Salam, uşaq!

 

Uşaq ədəbiyyatında sevgi etirafı

 

Salam, uşaq! Bilirsənmi, mən hər zaman böyük sevginin tərəfdarı olmuşam. "Sevgi varsa, hər şey var!", - deyə düşünmüşəm. Elə mənim kimi düşünənlərin sayəsində, yəqin ki, Yer üzü bütün pisliklərə baxmayaraq, gülümsəyib, yaz gələndə çiçəklərə bürünüb, yay başlayanda uçuşan kəpənəklərlə qanadlanıb, payızda sarı-qırmızı yarpaq yağışında yuyunub, qışın bəmbəyaz qarına bürünüb. Bütün baş verənlərə rəğmən, gözlərini yumub sakit-səssiz yuxuya gedib. Məncə, bütün bunlar məhz sevginin varlığından doğan bəxtiyarlıqdır.

Uşaq ədəbiyyatı hər zaman böyük-kiçik sevgilərin etiraf  meydanı olub. Bəlkə , yanılıram. Kiçik sevgi olmur. Bütün böyük sevgilərin, desəm... Amma sevgi ölçüyəgəlməz ki... Onun çəkisi yoxdur. Bir damcı kimin ürəyinə düşsə, bir ümmana dönər, bitməz-tükənməz... Cəmi iki hekayəsi ilə tanıdığım Sem Makbratni, bəlkə , dünyanın ən gözəl sevgi hekayətlərini yaradan uşaq yazıçısıdır... "Bilirsən, səni necə sevirəm...". Yəqin ki, Yer üzündə bundan gözəl sevgi etirafı olmayıb: " Yatmaq vaxtı idi... Dovşan balası anasının uzun qulaqlarından bərk-bərk yapışıb üzünü  onun yanağına sürtdü. Sonra gözlərinin içinə baxdı. Anasının onu dinlədiyinə əmin olmaq istəyirdi:

- Ana, bilirsən, səni qədər sevirəm?

- Körpə balam, əlbəttə, bilmirəm. Haradan bilim?

- Mən səni bax, bu boyda sevirəmmmm! - Bala dovşan pəncələrini gücü gəldikcə yanlara doğru açdı.

Amma Ana dovşanın pəncələri daha böyük idi.

- Mənsə səni bax bu boyda.

"Ux, çox böyükdür", - Bala dovşan həyəcanlandı.

- Onda mən səni belə - bax, bu boyda, - deyə o, barmaqlarının ucunda dayanıb, var gücü ilə dartındı.

- Mən səni - bax belə, - Ana dovşan da barmaqlarının ucunda dayanıb dartındı.

"Ay aman, hündürdür, mən belə edə bilsəydim!".

Birdən Bala dovşanın ağlına maraqlı bir fikir gəldi. Qabaq pəncələri üstə qalxıb arxa pəncələrini ağacın gövdəsinə dirədi:

- Anacannnnn, mən səni arxa pəncələrimin dırnaqlarının ucuna qədər sevirəm.

- Elə mən səni sənin arxa pəncələrinin dırnaqlarının ucuna qədər sevirəm, - deyib, Ana dovşan pəncələrindən tutub balasını yuxarı qaldırdı.

- onda... Onda... Mən səni... Bilirsən, necə sevirəm? Bax belə, - bunu deyib, Bala dovşan talada hoppandı, diyirləndi.

Ana dovşan gülümsündü:

- Bax, mən səni belə, - o elə hoppandı ki, qulaqları ağacların budaqlarına dəydi.

"Gör bir necə tullanır. Başı ağaclara dəyir. Mən belə bacarmıram!".

- Ana, səni uzun-uzun, çox uzun - bu tala uzunluqda, ya da bizim yanımızdan çaya qədər sevirəm!

- Mən səni çaydan da o yana, bax o təpələrin o üzünə qədər...

"Çooox uzaqdır", - yuxulu Bala dovşan düşündü. Əsnədi. İşə bir bax, ağlına daha heç gəlmirdi. Birdən yuxarıda, kolluqların arasından boylanan Ayı ulduzlarla dolu böyük qapqara səmanı gördü. Tapdım... Səmadan uzaq heç yoxdur!

- Mən səni səmadakı Aya qədər sevirəm, - dedi gözlərini yumdu.

- Ay səni, gör bir gedib hara çıxdı, - Ana dovşan onu qucağına götürdü, qolları üstə alıb, yarpaq döşənmiş yatağına qoydu. Yanına uzanıb onu sinəsinə sıxdı. Yanağından öpüb pıçıldadı. - Balam, mən səni Aya qədər sevirəm... Aya Aydan Yerə qədər...".

Amma məqsədim tamam başqa bir əsər haqqında müfəssəl məlumat verməkdir. Bu, Sergey Kozlovun "Kirpi dumanda" əsəridir. Nağıl Bala kirpi ilə Ayı balasının nağılabənzər dostluğundan bəhs edir. Hər iki qəhrəman gözəlliyi görür qiymətləndirməyi bacarır. Onlar hər gecə kötüyün üstündə oturub çay içir ulduzları seyr edirlər: "Əgər mən hər gecə ulduzları silib parıldatmasam, onların işığı azalar", - deyə Bala kirpi düşünür.  Kötüyün sağ tərəfindəki ulduzlar Bala kirpinindir, sol tərəfindəki Ayı balasının. Onlar saatlarla oturub səmaya baxır. Sevgi ilə. Bu sevgidir onları dost edən, yaxınlaşdıran. Bu iki qəhrəmanın Dağ ilə dialoqu olduqca maraqlıdır:

-  Mən gözələm? - deyə Dağ soruşdu.

- Bəli, - Bala kirpi dedi.

- vaxt daha çox xoşunuza gəlirəm - səhər, yoxsa axşam? - Bax bu yerdə Ayı balası da anladı ki, danışan Dağdır.

- Mənim, səhər, - Ayı balası dedi.

- Niyə?

- Onda qarşıda bütün gün olur ...

- Bəs, Bala kirpi, sənin?

- Sən günəşi gizlədəndə kədərlənirəm, - Bala kirpi dedi, -  mən səni gecələr daha çox sevirəm".

Onlar ulduzları sevdikləri kimi, günəşi sevir. Onlar dostluq etməyi bacarır. Çünki aralarında bir-birinə böyük inam var: "İlk qarın üstü ilə Dovşan ilk dəfə Ayı balasıgilə getdi.

- Ayı balası, sən tanıdıqlarımın ən yaxşısısan. - Dovşan dedi.

- Bəs, Bala kirpi?

- O da yaxşıdır. Amma sən hamıdan yaxşısan! Bu gün yuxudan durdum anladım ki, - Dovşan dedi, - dünyada səndən yaxşısı yoxdur.

Bala kirpi gəldi.

- Salam, Ayı balası! - dedi. - Salam, Dovşan! Niyə evdə oturmusunuz? Bayırda qar yağıb e...

- Hazırlaşırdım sizə gələm. - Ayı balası dedi. - Bir gördüm o gəlir deyir ki, mən hamıdan yaxşıyam.

- Düz deyir, - Bala kirpi dedi. - Sən bilmirdin ki?".

Uşaq əsərlərindəki sevgi etirafı daha səmimidir, daha təmiz şəffafdır. Uşaq qəlbi kimi. Bu etirafda heç bir əlavə maraq hiylə yoxdur. Səmadan ələnən büllur yağış damcəlarına bənzəyir uşaq əsərlərindəki sevgi etirafı. etiraf etmək lazımdır ki, belə əsərlər nəinki uşaqların, hətta böyüklərin qəlbini, Sergey Kozlovun xəyalpərvər qəhrəmanı Bala kirpinin təbirincə desək, silib parıldadır. Bəlkə , uşaq əsərlərindən gələn saf sevgi etirafları olmasa, həyatda hər şeyin, Bala kirpinin düşündüyü kimi, işığı azalar. İşığın bol olsun, Uşaq!

 

Sevinc Nuruqızı

 

Ədəbiyyat qəzeti.- 2019.- 4 may.- S.30.