Yüz əlli il əvvəl
yadında varmı
yovşan qoxuyurdu o ot tayası…
Payız şeiri
Yarpaqlar
saraldı, soldu, bozardı...
Bir vaxt bu xəzəl
də bir laləzardı...
Payızlar gələndə şeir
yazardım,
Ürəyim bomboşdu niyə
- bilmirəm...
Daha payızları
duya bilmirəm.
Yarpaqlar
hər yandan yağır üstümə
O tək buludu da çağır üstümə...
Ağaclar əyilir cığır
üstünə -
əyilir yarpağa,
suya - bilmirəm
Daha payızları
duya bilmirəm.
Öpür
üz-gözümdən uçan yarpaqlar,
ağacdan inciyib qaçan yarpaqlar...
...Bəs fidan ümidlər haçan
yarpaqlar,
haçan boylanarlar
göyə - bilmirəm.
Daha payızları
duya bilmirəm.
Bu
payız heç kimin sözünə baxmır,
Yalanına baxmır, düzünə
baxmır...
Bu payız mənim də üzümə
baxmır
Ha desəm payızdan doya bilmirəm...
Daha payızları duya bilmirəm...
Hər
payız bir ömrə baş vurur yenə,
Eh, hələ qarşıda qış durur yenə...
Ömrün payızımı çaşdırır
məni -
Etiraf eləyə, deyə bilmirəm...
Daha payızları duya bilmirəm...
Bu gecə
Yuxusuz
şəhərdə yuxusuz külək
Gəzir
küçələri veyillənərək...
Gəlin
paltarının düymələritək
bu gecə dartınır səhərə
doğru.
Yuxusuz
adamlar gecəni yorur
Yuxusuz işıqlar
küçəni yorur.
Qırmızı işıqda keçəni
görüb
Bu gecə dartınır
səhərə doğru.
Gecə
var yüngüldü, quş kimi uçur
Gecə var gözünü zülümlə açır.
...Bir cüt əxlaqsızın
əlindən qaçıb
bu gecə dartınır səhərə
doğru.
O qədər
yüklənib yük çəkə bilmir,
nəfəsi təngiyir,
tək çəkə
bilmir.
Minirlər, deyirlər çək,
çəkə bilmir,
bu gecə dartınır səhərə
doğru.
Bu gecə
dartınır burax da getsin,
nə haqla gəlmişdi o haqla getsin...
...Oxunmuş kitabtək varaqla getsin -
bu gecə dartınır səhərə
doğru.
Yadında varmı...
Düz əlli
il əvvəl, ya yüz il əvvəl,
Yüz əlli il
əvvəl, ya yüz il əvvəl
yadında varmı
bir kənd kənarında alçaqdan
bir ev,
divarı samanlı
palçıqdan bir
ev
evin arxasında bir ot tayası...
O ot tayasında düz yüz il əvvəl
Sənin
quzun üçün
ot oğurladım.
(Sənin sözün üçün ot
oğurladım,
sənin gözün
üçün ot
oğurladım,
gözünü, sözünü
sevirdim çünki)
Elə o gündən
də yaman sevindim.
Elə o
gündən də o ot tayası
döndü bizim üçün görüş
yerinə -
tayanın altında
yuvamız oldu.
Yuvamız da döndü döyüş yerinə
bir öpüş üstündə davamız
oldu...
Yüz əlli
il əvvəl yadında varmı
yovşan qoxuyurdu
o ot tayası.
Biz göz-gözə durub sakit baxanda
Nəğmə oxuyurdu o ot tayası...
Düz əlli
il əvvəl, ya yüz il əvvəl
yadında varmı
Gündoğanı vardı ot tayasının,
günbatanı vardı
ot tayasının...
səni qarşılardım
gündoğanında,
Səni
ötürərdim günbatanında
-
Səni
axtarardı atan-anangil...
(Sənin o ananın, lap
atanın da!..)
Yüz əlli
il əvvəl yadında varmı
Taya azaldıqca
quzu böyüdü.
Quzu böyüdükcə
biz də böyüdük.
Sizdən
bizə gələn iz də böyüdü,
bizdən sizə
gedən iz də
böyüdü...
Taya azaldıqca, iz böyüdükcə
söhbət də böyüdü, söz də
böyüdü...
Düz əlli il
əvvəl, ya yüz il əvvəl
hayıf ki, o taya, o ot tayası,
o arzu tayası, murad tayası,
o yovşan qoxusu yaza qalmadı...
Yaza nə qaldısa yadımdan çıxıb,
yazda nə oldusa yadımdan
çıxıb.
Düz əlli il
əvvəl, ya yüz il əvvəl
az zaman deyil...
Bəs sənin, bəs sənin yadında varmı...
O sevgi bir şirin
nağıldı...
Daha bu
qapını döyənim gəlməz,
Boynuma sarılıb
öyənim gəlməz.
Daha o nağılı deyənim
gəlməz...
O sevgi bir şirin
nağıldı qaldı...
Yazı
gözləmədi, qış oldu getdi,
Uçdu
əllərimdən quş
oldu getdi...
Mən dedim bircəmsən, beş oldu getdi...
O sevgi bir şirin
nağıldı qaldı...
İşıqlı
yolumu duman eylədi,
Yaxşı deyə-deyə yaman eylədi.
Dedi neylədisə, zaman eylədi...
O sevgi bir şirin
nağıldı qaldı...
Yaylaq
ürəyimdə yayladı getdi,
Hissimlə-duyğumla oynadı getdi.
Mənə nə nağıllar
söylədi getdi...
O sevgi bir şirin
nağıldı qaldı...
Göydə
göyüm vardı göyümdən oldum,
İlimdən gen düşdüm, ayımdan oldum.
Eh, daha nə fərqi
nəyimdən oldum...
O sevgi bir şirin
nağıldı qaldı...
...Bir az fikirliyəm, bir az da qəmli,
Bir az da gecələr gözləri nəmli...
Bir onu bilirəm, eh, o sənəmli
O sevgi bir şirin
nağıldı qaldı...
Məktub
Əlim salam deyir bulud zülfünə,
Əlim
salam deyir
sinənə sənin;
Desəm
də o qızın
unut zülfünü,
Desəm
də qoymaram dünənə səni...
Saçım
əllərini soruşur hər gün
Gözüm gözlərinə salam göndərir.
Yoxluğun işimə qarışır
hər gün,
Ümid də bu yandan
yalan göndərir.
Əlimi
danlayıb deyirəm bəsdi,
O zülf o zamandan unudub səni;
Titrəyib gəzməyin saçları
üstə
bir sərxoş əl kimi tanıdıb səni.
Bir əlim
yerdədir, bir əlim göydə -
üstümə gəlmirlər
qorxularından.
Sən də saçlarına, zülfünə söylə
gəlməsin əlimin yuxularına...
Və birdən...
Daha cavan
deyiləm
Gücüm də yox uçmağa,
Tənhalıqdan qaçmağa...
Nola bir gün yenə
də
zəng eləyə çinarlar,
məktub yaza söyüdlər...
Birdən
qapım döyülə
gedəm qapı
açmağa
mən titrəyə-titrəyə,
mən əyilə-əyilə...
Birdən
qapım döyülə
və birdən...
sən gələsən!..
...Küləklər
pəncərəmi
döyə-döyə qışqıra,
deyə-deyə qışqıra:
O qız burdan keçdi gəl!
Söyə-söyə qışqıra:
O qız bur-dan keç-di gəll!..
Əllərim əsə-əsə
mən
qapıya tələsəm
və birdən...
sən gələsən!..
...Beləcə,
gündüz-gecə
aldadıram özümü.
Qapıdan, pəncərədən
Çəkəmmirəm gözümü...
Nola bir gün yenə
də
zəng eləyə çinarlar,
məktub yaza söyüdlər...
Birdən
qapım döyülə
və birdən...
eh, nə birdən...
Telman Nəzərli
Ədəbiyyat qəzeti.- 2019.-
4 may.- S.23.