Fransız əsir
hekayə
Onda Bezansonda yaşayırdım.
Bir gün otağıma gələndə
gördüm ki, nökər çirkli göy köynəyini geyinib otağın tozunu tökür. Məni görən kimi stolun üstündəki
kitabı götürüb
yanıma gəldi. Bu,
müharibədən bəhs
edən, almancadan təzə tərcümə
olunmuş kitab idi.
- Bunu oxumağa verərsiniz?
Təəccüblə soruşdum:
- Bu axı roman deyil, nəyinizə lazımdır?
- Bilirəm, - dedi. - Mən də müharibədə olmuşam.
Almanlara əsir düşmüşdüm.
Almanların əsirlərlə pis
rəftar etməsi haqda xeyli şey
oxumuşdum, amma düz, yoxsa yalan olduğunu bilmirdim. Buna görə də marağımı çəkdi, onu danışdırmaq istədim.
Bütün fransızlar
kimi, almanları söyəcəyini gözləyirdim.
- Almanlar sizinlə necə davranırdı? Əsirlikdən danışa
bilərsiniz?
Deyəsən, sualım onun yarasını qanatdı. Danışmağa başladı:
- İki il Almaniyada
əsir olmuşam. Müharibəyə getdiyim
elə də çox deyildi. Nansi şəhərinin yaxınlığında döyüş
başladı. Bizim bölükdə təxminən
üç yüz nəfər olardı. Almanlar bizi mühasirəyə
alıb başımızın
üstündən yaylım
atəşi açmağa
başladılar. Müqavimət
göstərmək mənasız
idi, silahımızı
yerə atıb əllərimizi qaldırdıq.
Bir neçə alman qabağa gəldi. Biri fransızca dedi: "Bəxtəvər adamsınız,
sizin üçün
müharibə bu gün qurtardı. Sizin yerinizdə olmaq istəyərdik".
Sonra ciblərimizi axtardılar, bütün silahlarımızı aldılar
və qruplara bölüb mühafizəçilərlə
yola saldılar. Bir neçə yaralımız vardı, onları da müalicə almağa göndərdilər. İki
gün gedəndən
sonra əsir düşərgəsinə çatdıq,
mənimlə başqa
bir fransızı rus əsirlərinin saxlanıldığı baraka
mühafizəçi qoydular.
Çox darıxdırıcı
iş idi, həm də ruslar çox tüpürürdü, bir
neçə gündən
sonra dayana bilmədim, işimi dəyişdirməklərini istədim.
Razılaşıb məni
Köln yaxınlığında bir kəndə göndərdilər, mühafizə
yoldaşım da yanımda idi. Təsərrüfatla məşğul
olmalıydıq. Səhər
saat altıda durub tövləyə gedirdik, atlara qulluq edəndən sonra kartof tarlasında
işləməliydik. Tezliklə
qaçmağa çalışdıq.
İki gün iki gecə piyada
yol getdik, Hollandiyadan keçib Fransaya getmək istəyirdik. Əsasən
gecələr gedirdik.
Alman dilini bilmirdik, mən almanca cəmisi bir neçə söz öyrənə bilmişdim, dostum məndən bir az çox bilirdi.
Amma axırda tutulduq. Yerimizi dəyişdirdilər, bizi
Almaniyanın cənubuna
göndərdilər.
- Bəs cəzalandırmadılar?
- Qətiyyən. Bircə onu dedilər ki, yenə qaçmağa
cəhd eləsək,
sərbəstliyimizi əlimizdən
alıb çətin
işlərə göndərəcəklər.
Təzə getdiyimiz yerdə də təsərrüfat işlərinə
baxırdıq. Üstəlik,
bura əvvəlki kənddən daha yaxşıydı. Qızlarla
əylənirdik. Meşədə
işlədiyimiz vaxtlarda
mühafizəçi üstümüzdə
olurdu, heç kimə qaçmağa imkan vermirdi. Amma gecələr aradan çıxırdıq.
Hətta qızlardan biri dostumdan hamilə qaldı. Sinəmizə nömrə
tikilmişdi, gecələr
nömrənin üstünə
ağ parça tikirdik. Axşam saat səkkizdə tarladan çıxırdıq.
Qızlarla dəmiryolu
stansiyasının yanında
görüşürdük. Gülməlisi odu ki, onların dilini bilmirdik. Mənimki sarışın
idi. Onu çox sevirdim, indiyəcən unutmamışam.
Axırda işimizin üstü açıldı,
üzümüz danlanıldı.
Biz də bir-iki gecə getmədik, sonra görüş yerimizi dəyişdirdik…
- Almanlar sizinlə pis rəftar edirdi?
- Qətiyyən. Biz tapşırılan
işləri görürdük,
bizdən razı idilər. Amma bir-iki dəfə kağızlarımızı aparmadılar.
- Nə kağız?
- Əsirlərin evlərinə
yazdığı məktublar.
Alman əsirlərinin
ailələrinə yazdığı
məktubları fransızlar
alırdı, fransız
əsirlərinin məktubları
da eyni qaydayla
göndərilirdi.
- Bəs nə üçün aparmamışdılar?
- Dediklərinə görə,
fransızlar Fransada əsir düşən alman zabitlərini Əlcəzairə aparıb
ağır iş gördürüblər, alman
əsirləriylə pis
rəftar ediblər. Ona görə. Amma almanların məğlub olduğunu, Fransaya qayıtmağımızın
dəqiqləşdiyi vaxt
dirəniş göstərdik.
Heç kim bizə gözün üstə qaşın var deyə bilməzdi!
Fransaya yola düşəndə vağzalda
divara Vilhelmin şəklini çəkdik.
Bədənini donuz bədəni kimi çəkmişdik, altında
da "Rədd olsun Almaniya!" yazmışdıq. Qatarı
gecikdirdilər. Az qalsın dava düşəcəkdi…
Əsirliyindən yarım saat danışandan sonra köks ötürdü.
- Həyatımın ən gözəl günləri
Almaniyada əsir olduğum günlər idi, - dedi, süpürgəni
götürüb otaqdan
çıxdı.
Paris, 11 aprel 1930
Sadiq Hidayət
Tərcümə edəni: Həmid
PİRİYEV
Ədəbiyyat qəzeti.- 2019.- 4 may.- S.32.