Kirpi dumanda

Əgər mən olmasam

 

Lap bir az sonra - ulduzlar doğacaq, Ay havada süzməyə başlayacaq və ləngər vura-vura payız tarlaların üzərinə enəcəkdi. Sonra Ay meşəyə nəzər salacaq, azca dayanacaq, ən yüksək küknarın təpəsində ilişib qalacaqdı. Bax elə buradaca onu Bala kirpi ilə Ayı balası görəcəkdi.

- Bax, - Bala kirpi deyəcəkdi.

- Oho, - Ayı balası deyəcəkdi.

Ay isə getdikcə lap hündürə qalxacaq və öz sönük parıltısını torpağa ələyəcəkdi.

Bu aydın və soyuq payız gecəsində həmişə belə olurdu. Və hər gecə Bala kirpi ilə Ayı balası gah onun, gah da bunun evində yığışır və söhbətləşirdilər, Dovşanın dili ilə desək, axşamlaşırdılar. 

Bax bu gün Bala kirpi Ayı balasına dedi:

- Nə yaxşı ki, biz bir-birimizin həyatında varıq! Sən təsəvvür et ki, mən yoxam, oturmusan və danışmağa bir kimsən yoxdur.

- Bəs sən haradasan?

- Mən yoxam.

- Belə olmur axı. - Ayı balası dedi.

- Mən də elə düşünürəm. - Bala kirpi dedi. - Birdən də... Birdən mən heç olmadım. Sən təksən. Nə edəcəksən?

- Gedərəm sənin yanına.

- Hara?

- Necə yəni hara? Evinə. Gedib deyərəm: "Bala kirpi, niyə gəlməmisən?". Sən də deyəcəksən...

- Axmaq. Əgər mən yoxamsa, nə deyə bilərəm?

- Əgər evdə deyilsənsə, deməli, mənim dalımca getmisən də. Qaça-qaça qayıdaram evə. Aaaa... Sən burdaymışsan? Və başlayaram...

- Nəyə?

- Deyinməyə.

- Nə üçün?

- Necə yəni nə üçün? Ona görə ki, sən sözləşdiyimiz kimi etməmisən.

- Necə sözləşmişik ki?

- Mən haradan bilim? Amma sən ya öz evində olmalısan, ya da, mənim evimdə.

- Axı mən heç yoxam. Anlayırsan?

- Axı sən burda oturmusan.

- Mən indi oturmuşam da. Əgər mən heç olmasam, harada otura bilərəm ki?

- Ya mənim evimdə, ya da sənin evində.

- Əgər mən olsam da.

- Hə də. - Ayı balası dedi.

- Amma əgər mən heç yoxamsa?

- Deməli, çayın kənarında oturub Aya baxırsan.

- Heç çayın kənarında da yoxam.

- Deməli, hara isə getmisən, hələ qayıtmamısan. Qaçıb bütün meşəni ələk-vələk edib səni taparam!

- Tutaq ki, meşəni ələk-vələk eləmisən, - Bala kirpi dedi. - Və tapmamısan.

- Qaçıb qonşu meşəni axtararam.

- Orada da yoxam.

- Dünyanın altını üstünə çevirərəm. Və taparam.

- Yoxam mən. Heç yerdə.

- Onda, onda... Tarlaya qaçaram, - Ayı balası dedi. - Qışqıraram: "Baa-laaa kir-piiii...". Və sən eşidib qışqırarsan: "Ayı ba-la-sııııı...". Belə.

- Yox da. Mən yoxam. Heç yoxam. Bir damcı da. Başa düşürsən?

- Nə istəyirsən məndən? - Ayı balası hirsləndi. - Sən yoxsansa, deməli, mən də yoxam. Anladın?

- Yox - sən varsan, amma mən yoxam.

Ayı balası susdu, qaşqabağını salladı.

- Hə, Ayı balası!

Ayı balası cavab vermədi. O, yalnız səmada ən yüksək nöqtəyə qalxıb oradan Bala kirpi ilə onun üzərinə buz kimi işığını ələyən Aya baxdı.

 

Sergey Kozlov

 

Ədəbiyyat qəzeti.- 2019.- 4 may.- S.30.