heç elə bil, əvvəlki vüqarlı və nəhəng
at bu deyildi) yazıq-yazıq bir neçə dəfə yerində
fırlandı. Nəhayət, handan-hana
yalandan kişnədi (amma bu səs artıq ildırım
şaqqıltısı deyildi) və özünü
tozanağın düz içinə dürtdü.
Beyrək toz-duman içiylə bir xeyli gözü
heç nə sezmədən yol getdi. Gəlib-gəlib bir
quyunun başına çatdı. Toz burada
göyə sovrulurdu. Gördü,
bayaqkı qız atından çoxdan enib quyudan su çəkir.
Gəlib ona kömək eləmək istədi.
- Harda
qaldın, igit?! Yolunu gözləməkdən
gözlərimin qarası getdi. Banuçiçəyindəmi
arxasınca bu cür addım-addım gələcəksən?
- Qız şaqraq bir səslə gülərək soruşdu.
Beyrək at yarışını uduzduğundan pərt
olmuşdu, ona görə də dinmədi. Quyunun suyundan
bunlar içdikcə içdilər. Sonra
atlarına su verdilər. Sonra atlar
bir-birinin yanı ilə gedib (Boz at Yel atın yanında
yabı kimi idi) saralmaqda olan bir çəmənlik tapdılar
və özlərini ota vurdular. Yaşıl
otdan tapdıqca yedilər.
Beyrək və qız quyunun kənarında
oturmuşdular.
Qız
soruşdu:
- İgid, sən heç Banuçiçəyi
görmüsənmi?
- Xeyr,
qismət olmadı. Amma atam deyir ki, o mənim
beşikgərtmə nişanlım olub. Onu
mənə veriblər. Çox görmək
istərdim.
- Görməsən
yaxşıdır.
- Niyə?
- Beyrək təəccüb etdi.
-
Oğuzda onun kimi çirkin qız nə qədər axtarsan
yenə də tapa bilməzsən.
Beyrək qaşqabağını salladı. Nişanlısının
söhbətini eləmək heç xoşuna gəlmədi.
Banuçiçək dedi:
- Amma sən
məni özünə yeni nişanlı seçsən, sənin
hər günün, hər gecən şən və mənalı
keçər. Mənə elçi göndərib
atamdan istərsən? - Banuçiçək
başladı Beyrəyi sınaqdan keçirməyə. Əslində, onun sədaqətini yoxlayırdı.
- Yox, istəmənəm.
- Beyrək boğuq səslə cavab verdi.
- Taleyimdə ancaq Banuçiçək ola
bilər ki, o da olacaqdır. İstər
heç həyatımda olmasın. İstər
aləmdə ən çirkin qız olsun. Mən onun izini buraxmanam. Hər nə
cür varsa, mənə xoşdur, qəbulumdur.
-
Çirkin də olsa qəbulunmudur?
- Qəbulumdur.
-
Ağıllı olmasa da qəbulundur?
- Qəbulumdur.
- Bəs
belə isə biləsən. Sənə ərə
gəlsə də, o səni heç vədə sevməyəcək.
Onun qəlbi başqasına məxsusdur. -
Banuçiçək son yalana əl atdı.
-
Ömründə olmaz. O məni sevsə də, sevməsə
də, ona elə belə də söylə: o, mənimki
olacaq. - Beyrək ayağa qalxıb Boz atını səslədi.
Boz at könülsüz halda, fınxıra-fınxıra
gəldi. Beyrək sıçrayıb ata
mindi.
- Hara
gedirsən, igid?! Bəs biz ox atacaqdıq,
güləşəcəkdik?! Unutdun?
Ya qorxdun?
-
Unutmadım. Qorxmadım. Sənin
söylədiklərin xoşuma gəlmədi.
- At
çapmaqda uduzdun. Atım atını
keçdi. Indi gəl səninlə ox ataq.
- Ataq. -
Beyrək artıq yavaş-yavaş qeyzlənirdi. Təkrar
atından endi. Çiynindəki oxdanından bir ox
çıxardı, üç kişi
çəkə bilməyən yayını bir dəfəyə
dartdı.
Banuçiçək də öz oxdanından ox
çıxarıb kamana qoydu. Kamanını göyə
tuşlayıb oxunu atdı. Beyrək də
bunun dalınca oxunu göyə atdı. Oxlar
bir-birinin ardınca iki şahin kimi süzüb göy
üzünün ənginliklərinə doğru yol
aldılar.
Banuçiçək
göydə süzən oxların dalınca baxa-baxa dedi:
-
Görürəm, Banuçiçəklə bağlı mənim
dediklərim heç xoşuna gəlmədi.
- Gəlmədi.
- Beyrək qaşqabaqla cavab verdi.
- Sən
ki, Banuçiçəyi görməmisən. Birdən
mən deyənlər doğru çıxdı, onda necə?
Məni gəlib halallığa alarmısan?
- Bəy
qızı, sən gözəl, göyçək igid bir
qızsan - buna sözüm yoxdur. Amma o mənim
beşikgərtmə nişanlımdı. Taleyimdi.
Bizi birləşdirən xətlər var. Mən
onu bir deyil, bəlkə yüz dəfə röyalarımda
görmüşəm. Necə ola bilər?
El-oba nə deyər?
-
Röyalarında onu necə görmüsən? Kimə
oxşayır? - Banuçiçəyin gözləri
maraqla doldu, nəfəsi az qala dayandı.
Beyrək
başını aşağı dikib günahkar adamlar kimi
pıçıldadı:
- Sənə
oxşayır.
Banuçiçək rahatlıqla nəfəs aldı.
Oxlar göydə üzü yuxarı artıq
yanaşı süzürdülər. Sonra Banuçiçəyin
oxu Beyrəyin oxunu özündən irəli buraxdı və
arxadan həmlə edib onu ikiyə böldü. Bundan sonra hər üç ox parçası geriyə
yol aldı və gəlib oğlanla qızın
qarşısında yerə düşdü.
Banuçiçək öz oxunu tanıdı:
- İgid, oxunu gördünmü?
Beyrək
dedi:
-
Gördüm.
- Mənim
oxum salamat qayıtdı, səninki iki parçadır. Bu dəfə də qalib mən çıxdım.
Nə dersən, güləşəkmi? Bəlkə bəxtin bu dəfə gətirə.
Beyrəklə Banuçiçək bir-birinə
quşandılar. Bu güc gələr, yenə bilməz, o
güc gələr, yenə bilməz. Beyrək
istədi, qıza hiylə gəlsin, alınmadı, qız istədi
hiylə gəlsin, alındı. Qız
götürüb bir badalaq vurdu, bir badalaq vurdu ki, Beyrək binəva
iki kürəyi üstə yerə dəydi. Az qaldı canı ağzından çıxa.
Banuçiçək bunun üstünə
yıxıldı:
-
Oğlan, bu gün sənin günün deyil. Uduzdun.
Burax, ayağa qalxım.
Beyrək ki, qızın altında qalmışdı, əlləriylə
onu qucaqlayıb durmuşdu. Buraxmaq istəmirdi.
Gözlərini də elə bərk-bərk
yummuşdu ki, utandığından aça bilmirdi. Beləcə bir müddət keçdi.
Banuçiçək qərara gəldi ki, həqiqəti
deməyin zamanı gəlmişdir. Dedi:
- İgid, aç gözlərini,
yaxşı-yaxşı aç və
yaxşı-yaxşı bax, röyalarında
gördüyün Banuçiçək bil ki, mənəm.
Beyrəyin sevinci yerə-göyə sığmadı. Elə bil, göylərdən
buna güc gəldi və Beyrək elə uzandığı
yerdəcə çevrilib bu dəfə qızı öz
altına aldı:
- Bəli,
sənsən ki, varsan. Ürəyimə
dammışdı. Bəy qızı, izin
ver, səni öpüm.
- Olmaz. -
Bu dəfə Banuçiçək utandığından
qıpqırmızı qızardı, üzünü yana
qaçırdı və
gözlərini yumdu, ancaq gözləri yumulu halda da Beyrəyin
aşağıdan-yuxarı onun üzünə xəfifcə
toxunan uzun saçlarının hərarətini,
oğlanın alışan gözlərini, qan daman
dodaqlarını qəlbi ilə görür, sinəsində
ürəyi az qalırdı yerindən çıxsın.
- Sirr
saxlaya bilirsənmi, canım oğlan? - Banuçiçək
soruşdu.
- Bilirəm,
bəy qızı, - Beyrək pıçıldadı.
- Səni
görən kimi mən də sənə bir könüldən
min könülə vuruldum, biləsən.
- Taleyimsən.
Sən mənim taleyimsən… - Beyrək sərxoşlar
kimi təkrar elədi.
- Sirr
saxlaya bilirsənsə, o zaman öpə də bilərsən.
Beyrək dəlicəsinə qızı
öpüşlərə qərq eləməyə
başladı.
Üç öpüb bir dişlədi, bir
öpüb üç dişlədi, sevişdilər. Nəhayət, bunların dodaqları, əlləri,
ayaqları, bədənləri yoruldu və sevgililər birtəhər
ayağa qalxdılar.
- İgid, bəs indi sənin irəli durman gərəkir. Amma... Bir şərtim var. Gərək
bir adam bilməsin ki, mənim atım sənin
atını keçdi, mənim oxum sənin oxunu yardı,
güləşdik, mən səni yıxdım. Başına qaxınc olmasın.
Bu sözlər Beyrəyin ürəyindən oldu. Kefi açıldı,
qaşqabağı uçub getdi:
- Mən
də sənə söz verirəm ki, bir adam
bilməyəcək mənim səni öpüb-öpüb
sevdiyimi. Sənin də başına qaxınc
olmasın.
- Bir adam
bilməsin. Bu bizim sirrimiz olsun.
- Olsun, bəy
qızı. O zaman bu üzüyü məndən qəbul et. - Beyrək barmağındakı altun
üzüyü çıxarıb qızın
barmağına keçirdi. Sonra onlar atlarına
minib alaçıqlar dikələn tərəfə üz
tutdular.
***
Həsən müəllim yoruldu. Oxumağını
saxlamaq istəyirdi. Kağızlarda isə
sözlər bir-birinin dalınca üzə
çıxmağa (yazılmağa) davam edirdi. Hacı Mir Həsən ağa Səyyahın nə
zamansa yazdıqları indi burda Həsən müəllimin
kabinetində işıq üzü görürdü.
Əgər Səyyah özü də oturduğu otaqda bir az əvvəl yazdığı
kağızları qaldırıb baxsa idi, görərdi ki,
yazdığı yazı indi artıq kağızın üzərində
yoxdur. O, hansısa sirli bir şəkildə yazılandan sonra
yox olur və yazılmış kağız yenə də
özünün ilkin ağlığına qayıdır.
Haman hərflər, haman sözlər
zamanın burulğanından keçib, fırlana-fırlana gəlib
Həsən müəllimin kabinetində onun yazı
masasının üstündəki kağızda zühur edirlər.
Kamal Abdulla
Ədəbiyyat qəzeti.- 2019.- 4 may.- S.16-17.