Edamdan sonra başlanan həyat
Nəsiminin
anadan olmasının 650 illik yubileyinin qeyd edilməsi
haqqında möhtərəm Prezidentimiz İlham Əliyevin 15
noyabr 2018-ci il tarixli Sərəncamı və Azərbaycan
Respublikasında 2019-cu ilin "Nəsimi ili" elan edilməsi
haqqında 11 yanvar 2019-cu il tarixli Sərəncamı
işığında alimlərimiz sanballı, müxtəlif
səpgili əsərlər yaratmaqdadırlar. Akademiklər
Rafael Hüseynov, İsa Həbibbəyli, Teymur Kərimli və
Möhsün Nağısoyun silsilə yazıları, akademik
Zemfira Səfərovanın məqaləsi, şərqşünas
alim Firudin Qurbansoyun "İmadəddin Nəsimi"
monoqrafiyası, Vaqif Aslan, Sayman Aruz, İslam Sadıq və
başqalarının əsərləri bu qəbildəndir.
Yüksək
bəşəri humanizmi ilə dünya şöhrəti
qazanmış anadilli poeziyamızda fəlsəfi qəzəlin
və qəsidənin, aşıq
yaradıcılığında qıfılbənd deyişmələrin,
"Əlif-lam" və "Tərs əlifba"nın
banisi, qoşma və divani kimi janrların poetik təkamülündə
müstəsna rolu olan, Azərbaycan ədəbiyyatı tarixində
müstəzad, mürəbbe və tərcibəndlərin ilk
nümunələrini yaradan dahi şairimiz Nəsimi
haqqında, onun poeziyasının ideya-bədii siqləti barədə
bundan sonra da tədqiqatlar aparılacaqdır.
Nəsimi irsinin böyük masştabda dövriyyəyə
gəldiyi çağdaş günlərimizdə onun faciəvi
taleyi haqqında mübahisə və mülahizələr səngimək
bilmir. Təəssüflə
qeyd etməliyəm ki, şairin din xadimlərinin xüsusi fətvası
əsasında amansızcasına qətlə yetirilməsi və
dərisinin diri-diri soyulması, xəlifənin göstərişi
ilə şairin bütün yazılarının
yandırılması, adda-budda dövrümüzə qədər
gəlib çatanı da... Sovet vaxtı "ədəbiyyatşünaslar"ının
təhrif etməyə başlaması, şairi ateist kimi qələmə
vermələri və s. barədə bəzi məqalə
müəlliflərinin qənaətləri
yanlışdır. O cümlədən yaxın günlərdə
mətbuatdan tanış olduğum
"İki cahana sığmayan şair" adlı məqalə
müəllifinin fikirləri... Hər şeydən
əvvəl onu deyək ki, Misir sultanı Müəyyədin
Nəsiminin edamı barədə əmrində şairin əsərlərinin
yandırılması barədə heç nə yoxdur. Şairin dünya kitabxanalarında və muzeylərində
saxlanılan 50-dən artıq əlyazmasının olması,
Cahangir Qəhrəmanovun üç cilddə ərəb əlifbasında,
orijinalda olduğu kimi tərtib etdiyi "İmadəddin Nəsimi.
Əsərləri. (Bakı,
1973)" və Həmid Araslının tərtib etdiyi
"İmadəddin Nəsimi. Seçilmiş
əsərləri. (Bakı, 1973, 676 səh.)"
əsərləri məqalə müəllifinin
fikrini alt-üst edir.
Şairin ateist kimi qələmə verilməsi məsələsinə
gəlincə, yuxarıda adı çəkilən məqalənin
müəllifinə tövsiyə edərdik ki, görkəmli
ədəbiyyatşünas alimimiz Mirzağa Quluzadənin
"Böyük ideallar şairi" kitabını oxusun. Alim yazır: "Nəsimi
obyektiv dünyanı, real həyatı təsdiq edən bir
şairdir, bu mənada o, bir mütəfəkkir kimi materialist
dünyagörüşünə yaxınlaşır.
Nəsimini materialist və ateist şair kimi qiymətləndirmək
səhvdir. Nəsimi ateist deyildir. (Bax: "Böyük
ideallar şairi". Bakı, Gənclik, 1973,
s.136-137)".
Bunu Misir sultanının əmrindən də, din xadimlərinin
şairin edamına fətva verməməsindən də
görmək olur.
O ki
qaldı, şairin din xadimlərinin fətvası əsasında
qətlə yetirilməsi və dərisinin diri-diri
soyulması məsələsinə, bununla bağlı
fikrimizi bir daha bildirmək və şairin qətlindən on il sonra baş verən tarixi əhəmiyyətli
bir məsələni gündəmə gətirməkdir. Bunun üçün mütləq keçmişə
ekskurs etmək zərurəti ortaya çıxır.
Taledən gələn ömür payımda bir çox
ölkələrdə olmuş, səfər qeydləri və
hətta kitablar da yazmışam. Lakin 2008-ci ilin 10-17
noyabrında Suriyaya səfərimizi əhəmiyyətinə
görə heç bir səfərlə müqayisə etmək
olmaz.
Biz Suriyaya Azərbaycan Prezidenti cənab İlham Əliyevin
təşəbbüsü və tapşırığı
ilə Azərbaycan səfirliyinin uğurla həyata
keçirməkdə olduğu müqəddəs bir işin
yerinə yetirilməsinə yardımçı olmaq amacı
ilə getmişdik.
Nümayəndə
heyətinə Mədəniyyət və Turizm Nazirliyinin
şöbə müdiri Fikrət Babayev, memar Rüstəm
Muxtarov, bərpaçı Telman Kərimli, Milli Elmlər
Akademiyasından akad. Bəkir Nəbiyev, prof. Teymur Kərimli,
f.e.n. Səadət Şıxıyeva və mən daxil idik.
Fikrət Babayev və memarlar suriyalı həmkarları
ilə Nəsiminin məqbərəsinin və məscidin bərpası
üçün variantlar üzərində işlədilər. Biz isə Nəsimiyə həsr
olunmuş Beynəlxalq
konfransda iştirak etdik.
Konfransın
ikinci günü ilk məruzə ilə mən
çıxış etdim: "Nəsiminin İraq Divanı və
şairin həyat və yaradıcılığına yeni
baxış" mövzusunda məruzəmdə göstərdim
ki, Nəsiminin Divanının İraq nüsxəsi üzərində
tədqiqat apararkən qəribə bir mənzərənin
şahidi olmuşdum. Divan nüsxəsində yer alan 400-ə qədər şeirin üçdəbir
hissəsindən çoxu Allaha, İslam dininə, Peyğəmbərimizə
və başqa müqəddəslərə həsr olunub. Sovet dönəmində bu barədə söz
açmaq asan deyildi. Odur ki, kitabda
onların yalnız ilk və son beytlərini verə
bilmişdim. (Bax: İmadəddin Nəsimi. İraq Divanı. Bakı,
"Yazıçı", 1987, s. 256-279).
Bu şeirlərdən belə qənaətə gəlmək
olur ki, Nəsiminin Allaha sevgisi hüdudsuzdur. Belə olan
halda onun allahsızlıqda təqsirli bilinərək qətlə
yetirilməsi nə qədər inandırıcıdır?
Apardığımız tədqiqatlar bizim
haqlı olduğumuzu sübut etdi. Hələb
canişini Yəşbək Abdulla əl-Yusifinin israrla
şairin ölümünə fətva verilməsini tələb
etməsinə baxmayaraq, Hələb qaziləri fətvadan
imtina etmişdilər. Bəlkə bu
işdə şairin dini şeirləri də onların
dadına çatmışdı, bilmirəm. Gün kimi
aydındır ki, Nəsimi kafirlikdə suçlu bilinərək
edam edilsəydi, məsciddə dəfn
olunmazdı, ona məqbərə tikilməzdi. Türbəsi
ziyarətgaha çevrilməzdi. Adına
küçə qoyulmazdı, təkyəsi olmazdı. Təkyənin
üstündə "Həzrət Nəsimi", türbəsinin
üstündə "Şeyx Nəsimi", "Allahın dostu"
yazılmazdı.
Mən
danışdıqca hiss edirdim ki, mənimlə yanaşı
oturan Hələb müftisi dr.Mahmud Əkkam həyəcan
keçirir. Narahat oldum. Fikirləşdim
ki, bəlkə mənimlə razılaşmır. Lakin belə deyilmiş. Burada
xüsusi vurğulamağa dəyər ki, elə müftinin
konfransda iştirakının özü Nəsiminin ruhuna
böyük ehtiram idi. Lakin o, məndən
sonra "Nəsimi və sufilik" mövzusunda maraqla
qarşılanan məruzə etdi. Dr.Mahmud Əkkam məruzəyə
başlamazdan əvvəl dedi: "Prof. Paşayevin məruzəsindən
çox təsirləndim. Nəsiminin
başına gətirilən bəlalara, ona verilən işgəncələrə
görə üzr istəyirəm. Bu, hələblilərin
işi deyildi, Hələbdəki gəlmələrin və
onların havadarlarının işi idi. Təsəllini
onda tapırıq ki, Hələb Nəsimini öz oğlu kimi
qoynunda uyutdu və bu gün də uyudur. Mən
Nəsimiyə həmişə dua oxuyuram. Çünki o, haqq yolunda şəhid olub. Haqsız işgəncələrə məruz
qalıb. Yaradandan təmənna edirəm
ruhu şad olsun. Bu gün də həmişə
olduğu kimi, Hələbdə şairin adı ehtiramla yad
edilir, ona işgəncə verənlər lənətlənir".
Tarixi əhəmiyyətini
nəzərə alaraq dr. Əkkamın
"Üzrxahlıq"ını burada bütövlükdə
verməyi zəruri saydıq: "Möhtərəm
qardaşlar! 591 il bundan öncə bəşər
tarixində ən faciəli hadisələrdən biri baş
vermiş, Azərbaycanın böyük şairi və
filosofu, parlaq istedad sahibi olan mütəsəvvüf Vəli
ul-İlah (Allahın dostu) Seyyid Əli İmad əd-Din Nəsimi
vəhşicəsinə edam olunmuşdur.
Bu gün
biz xəcalət çəkirik ki, bu müdhiş faciə
tarixə bizim Hələb
şəhərinin adı ilə bir yerdə
düşmüşdür. Doğrudur, həmin faciə şəhərimizdə
hökmranlıq edən əcnəbilər və onların
havadarları tərəfindən törədilmişdir, lakin
Nəsiminin günahsız qanı məhz burada
axıdıldığı üçün mən, müasir
Hələbin dini icmasının rəhbəri kimi, sizdən
dönə-dönə üzr istəyirəm!
Mən çox vaxt dindaşların önündə
xütbə oxuyanda Nəsiminin acınacaqlı taleyini də
yada salır, ona Allahdan rəhmətlər diləyir, ruhuna
dualar səsləndirirəm.
Tarixi-elmi
mənbələrdə öz əksini tapmış məlumata
görə, bu edamdan on il sonra Hələb
məhkəməsi işə yenidən baxıb əvvəlki
ədalətsiz hökmü ləğv etmiş, artıq tarixə
qovuşan şairə, gec də olsa, bəraət vermişdir.
Bununla belə, bu gün mən sizdən üzr istəməyə
daxili, mənəvi ehtiyac duydum və acizanə təvəqqe
edirəm ki, mənim üzrxahlığımı qəbul
edib bütün Azərbaycan xalqına
çatdırasınız. Bu, tək mənim yox,
cəmi Hələb müsəlmanlarının
xahişidir".
Dr.Mahmud
ƏKKAM
Hələb
şəhər müftisi
Suriya
Ərəb Cümhuriyyəti, Hələb şəhəri,
Beynəlxalq Nəsimi forumunda oxunan məruzədən.
12 noyabr,
2008-ci il
"Üzrxahlıq"ın ərəb dilindən tərcüməsi
Hacı Firudin Qurbansoyun "İmadəddin Nəsimi"
(Bakı, "Elm", 2019, səh.128-129) kitabından
götürülmüşdür.
Görünür,
Hacı Firudin rəsmi sənəd adlandırdığı
"Üzrxahlıq" kitabını çapda olan vaxt əldə
edib və "Lap axırda bu rəsmi sənədi şərhsiz
təqdim edirəm" yazmaqla kifayətlənib.
Həqiqətən də Nəsiminin başına gətirilən
bəlalar gəlmələr və onların
havadarlarının işi idi. Nəsiminin məhkəməsi
bunu açıq şəkildə göstərir.
Şairin məhkəməsi Hələbin şeyxi, naibi
və qazılar qazısının və rəsmi qəbul
olunmuş məzhəblərin (hənəfilik, malikilik,
şafilik, hənbəlilik) dördünün də nümayəndələrinin
iştirakı ilə keçirilib. İttiham ilə hənəfilərin
qazılar qazısı İbn əş-Şənqaşı
çıxış edib. Hələbin naibi Yəşbək
üzünü Nəsimiyə tutaraq: "Deyilənləri
inkar edə bilməsən, səni öldürəcəm"
- deyir. Bu sözləri eşitcək İbn əş-Şənqaşi
Yəşbəkin məkrli niyyətini anlayır və ittihamdan
imtina edir.
Hənbəlilər şeyxi Şihabəddin ibn Hilal məhkəmənin
pozulduğunu görərək malikilərin qazısı Fətxəddindən
yuxarı başa keçir, Nəsiminin öldürülməsi
barədə yazılı fətva verir və Nəsiminin
tövbəsinin qəbul olunmayacağını qeyd edir. Nəsimi "kəlmeyi-şəhadət"
alıb deyilənləri rədd edir. Məclisdə əyləşən
din xadimləri qazı və alimlər fətva ilə tanış olduqdan sonra onun əsassız
olduğunu və güman ki, şairin bənzərsiz dini
şeirlərini nəzərə alaraq fətvanı qəbul
etməyiblər. Qazılar qazısı Fətxəddin
Şihabəddinə deyib: "Qazı və üləmalar səninlə
razı olmadığı halda, mən sənin sözünlə
durub ona necə ölüm kəsə bilərəm?".
Suriyalı tədqiqatçı Bəkir ən-Nasirin
göstərdiyi kimi, Şeyx Kamil əl-İzzinin Hələbin
tarixindən bəhs edən böyükhəcmli "Nəhr əz-zəhəb"
("Qızıl çayı") əsərində Nəsiminin
həyatı və məhkəməsi barədə qiymətli
məlumat vardır. Əsərin III cildində oxumaq olur: "Əmir Yəşbək
hər dörd məzhəbin qazılarından tələb
etmişdi ki, Nəsimini ölümə məhkum etsinlər.
Baş qazı: "Nəsimi əmirin istəyinə əsasən
mühakimə olunur desə də,
qazılar və üləmalar şairin küfrdə təqsirləndirilməsi
barədə qərara gələ bilməyiblər".
Vəziyyətin
gözlənilməz məcraya döndüyünü görən
Hələb canişini Yəşbək tez işə
qarışıb: "Sultan nəticəni ona
bildirməyi, Nəsimi haqqında veriləcək göstərişi
gözləməyi əmr etdi". Məclis
dağılıb. Misirdən
Sultan Müəyyəddən cavab gələnə qədər
şairi zindanda saxlayıblar.
Çox keçmir ki, Sultan Müəyyəddən əmr
gəlir. Əmrə əsasən, şairin boynunu vurub dərisini
soyaraq cəsədini çarmıxa çəkirlər.
Əmrdə xüsusi vurğulanırdı:
"Carçı car çəksin. Hələbdə
yeddi gün göstərilsin. Sonra da əl-ayağı kəsilsin,
bir parçası Zülqədər oğlu Əlibəyə,
qardaşı Nəsirəddin və Osman Qarayölükə
göndərilsin; çünki Nəsimi onların
inanclarını (etiqadlarını)
pozmuşdur. Bunun üzərinə Nəsimi
öldürülür".
Zülqədər oğlu Əlibəy və
qardaşı Nəsirəddin Qaraqoyunlu türkman
tayfalarının, Osman Qarayölük isə Ağqoyunlu
türkman tayfa ittifaqının başçısı idi
(1394-1434). Ağqoyunluların paytaxtı Diyarbəkir idi. Onlar Osmanlı sultanlığının, o cümlədən
də Osmanlı imperiyasına tabe olan Misir sultanı Müəyyədin
siyasi düşmənləri idilər. Osman
Qarayölük 1399-cu ildə osmanlılara qarşı
müharibədə Teymurun tərəfinə keçmiş və
hətta Sivası istila etmişdi. Hələ
bu azmış kimi, 1411-ci ildə Qaraqoyunlular Bağdadı
tutdu.
Guya onları Nəsimi yoldan
çıxarmışdı. Həqiqət naminə
deməliyik ki, Nəsimi Ağqoyunlu və Qaraqoyunluların
yeritdiyi siyasəti dəstəkləyirdi. Sultan
Müəyyəd isə Nəsiminin xalq arasında
böyük nüfuza malik olmasından xəbərdar idi.
Sultan Müəyyəd, güman ki, Türkiyənin lap sərhədində
olan Hələbdə Nəsiminin türkmanları (o vaxt
Şamla Hələb arasında Qara Türkman
xanlığı vardı - Q.P.) ona qarşı
qaldıracağından çəkinib. Onun Nəsimini
aradan götürməyə rəvac verməsi bəlkə də
bu xofla bağlı olmuşdur. Lakin Sultan
Müəyyədin əmrindən göründüyü kimi,
Nəsimi dinə qarşı təqsirli bilinərək
öldürülməyib. Sultan Hələb
şeyxi, qazılar və din xadimlərinin rəyini
qulaqardına vura bilməzdi. Onlar Nəsimini
dinə qarşı çıxmaqda təqsirli bilməmişdilər.
Belə olan halda, Sultan Müəyyəd əsl
həqiqəti açmalı olmuşdu. Onu
Əlibəyi, qardaşı Nəsirəddini, Osman
Qarayölükü yoldan çıxarmaqda, osmanlılarla
onların arasında düşmənçilik toxumu səpməkdə
təqsirli bilərək edamına göstəriş
vermişdi.
Yeri gəlmişkən,
ərəb aləmində Nəsimiyə dair bəlkə də
ilk və sanballı "Hələb yaqutu İmadəddin Nəsimi
(771-820 h. - 1370-1417 m.), həyatı, poeziyası və fəlsəfi
fikirləri" (Ərəb Yazarlar Birliyinin nəşri, 1991)
adlı kitabın müəllifi suriyalı alim Əbdülfəttah
Qələçi də ərəb dilində olan məxəzlər
əsasında tədqiqat apararaq o qənaətə gəlmişdir
ki, Nəsiminin edam edilməsi onun dini deyil, siyasi
baxışları ilə bağlı olmuşdur (Bax: Bəkir
Nəbiyev. Nəsimi kəlamının
işığında. Bakı, "Qarabağ" nəşriyyatı,
2009, s. 24-25).
Ərəb
tarixçisi Abbas Əzzavi "Tarixi-İraq beynə
ixtilaleyn" (Bağdad, 1973) əsərində Nəsiminin
şəxsiyyəti, ədəbi fikir tarixində yeri və s.
ilə bağlı yazmışdır: "Nəsiminin təhlükəsi
artmışdı, səsi ucalmış, ona uyanlar
çoxalmışdı. Təriqətinin
genişlənməsi qorxusu aləmi
bürümüşdü. Şairlik gücü ilə təbliğat
aparması mühakimə olunmasına yol
açmışdı. Aşqın və daşqın
sözləri ilə islam etiqadını
cığırından çıxardığı
anlaşılırdı... Gözəl bədii
üslubu ilə dinləyiciləri sarsıdırdı.
O, yaman cəsur bir şair idi".
Nəsiminin qismət payı işgəncəli
ölüm olsa da, tarixdə cəsur insan, qüdrətli
şair kimi qaldı. Yəşbəkin taleyinin necə
olduğunu isə Şeyx Kamil əl-İzzinin kitabından
öyrənirik.
Şeyx Kamil əl-İzzinin kitabında Yəşbək
Abdulla əl-Yusifinin şəxsiyyəti və kimliyi barədə
də diqqətçəkən məlumat vardır. Kitabdan məlum olur ki, Yəşbək
cahil, pozğun, qəddar və tamahkar bir adam
imiş. Əl-Müəyyəd Trablis hakimi
olarkən onu min dinara alıbmış. Qəddarlığına,
pozğunluğuna və tamahkarlığına görə o,
Nəsiminin qətlindən cəmisi 4 il
sonra - 824 hicridə öldürülmüşdü.
Nəsiminin
edamından 10 il sonra Hələb məhkəməsinin
işə yenidən baxması, əvvəlki ədalətsiz
hökmü ləğv etməsi, artıq tarixə
qovuşmuş şairə bəraət verməsi hər
şeyi kökündən dəyişib. Şairin
İslamın ilk illərindən üzərində bərqərar
olduğu dayaqlarından birində - Suriyada məsciddə dəfn
olunması, adına küçə
qoyulması və s. bununla bağlıdır.
Hicri 910-cu ildə Sultan Qansuh əl-Quri öz qələbəsi
şərəfinə şairin əbədi uyuduğu məscidi
bərpa etdirib. Burada Nəsimiyə məqbərə
tikilib. Türbəsi hələ Orta əsrlərdən
ziyarətgaha çevrilib. Bəkir ən-Nasirin
göstərdiyi kimi, divarlarda Nəsimi sənətini əks
etdirən Azərbaycan və ərəb dillərində kitabələr
və şeirlər yazılmış lövhələr
asılıb. Həmin lövhələrin birinin üzərində
aşağıdakıları yazıblar:
Əgər
qəlbində sıxıntı hiss etsən,
Onu Nəsiminin
nəfəsi ilə müalicə et.
Və
orda, içərisində Nəsiminin sirləri olan
Şərəfli
(yerin) mənzərəsini müşahidə et.
Nəsiminin
Hələbdə adına küçə qoyulması, hələ
XVII əsrdə Hələbi ziyarət edən türk səyyah-alimi
Övliya Çələbinin onu Şeyx Nəsimi adlandırması,
Hələbdə Nəsimi təkyəsinin olmasından
söz açması, təkyənin bu günə qədər
mövcud olması, Nəsiminin soykökünün - şəcərəsinin
Hələbdə zəmanəmizə qədər davam etməsi
çox mətləblərdən söz açır,
şairin mühiti, həyatı və
yaradıcılığına yeni dəyərlər prizmasından
baxmaq zərurətini ortaya qoyur.
Qəzənfər PAŞAYEV
Ədəbiyyat qəzeti.- 2019.- 4 may.- S.24-25.