Əhməd Bədi Rəcəb oğlu Triniç
Mətbuat
səhifələrində, Azərbaycan teatrı ilə
bağlı, xüsusən 1920-30-cu illərə aid sənədlərdə,
adına tez-tez rast gəldiyim Əhməd
Bədi Triniçin adını ilk dəfə 2000-ci ildə
Azərbaycanın filosof şair-dramaturqu Hüseyn Cavid əfəndini
araşdırarkən duymuşdum. O zamankı ölkə
başçısı Mir Cəfər Bağırov Kommunist
Partiyasının XIII qurultayındakı illik hesabatında Triniçin
adını Cavidlə, Cavadla, Müşfiq və
başqaları ilə birlikdə çəkirdi: "Bir
baxın, Yazıçılar İttifaqında kimlər əyləşib.
Hazırda ifşa olunmuş Hüseyn Cavid, Əhməd Cavad,
Mikayıl Müşfiq, Əli Nazim, Böyükağa
Talıblı, Tağı Şahbazi, Əhməd Triniç
kimiləri...
XX əsr
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri,
M.C.Bağırovun "hazırda ifşa olunmuş" dediyi
bu şəxslərin hamısı az sonra repressiyaya məruz
qalmış, bəziləri yerindəcə güllələnmiş
və ya Sibirə sürgün edilmişdi. Ancaq bu adların
içərisində diqqətimi ən çox çəkən
Üsküpdən Bakıya qədər uzun bir yol - Türkiyə
- Suriya - Bitlis - Tbilisi - Kostromanı - qət etmiş Əhməd
Bədi Rəcəb oğlu Triniç idi. Niyə
məhz Triniç? - Birinci səbəb, Triniç
soyadına görə idi, çünki soyadı onun qeyri-millətdən
olmasının xəbərçisi idi. İkinci səbəb
isə, adının XX əsr Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndələri Əhməd Cavad,
Mikayıl Müşfiq, Əli Nazim, Böyükağa
Talıblı, Tağı Şahbazi, xüsusən də
Hüseyn Cavid əfəndi ilə yanaşı çəkilməsinə
görə. Bu səbəbdən Triniçin
kimliyi, Azərbaycanda məskunlaşma səbəbi,
buradakı fəaliyyəti və digər bir çox səbəblər
məni bir xeyli düşündürmüşdü.
Maraqlıdır
ki, adı Türkcü, Turancı Cavid əfəndi və digər
"ifşa edilmişlər"lə birlikdə çəkilməsinə
baxmayaraq, Əhməd Triniç Azərbaycan Yazarlar Birliyinin
müxtəlif vaxtlarda keçirdiyi qurultay, plenum və
iclaslarında iştirak və çıxışlar edib, hər
dəfə yazıçı və şairlər haqqında
sərt, kobud fikirlər söyləyib tənqid edib. Hətta
barışmaz, "sərt", "kobud"
danışıq tərzi ilə diqqətçəkən
Triniç həmin danışıqlarından birində daha
da coşaraq o qədər kobud ifadələrlə Hüseyn
Cavid Əfəndini tənqid edib ki... Onun dedikləri
tənqiddən cox təhqirə bənzəyir. Təbii
olaraq xalqın sevilən sənətkarına - Cavid əfəndiyə
bu qədər kobud sözlərlə hücum edən bir
şəxsə qarşı fikir və düşüncəm
o qədər də müsbət ola bilməzdi və hər
zaman bu "sərt", "kobud" sözlərin müəllifi
Triniç kimdir, - deyə arayışda idim. (Amma
unutmamaq lazımdır ki, o dövrün ab-havası bir
çoxlarını bu çür çıxışlar
etməyə məcbur buraxmışdı). 2010-cu ildə cəfakeş tədqiqatçı-alim,
Cavidlər ocağının mənəvi varisi A.Turanın
"Cavidnamə" və 2011-ci ildə fədakar tədqiqatçı,
arxiv bilicisi Aslan Kənanın böyük axtarışlar və
zəhməti sayəsində yazıb oxucuya təqdim etdiyi -
"XX əsrdə repressiyaya məruz qalanlar"
kitabını oxuyana qədər. XX əsrdə
repressiyaya məruz qalmış məğrur insanların faciəli,
faciəli olduğu qədər də şərəfli
taleyindən bəhs olunan bu iki kitabı oxuduqdan sonra
Triniç haqqında ətraflı məlumat
aldığımı düşünmüşdüm. "XX əsrdə repressiyaya məruz qalanlar"
kitabında Aslan Kənan "Əhməd Triniç xalq
düşmənidirmi?" - başlıqlı
yazısını bu sözlərlə başlayırdı:
"Milli Təhlükəsizlik Nazirliyinin arxivində
araşdırma apardığımız zaman Əhməd Bədi
Triniç Rəcəb oğlu haqqında tərtib olunmuş
qovluq diqqətimi cəlb etdi. Bu soyada mən Azərbaycan
Yazıçılar İttifaqının ayrı-ayrı
vaxtlarda keçirdiyi qurultaylarında, plenumlarında,
iclaslarındakı stenoqramlarda rast gəlirdim. O, hər
dəfə yazıçı və şairlər haqqında
etdiyi nitqlərində sərt, kobud, barışmaz bir
çıxışı ilə fərqlənirdi. Həmin çıxışlarının birində
Hüseyn Cavidi öz qaba sözləri ilə tənqid (əgər
bu çıxışa tənqid demək mümkünsə)
edəndə o zaman həmin müşavirəyə rəhbərlik
edənlər Ə.Triniçə nitqindəki kobud ifadələrə
görə irad tutmaq əvəzinə, ona haqq
qazandırır və çıxışını davam etdirməyə
şərait yaradırdılar. Hüseyn
Cavidə qarşı edilən bu haqsız
çıxışa görə Əhməd Tiriniç mənim
hafizəmdə kobud bir şəxs kimi
qalmışdı". Triniç
haqqındakı düşüncələrimiz demək olar
ki, A.Kənanla üst-üstə düşürdü.
Qeyd etmək lazımdır ki, Ə.B.Triniçin adı eyni
duyğularla Hüseyn Cavid tədqiqatçılarının əksəriyyətinin:
akademik R.Hüseynov, fədakar tədqiqatçı
A.Turanın və sonralar tədqiqatçı alim
Adıgözəl Məmmədovun əsərlərində
çəkilmışdır.
Sonralar hər
iki şəxs: Cavid əfəndi və Əhməd Bədi
Triniç, yəni tənqid edən də, tənqid edilən
də Stalin repressiyasının qurbanı olmuşdu. Hətta Əhməd Bədi Triniç Cavid əfəndidən
əvvəl həbs edilmiş, mühakimə edilmiş və
həbsxana kamerasında müəmmalı şəkildə
ölmüşdü. 70 illik bir zaman kəsimində
kimsə bu şəxslərin adını anmağa cəsarət
etməmiş, uzun illər Azərbaycan xalqı öz müstəqilliyini
bərpa edənə qədər, KQB arxivləri xalqa
bağlı saxlanmışdı.
1991-ci ildə Azərbaycanımız öz müstəqilliyini
bərpa etməklə xalqımız dil, din, söz mətbuat
azadlığı qazandı. Müstəqilliyin
verdiyi fürsətdən istifadə edərək yaxın
keçmişdə baş verənləri araşdırmaq
üçün KQB arxivlərinin qapısı aralandı.
Kim haqlı? Kim haqsız?
- suallarının cavabı uzun illər
gizli saxlanılan KQB arxivlərində
araşdırıldı. İllərlə bizi
məşğul edən sualların cavabı tapıldı (hələ
də məchullar olsa da). 1937-1939-cu illərdəki
repressiyalarda məhv edilmişlərin günahkar
olmadığını və milli düşüncə sahiblərinin
planlı şəkildə, "təmizləmə"
adı ilə məhv edildiyini öyrəndik. Doğrudur, bir çoxları 1956-cı ildə bəraət
alaraq günahsız olduqları sübut olundu, lakin uzun illər
Üsküplü Əhməd Bədi Rəcəb oğlu
Triniçə bu qismət olmadı. Triniç
bu ağır yükü çiyinlərində 1991-ci ilə
qədər daşıdı. Bəzi qaynaqlarda "Rəcəb
Əhməd Bedin", "Əhməd Bedin", "Əhmət
əfəndi", bəzilərində "Əhməd Bədi"
kimi keçən , milliyyətcə arnavut olan Əhməd Rəcəb
oğlu Triniç, əslində kimdir? Məhəmməd
Əmin Rəsulzadənin himayədarlıq etdiyi, Nuru
Paşanın yavəri olmuş, Türkiyənin Azərbaycandakı
səfiri "Məmduh Sevkət, İsmayıl Hikmət,
Hüseyn Cavid əfəndi, Cabbar Əfəndizadə" ilə
gizli şəkildə görüşən Triniç niyə
Türkiyəyə getməyib "Qafqazlı
qardaşları"nın yanında - Bakıda
qalmışdı? Makedoniyanın Üsküp
şəhəri hara, Bakı hara?
1893-cü ildə Albaniyanın (indiki Makedoniya)
Üsküp şəhərində, arnavut ailəsində
anadan olan Əhməd Bədi Rəcəb oğlu Triniç
kiçik yaşda atasını itirib. Əhmədin
ikinci dəfə ailə quran anası həyat yoldaşı
ilə Serbiyanın İskut şəhərinə
köçüb. Əhmədi və
kiçik bacısını ata nənə-babası himayəsinə
alır. Balkan müharibəsi
başladığından (1912) ailə (nənə-baba)
İstanbula köçür. İstanbulda
Əhməd Balkan köçkünü kimi hökumət təqaüdü
alaraq təhsil alır. Birinci Dünya
müharibəsində Əhməd Triniç hərbi məktəbə
qəbul edilir. Triniçin olduğu hərbi alay Dardaneldən Suriyaya, sonra Bitlisə göndərilir.
Burada ruslar tərəfindən əsir alınır
(1916-1917). O, əvvəl Tiflisə, sonra isə Kostroma
quberniyasının Narıxta şəhərindəki əsir
düşərgəsinə göndərilir. Burada
Azərbaycan türkləri ilə əlaqələr qurur.
Bolşeviklər 1917-ci ilin oktyabrında inqilabi
çevrilişlə hakimiyyəti ələ aldıqda
Triniç millətcə Laz olan dostu Zyugdi ilə əsir
düşərgəsindən Bakıya qaçır. O,
Bakıya çatar-çatmaz, qatar
vağzalından birbaşa Məhəmməd Əmin Rəsulzadənin
baş redaktoru olduğu "Açıq söz" qəzetinin
redaksiyasına gəlir. Sonralar, Əhməd Bədi
Trinçin 16 yanvar 1936-cı il tarixli
soruşdurması zamanı hazırlanan sənəddə
yazılır: "1915-ci ilin sonlarında
"praporşik" (zabit-gizir) kimi
"İldırım" adlı diviziyada qulluq edib. Triniç bir neçə dəfə ruslar tərəfindən
əsir alınsa da, sarışın olduğundan onu alman
bilib zabitlərdən ayırırlar. Sonradan
Triniçin alman olmadığını öyrənirlər.
Əhmədi də əsir düşərgəsinə
salıb işgəncə verirlər. M.Ə.Rəsulzadənin
ricası ilə "Xeyriyyə cəmiyyəti"ndən
redaksiyaya gələn bir şəxs A.Triniçi
götürüb hamama aparır və ona tatarların
paltarlarından geyindirir. Həmin şəxs
sonra onu "Təbriz" hotelinə yerləşdirir".
Əslində, Triniçin Bakıya gəlməkdə məqsədi
Türkiyəyə dönmək imiş. Bunun
üçün M.Ə.Rəsulzadədən kömək istəyir.
Rəsulzadə Triniçi o zaman Türk
Ordusunun Hərbi naziri sayılan Ruşeni bəyin yanına
göndərir. Ancaq Ruşeni bəy, ona
icazə vermir. Bu dəfə Bakıda
yaşamağa məcbur olan Ə.Triniç, evlərdə
türk dili dərsləri verərək çörəkpulu
qazanmağa başlayır. Stepan
Şaumyanın Bakıda yaratdığı oyuncaq Bakı
Komunasının birlikləri 1918-ci ilin mart ayında müsəlmanları
soyqırım edən zaman Bakıda olan Triniç
İsmailiyyədə keçirilən mitinqdə
çıxış edir və müsəlmanları qətl
edən ermənilərə qarşı döyüşür
və bu səbəbdən ermənilərin təqibinə məruz
qalan Triniç, Dağıstana getmək məcburiyyətində
qalır. Bir müddətdən sonra, Dağıstandan
Yelizavetpol şəhərinə gedərkən Ruşeni bəy
tərəfindən həbs olunub, bolşeviklərə
casusluqda ittiham olunan Triniç ölümə məhkum
edilir. Hökmün qüvvəyə mindiyi zaman birdən
Əli Bəy Zizikski irəli çıxır və
Ruşeni bəyə deyir: "Əlimizi onun qanına bulaşdırmayaq.
Qoy türklər özləri gəlib onun dərsini versin!". Beləliklə, Trinic
ölümdən qurtulur. Bu zaman May 1918-ci
ildə xilaskarlıq missiyası ilə Gəncəyə gəlmiş
Türkiyə Qafqaz Ordusunun Baş komandiri Nuru Paşanın əmri
ilə Dağıstanda əsir alınmış bütün
Türk əsgərlərinin səfərbəyliyə
alınması başlayır. Triniç də
Bakıya dönür. Ruşeni bəy isə
Nuru Paşa tərəfindən həbs edilir.
XX əsrin əvvəllərində gedən məfkurə
mübarizələri milli düşüncənin, milli, mədəni
və mənəvi inkişafın parlaq tarixi təzahürü
ilə - 1918-ci ilin əvvəllərində Azərbaycanda
Cümhuriyyətin qurulması ilə nəticələnir (təəssüf
ki, bu, Sovetlərin Azərbaycanı işğalına -
"qırmızı qaranlıqlara qədər" davam
edir.
1919-cu ildə "İttihad" partiyası"na
üzv olan Əhməd Triniç və onu ölümdən
qurtaran, yaxın dostu Əli bəy Zizikski Cümhuriyyət
dövründə də fəaliyyət göstərirlər. Əli bəy
Zizikski Bakı qubernatorunun yardımçısı və Azərbaycan
Parlamentinin millət vəkili idi. 18 Fevral
1919-cu ildə Parlamentdə "Təhlükəsizlik qrupunun
yaradılması haqqında" qanun qəbul edildikdən
sonra 200 nəfərlik təhlükəsizlik qrupunda
Triniç də olur və qrupa təlim keçir. Bunun üçün "İttihad"
partiyasının üzvü, alban - Əhməd Triniç
parlamentə məktubla müraciət edir (qeyd edək ki, məktub
Triniçin Azərbaycanda nə ilə məşğul
olduğunu öyrənmək üçün dəyərlidir).
Məktubda yazılır: "Azərbaycan Parlamentinin sədrinə.
Zati-aliləri,
möhtərəm əfəndi! Mən Türk
ordusu subaylarından biriyəm. 1333-cü
ildə (hicri təqvimi ilə) əsirlikdən qurtularaq
Bakıya gəlmişəm. Bakı Milli
Şurasının razılığı ilə müsəlman
hərb məktəbinə öyrətmən təyin
olunmuşam. Məlum Mart
qırğınından sonra Xırdalanda döyüşlərə
qatılmışam. Qubada
könüllülərdən ibarət dəstə yaradaraq,
Türk əsgərlərinin Zaqafqaziyaya daxil olmasınadək
bolşeviklərə qarşı vuruşmuşam. Türk əsgərləri Azərbaycanda olanda isə
rəsmən Quba əsgərlərinə başqan təyin
edilmişəm. Quba bolşevikləri tamamən
hərbi qüvvələri ilə birlikdə əsir
alındıqdan sonra mən vəzifədə irəli çəkilərək
Qubada əsgəri təmsilçi və komendant təyin
olundum. Batumda digər əsgəri birliklərlə
birlikdə bizim birliyimiz də taburçu edildi və mən
ordumu döyüşçülərimlə birlikdə tərk
etdim. Qafqazlı qardaşlarım tərəfindən
səmimiyyətlə qarşılandığım
üçün yenidən Bakıya dönməyə qərar
verdim. Parlamentin bir təhlükəsizlik dəstəsi
yaratması ilə bağlı xəbərləri oxuyuram və
mən sizə bu dəstəni təşkil etməyə icazə
verməyinizi xahiş edirəm.
Əhməd Bədi, Qubanın köhnə komandiri".
İcazədən sonra milis dəstəsinə
yazılan Triniç Azərbaycanda yeni yaradılan milis dəstələrinə
hərbi təlim keçir. Məktubdan, Əhməd
Triniçin bolşeviklərə və ermənilərə
qarşı necə mübarizə etdiyini, Qubanın xilas edilməsində
böyük xidmətləri olduğunu öyrənirik. Öyrənirik ki, müsəlmanlara qənim kəsilən
ermənilərə də Triniç qənim kəsilib.
Özünə Əli bəy Zizikski kimi dost qazanan
Triniç, xarici qüvvələrin təzyiqi ilə türk
qoşunları Azərbaycanı tərk edəndə Azərbaycandan
ayrılmayıb, "Qafqazlı qardaşları" ilə
qalıb. Bakıda "İttihad" qəzetində
işə başlayıb. 1920-ci il
aprelin 28-də "Azərbaycan füqərası" qəzetində
işləyən Triniç daha sonra "Kommunist" qəzetinin
baş redaktoru olub. Əhməd Bədi
Triniç Azərbaycan Dram Teatrı, Azərbaycan
Konservatoriyası və Azərbaycan Dövlət Nəşriyyatının
direktoru kimi vəzifələrdə çalışıb.
Filosof Heydər Hüseynovun qızı Sara
xanım xatirələrində "Ə.Triniçin BDU-da
atasına dərs dediyindən" bəhs edib, yəni
Triniç, həm də pedaqoji fəaliyyətlə də məşğul
olub.
Davamı
gələn sayımızda
Lütviyyə Əsgərzadə
Ədəbiyyat qəzeti.- 2019.- 4 may.- S.27.